Qayali Dusergesi - Wikipedia
Qayalı (Kəkildağ) düşərgəsi — Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə.
Alətlərin xüsusiyyətləri
redaktəQayalı (Kəkildağ) düşərgəsi Kəkildağın 2 km cənubunda sıldırım qayalığın üstünə yaxın yerdə salınmışdır. Qayalının inkişaf etmiş kompleksində daş məmulatının yan və üst tilləri iti, patinası isə zəifdir. Nüvələrin qalınlığı və ölçüləri kiçilir. Qoparmaların izləri, hazırlıqların özləri yastı və düzgün biçimlidir. Hazırlıq növlərinin alınmasında, ikinci işləmədə və tipologiyada müəyyən fərqlər gözə dəyir. Belə ki, materialın ölçüsü qısalır, en kəsiyi nazilir və vurma səthi kiçilir. Bir neçə qədim ikinci işləmə (iri dişli dişək) və bir sıra bəsit alətlər (çoppinq, iri dişli alətlər, massiv kəsərlər, klekton tipli dik gəzlər) aradan çıxır.
Alətlərin tipləri
redaktəNüvələr aşağıdakı növlərə bölünür: şarşəkilli – 5, disk formalı – 8, bir vurma səthli aşel nüvəsi – 4, çaydaşından nüvə — 2, uzunsov oval – 3, düzbucaqlı uzunsov – 7, düzbucaqlı iki üzdən də qabarıq düzbucaqlı bir, iki və üç vurma səthli – 14, üçbucaqlı – 3, prizmaşəkilli – 4 və piramida formalı alət tərkibi bir neçə qrupa bölünür. Qaşovlar: bir yanı qabarıq belli – 7, sadə qabarıq ağızlı – 5, küplü — 2, xırda dişli qaşov – 5, eninə ağızlı – 3, iki ağızlı qabarıq – 4, alt üzdən dişəkli – 2 ədəddir.
Uc qaşovları: künclü qabarıq – 9, yuxarı ucda düz ağızlı – 5, kiçik buruncuqlu – 8, uc qaşov tipli çıxıntılı alət – 5 ədəd.
Başqa tip alətlər seriya təşkil etmişdir. Bunlar aşağıdakılardır: iskənə şəkilli – 9, tutacaqlı bıçaqlar, ikiüzlü bıçaq tipli alət – 2, küncdə kəsərşəkilli çıxıntılı – 9, bizlər – 6, gəzli −5, dişli −12, dimdikli alətlər −10.
Əhəmiyyəti
redaktəQayalı paleolit abidəsi son Aşel-Mustye dövründə qədim insanların emal, qismən də istehsal məskəni olmuşdur. Daş məmulatının təhlili göstərir ki, Qayalı (Kəkildağ) abidəsi başlıca olaraq nüvələr və yarımfabrikat istehsalı üçün emalatxana düşərgə rolunu oynamışdır. Tapıntı yeri materialların texniki-tipoloji inkişafı abidədə müəyyən kollektivin bir neçə nəslinin Mustye mədəniyyəti dövründə məskunlaşmasını göstərir. Tipologiya və ikinci işləmədə istər Qərbi Azərbaycanın, istərsə də qonşu ərazilərin abidələri ilə ümumilik çoxdur. Təxmini olaraq Qayalı (Kəkildağ) düşərgəsini ikinci kompleksini Mustye mədəniyyəti dövrünün ikinci yarısına aid etmək olar.
Mənbələr
redaktə- Baxşəliyev V. B. Azərbaycan arxeologiyası(Ali məktəb tələbələri üçün vəsait). –Bakı: Elm, 2007,
- Bünyadov T. Ə. Azərbaycan arxeologiyası oçerkləri. Bakı, 1960.
- Гусейнов М.М. Древний палеолит Азербайджана. Баку, Элм, 1985.
- Cəfərov Ə. Q. Azərbaycan paleolitinin nailiyyətləri və Qafqazda yeri //Azərbaycan arxeologiyası və etnoqrafiyası jurnalı, № 1. Bakı,2003.