Qerbi Kaspi Universiteti - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Qərbi Kaspi Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi.[1].
Qərbi Kaspi Universiteti | |
---|---|
Şüar | Uğurlu karyeranın təməli |
Əsası qoyulub | 1991 |
Tələbə sayı | 5000 |
Şəhər | Bakı |
Ölkə | |
Universitet şəhərciyi | İstiqlaliyyət küçəsi 27 |
İdman | http://wu.edu.az//az/TU/sports/ |
Sayt | wu.edu.az |
Universitetin təsisçisi Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovdur.[2]
Tarixi
redaktəAzərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərbi Kaspi Universitetinin əsası 1991-ci ildə Qərb Universiteti adı ilə qoyulmuşdur.
2017-ci ildən adı dəyişdirilərək Qərbi Kaspi Universiteti olmuşdur[3]. 2021-ci ildə dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən reytinqdə Qərbi Kaspi Universiteti 1240-dək dünya universiteti arasında 601+ yerdə qərarlaşıb. Universitet ən yaxşı nəticəni xüsusilə 5 məqsəd üzrə əldə edib və bu istiqamətlərdə dünyanın ən yaxşı 201–300 universitetindən biri olub.
Tərkibi
redaktəYüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi
redaktəYüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbi kafedra şəklində 1991-ci ildə "Riyaziyyat və Kompüter texnologiyaları" adı ilə fəaliyyətə başlamışdır.
Kafedra öz fəaliyyəti dövründə İnformatika və hesablama texnikası istiqaməti üzrə, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlamışdır. 2017-ci ildən isə kafedra Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinə çevrilmişdir.
Dizayn və Memarlıq Məktəbi
redaktə2017-ci ildə Qərbi Kaspi Universitetində Dizayn və Memarlıq məktəbi yaradıldı. Bu məktəb 1996-cı ildən fəaliyyət göstərən Dizayn fakültəsinin bazasında təşkil edildi.
İqtisadiyyat Məktəbi
redaktəBu struktur üzrə istiqamətlər Qərbi Kaspi Universiteti yarandığı gündən fəaliyyət göstərir. Məktəbin nəzdində "İqtisadiyyat", "Maliyyə və mühasibat uçotu", "Menecment", və "Əmtəəşünaslıq və ekspertiza" adlı kürsülər (kafedralar) fəaliyyət göstərir.
Biznes Məktəbi
redaktəBiznes məktəbinin müəllim heyəti 7 nəfər elmlər doktoru, 21 nəfər fəlsəfə doktoru, 12 nəfər isə ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Türkiyə və başqa xarici ölkələrdə təhsil almış, xalq təsərrüfatının aparıcı sahələrində çalışan mütəxəssislərdən ibarətdir. Bununla yanaşı xarici ölkələrin aparıcı ali təhsil ocaqlarından dəvət olunmuş professor-müəllimlər tədris prosesinə cəlb olunurlar.
Filologiya və Tərcümə Məktəbi
redaktəFakültə 1996-cı ildən "Qərb dilləri" fakültəsi adı ilə fəaliyyətə başlayıb. Fakültədə Filologiya (ingilis dili və ədəbiyyatı), Tərcümə (ingilis, alman, fransız) ixtisasları üzrə mütəxəssis hazırlığı aparılıb. 2017-ci ildən fakültə Filologiya və Tərcümə Məktəbi kimi fəaliyyətini davam etdirir.
Fakültədə ümumilikdə 9 dil tədris olunur: Azərbaycan, ingilis, alman, fransız, rus, latın, çin, ispan, fin dilləri.
Siyasi və İctimai Elmlər Məktəbi
redaktəSiyasi elmlər fakültəsi Qərbi Kaspi Universiteti yarandığı ilk gündən onun tədris, elm və inzibati bölməsi olub, yüksəkixtisaslı kadr hazırlığı istiqamətində "Politologiya", "Psixologiya", "Regionşünaslıq", "Beynəlxalq jurnalistika", "Beynəlxalq hüquq", "Beynəlxalq münasibətlər" və s. ixtisasları üzrə bakalavr və ali təhsilin magistratura səviyyəsində kadrların hazırlanmasına rəhbərlik etmişdir.
Laboratoriya
redaktəQərbi Kaspi Universiteti müasir və unikal laboratoriyalar və mərkəzlərlə təchiz olunub.
- Fizika və elektronika laboratoriyası
Mərkəzlər
redaktə- Geomatika Mərkəzi
- Dillər Mərkəzi
Texnopark
redaktəUniversitetin Nərimanovda yerləşən tədris binasında 5 otaq, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tədris binasında 2 otaq, İqtisadiyyat Nazirliyinin Balaxanı Sənaye Parkında hər biri 288 m² olmaqla 2 istehsalat sahəsi (ofislərlə birgə), universitetin Bakı-Sumqayıt şosesində yerləşən 4 hektarlıq ərazidə tələbələrin və akademik heyətinin birgə çalışa və qala biləcəkləri kiçik istehsalat ərazisi və 2018–2019-cu il tədris ilində istifadəyə verilən yeni tədris binasında 150 kv.m-lik biznes İnkubator mərkəzi və 600 kv.m-lik mexatronika, robotexnika, mexanika laboratoriya otaqları ayrılmışdır.
Kitabxana
redaktəHazırda Universitetin kitabxanası 60.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 16 000-dən çox ən müasir ədəbiyyat mövcuddur.
Qərbi Kaspi Universiteti Azərbaycanda BMT Kitabxanasının fəaliyyət göstərdiyi ilk və yeganə universitetdir.
2016-ildə qurulmuş BMT kitabxanasının beynəlxalq təşkilatların müxtəlif nəşrləri ilə zənginləşdirilməsi prosesini ötən dövr ərzində davam etdirilib. Təhsil müəssisəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının Depozitariya Kitabxanası yaradılıb. Bununla da, Qərbi Kaspi Universiteti Azərbaycanda bu kitabxana proqramına daxil edilmiş ilk və yeganə ali təhsil ocağı olub.
Tur Heyerdal Muzeyi
redaktəMərkəz 2014-cü il 12–20 may tarixlərində keçirilən Tur Heyerdal Film Festivalı həstəfində rəsmi olaraq açılıb. Bu onun 100 illik yubileyini anılmasına həsr edilmişdi. Qərbi Kaspi Universitetinin əsas binasının ikinci mərkəzində yerləşən mərkəz onun fəaliyyəti ilə bağlı olan arxiv materiallarından ibarətdir.
Tam orta məktəb
redaktə2003-cü tədris ilində fəaliyyətə başlayıb.
İnstitutlar
redaktə- Davamlı İnsan İnkişafı İnstitutu
- Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutu
Beynəlxalq əlaqələri
redaktəQərbi Kaspi Universiteti Böyük Britaniyanın "Koventri" və bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi" və İsveçrənin UBİS Universitetləri ilə ikili diplom layihələrini həyata keçirir.
Universitetin beynəlxalq fəaliyyətinə birgə və ya ikitərəfli əməkdaşlıq sahəsində bakalavr və magistr kursları, müqavilələrin artikulyasiyası və inkişafı, Erasmus+, Mövlanə və bir sıra digər tələbə mübadilə proqramları daxildir.
Tələbələr üçün
redaktəTələbə İcması Şurası
redaktəTələbə İcmasının yaradılması haqqında 2021/2022-ci tədris ilində Universitet rəhbərliyi tərəfindən qərar verilmişdir. İcmanın yaradılmasında əsas məqsəd, tələbələrin ictimai həyatının səmərəli təşkil edilməsi, onların şəxsi və praktiki inkişafları üçün müxtəlif təlim, seminar, tədbir və proqramların təşkilidir. Universitet daxilində fəaliyyət göstərən bütün klub və tələbə təşkilatları birbaşa İcmanın tabeliyində səmərəli fəaliyyət göstərməkdədir. İcma tərkibi — , Sədr, sədr müavini, katib və fakültə nümayəndələri, tələbə dəstək mərkəzindən məsul şəxs, idman məsələləri üzrə nümayəndə və tədbirlərin təşkili və nəzarəti bölməsindən məsul şəxslər olaraq bölünmüşdür
Tələbə Gənclər Təşkilatı
redaktəTələbə Gənclər Təşkilatı (TGT) universitetdə demokratik tələbə özünü idarəetmə sisteminin effektiv fəaliyyət göstərməsi, universitet rektoru və tələbələr arasında sıx əlaqə yaratmaq baxımından olduqca effektiv qurum kimi sınaqdan çıxıb.
Xaricə keçidlər
redaktə- wu.edu.az — Rəsmi saytı
- Qərbi Kaspi Universiteti — Facebook səhifəsi
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Universitet rəhbərliyi". 2017-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
- ↑ "Qərbi Kaspi Universiteti Türkiyəyə ianə etdi". 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- ↑ AZƏRBAYCANDA UNİVERSİTET ADINI DƏYİŞDİ: QƏRBİ KASPİ UNİVERSİTETİ OLDU [ölü keçid]. sherg.az, 06.11.2017 (az.)