Nezereli Xan Merendi - Wikipedia
Nəzərəli xan Məhəmmədəzim xan oğlu Mərəndi (?-1828) — Mərənd hakimi.
Nəzərəli xan Mərəndi | |
---|---|
Doğum yeri | Mərənd, Cənubi Azərbaycan |
Vəfat tarixi |
Həyatı
redaktəNəzərəli xan Məhəmmədəzim xan oğlu Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl təhsil almışdı. Bəzi İran müəlliflərinə görə seyid əsillidir. O, Seyid Nəzərəli xan yüzbaşının nəvəsidir. Mir Qılınc xan Babanın törəməsidir.
İran Rus müharibəsi
redaktəNəzərəli xan II rus-İran müharibəsində iştirak etmişdi.
Əminə Pakrəvan yazır:
Bu səbəbdən də dayısı Əmir xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona qatılacaq olan dayısının başçılığındakı Xoydan gələn ordu ilə bərabər Gəncəyə hücum etməyi planlamışdı. Böyük oğlunu (Məhəmməd mirzəni-Ə. Ç.) səkkiz min nəfərlik piyadənin sərkərdəsi olan Əmir xanın yardımçılığına təyin etdi. İki min ordu ilə şahzadəyə qatılan Mərəndin hakimi Nəzərəli xana Gəncəyə hücum etmək üçün hazır gözləməsinə əmr etdi. Ruslardan qalmış doqquz qəbzə topun dərhal təmir edilib işlərliyinin sağlanmasını istədi.[1]
Müharibə əhvalatı
redaktəAbbas mirzənin əmr və hökmü gələndən sonra Əmir xan ondan boyun qaçırıb, Abbas mirzənin əmrini qəbul etmədi və Narın qalasının içərisinə getməyi rədd etdi, aydınca olaraq Abbas mirzəyə yazdı ki, mən sərdaram, vəzifəm odur ki, qoşun götürüb düşmənin qabağına gedəm və onunla dava edəm. Zənən xeylağı kimi qalada əyləşə bilmərəm ki, düşmən bizim dörd tərəfimizi tutub əsir edə və ya öldürə. Mən heç vaxt Narın qalasının içərisinə getmərəm və getməyəcəyəm. Abbas mirzənin oğlu Məhəmməd mirzə də bu əhvalatı müfəssəl atasına yazmışdı ki, sərdar qalanın içərisinə getməyə razı olmur. Abbas mirzə əmrini sərdarın rədd etməsindən və qalaya getməməsindən çox qəzəbləndi, özünün vəliəhdi olan oğlu Məhəmməd mirzəyə zəhərdən də acı bir məktub yazdı. Oğlu ona yazmışdı ki, sərdar Əmir xan qala üçün olan topu, gülləni və hərbi sursatı Gəncənin Narın qalasına çəkməyə razı deyil.
Nəzərəlinin müharibədə rolu
redaktəAtası da cavabında ona yazdı:
Bunun eybi yoxdur, mən mərəndli Nəzərəli xanı iki alay sərbaz ilə Narın qalasında yerləşdirib, onun mühafizəsinə başlamaq üçün göndərirəm. Sizin qala ilə işiniz olmasın, onu Nəzərəli xanın öhdəsinə buraxın. Qalanın bütün işlərinə Nəzərəli xan cavabdehdir. Əgər mən oraya gəlsəm, oğluma xidmət edən o saqqallı arvadın üzünə gözüm sataşsa, mən bilmirəm ki, onun başına nə oyun açaram.
Abbas Mirzə bundan başqa öz əli ilə sərdar Əmir xana bir məktub yazıb, oğlunun məktubunun içərisinə qoymuşdu. Əmir xana yazılan məktubun mətni: Məktubun surəti eynilə belədir:
Əmir xan! Ey kişi! Şahın tacına and olsun, səni Əmir xan Cahanbəylinin gününə salaram. Ey kişi! Bidrus bəy Mədətovun dayısıdır. Sən də mənim dayımsan, gör o, Şuşa qalasını təkbaşına necə saxlayır, sən isə qalanı qoşun və top gücü ilə saxlaya bilmirsən. Ah kişi! Bəlkə qorxursan ki, sən ölənnən sonra övladların ac qalar, onnan qorxma, övladlarını mən ac qoymaram. Bəlkə əsir düşməyin fikrini çəkirsən, övrətimin (Arvadımın) sırğasını satıb səni xilas edərəm, bu barədə fikir eləmə və qeyrət et! Vəssalam.
Bu sözlər Əmir xanın halına əsla təsir etmədi. Bu işdən daha da artıq boyun qaçırıb, mərəndli Nəzərəli xan sərbazları ilə gəlib qalanın içərisinə yerləşənə qədər qalanın bayırında oturdu.[2]
Ermənilər
redaktəAzərbaycan ordusu Gəncəyə doğru irəliləyişində yerli əhalilərin əngəlləmələri ilə rastlandı. Çoxu ermənilərdən olan bu əhalinin heç şübhəsiz ki, öncədən ruslar tərəfindən alınmaları, Şahzadəyə qarşı təxribat ünsürü kimi kullanılmaları söz konusu olmuşdur. Ermənilər ruslar tərəfindən donatılmış silahlarla Şahzadənin ordusuna qarşı savaşmağa başlamışdılar. Bu da ordunun sürətli şəkildə yer dəyişdirməsinə mane olurdu. lakin bu dəstələri zərərsizləşdirmək Azərbaycan ordusu üçün çətin iş deyildi. Azərbaycan ordusu Gəncəyə doğru irəlilədiyi ərəfədə Şahzadəyə qorxunc bir xəbər gətirdilər: Gəncə qalasını savunmaqla görəvli olan Mərənd hakimi Nəzərəli xan öz alayını oradan geri çəkib və Şahzadə Məhəmməd mirzənin ordusu bulunan yerə getmişdir.[3]
Öldürülməsi
redaktəƏmir xan müşavirə və müzakirədən sonra min qorxu və tərəddüd ilə qoşunu və topları götürüb, Gəncədən Şəmkir tərəfə yola düşdü. Gəncə qalasında olan Nəzərəli xana xəbər verdilər ki, o da bir-iki alay qoşun götürüb kömək məqsədilə onların yanına gəlsin. Əvvəlcə onlar gedib Mədətovla vuruşacaqlar, qalib gəlsələr, çox yaxşı, məğlub olsalar, həmin sərbazları götürüb Gəncə qalasına sığınacaqlar. Hamı birlikdə qalanı Abbas Mirzə gələnə kimi saxlayacaqdır. Nəzərəli xan sərbaz göndərməkdən boyun qaçırıb belə cavab verdi:
Məni qalanı saxlamağa göndəriblər, sizə əsgər verməyə göndərməmişlər. Sizinlə birləşib vuruşmaq barəsində bir cavab verə bilmərəm.[4] [5]
Artıq rusların qarşısında duracaq bir alay qalmamışdır. Azərbaycan ordusunun gəlişindən ümidlənən Gəncə əhalisi yavaş-yavaş ümidsizliyə düşməkdə idilər. Şəhərin bir çox məhəllələrindən və kəndlərdən insanlar dəstə-dəstə nalə və fəryad edərək Araz çayına doğru, Azərbaycan ordusunun bulunduğu zənn edilən yerlərə qaçırdılar. Nəzərəli Xanın bu xəyanəti Abbas Mirzəni çilədən çıxarmışdı. Bu üzdən də dərhal Nəzərəli Xanın onun hüzuruna gətirilməsini əmr etdi. Şahzadə onun rütbələrini alaraq arxası üstə çullu bir eşşəyin üstünə bağlanmasını istədi. Nəzərəli Mirzəni hər yerdə, xüsusən başçısı olduğu öz alayının içində dolaşdırıb və aşağılayırdılar. Eşşəyin başını çəkən adam məsxərə ilə “Şah gəldi” deyə bağırırdı. Sonra da Abbas Mirzə, Nəzərəli xanı Mərəndə göndərdi. Mərəndə bir məktub yazaraq Nəzərəli Xanın öldürülməsini əmr etdi. Nəzərəli xan Mərənddə cəlladlar tərəfindən boğulub öldürüldü. Sonradan böyük sınaqda Nəzərəli xanın oğulları intiqam hissi ilə bəzi işlər görəcəklərdi.[6] Nəzərəli xan gecəyarısına kimi əsgərlərlə Gəncə qalasında qaldı. Nəzərəli xan o yerdən ki məğlub olmağı təxmin etməmiş ordusu üçün qıda mühasirə zamanına hazırlamamışdı, mühasirənin sıxılmasını gördüyü zaman əli altındakı orduya qalanın oda çəkilmə və boşaldılması əmrini verdi. rus ordusuda şəhəri ələ keçirdilər.[7] yolda Məhəmməd Mirzənin qoşununa qoşuldu. Məhəmməd mirzə bütün baş vermiş hadisəni Abbas Mirzəyə yazdı və Abbas Mirzə çarəsiz qalıb Şuşa qalasını tutmaqdan əl çəkdi, oradan əliboş köçüb qoşunu ilə Gəncə tərəfə yola düşdü. [8] Abbas Mirzə əmr etdi ki, mərəndli Nəzərəli xanın saqqalını qırxıb eşşəyə mindirsinlər və qoşunun içində gəzdirsinlər, ona görə ki, Abbas Mirzənin əmrinə əməl etməmiş, nə qalanı mühafizə etmiş, nə də Məhəmməd Mirzənin əmrinə əməl etmiş, həmçinin onun sərbazları da Məhəmməd Mirzəyə kömək etməmişdilər. [9] Şahzadə Abbas Mirzə qaçandan sonra bir gün içərisində Arazdan keçib, mərəndli Nəzərəli xanın boğazına ip saldırıb asdırdı. Özü isə Şam torpağında olan Fətəli şahın yanına getdi. Bu məğlubiyyəti və qaçmağın təqsirini Əmir xan və Nəzərəli xanın boynuna qoyub dedi:
Yalnız onlar süstlük və xəyanət edib, İranın belini sındırdılar. Fətəli şah oradan köçüb İraq tərəfə yollandı. Abbas Mirzə isə Təbriz şəhərinə yola düşdü. [10]
Təbrizin alınması
redaktəCahangir Mirzənin yazdığına görə Nəzərəli xanın edamından sonra Mərənd xanları Şahzadəyə qarşı düşmənlik duyğusu bəsləməyə başlamışdılar. Bu xanlar intiqam üçün fürsət axtarırdılar. Ona görə də bu xanlar Naxcıvanda General Aristova varıb və Təbrizin xaotik durumunu anlatmış, Təbriz baş ruhanisi Mir Fəttahın mövqeyini ona bildirmişlər. Generala demişdilər: “Təbrizdə az əhali var. Təbriz əhlisi sizin gəlişinizdən yanadır. Mir Fəttah da belə düşünür. Əgər siz Abbasabad qalasında min nəfər qoyub və üç min nəfərlik orduyla Mərənd istiqamətindən Təbrizə hücum etsəniz, şəhəri təslim ala bilərsiniz. Siz Təbrizə yaxınlaşdığınızda əhali üsyan edib və sizə yardımçı olacaq.”[11] Sonra da rus ordusunun hansı yollarla Təbrizə gəlməsi üçün bələdçilik də etmişlər. General Aristov 3.000 piyadə, 1.000 qazaq və on topla Təbrizə yola düşmüşdü. Rus ordusu Təbrizin altı ağaclığında olan Sofyana çatdığında şəhərin əhalisində təslimiyyət duyğusu yaranmağa başlamışdı. Çünkü Şahzadənin başkəndinin burnunun ucunda olan rus ordusu heç bir dirənişə rastlanmadan buraya qədər gəlmişsə, Təbrizə də girəcəkdir demək idi.[12] Şahzadə Abbas Mirzə Təbrizin bir milliyinə yetişən kimi xəbər gəldi ki, knyaz Eristov sərdar Paskeviçin əmrinə görə mərəndli Nəzərəli xanın oğlanlarının bələdçiliyi ilə Təbrizə daxil olmuşdur.
Bu məsələnin şərhi belədir: Knyaz Eristov sərdar Paskeviçin əmri ilə qoşun götürüb, Arazdan keçərək Təbrizə getməli olur. Öz ixtiyarında olan qoşunu Arazdan keçirib Mərəndə gəlir. Mərəndli Nəzərəli xanın oğlanları Abbas Mirzə onların atalarını boğduqdan sonra ondan uzaqlaşmışdılar. Onlar həmişə knyazın yanına gəlib ona öz itaət, qulluq və sədaqətini bildirmək üçün fürsət axtarırdılar. Vaxtdan istifadə edən knyaz onları ümid elədi ki, bir neçə gündən sonra Təbrizə gedəcəklər. Nəzərəli xanın oğlanlarının bələdçiliyi ilə on dəstə Mərəndi keçib Təbrizə getdi. Rus qoşunu Təbriz həvalisinə yetişən kimi, Təbriz əmirləri darvazaları açıb əyan-əşrəflə bəylərbəyi Fətəli xan və müctəhid Mir Fəttah darvazaların açarını götürüb itaət simvolu olan duz-çörəklə knyazı qarşılamaq üçün şəhərin kənarına gəldilər. Knyazın qarşısına çıxmazdan əvvəl darvazalardan top atdılar. Knyaz davanın başlandığını zənn etdi. Sonra bunun salam atəşi olduğunu başa saldılar. Hamı knyazın hüzuruna gəlib onu ehtiram və izzətlə şəhərə apardılar. Abbas Mirzə ürəksıxıcı hadisəni eşitdikdən sonra o gecə qızılbaş əmirləri və xanları ilə iclas və məsləhət etdi: “Bundan sonra gedib atama və qardaşıma dəxil düşmək, onların vilayətlərinə göz dikmək mənə ölümdən betərdir. Rus imperatoruna boyun əymək daha yaxşıdır, o, böyük və rəhmli padşahdır. Onun ixtiyarında mənim kimi şahlar və şahzadələr çoxdur, əlbəttə, məni də bir oğul, bir general kimi hesab edər, bir parça çörək verər ki, asudəliklə öz həyatımı keçirim”. [13]
Ailəsi
redaktəNəzərəli xanın Məhəmməd xan, Mir Bağır xan, Mir Zeynalabdin xan, Əli xan, Mir Cəfərqulu xan, Məhəmmədhəşim bəy adlı oğlanları vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Nəzərəli xan Mərəndinin törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, №8, səh.3-12.
- Ənvər Çingizoğlu, Mərənd xanlığı, Bakı, Mütərcim, 2012.
İstinadlar
redaktə- ↑ Əminə Pakrəvan, Abbas Mirzə və Azərbaycan, Bakı, “Qanun”, 2007, səh.104.
- ↑ Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh.
- ↑ Əminə Pakrəvan,?,?,?,
- ↑ Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh.) Василий Потто. Кавказская война. Том 3. Персидская война 1826-1828 гг.
- ↑ VIII. Битва под Шамхором (князь Мадатов) Yazır: “В полночь колонны тронулись. Малахов поехал вперед с казачьим полком и двумя орудиями, рассчитывая еще застать в Ганже неприятеля и напасть на него врасплох. Но неприятеля там уже не было. Слух о шамхорском поражении долетел до крепости, и батальон сарбазов, стоявший в цитадели под начальством Назар-Али-хана (из Маранды), поспешил выйти из города. Он выступил так скрытно, что даже жители узнали об этом только под утро, незадолго до приближения русских войск. Нельзя не сказать, что со стороны Назар-Али-хана это было актом высокого благоразумия. Граф Симонич замечает по этому поводу, “что он один из всех персиян выказал в этот день действительные военные способности и не только спас батальон, но большую часть обозов и даже ценные товары, принадлежавшие купцам из Азербайджана”. Но на нем-то именно и оборвался гнев наследного принца. Рассказывают, что, выступая из Елизаветполя, Назар-Али-хан забыл послать извещение об этом одному почтенному муштаиду, жившему где-то в христианском квартале,– и тот поутру захвачен был армянами. Вот этот-то ничтожный случай и послужил, кажется, предлогом для предания суду Али-хана. Его держали под арестом вплоть до Елизаветпольского сражения, и накануне его, в лагере на Курак-чае, подвергли позорному наказанию как труса, бежавшего от неприятеля; Аббас-Мирза приказал одеть его в женское платье, намазать ему бороду кислым молоком, посадить на осла лицом к хвосту и в таком виде возить перед фронтом армии. Впоследствии, когда принц вернулся в Тавриз,– вынужденный не с меньшей быстротой покинуть поле сражения,– он приказал задушить этого несчастного, вероятно, служившего ему живым напоминанием переменчивости военного счастья. (statehistory.ru/books/Kavkazskaya-voyna--Tom-3...voyna.../8)
- ↑ Əminə Pakrəvan, "Abbas Mirzə və Azərbaycan",Bakı,"Qanun", 2008, səh.
- ↑ İranın xarici rəvabit və siyasi hadisələri,c. 1,s. 191(تاریخ تحولات سیاسی و روابط خارجی ایران ج191/1.)
- ↑ Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh.
- ↑ Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh.
- ↑ Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh.
- ↑ Cahangir mirzə, Tarixe-No, Tehran.
- ↑ Əminə Pakrəvan,?,?,?,
- ↑ Qarabağnamələr, 2-ci kitab, Bakı, “Yazıçı”, 1991, səh.