Murtuza Pasa - Wikipedia
Murtuza Paşa (v. fevral 1636, İrəvan qalası, Osmanlı imperiyası) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]
Murtuza Paşa | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | fevral 1636 |
Vəfat yeri | |
Həyat yoldaşı |
|
Həyatı
redaktəHəyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərunda təlim-tərbiyə gördükdən sonra 30 avqust 1626-cı ildə vəzir rütbəsi alaraq Bosniya bəylərbəyi təyin edildi. Ardından Budin bəylərbəyliyi, 1630-cu ilin fevralında isə Özi qalasının mühafizəsi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 9 sentyabr 1630-cu ildə polyaklarla 7 maddəlik bir andlaşma imzaladı. Bu andlaşmaya əsasən, polyaklar Krım xanlığına vergi verməyə davam edəcək və kazak dəstələrini işğal etdiyi adalardan qovacaqdı. Osmanlı dövləti isə bunun qarşılığında tatar süvarilərinin polyaklara tərtiblədiyi basqınlara mane olacaqdı. Ancaq çox keçmədən tərəflər bu andlaşmanın şərtlərini pozdular.
6 yanvar 1632-ci ildə Diyarbəkir bəylərbəyi təyin edilən Murtuza Paşa Sultan Muradın əmriylə, yenicə vəzifədən alınan və Tokata sürgün edilən sabiq sədrəzəm Qazi Hüsrəv Paşanın edamı ilə vəzifələndirildi. Əmrindəki birliklərlə Tokata gələn Murtuza Paşa yerli əhali tərəfindən şəhərə buraxılmadı. Bölgədə olduqca sevilən və rəğbət qazanan Qazi Hüsrəv Paşanın edam fərmanını şəhər qazısına göndərən Murtuza Paşa ölümünün ardından sabiq sədrəzəmin bütün sərvətini əhaliyə paylanacağını elan etdi. Bunun ardından şəhərə daxil olan Murtuza Paşa sabiq sədrəzəmi edam etdirdi və kəsilən başını İstanbula göndərdi (11 mart 1632). Beləcə, Sultan Muradın etimadını bir daha qazandı.
1633-cü ilin fevralında üsyançılar tərəfindən öldürülən sabiq sədrəzəm Hafiz Əhməd Paşanın dul xanımı və Sultan Muradın bacısı olan Ayşə Sultanla nigahlandı. Beləcə, sarayla əlaqələri daha da sıxlaşdı. Ancaq olduqca əsəbi, xəstə və bəzi mənbələrdə əlil olaraq qeyd edilən Murtuza Paşaya uzun müddət paytaxta gəlməyə icazə verilməmiş, cütlüyün toy mərasimi yalnız 1 il sonra - 1634-cü ilin martında paşanın İstanbula çağırılmasıyla baş tutmuşdur. Ardından polyaklar üzərinə səfərə çıxan Sultan Muradla birlikdə 8 aprel 1634-cü ildə paytaxtdan ayrıldı. Ancaq ordu Ədirnədə ikən yeni Lehistan kralı IV Vladislav nümayəndə heyəti göndərərək sülh təklif etdi. Bu təklifin ardından Sultan Murad Murtuza Paşanı sərdar təyin edərək 20 min əsgərlə birlikdə yola saldı və özü paytaxta geri döndü. Aparılan danışıqların ardından 27 iyul 1634-cü ildə polyaklarla yeni bir andlaşma imzalandı. Sülhün ardından İstanbula qayıdan Murtuza Paşa burada şənliklərlə qarşılandı.
20 mart 1635-ci ildə İrəvan qalası üzərində səfərə çıxan Sultan Muradla birlikdə paytaxtdan ayrılan Murtuza Paşa əks-hücum xəbərinin yayılmasının ardından Van qalasının mühafizəsiylə vəzifələndirildi. 8 avqust 1635-ci ildə İrəvan qalası Osmanlı ordusu tərəfindən ələ keçirildi və Murtuza Paşa Ərzurum bəylərbəyi təyin edilərək İrəvan qalasının mühafizəsiylə vəzifələndirildi. Ancaq Sultan Muradın burdan ayrılmasının ardından Səfəvilər bölgəni yenidən hədəf seçdilər. 1635-ci ilin qışında İrəvan qalasını mühasirəyə alan Səfəvilər qalanı ağır top atəşinə tutdular. Qalanı 12 minlik hərbi birliklə müdafiə edən Murtuza Paşa bu hücumların birində ağır yaralandı və mühasirə davam edərkən vəfat etdi (fevral 1636). Paşanın kəndxudası Zülfiqar ağa tərəfindən müdafiəsi davam etdirilən İrəvan qalası isə 1 aprel 1636-cı ildə Səfəvilər tərəfindən yenidən ələ keçirildi.
Mənbə
redaktə- Ünver, A. Süheyl (2019). "Dördüncü Sultan Murad'ın Revan Seferi Kronolojisi Şevval 1044 (1635) Recep 1045 (1635)". Mukaddime. 10 (1). Belleten. s. 564
- Gül, İsmail (2006). "Osmanlı Devleti'nde Sultan IV. Murad Dönemi Yeniçeri İsyanları (1623–1640)". T.C. Sakarya Üniversitesi Sosyal Bilimler Enstitüsü-Yüksek Lisans Tezi. DergiPark
- Özdemir, Rukiye (2020). "55/1 Numaralı Lehistan Ahidname-i Hümayun Defterine Göre XVII-XVIII. Yüzyıllarda Osmanlı-Lehistan İlişkiler". Kafkas Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 27. Kafkas Üniversitesi. s. 282
İstinadlar
redaktə- ↑ Sicill-i Osmani IV, səh. 92