Mirze Eli Xan Emineddovle - Wikipedia
Mirzə Əli xan Mirzə Məhəmməd xan oğlu Əminəddövlə (1 aprel 1844, Tehran – 1904, Tehran) — İranın baş naziri.
Mirzə Əli xan Əminəddövlə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1844 |
Doğum yeri | |
Vəfat tarixi | 1904 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏli xan Mirzə Məhəmməd xan oğlu 1843-cü ildə Tehran şəhərində anadan olmuşdu. Adi məmurluqdan baş nazir vəzifəsinədək ucalmışdı. Baş nazir Əminüssultan hakimiyyətdən götürüldü. Mütərəqqi qüvvələrə yaxın olan Əli xan Əminəddövlə 1897-ci il aprel ayında baş nazir vəzifəsinə təyin edildi. Ölkədə maarifi inkişaf etdirmək, yeni tipli məktəblər təsis etmək üçün Əminüddövlənin yardımı ilə "Maarif əncüməni" təşkil olundu.
Sarayın görkəmli qulluqçularından olan Əminüddövlə ölkədə qanuni hökumət yaratmaq uğrunda uzun illərdən bəri mübarizə aparan "Adəmiyyət cəmiyyəti" və "İttihade islam" təşkilatı ilə həmkarlıq edirdi. O, hər iki təşkilatın birgə fəaliyyəti və mübarizə dövründə Tehranda "Hövzeye bidaran"ın görkəmli üzvü və başçısı idi.
Onu gözdən salmaq istəyirdilər. Əminüddövlə hələ 1896-cı il may ayında saraydan uzaqlaşdırılaraq Azərbaycan valisi təyin edilmiş və Təbrizə göndərilmişdi.
Əhalinin müxtəlif sinif və təbəqələrinə mənsub olan mütərəqqi qüvvələr, xüsusilə yeni canlanmağa başlayan burjua ziyalıları baş vermiş hadisədən istifadə etmək məqsədilə, daha geniş fəaliyyət göstərməyə çalışırdılar. Vaxtı ilə "Adəmiyyət cəmiyyəti" və "İttihade islam" təşkilatı sıralarında mübarizə aparan ziyalılar ölkədə maarif və mədəniyyətin inkişafı, yeni məktəblərin açılması, söz, qələm, ictimaiyyət azadlıqlarının verilməsi uğrunda ciddi fəaliyyət göstərirdilər. Onlardan bir çoxu ölkənin bütün geriliyini, ictimai nöqsanların aradan qaldırılmasını maarif və mətbuatın geniş yayılmasında görürdulər. Bu ziyalıların görkəmli nümayəndələrindən biri olan Mirzə Yəhya Dövlətabadi əhalinin savadsızlığı və maarifsizliyini nəzərə alaraq belə yazır: "Yüz nəfərdən bir nəfəri savadlı olmayan, müasir bilikdən məhrum olan bir millət… özünü inkişaf etmiş yeni aləmə çatdırmaq üçün zamanın dəyişməsindən, bir hakimin getməsi və digərinin gəlməsindən nə kimi mühüm istifadə edəcəkdir".
Əminüddövlə baş nazirliyə keçdikdən sonra sarayın faydasız və hədər xərcləri üçün deyil, ölkə iqtisadiyyatını inkişaf etdirmək məqsədilə xaricdən 10–15 milyon borc almaq istəyirdi. Onun məqsədi daxili sərmayələri mərkəzləşdirərək, ölkədə fabrik, zavod sənayesi yaratmaqla İranı xarici dövlətlərin əmtəə bazarından xilas etmək idi.
Əminüddövlənin səyi nəticəsində 1889-cu ildə Şimranda kibrit fabriki, 1895-ci ildə Kəhrizəkdə qənd zavodu işə salınmış və bu yeni müəssisələrdə istehsal edilən malları bazara çıxartmaqla İran sərmayədarları içərisində müəyyən maraq və inam oyada bilmişdi.
Əminddövlə ölkənin bütün maliyyə gəlirini mərkəzləşdirmək, əhalidən alınan vergiləri nizama salmaq, hökumət məmurları tərəfindən onların mənimsənilməsinin qarşısını almaq üçün tədbirlər görməyə başladı. O, xarici dövlətlərin İrandakı mövqeyini məhdudlaşdırmaq məqsədilə xarici siyasət sahəsində də müəyyən tədbirə əl atmışdı. Əminüddövlə xarici ölkələrə imtiyaz verməkdən imtina etmək siyasəti yürüdürdü. Elə buna görə də o, ölkəyə lazım olan pul vəsatini əvvəlcə "bitərəf" bir dövlətdən — Belçika, Fransa və ya başqa bir dövlətdən almaq istəyirdi. Lakin borcun törədəcəyi fəlakətləri, onun saray məmurları tərəfindən mənimsəniləcəyini başa düşdükdə Əminüddövlə borc almaqdan imtina etdi. Nəhayət, 1898-ci ilin iyul ayından Əminüddövlə baş nazirlik vəzifəsindən kənar edildi. Bunun əsas səbəblərindən biri onun Ingiltərə və Rusiyadan borc almaq istəməməsi və sarayın pula olan ehtiyacını bu yolla ödəməməsi idi.
Əminüddövlənin baş nazirlikdən kənar edilməsində İngiltərə və çar Rusiyası hökumətləri və həmçinin mürtəce ruhanilər xüsusi rol oynamışdılar. Əminüddövlənin ölkədə həyata keçirmək istədiyi islahat tədbirləri müstəmləkəçilərin və daxili mürtəcelərin mənafeyinə uyğun deyildi. Tehranın mürtəce ruhaniləri vəqf işlərinə geniş müdaxilə etməyi hökumətdən tələb edərək, Əminüddövləyə qarşı Tehranın Xan Mərvi məscidində toplanmış tələblərinin rədd edildiyi təqdirdə İraqa mühacirət edəcəkləri ilə hökuməti təhdid etmişdilər. Əminüddövlə onların haqsız tələblərini rədd etmişdi.
Əminüddövlə özünün 15 aylıq baş nazirliyi dövründə nəzərdə tutduğu islahatın həyata keçirilməsində muvəqəyyət əldə edə bilmədi. Lakin maarif və mətbuatın yayılmasına, əhalinin oyanmasına şərait yaratmaqda bir sıra işlər gördü. O, həmçinin 1890-cı ildə hökumət işlərindən qovulmuş, Avropada sakin olmuş Mülkum xanı İtaliyaya səfir təyin etdi. Əminüddövlə 1896-cı ildə Təbrizdə olduğu zaman maarifpərvər ziyalıları öz himayəsinə alaraq, yeni tipli məktəblərin açıflmasında onlara yardım göstərmşdi. O, xüsusilə Iranda yeni tipli məktəbin banisi olan Mirzə Həsən Rüşdiyyəni və onun Təbrizdə açdığı Rüşdiyyə məktəbini mürtəce ruhanilərin fitnəkar hücumlarından qoruyaraq, ona hər cür maddi və mənəvi yardım etmişdi. Baş nazir təyin edildikdə o, Mirzə Həsəni də özü ilə birlikdə Tehrana apararaq, onun əlilə Tehranda da "Rüşdiyyə" adlı digər bir məktəb təsis etmişdi.
İranda maarifin yayılması və yeni məktəblər açılmasının əsas vasitəsi olan "Maarif əncüməni" 1897-ci il noyabr ayında Əminüddövlənin yardımı və bir sıra tərəqqipərvər ziyalıların təşəbbüsü ilə Tehranda təşkil edildi. "Maarif əncüməni"nin birinci iclası 1898-ci il yanvar ayında Rüşdiyyə məktəbi binasında Cəfərqulu xan Nəyirülmülk, Mahmud xan Muftahülmülk, Mahmud xa Ehtişamüssəltənə, Əli xan Nazimülülum, Mehdi xan Mümtəhənüddövlə, Mirzə Abbas mühəndisbaşı, Mirzə Yəhya Dövlətabadinin iştirakı ilə təşkil edildi. Bir həftədən sonra bu əncümənə "İran", "İttila" qəzetlərinin redaktoru Məhəmmədəli xan Mücirüddövlə, sonra Şeyx Mehdi Şəmsülüləma, Məhəmmədhüseyn xan Ədibüddövlə qəbul olundular. Əncümənin beşinci iclasında Məhəmmədbağır xan Etimadüssəltənə, altıncı iclasınla Hacı Məhəmmədhəsən Əminüzzərb və onun oğlu Məhəmmədhüseyn əncümən üzvlüyünə qəbul edildilər. Az müddətdən sonra M. Ələkbər xan Nazimülətibba, Mirzə Qiyasəddin Kaşani, Məhəmmədismayıl xan acudanbaşı, Hacı Mehdi Şərif Kaşaninin əncümən üzvlüyünə qəbul edilmələri ilə əncümən 16 nəfər üzvə malik olmuşdur.
"Maarif əncüməni" özü üçün iki möhür hazırlamışdı, birinin üzərində "Əncüməne- maarif" (maarif əncüməni), digərinin üzərində "Əncüməne təsisə məkatibe milliyeyi İran" (Iran Milli məktəblərini təsis edən əncümən) sözləri yazılmışdı.
"Maarif əncüməni" özünün fəal üzvlərinin təşəbbüsü və bir çox mütərəqqi və maarifpərvər ziyalıların yardımı ilə az müddət ərzində Rüşdiyyə, Elmiyyə, Müzəffəriyə, İftitahiyyə, Şərəf, Müsavat və başqa adlar altında bir neçə ibtiadi məktəb açır, mütərəqqi və mübariz ziyalılardan bu məktəblərə müdir və müəllimlər təyin etməyə nail olur. "Maarif əncüməni" Tehranın müxtəlif yerlərində yaşlılar üçün gecə məktəbləri təşkil edir, savadlıların istifadəsi üçün Milli kitabxana yaratmağa çalışırdı. Əncümən xarici dildə yazılmış bir sıra faydalı kitabları tərcümə və nəşr etmək məqsədilə tərcümə şöbəsi, dərslik hazırlamaq üçün müəlliflər şöbəsi, çapxana və nəşriyyat şirkəti yaratmağa başlamışdı. Əncümənin yaratdığı müəssisələrə və şöbələrə əncümənin üzvləri başçılıq edirdilər. O cumlədən nəşriyyat şirkətinin müdirliyi Məhəmmədhüseyn Füruği ilə onun oğlu Mirzə Məhəmmədəli Füruğiyə tapşırılmışdı.
"Maarif əncüməni" öz fəaliyyətində ölkədə qəzet və jurnal nəşrinə, qələm azadlığına çox əhəmiyyət verirdi. Mirzə Məmmədhüseyn Fruğinin redaktorluğu ilə həftəlik nəşr olan "Tərbiyyət" qəzeti gündəlik qəzetə çevrildi. Bu qəzetin yazılarının məzmununda da müəyyən dəyişiklik nəzərə çarpmağa başladı. Qəzet kütlələri oyatmaq, Milli şüuru yaymaq məqsədilə yazılmış məqalələrə daha çox fikir verirdi.
Daxili və xarici xəbərləri müntəzəm surətdə kütlələrə çatdırmaq məqsədilə mətbuat naziri Məhəmmədbağır xanın nəzarəti altında "Xülasətül-həvadis" (Hadisələrin xülasəsi) adlı başqa bir qəzet nəşr edilməyə başladı.
Bu dövrdə xaricdə təhsil almaq üçün iranlı tələbələrə müəyyən şərait yaradılmışdı. Müzəfərrəddin şah atasının əksinə olaraq, maarif və mədəniyyətin inkişafının qarşısını ala bilmədi. İ. İlyni 1908-ci il İran haqqında yazdığı məqaləsində belə qeyd etmişdir: "O, (Müzəfərrəddin şah) Qərb mədəniyyəti ilə barışmaz düşmən deyildi. O, iranlıların xarici ölkələrə getmələrinin qarşısını almırdı. Hətta öz uşaqlarını da təhsil almaq üçün Vyana şəhərinə göndərmişdi". Onun dövründə, aristokrat uşaqlarından olsa da, Avropa ölkələrinə təhsil almaq məqsədilə bir neçə dəfə tələbə göndərilmişdi. 1904-cü ildə Parisdə təşkil edilmiş Beynəlxalq səhiyyə konqresində İran nümayəndəsi doktor Əmirxan öz çıxışında İranın Avropa şəhərlərində təhsil alan tələbələrinə və xüsusilə tibb sahəsində təhsil alan tələbələrə işarə edərək, belə demişdir: "1900-cu ildə Tehran darülfununu tələbələrin içərisindən 20 nəfər hökumət xərci ilə təhsil almaq üçün Avropa şəhərlərinə göndərilmişdir. Bunlardan 1 nəfəri Peterburqa, 4 nəfəri Moskvaya, 3 nəfəri Berlinə, 4 nəfəri Vyanaya, 4 nəfəri Parisə, 2 nəfəri Londona, 2 nəfəri İstanbula göndərilmişdi. 1901-ci ildə yenə 5 nəfər Vyanaya, 1902-ci ildə 3 nəfər Parisə, 1 nəfər Berlinə, 4 nəfər Lion şəhərinə göndərilmişdi. Əlbəttə, bunlar hökumət xərci ilə Avropa şəhərlərində elmin müxtəlif sahələrində təhsil alan çoxlu iranlı tələbələr var idi ki, onlar varlı şəxslərin uşaqları idilər və bz şəxsi vəsaitləri hesabına təhsil alırdılar.
"Maarif əncüməni"nin qarşısında duran mühüm işlərdən biri də Tehranda geniş siyasi bir cəmiyyət yaratmaqdan, ən vətənpərvər və hazırlıqlı ziyalıları oraya toplamaqdan ibarət idi. Bu cəmiyyət ölkənin siyasi və iqtisadi məsələləri haqqında tam azad surətdə aydın və ardıcıl izahat işi aparmaqla geniş əhali kütləsinin oyanmasına, ölkə işlərində onların iştirak etmələrinə imkan və şərait yaratmalı idi. Lakin Əminddövlənin hakimiyyətdən kənar edilməsi "Maarif əncüməni" üzvlərinə siyasi cəmiyyət yaratmağa imkan vermədi, əncümənin özü də fəaliyyətini məhdudlaşdırmalı oldu.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Əli xan Əminəddövlə. 5 (13). Bakı, 2008, səh. 73–79.