Qudret Ismayilzade - Wikipedia
Qüdrət Seyfulla oğlu İsmayılzadə (24 oktyabr 1934, Bakı – 1 aprel 2024) — Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının professoru, "Şöhrət" ordeni laureatı (2019).[1]
Qüdrət İsmayılzadə | |
---|---|
Doğum tarixi | 24 oktyabr 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 2024 (89 yaşında) |
Uşağı | |
Elm sahəsi | arxeologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Otari Çaparidze |
Mükafatları |
Həyatı
redaktə1934-cü il 24 oktyabrda Bakı şəhərində neftçi ailəsində doğulmuşdu. Bakının Suraxanı qəsəbəsindəki 208 saylı orta məktəbdə təhsil aldığı illərdə tarix və coğrafiya fənlərinə xüsusi maraq göstərmiş, Bakı Pionerlər Sarayının Tarixsevərlər dərnəyinin və Bakı Gənc Səyahətçilər Klubunun üzvü olmuş, Respublika və Ümumittifaq müsabiqə və olimpiadalarında uğurla iştirak edərək diplomlara, fəxri fərmanlara və yüksək mükafatlara layiq görülmüşdür[2]. 1952-ci ildə 208 saylı orta məktəbi bitirmişdir.
2024-cü il 1 apreldə vəfat etmişdir.[3]
Elmi fəaliyyəti və arxeologiya elmindəki xidmətləri
redaktə1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş, 1957-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirmiş, təyinatla 1957-1958-ci illərdə Yardımlı rayonunun Arus və Mirimli kənd məktəblərində müəllim vəzifəsində çalışmışdır. 1958- ci ildə Q.S.İsmayılzadə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutuna dəvət olunmuş və Arxeologiya şöbəsində fəaliyyətə başlamışdır.[2]
1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasına daxil olan Qüdrət İsmayılzadə Qazax bölgəsi ərazisində yerləşən “Baba-Dərviş qədim yaşayış yerinin arxeoloji tədqiqi” mövzusunda dissertasiya işi üzrə araşdırmalar aparır və bununla da başlıca tədqiqat istiqamətini – Azərbaycanda tunc dövrü problemlərinin araşdırılması seçimini etmiş olur, bu sahədə böyük uğurlar qazanır. Baba-Dərviş yaşayış yerində arxeoloji qazıntılarda fəal iştirak edən gənc arxeoloq tədqiqat mövzusu üzrə zəngin faktiki materiallar toplayaraq Qafqazın görkəmli arxeoloqu, professor Otari Çaparidzenin rəhbərliyi ilə dissertasiya işini başa çatdırmış, arxeoloji mənbələr əsasında Azərbaycanın erkən əkinçilik mərkəzlərindən biri olmasını, bu ərazidə yerli zəmin əsasında tunc dövrü mədəniyyətinin təşəkkül tapmasını elmi əsasda sübuta yetirmişdir. O, 1964-cü ilin fevralında Tbilisi Dövlət Universiteti nəzdindəki İxtisaslaşdırılmış Şurada dissertasiyanı uğurla müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Sonradan monoqrafiya şəklində nəşr olunan həmin əsər Qüdrət İsmayılzadənin Kür-Araz mədəniyyəti problemi üzrə ciddi tədqiqatçılar sırasında nüfuz qazanmasına səbəb olmuşdur.
1964-cü ildə Qüdrət İsmayılzadə Qarabağda, Quruçay və Köndələnçay vadilərində arxeoloji abidələrin axtarış və qeydə alınması məqsədi ilə yaradılan ekspedisiyaya rəhbər təyin edilir. Bir neçə il ərzində onlarla arxeoloji abidə aşkarlanaraq qeydə alınır. Həmin abidələr arasında Azərbaycan arxeologiya elmi üçün xüsusi əhəmiyyət kəsb edən etalon abidələr də var idi. Belə abidələrdən birində - çoxtəbəqəli Qaraköpəktəpə yaşayış yerində 1967-ci ildə stasionar arxeoloji qazıntılar başlanılır və tədqiqatlar 1988-ci ilədək davam edir. Qüdrət İsmayılzadə “Arxeoloqun çöl gündəliyindən” kitabında arxeoloji axtarışlarında, elmi fəaliyyətində həmin abidənin əhəmiyyətini belə qiymətləndirmişdi: “Axtarış yollarında arxeoloq yüzlərcə abidə ilə rastlaşır. Bunların hamısını o, fərq qoymadan dəqiq şəkildə qeydə alır, tədqiq edir və öyrənir. Lakin bu abidələrdən yalnız biri ona ən yaxın sirdaş ola bilir, məhəbbətini qazanır və nəhayət, bütün varlığı ilə onun həyatına daxil olur. Əslində, arxeoloqun özü könüllü şəkildə həyatını bu abidəyə həsr edir, onunla qaynayıb-qarışır. Elə buna görə də arxeoloqun adı sonralar bu abidə ilə qoşa çəkilir. Mənimsə həyatıma silinməz iz salan belə bir abidə Füzuli rayonundakı Qaraköpəktəpədir”.[2]
Qüdrət İsmayılzadənin Qarabağın tunc dövrü abidələrində, xüsusilə Qaraköpəktəpədə apardığı arxeoloji qazıntılardan əldə olunan zəngin faktik materiallar, mötəbər mənbələr Kür-Araz mədəniyyəti üzrə sanballı tədqiqat əsərinin yazılmasını təmin etdi. O, 1983-cü ildə Tbilisi şəhərində - Gürcüstan Elmlər Akademiyasının Dissertasiya Şurasında elmlər doktoru elmi dərəcəsi almaq üçün yazdığı "Azərbaycanın erkən tunc dövrü mədəniyyəti" mövzusunda dissertasiyanı uğurla müdafiə etdi. İstedadlı alimin elmi təfəkkürünün işığında “Kür-Araz mədəniyyəti” probleminin bir çox ümdə məsələlərinə: Kür-Araz mədəniyyətinin tarixi kökləri, təşəkkül tapması, xronoloji çərçivəsi və ardıcıl inkişaf mərhələləri, etnik mənsubiyyəti, yerli tayfaların mədəni-tarixi inkişafında rolu, Qafqaz və Azərbaycan tarixində yeri və s. aydınlıq gətirildi. 2008-ci ildə həmin tədqiqat monoqrafiya şəklində nəşr olundu.
Qüdrət İsmayılzadənin Şərqi Zəngəzurun arxeoloji abidələrinin öyrənilməsində də töhfələri böyükdür. O, keçən əsrin 60-cı illərinin sonu - 70-ci illərində Kəlbəcərdə e.ə. IV-I minilliklərə aid edilən mindən artıq qayaüstü rəsm qeydə alaraq tədqiq etmiş, 1976-cı ildə ilk dəfə olaraq Azərbaycanın yüksək dağlıq bölgəsində e.ə. III minilliyə aid istehkamlı yaşayış yerinin qalıqlarını aşkarlayaraq tədqiq etmişdir. Ümumiyyətlə, Azərbaycan ərazisində qədim qayaüstü təsvirlərin öyrənilməsi Qüdrət İsmayılzadənin elmi araşdırmalarının mühüm bir istiqamətini təşkil edirdi. Onun Azərbaycanın qayaüstü rəsmlərinin səciyyəsi və Avrasiya məkanının ən qədim incəsənətində onların yeri ilə bağlı araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Qüdrət İsmayılzadənin elmi yaradıcılığının digər bir istiqaməti Azərbaycanın arxeoloji fikir tarixini araşdırması, həmkarlarının tədqiqatlarını obyektiv təhlil etməsi, nailiyyət və töhfələrini qiymətləndirməsidir. Onun Davud Şərifov, Ələsgər Ələkbərov, İshaq Cəfərzadə, Saleh Qazıyev, Güllü Əbilova, Osman Həbibullayev və digər Azərbaycan arxeoloqlarının həyat və yaradıcılığına həsr olunan məqalələri bu qəbildəndir.
Arxeoloq Qüdrət İsmayılzadə tarixi-arxeoloji biliklərin, Azərbaycanın qədim mədəni irsinin, qədim və zəngin tarixinin təbliğində, geniş oxucu kütləsinə çatdırılmasında da fəal iştirak etmişdir. “Abidələr, xatirələr, düşüncələr”, “Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri”, “Arxeoloqun çöl gündəliyindən” kitabları, “Elm və həyat”, “Azərbaycan arxeologiyası” jurnallarında dərc olunan məqalələrində xalqımızın maddi mədəniyyət yadigarlarının canlı təqdimatı ciddi elmi məntiqlə üzvü surətdə birləşdirilir və vətən abidələrinə, xalqımızın qədim mədəni irsinə sonsuz məhəbbəti aşılayır.
Professor Qüdrət İsmayılzadə beynəlxalq əməkdaşlığa önəm verirdi, Rusiya, Gürcüstan, Almaniya, İngiltərə, Fransa, ABŞ, Macarıstan, Polşa, Türkiyə, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İtaliya, İran, Yaponiya və başqa ölkələrin arxeoloqları və tarixçiləri ilə elmi əlaqə saxlayırdı. O, Altıntəpə, Troya və Boğazköy kimi məşhur arxeoloji abidələrin qazıntılarında iştirak etmiş azərbaycanlı arxeoloqdur.
Qüdrət İsmayılzadə elmi tədqiqatla pedaqoji fəaliyyəti uzlaşdırmağı bacarırdı. Keçən əsrin 70-ci illərində Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daimi işə dəvət olunan alim burada elmi tədqiqatlarını davam etdirməklə yanaşı fəal şəkildə tədrisə, gənc nəslin təlim-tərbiyəsinə qoşulmuşdur. Onun pedaqoji fəaliyyəti yüksək peşəkarlığı ilə fərqlənirdi. Geniş erudisiyaya malik alim, gözəl natiq, təmənnasız öz bilik və təcrübəsini gənc nəslə çatdırmağa səy göstərən qayğıkeş pedaqoq “Qədim dünya tarixi”, “Arxeologiya” fənləri üzrə tələbələrinə yüksək məzmunlu mühazirələr oxumuşdur. Dərin biliyi, mürəkkəb məsələləri sadə, asan başa düşülən tərzdə təqdim etmək bacarığı, incə yumorları ilə tələbə auditoriyasının hörmət və sevgisini qazanmışdı. Onun mühazirələri, seminar məşğələləri Tarix fakültəsinin məzunlarının yaddaşlarında ən maraqlı dərslər kimi qalmışdır. O, tarixçi tələbələr üçün qayğıkeş müəllim, əvəzolunmaz məsləhətçi idi.
Qüdrət müəllimin yüksəkixtisaslı kadrların hazırlanmasında da xidmətləri böyükdür. O, 12 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyasına rəhbərlik etmiş, istər ölkə daxilində, istərsə də qonşu respublikalarda müdafiə olunan onlarla dissertasiya işinə yüksək peşəkarlıq nöqteyi-nəzərdən opponentlik etmiş, onların müəlliflərinin müvafiq elmi dərəcə almasına xeyir-dua vermişdir.
Qüdrət İsmayılzadə gərgin elmi yaradıcılıq və pedaqoji fəaliyyəti ilə yanaşı, həm də elmi-təşkilati fəaliyyətlə məşğul olmuşdur. O, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, Tarix fakültəsinin Elmi Şurasının, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının,AMEA Naxçıvan bölməsinin nəzdində fəaliyyət D. 01.211 Dissertasiya Şurasının üzvü, Azərbaycanşünaslar Müstəqil Birliyinin Şura üzvü olmuşdur. Görkəmli alim Azərbaycanı bir sıra beynəlxalq elmi təşkilatlarda təmsil edirdi: Beynəlxalq Arxeoloqlar Assosasiyasının üzvü, Türkmənistanda Qədim Şərqin mədəni irsini öyrənən Beynəlxalq Elmi Şuranın üzvü, Qırğızıstan Prezidenti yanında Humanitar Elmlər Assosasiyasının üzvü idi.
Qüdrət İsmayılzadə 1999-ci ildən Xəzər Universitetində çap olunan “Azərbaycan Arxeologiyası” jurnalının baş redaktoru idi və jurnalda Azərbaycan arxeologiyasındakı yeniliklərin, aktual problemlərin həllinə yönəlmiş məqalələrin dərc olunmasına səy göstərirdi. 150-dən artıq elmi məqalənin, 3 elmi monoqrafiyanın, 2 elmi-populyar kitabın, 1 dərs vəsaitinin müəllifidir, 1 elmlər doktoru və 5 elmlər namizədi yetişdirmişdir.
Azərbaycan arxeologiya elmini beynəlxalq elmi məclislərdə layiqincə təmsil edirdi. Müxtəlif illərdə Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Aşqabad, Bakı, Tbilisi, İrəvan, Təbriz, Tehran, Berlin, Saar-Brükke, Astana və digər şəhərlərdə keçirilən elmi konfranslarda iştirak etmişdir.[4]
Seçilmiş əsərləri
redaktə- Mil düzünün ötən günləri haqqında düşüncələr. // Azərbaycan Arxeologiyası. Bakı, 2004, № 1–4, 1 ç.v.
- Гаракепектепе – сокровищница истории. Журнал "Ирс", Баку-Москва, 2006, № 6(24), 1 п.л.
- Об одном атрибуте Кура-Араксской культуры. Археология, этнография и фольклористика Кавказа. Тбилиси, 2004, 0,25 п.л.
- Наскальные изображения Кельбаджарского высокогорья в Азербайджане. Баку, 2004
- К вопросу о характерных особенностей петроглифов Азербайджана. Сб.: Мир наскального искусства, Москва, 2005, 0,5 п.л.
- Куро-араксская культурная общность и ее место в истории материальной культуры Кавказа. Археология, этнография и фольклористика Кавказа. Баку, 2005, 1 п.л.
- Azərbaycanın yüksək dağlıq bölgələrindəki qayaüstü təsvirlərin tarixi xüsusiyyətləri. Qobustan mədəni landşaftı mövzusunda beynəlxalq seminarın materialları. Bakı, 2007, 1 ç.v.
- Прогрессивный этап в культурно-историческом развитии ранних земледельческий обществ на территории Азербайджана. Аз. Археолоэийасы вя Етнографийасы. Бакы, 2007, № 1
- Mingəçevirin nadir arxeoloji kompleksi. Mingəçevir arxeoloji ekspedisiyası – 60. Bakı, 2006, 0,5 ç.v.
Monoqrafiyalar
redaktə- Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri. Bakı, 1981
- Babadərviş qədim yaşayış yeri. Bakı, 1977
- Азербайджан в системе раннебронзовой культурной общности Кавказа. Баку, 2008
- Abidələr, xatirələr, düşüncələr. Bakı, 1981
- Azərbaycan Qafqazın erkəntunc mədəniyyəti sistemində. Bakı, 2008
İstinadlar
redaktə- ↑ "Prezident BDU-nun əməkdaşlarını təltif etdi". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ 1 2 3 Nekroloq. Professor Qüdrət İsmayılzadənin əziz xatirəsinə Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası), №2, 2024, s.108-112
- ↑ "Yaponiyadakı səfirimizə ağır itki üz verdi". Axar.Az (az.). 2024-04-01. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- ↑ "Qüdrət İsmayılzadə". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.