Piye Piruze Piri - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir[1].
Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da Talış dilndə "qoca" deməkdir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır. Bu haqda tədqiqarçı -tarixçi Aqşin Əliyev özünün 2018-ci ildə yazdığı Cənub bölgəsinin abidələri ensiklopediyası kitabında geniş məlumat vermişdir.
Mülahizələr
redaktəXalq arasında sadəcə "Ocaq" adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir. Kəndin çox yaşlı, hətta dünyasını dəyişmiş sakinlərinin dediyinə görə bu yerdə bir seyyidə qadın dəfn olunub və o, əvvəlcə Alar, sonralar isə Solqard kəndində yaşayan seyidlərin qohumu olmuşdur. Burada hələ çox qədimdən yaşayan həmin qadın vəfat edərkən maraqlıdır ki, Ağasən adlı şəxsin ata-baba torpağında tək dəfn olunmuşdur. Xatırlatmaq yerinə düşərdi ki, Pornaim mahalında qədim qəbiristanlıq qonşu Bürzünbül kəndində yerləşən Top türbədir. Anzov kəndindəki qəbiristanlıqda isə XI əsrə aid baş daşıların olması bu qəbiristanlığın da təxminən 950 ildən artıq yaşının olması faktını deməyə əsas verir. Anzov kənd qəbiristanlığında Azərbaycan xalqının formalaşmasında müstəsna xidməti olan Səlcuq dövrünə aid – daha dəqiqi Səlcuq emblemli (ox-yay) baş daşının olması yuxarıdakı faktı təsdiqləyir. Ona görə də kəndin mərkəzində, kənd qəbiristanlığından aralı tək məzarın olması, eyni zamanda bunun da qadın qəbri olması fakta ehtiyatlı yanaşma tələb edir. Buna baxmayaraq məzar sadə qazılmış, amma qəbir itməmiş, xalq, xüsusən Ağasən kişi bu məzara xidmət etmiş və həmişə müqəddəs günlərdə, bayramlarda onu ziyarət etmiş, məzarın üstündə şam yandırmış, onu abdlaşdırmışdır. Onun bu ocağı belə müqəddəs tutub ona xidmət etməsi uzun illərdir ki, camaatın yaddaşında qalıb və hələ yaşlı adamların çoxu buranı məhz "Ağasən ocağı" adlandırırlar. Deyilənə görə ocağın – məzarın üstündə vaxtilə çoxlu kitablar olmuşdur.
50-ci illərdə bu məzarın ətrafına taxta hasar çəkildi və məzar yenidən bərpa edildi. Məzarın üzərinə isə palıd taxtalarından yaraşıqlı örtük çəkildi. O vaxt bu məzar artıq ziyarətgah idi və adamlar bura ziyarətə gəlir, nəzir gətirirdilər. Məzarın üstünə nəzir qoymaq üçün ustalar taxta örtükdən kiçik qapı da açmışdılar. Bu savab işi kəndin gözəl insanları və xeyirxah ustaları Bədir Bəbir oğlu və Qocaxan Böyükxan oğlu yerinə yetirdilər.
Sonralar bu müqəddəs pirin abadlaşmasında Gülüş Xudu oğlu və xüsusilə Misirxan Qocaxan oğlunun çox əməyi olmuş, o atası Qocaxan kişinin qoyduğu gözəl və savab işi davam etdirmişdir.
Bu ocaq çox müqəddəs olub, ona pənah gətirənləri Böyük yaradanın rizası ilə həmişə sevindirmiş, arzularını yerinə yetirmiş, məqsədlərinə çatdırmışdır. Onun sorağının çatdığı hər yerdən ona kim pənah gətirsə, dua etsə, nəzir boyun alsa mütləq arzusuna çatar. "Möcüzəli ocaq" adlanan bu pirə Bakıdan, Salyandan, Beyləqandan belə nəzir gətirir, gəlib ziyarət edirlər. Kənddə hər cür çətinliyi olan adama dərhal: — Bala, Ocağa nəzir boyun aldınmı? – sualını verirlər.
Ağasən ocağı kəndin mərkəzində yerləşir. Xeyir iş görənlər, səfərə gedənlər, niyyət edib iş görməyə başlayanlar mütləq əvvəl ocağa nəzir deyib işə başlayırlar.
2005-ci ildə Şahbazov Şahbaz atası Nəci kişinin və qardaşı Zakirin məsləhəti ilə Ocağın yenidən tam və müasir memarlıq üslubunda qurulmasına nail oldu. Bu işdə Ünəç kəndindən olan usta-memar Arif Mürvət oğlunun əməyi çox oldu. Usta Arif bir çox ustanın belə həsəd apara biləcəyi nəfis üslublu, qapalı və açıq arkaları olan təxminən altı metr hündürlüyündə şərq memarlıq üslubunda üstü gümbəzli və səkkizguşəli prizma formalı abidə yaratdı.
Uzun müddət adamları düşündürən bir sual son tikinti vaxtı daha da aktuallaşdı. Bu məzarda uyuyan kimdir? Kişidir, yoxsa qadın?
Kəndin çox yaşlı və dünyasını dəyişmiş adamları – 111 yaşlı Novruz Şəkərəli oğlu (1870 – 1981), 109 yaşlı İsa Nurulla oğlu (1870 – 1979), 100 yaşlı Məşədi Nüsrət Qulu oğlu (1898 – 1998), 93 yaşlı Şirbala Fətulla oğlunun (1910 – 2003) fikirlərinə görə burada dəfn olunan qadındır və adı Piruzədir. Bura qadın məzarı olduğuna görə ona pir yox, pirə deyilib. Ona görə də bu Ocaq Pirə Piruzə ocağı adlanır. Tikinti vaxtı məzarın üstü sökülərkən oradan bir kirkirə (əl daşı) aşkar edildi. Kirkirədə isə həmişə qadınlar dən, yam üyüdürlər. Bir növ qadın əmək alətidir. Bu daşın məzara qoyulması məzarın qadına məxsus olması fikrini əsaslandırır. Qadının əmək aləti olan daş onun vəsiyyətinə görə də məzarın üstünə qoyula bilərdi. Amma qadının kimin arvadı olması və nə üçün ümumi qəbiristanlıqda deyil, ayrıca dəfn olunması hələ də müəmma olaraq qalır.
Amma məzardakı şəxsin kişi və ya qadın olmasına baxmayaraq bu pir, ocaq insanların ümid, sığınacaq yeri olmaqla yüzlərlə müşkül işin yaxşı sonluqla, uğurla nəticələnməsinə səbəb olmuşdur. "Möcüzəli ocaq" adını almış bu pirə pənah gətirənlər susuz səhraya getsə su tapar, bağlı qapılar onların üzünə açılar.
İndi də qəbul imtahanına gedən abituriyentlər, hərbi xidmətə yollanan çağırışçılar bura ziyarətə gəlir, nəzir qoyurlar. Bayramlarda qəbiristanlığı ziyarət edən əhali ocağı da ziyarət edir, üzərinda şam yandırırlar.
Ağasən ocağı haqqında yaddaşlarda qalan bir neçə əhvalatı xatırlayaq: Dəmir Yüsüb oğlu danışır ki, evimiz ocağa yaxın idi. Toyuğa-cücəyə həyətdə su qoyardıq. Birdən görərdik ki, ocaqdan ilanlar gəlib həyətdə su içər, heç bir ziyanlıq etmədən dönüb düz ocağın içinə gedərdilər. Böyüklər tapşırmışdılar ki, ilanlara toxunmayın. Onlar mələklərdir.
Ocağın yanında ot tayası var idi. Günlərin birində gecə yarısı bir nəfər bu tayaya ot oğurluğuna gəlir. Oğru otdan böyük bir şələ bağlayır. Şələni geyinib durmaq istəyəndə taya uçub şələ qarışıq oğrunu basır. Səhər gəlib otu yığanda ot oğrusunu çıxarırlar.
Dəmir Yüsüb oğlu bir də xüsusi vurğuladı ki, əyər bir nəfər güllə ilə başqasını vurmaq istəsə belə vurulmalı olan şəxs sidqi-ürəkdən "Ya Ağasən ocağı, kömək ol!" — desə nə qədər düz tuşlansa da güllə ondan yan keçər, ona dəyməz. Çox ağır ocaqdır.
1989-cu ildə bu ocağın yanında, Məşədi Molla Əsgərin evinin yerində məscid binası inşa edildi. İki müqəddəs ocaq – ibadət və itaət yeri qoşa dayanan iki qanada bənzəyir. Burada edilən ibadət, oxunan dualar hər iki ocaqda bir-birini tamamlayır. Allah evinə gələnlər ilk növbədə məhz ocağı ziyarət edir, sahibinin ruhunu salavatlarla yad edirlər. Sonra məscidə daxil olurlar.
Müqəddəs Ağasən ocağı (Pirə Piruzə) Anzov kəndinin siması, rəmzi olmaqla bərabər hələ neçə-neçə pisliyi, naqisliyi bizlərdən uzaqlaşdıracaq. Məhz belə pirlərin, müqəddəs ocaqlarımızın kəraməti sayəsində Ulu Tanrı doğma Azərbaycanımıza sülh, əmin-amanlıq bəxş edəcəkdir.
Pir haqqında kitablarda
redaktəSabir Rüstəmxanlı "Ömür kitabı"nda yazır: "Qonşu kəndin (oxu Anzov) ortasında taxtadan tikilmiş bir pir var. Bura uşaqlıqdan bizi çəkirdi. Ən sehrlisi də buydu ki, tikilinin içindəki çardağın altında qalaq-qalaq kitablar yığılmışdı. Heç kim toxunmazdı. Amma heç kim də öyrənmirdi ki, bunlar nə kitablardır. İndi daha çoxu torpağa qarışıb, o kitabların yazısı oxunmaz olub. Otuzuncu illərdə ərəb qrafikası, yəni bizim əski dörd yüz illik əlifbamız təqib ediləndə, din bəhanəsiylə xalqın qədim mədəniyyəti inkar ediləndə camaat canının qorxusundan evində nə vardısa bütün dünyəvi kitabları, klassiklərimizin irsini də torpağa basdırır, ya da belə ocaqlara tərk edib gedirdilər…"[2]
Pir haqqında söyləmələr
redaktə
"Dədəmin dediyinə görə Mir Fərzəlinin böyük nənəsi burada basdırılıb. Ocağın yanında İrzaxangilin böyük bir nil ağacı var idi. Yaşlı adamlar deyirdi ki, nil ağacının dibində gecələr işıq yanardı". Cankişi Əhədov
"Ocağ əvvəllər açıq qəbir olub. Sonralar Qocaxan onun ətrafını döymə çəpər elədi. Üstünü dəmirlə örtdü. Sonralar ocağın üstünü Gülüş Xudakərim oğlu təmir etdirdi. Suri nənə
"Peyğəmbər vaxtında kim harada vəfat edərdisə orada da dəfn olunardı. Kəndin mərkəzində tək məzarın olması da buna misal ola bilər. Amma dədə-babamız bu ocağa Pirə Piruzə piri deyib. Bu da qoca qadın piri deməkdir. Bir də deyirlər ki, Mir Fərzəlinin Cicəsi burada basdırılıb. Çox kəramətli ocaqdır. Elə bir məqam yoxdur ki, onu çağırasan və naümid qalasan. Həmişə dada çatır. Ümid yeri, güman yerimizdir". Məşədi Molla Əsgər
"İndi el arasında "Ağasən ocağı" deyilən abidənin adı keçmişdə "Piyə Piruzə" adlanırdı. Yaşlıların dediyinə görə Ağasən bu ocağın mücövürü[3] olmuşdur. Zaman keçdikcə köhnə ad unudulmuş və Ağasən adı yayılmışdır. "Piyə" qızardılmış gilə deyilir. Piruzə isə şəxs adıdır. Ola bilsin ki, bu abidə əvvəllər mövcud olmuş və həmin şəxs yanmış gil kərpiclə onu bərpa etmişdir. Qəbrin sahibinin kimliyi qeyri-müəyyəndir. Amma çox kəramətli pirlərdən biridir, Adının ocaq olması onu cübut edir ki, bura qəbir sahibinin (pirin) təşkil etdiyi dini mərkəz olmuşdur. İndiki Anzov xalqının babalarının Yəməndən gəlmə olduqlarını nəzərə alsaq, bu tarix VIII–IX əsrlərdən o yana getmir. Çünki, ərəbləşdirmə siyasəti İslam Fütuhatından sonra aparıldı. Amma bu gəlmə ərəblər boş əraziyə yox, insan məskənlərinə köçürülürdü. Odur ki, deyə bilərik ki, kənddə həyat daha qədimdən mövcud olmuşdur. Çox güman ki, "Ağasən ocağı" elə həmin vaxtların yadigarıdır. Anzov və ətraf kəndlərdə bu ocağa inam böyükdür. Müşkülü olanlar, nəziri olanlar, qəriblikdən gələnlər və s. ocağı sıx-sıx ziyarət edirlər". İbişov Həbib Həbib oğlu
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ M. Balaşov, Ş. İsayev. "Oğuz eli Anzov" kitabı
- ↑ Sabir Rüstəmxanlı, "Ömür kitabı", Bakı, Gənclik, 1989. səh.329 Aqşin Əliyev, Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı 2018
- ↑ Mücövür — Ərəbcə baxıcı, əziyyətini çəkən mənasında