Qalib Efendiyev - Wikipedia
Qalib Əfəndiyev (Əfəndiyev Qalib Məmməd oğlu; d. 09.05.1946, Bakı) — texnika elmləri doktoru, Professor, AMEA müxbir üzvü (26.04.2007).[1]
Qalib Əfəndiyev | |
---|---|
Əfəndiyev Qalib Məmməd oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
İş yerləri | Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya və Geofizika İnstitutu |
Həyatı
redaktəƏfəndiyev Qalib Məmməd oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. 1970–1996-cı illərdə Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, "Qazımada geoloji-texnoloji proqnozlaşdırma" sektorunun rəhbəri işləmiş, 1996-cı ildən "Quyuların qazılmasının geoloji şəraiti" şöbəsinin rəhbəri, 2003-cü ildən bu günə kimi isə, AMEA-nın Geologiya və Geofizika İnstitutunda həmin şöbənin müdiri vəzifəsində işləyir. 1985-ci ildə "Dağ süxurlarının xassələrini nəzərə almaqla kəsici tipli baltaların rasional seçimi yolu ilə işinin səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1997-ci ildə isə "Dağ süxurlarının qazılması prosesinin səmərəliliyinin artırılması və xassələrinin öyrənilməsi üçün geoloji-texnoloji informasiyanın kompleks istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əfəndiyev Q. M. ADNA-nın "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olmaqla bərabər elmi və pedaqoji fəaliyyət göstərir.
2007-ci ildə o AMEA-nın müxbir üzvü seçilmişdir.
Elmi fəaliyyəti
redaktəƏfəndiyev Q. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: quyuların qazılması zamanı optimal qərarların qəbulu; qazıma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi; dağ süxurlarının dağılması prosesləri və süxurdağıdıcı alətin işi; quyuların qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdırılması və qarşısının alınması (Anomal Yüksək Lay Təzyiqləri zonalarının, udulma intervallarının və s. proqnozlaşdırılması); neft hasilatının intensivləşdirilməsi üzrə müxtəlif geoloji-texniki tədbirlərin müqayisəli səmərəliliyinin təhlili və qararların qəbul edilməsi.
Əfəndiyev Q. M. 120-dən artıq elmi əsərin müəllifidir. İxtira və patentlərə görə 3 müəlliflik şəhadətnaməsi alıb. Kadr hazırlığı ilə məşğul olur. Təbiət və cəmiyyət barədə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, "Lütfi-Zadınin irsi və süni intellekt" Assosiasiyasının, Qazımaçılar Assosiasiyasının üzvüdür.
İstinadlar
redaktə- ↑ "Əfəndiyev Qalib Məmməd oğlu" (az.). science.gov.az. 2017. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.