Qirmizi Tabor - Wikipedia
"Qırmızı tabor" 1918–22 illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Naxçıvan və b. ərazilərdə fəaliyyət göstərmiş xalq könüllülərindən ibarət partizan birləşməsi.
Məqsəd
redaktə"Qırmızı tabor" Abbasqulu bəy Şadlinskinin başçılığı ilə 1918-ci ilin yayında Vedibasar bölgəsində yaradılmışdı. "Qırmızı tabor" dəstələri erməni-daşnak quldur dəstələrinin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərin, soyqırımların qarşısını almaqda mühüm rol oynamışdı.
1918–1920-ci illərdə taborun fəaliyyəti
redaktə1918 ilin iyulunda daşnakların Vediyə birinci hücumu zamam "Qırmızı tabor" hissələri onlara ciddi müqavimət göstərmiş, düşməni canlı qüvvə və texnika sarıdan çoxlu itki verərək, qaçmağa məcbur etmişdilər. Bu əməliyyat zamam "qırmızı tabor"çular qənimət kimi çoxlu silah və sursat ələ keçirmişdilər. 1919-cu ilin iyulunda daşnakların Vediyə ikinci hücumu zamanı "Qırmızı tabor" dəstələri yenə də qəhrəmancasına müqavimət göstərmiş, lakin düşmənin üstün qüvvələri qarşısında vuruşa-vuruşa öz mövqelərini tərk etməyə və İrəvan şəhərinə doğru geri çəkilməyə məcbur olmuşdular. Bundan sonra Vedibasar, Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçən "Qırmızı tabor" hissələri əvvəlcə Xoy şəhəri yaxınlığındakı Qəzənfərdağ adlı yerdə, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.
Sovet dövründə fəaliyyəti
redaktəNaxçıvanda sovet hakimiyyəti elan edildikdən (1920, 28 iyul) sonra Naxçıvan hərbi inqilab komitəsinin və Nəriman Nərimanovun dəvəti ilə A. Şadlinskinin başçılığı ilə 200 nəfərlik "Qırmızı tabor" dəstəsi sentyabrın 17-də Naxçıvana gəlmiş, buradakı qırmızı qvardiya dəstələri "Qırmızı tabor"la birləşmişdi.[1] "Qırmızı tabor"a, əvvəlcə, Naxçıvan sərhədlərinin qorunması tapşırılmış, sonra isə, onun döyüşçüləri daşnaklara qarşı Zəngəzur istiqamətində döyüş əməliyyatları aparmışlar. 1921 ilin fevralında Ermənistanda sovet hakimiyyətinə qarşı daşnak qiyamı zamanı Ermənistan SSR hökumətinin dəvətilə köməyə gəlmiş "Qırmızı tabor" hissələri həmin qiyamın yatırılmasında mühüm rol oynamışdılar. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. Abbasqulu bəy Şadlinski bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. Bundan başqa A. Şadlinski başda olmaqla "Qırmızı tabor"un 19 üzvü Daşnaklara qarşı döyüşlərdə göstərdikləri şücaətə görə Ermənistan SSR-in "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdu. "Qırmızı tabor" hissələri Zəngəzurun daşnaklardan təmizlənməsində də böyük qəhrəmanlıq göstərmişdilər. Ermənistanda və Zəngəzurda sovet hakimiyyəti bərqərar olduqdan sonra "Qırmızı tabor" Naxçıvanda saxlanılmış və onun sərhədlərinin qorunmasında fəal iştirak etmişdir.
Fəaliyyətinin öyrənilməsi və təbliği
redaktə1986 ilin oktyabrında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda "Qırmızı tabor" partizan dəstəsinə həsr olunmuş "Şöhrət muzeyi" açılmışdır. Yazıçı Fərman Kərimzadənin "Qarlı aşırım" romanı və onun əsasında çəkilmiş "Axırıncı aşırım" bədii filmi " Qırmızı tabor"un fəaliyyətindən bəhs edir.[2]