Qedim Pipan Bazilikasi - Wikipedia
Qədim Pipan bazilikası — ( av. Пипанил килиса ) Zaqatala rayonunun Pinalı kəndi yaxınlığında, meşə ərazisində yerləşən VII–VIII əsrlərə aid[1][2] üçkilsəli bazilika formalı kilsədir. Pinalı kəndindəki (köhnə adı Pipan) iki bazilikadan daha qədim olanıdı.
Qədim Pipan bazilikası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Zaqatala |
Yerləşir | Pinalı kəndi |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | VII-VIII əsrlər |
İstinad nöm. | 1812 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Kilsə binası birnefli mərkəzi zal və onu üç tərəfdən əhatə edən qalereyalardan ibarətdir. Zalın şərq hissəsində döşəmədən bir qədər yuxarı qaldırılmış altar apsidası yerləşir. Apsidanın hər iki yanında dərin niş vardır. İki plyastra söykənən divar tağları zalın yarımqalxanvari tağtavanını saxlayır.
Məbəd çaydaşları və əhəng məhlulundan inşa edilmiş, üzəri isə kirəmit lövhələrlə örtülmüşdür. Abidənin həcm-fəza kompozisiyası hündür (6.5 metr) mərkəzi hissə, bir qədər alçaq qərb qalereyası və yarımyeraltı yan otaqların birləşdirilməsi nəticəsində yaradılmışdır.
Tarixi
redaktəArxeoloqlar məbədin əsas kilsə zalının təməlini Qafqaz Albaniyasında erkən xristianlıq dövrünə (III–IV əsrlər), qalereya və digər hissələri isə VII–VIII əsrlərə aid edirlər.[1]
Memarlıq xüsusiyyətləri
redaktəKilsə binası birnefli mərkəzi zal və onu üç tərəfdən əhatə edən qalereyalardan ibarətdir.[3] 3.4 x 6.5 metr ölçülərə malik olan mərkəzi zalın şərq hissəsində döşəmədən bir qədər yuxarı qaldırılmış altar apsidası yerləşir. Apsidanın hər iki yanında dərin niş vardır. İki pilyastra söykənən divar tağları zalın yarımqalxanvari tağtavanını saxlayır.[3] Qərb divarında yerləşən giriş yeri mərkəzi oxdan bir qədər kənara düşür. Zal şərq və qərb divarlarında yerlşdirilmiş iki dar pəncərə vasitəsiylə işıqlandırılır.[3]
Mərkəzi zalın altında oxşar ölçü və konstruksiyaya malik, şərq və qərb divarlarındakı pəncərələr vasitəsiylə işıqlandırılan yarımyeraltı formaya malik ikinci bir zal yerləşir.[4] Yeraltı zalın hündürlüyü 3 metrə bərabərdir.[5] Yeraltı zala şimal və cənub tərəfdən iki dar, tağtavanlı otaq birləşir.[5] G. Məmmədova həmin otaqların orta əsrlərdə alban kilsələrinə əlavə edilməsinə başlanılmış yan otaqlar kimi istifadə olunduğu ehtimalını irəli sürür.[4] Həmin otaqların uzun quruluşu və cüt pilyastrlar üzərində ucaldılmış divar tağlarına söykənən tağtavanı üçnefli bazilikaların yan neflərini xatırladır.[4]
Mərkəzi və yan hissələrdə döşəmənin hündürlüyü arasında kifayət qədər fərq vardır. Yan otaqlarda döşəmə və divarlar arasında bağlancların olmaması isə tikilinin mərkəzi və yan hissələrinin ayrı-ayrı dövrlərdə inşa edildiyini söyləməyə imkan verir.[4] Yan otaqlardan tağlı giriş qapısı vasitəsi ilə ayrılmış, qərbdə yerləşən qalereyavari narteksdəki pilləkən əsas kilsə binasına aparırdı.[4]
Məbəd çaydaşları və əhəng məhlulundan inşa edilmiş, üzəri isə kirəmit lövhələrlə örtülmüşdür.[4] Abidənin həcm-fəza kompozisiyası hündür (6.5 metr) mərkəzi hissə, bir qədər alçaq qərb qalereyası və yarımyeraltı yan otaqların birləşdirilməsi nəticəsində yaradılmışdır.[4] Erkən orta əsrlər Qafqaz Albaniyası memarlığına xas olan ənənələri daşıyan məbəd, sərt və sadə formalara malikdir, dekor demək olar ki, yoxdur.[4] Kilsə memarlığında əsas kompozisiya diqqəti, onun qərb fasadına plastiklik verməklə işıq-kölgə effektləri yaradan tağlı qalereyaya yönləndirilmişdir.[4]
G. Məmmədova qeyd edir ki, Pipan bazilikalarının kompozisiyalarının analizi zamanı onların Qum bazilikası ilə ideya əlaqəsini görmək mümkündür.[6] Bu əlaqə hər şeydən əvvəl mərkəzdə hündür kilsənin yerləşməsi (Pipan bazilikalarında birnefli, Qum bazilikasında isə üç nefli) və əsas özəyin şimal, cənub və qərbdən tağlı, daha alçaq hissə ilə əhatə olunmasında özünü büruzə verir.[6] Həm Qum, həm Pipan bazilikalarında qalereyaların şərq qurtaracağı yan otaqlar şəklində həll edilmişdir. Fərq ondadır ki, Qum bazilikasının qalereyaları açıq tağlı dəhliz, Pipan bazilikalarının qalereyaları isə qapalı, çox hissədə bütöv divara malik məkandır.[6]
İstinadlar
redaktə- ↑ 1 2 Мамедова, 2004. səh. 89
- ↑ Карахмедова, 1985. səh. 21
- ↑ 1 2 3 Мамедова, 2004. səh. 88
- ↑ 1 2 3 4 5 6 7 8 9 Мамедова, 2004. səh. 90
- ↑ 1 2 Карахмедова, 1985. səh. 22
- ↑ 1 2 3 Мамедова, 2004. səh. 94
Ədəbiyyat
redaktə- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Карахмедова, А. А. Христианские памятники Кавказской Албании. Баку: Элм. 1985.