Nadir Sahin Sind Yurusu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nadir şahın Sind yürüşü — 1739–1740-cı illərdə Nadir şahın Hind yürüşü zamanı baş vermiş son döyüşlərindən biri.[1]
Yürüşün səbəbi
redaktəNadir şah Əfşar Böyük Moğol imperiyasının hökmdarı Məhəmməd şah üzərində qələbədən sonra Nadir onu Hind çayından qərbə bütün torpaqlarını güzəşt etməyə məcbur etdi. Dehlidən bu bölgəyə Nadirin qayıdışı yenidən birləşdirilmiş ərazilərin bütün hakimləri tərəfindən qarşılanması ilə müşayiət olundu. Sind hakimi Xudoyar xan Nadir şaha beyət etməkdən imtina etdi.
Nadir şah Kabuldan Sind vilayətinə yollandı ki, bu vilayəti də itaət altına gətirsin. "Aləm Ara-ye Naderi"də bildirilir ki, Nadir şah hələ Hindistanda olarkən Məhəmməd şah, Sind hakimlərinin üzüdönüklüyü haqqında ona məlumat vermiş və onların yola gətirilməsini xahiş etmişdi. Mənbədə o da bildirilir ki, Nadir şah Hindistandan qoşunları ilə birbaşa Sində yollandı.
"Tarix-e Cahanqoşa-ye Naderi"də, habelə digər mənbə və tədqiqat əsərlərində isə Nadir şahın Kabuldan Sində tərəf hərəkətə başladığı bildirilir. "Tarix-e Cahanqoşa-ye Naderi"də təsdiq olunur ki, Sind hakimi Xudayar xan Abbasi hətta Hindistanın fəth edilməsindən sonra belə Nadir şaha itaət etməyə meyl göstərmədi. Əksinə, ətrafına topladığı qoşunların sayını artırmaqla özünün müstəqil hakimliyini qoruyub saxlamaq istəyirdi. Onun bu iddialığı heç şübhəsiz ki, Nadir şahı qane etmirdi və Türküstana yürüş etməzdən əvvəl Sind hakimini də itaət altına gətirməyi qərarlaşdırdı. Qış mövsümünün olması Sind yürüşünü mürəkkəbləşdirsə də Nadir şah bu qərarından dönmədi.
Nadir şah əvvəlcə bu məsələni sülh yolu ilə həll etməyə çalışdı və bu məqsədlə Sind hakimi Xudayar xanı Kabula dəvət etdi. Xudayar xan bununla razılaşıb öz itaətini bildirsəydi daha həmin vilayətə qoşun çəkməyə də ehtiyac qalmazdı. Amma Xudayar xan imtina etdi və Kabula gəlmədi. Çox güman ki, Xudayar xan qış dövründə dağlıq ərazilərə hərəkət etmək çətinliyinə görə, Nadir şahın Sində yürüş edəcəyinə inanmırdı.[1]
Yürüşün başlanması, istiqamətləri və nəticəsi
redaktəNadir şah Sində doğru iki istiqamətdən hücuma başladı. Bir tərəfdən Fars bəylərbəyi Məhəmməd Tağı xana göstəriş verdi ki, tabeliyində olan Fars, Kirman və ətraf məntəqələrin qoşunları ilə Sind çayının mənsəbindən yuxarıya doğru hərəkətə başlasın. Piyada qüvvələri və artilleriya quru yolu ilə Sində doğru irəliləməli idi. Nadir şah özü isə dekabr ayının 8-də artilleriyası və bir neçə alayı ilə Bənkeş və Direcat yolu ilə Sində doğru irəlilədi. Bəzi tədqiqatçılar Sində doğru hərəkət edən Nadir şah qoşunlarının 50 min nəfər olduğunu göstərirlər.
Amma sonradan Məhəmməd Tağı xan Nadir şaha məktub göndərdi ki, göstərilən marşrutla irəliləmək mümkün deyil. Məhəmməd Tağı xan, Gəcməkəran adlı məntəqəyə çatıb oranı itaət altına aldı. Özü piyada qoşunla orada qaldı və donanması isə geriyə, Bəndər Abbasa qayıtdı. Nadir şahın bu yürüşü təxminən üç ay davam etdi və qarşısına qoyduğu məqsədinə də nail oldu. Bu yürüş coğrafi baxımdan çox ağır təbii şəraitdə həyata keçirildi və onun başa çatdırılması Nadir şahın əzmkarlığının, qarşıya qoyduğu məqsədə çatmaq üçün malik olduğu xarakter bütövlüyünün və hərbi təşkilatçılığının yeni bir nümayişi oldu. Nadir şah hərəkət marşrutu üzərində məskunlaşan tayfa başçılarından İsmayıl xanı və Qazı xanı da itaət altına gətirdi. Bu xanların hər ikisi əl çatmaz yüksəkliklərdə məskunlaşdıqlarından və mərkəzi hakimiyyətdən uzaq olmalarından istifadə edərək müstəqilliklərini saxlamağa çalışırdılar. İsmayıl xan da əvvəlcə öz qalasına sığınaraq Nadir şaha müqavimət göstərmək istədi. Amma Nadir şahın gücünü və ətraf məntəqələrin onun qarşısında duruş gətirə bilmədiyini görüncə təslim olmağı və itaət etməyi qərara aldı. İsmayıl xan itaət etməklə bərabər, Nadir şah qoşunlarına Ətək çayını keçməyə də kömək etdi. Bu çayı adlamaq üçün müəyyən çətinliklərlə üzləşəcəyini Nadir şah əvvəlcədən hiss etmişdi. Ona görə 6 ədəd gəmini fillərə yükləyib özü ilə gətirdi. Eyni zamanda İsmayıl xan hakimi olduğu məntəqələrdən çoxlu sayda gəmi və qayıq topladı. Bu gəmilər və qayıqlar çayın üzərində bir-birinə bərkidildi və sonra onların üzərindən həm artilleriya, həm də qoşun o biri sahilə keçirildi. Çayı adlayandan sonra Nadir şah qoşunları Qazı xanla rastlaşdı. Amma Qazı xan heç bir müqavimət göstərmədi. Nadir şah bu iki xanı bağışlayıb onları öz vəzifələrində saxladı. O eyni zamanda müqavimət göstərməyən qalalara da toxunmadı. Qazı xan qalası yaxınlığında məskunlaşmış olan tayfalardan bəziləri yenə də Nadir şaha itaət etməkdən boyun qaçırdılar. Onlar çətin dağlıq ərazilərdə və qalın meşələrdə yaşasalar da Nadir şahın qoşunlarının gəlməsini eşidib daha keçilməz yerlərə çəkildilər. Baxmayaraq ki, onlar sayca çox deyildilər və ola bilsin ki, Nadir şah qoşunları üçün ciddi təhlükə törətmirdilər. Bununla belə, onların inadkarlığı və saymazyanalığı Nadir şahın diqqətindən kənarda qalmadı və onların ardınca da qoşun göndərdi. Qoşun əlçatmaz dağ keçidlərinə çatanda əvvəlcə inadkarlıq göstərən həmin insanların yanına elçilər göndərildi, müqavimət göstərməyəcəkləri halda onların bağışlanacağı bildirildi.
İtaətsizlik yoluna qədəm qoymuş tayfaların başçıları və ağsaqqalları bağışlanmaları haqqında şah fərmanını görəndən sonra müqaviməti dayandırmağı və öz yaşayış yerlərinə qayıtmağı qərara aldılar. Onların ifadəsindən sonra aydın oldu ki, Nadir şah qoşunlarının hərəkətindən xəbər tutan kimi Sind hakimi Xudayar xan da ("Aləm Ara-ye Naderi"də Kiya Nasir adlanır) vilayət paytaxtı olan Xudaabadı tərk edib dağlara üz tutdu. Ailəsini və yaxınlarını özü ilə aparan Xudayar xan Nadir şahın qəzəbinə tuş gəlməyəcəyinə əmin olmaq üçün Ömərkut qalasına sığınmağı qərara aldı. Bu qala Sinddən 40 mənzillik bir məsafədə yerləşirdi. Ora aparan yol üzərində su və ərzaq mənbələri, hətta yaşayış məntəqələri belə yox idi. Xudayar xanın əyanları və yaxınları da bu uzaq səfərə çıxmağın son dərəcə təhlükəli olduğunu bildirirdilər. Lakin Nadir şahın qəzəbi və qorxusu Xudayar xanı məcbur etdi ki, Sinddən qaçıb Ömərkut qalasına sığınsın. Xudayar xan ona əmin idi ki, özü çətin yolun ağırlığına dözsə də, Nadir şah qoşunu ilə belə bir marşrutla irəliləməyə cəsarət etməz. Nadir şah bu xəbəri eşidən kimi qarşıdakı yolun bütün çətinliyinə baxmayaraq hərəkət etməyi qərara aldı. Yolun çətinliyi üzündən o, bütün qoşunu özü ilə aparmağa ehtiyac görmədi. Qoşunun bir hissəsini, o cümlədən bütün yükləri oğlu Nəsrulla Mirzəni nəzarəti altında Larkan adlanan məntəqədə saxladı və bir neçə alayla özü Xudayar xanın təqibinə başladı. Sind çayının və eləcə də qalın meşələrin keçilməsi üçün Nadir şah 7 gün vaxt itirməli oldu və yeddi günün tamamında Şəhdadpur adlanan məntəqəyə yetişdi. Burada qısa müddətli istirahətdən sonra Ömərkuta doğru hərəkət davam etdirildi. Nadir şaha məlum idi ki, Ömərkut yolu boyu yalnız hər 4–5 mənzildən sonra bir su quyusuna rast gəlmək olar ki, həmin quyunun suyu da Nadir şah qoşunlarının ehtiyacını ödəyə bilməz. Ona görə Nadir şah əmr etdi ki, hər bir döyüşçü özü ilə əlavə bir at götürsün və həmin atlara 3–4 tuluq su yüklənsin. Eyni zamanda Nadir şah qarşıdakı yolun sürətlə qət edilməsi üçün lazımi göstərişləri verdi. "Aləm Ara-ye Naderi"yə görə, son dayanacaqdan hərəkət edən Nadir yalnız 9 gündən sonra Ömərkut qalasına çata bildi. "Tarix-e Cahanqoşa-ye Naderi" və bir sıra tədqiqat əsərləri bildirirlər ki, Nadir şah Şəhdadpurdan 1740-cı il fevralın 26-da hərəkət etdi və bir gün sonra Ömərkut qalasına çatdı. Hər halda o, məlumdur ki, Ömərkuta yetişmək üçün böyük əziyyətlərə qatlaşmalı oldu və Xudayar xan qəfil şəkildə bu qalada yaxalandı. Mövcud olan məlumata görə, Xudayar xan həmişəki adəti üzrə səhər yuxusundan qalxıb qaladan kənara baxanda Nadir şah qoşunlarının mühasirəsində olduğunu gördü. Xudayar xan yenə qaladan qaçmağa cəhd göstərsə də bu ona müyəssər olmadı və qılıncını boynundan asıb təslim olmaq üçün Nadir şahın hüzuruna yollandı. Nadir şah onu da, onun tayfasının əhalisini də bağışladı və Xudayar xanın malik olduğu zəngin xəzinəni ələ keçirdi. Nadir şah onun xanlığına toxunmadı və Xudaabada geri qayıtmağı tapşırdı. Özü isə bir müddətdən sonra Larkana, qoşununun bir hissəsi ilə Nəsrulla Mirzənin dayandığı məntəqəyə döndü. Onun Larkana dönüşü artıq 1740-cı ilin Novruz bayramı günlərinə təsadüf edirdi. Nadir şah qoşunu ilə Novruz bayramını məhz burada qeyd etdi.[1]