Rubab - Wikipedia
Rübab — mizrabla çalınan simli-dartımlı musiqi aləti.[1]
Rübab | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 321.321-6 |
Əlaqəli alətlər | Rəbab |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçə
redaktəRübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir".
Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. N. Gəncəvinin, Ə. Xaqaninin (XII əsr) şerlərinə istinad etsək, Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər. Orta əsrlərdə Səlcuqlarla birgə Anadoluya çox sayda uyğur sənətkarlar da gəlib Təbriz (türk) və ümumiyyətlə Şərq miniatürünün inkişafına böyük təkan verirlər. Onlar eyni zamanda Orta Asiyada yayğın olmuş çalğı alətlərini də yaymış ola bilərdilər. Azərbaycanda Qoşqar adlı həm dağ, həm çay (Daşkəsən rayonunun ərzaisində) var. Sonralar Çindəki uyğurların bir hissəsi Özbəkistana köcdükdə bu alət orada da geniş yayılır.[2]
Nizami Gəncəvi incə və zərif rübabı nəğməkar quşların cəhcəhi ilə müqayisə edir. Şirvan musiqi məclislərinin bəzəyi olmuş rübab Xaqani Şirvaninin əsərində belə tərənnüm edilir: Mey eşqinə düşmüş rübab, Qolunda çox vardır tənab. Çəkmiş bu yolda çox əzab Quru qamış tək çox sanar.
XVII əsrdə çəng ilə rübabın birlikdə səsləndirilməsinə işarə edən Qivami Mütərzim yazır:
- Gözlərində oynar gözəl və şərab,
- Qulağında çalır çəng ilə rübab.
XVIII əsrdən başlayaraq rübab Azərbaycanda tədricən unudulmuş, dövrümüzə qədər gəlib çatmamışdır. Musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamış rübab yenidən bərpa edilərək səsləndirilir.
Söz açımı
redaktə"Rübab" ərəbcə "buynuzlu ağac" anlamına gəlir. Alətin qolu və çanağı arasında buynuzabənzər çıxıntılar vardır. Belə çıxıntılar rübabların yalnız Qaşqar növündə olur. Deməli, Qaşqar rübabı bu alətin ən qədim sayıla bilər.
Növləri
redaktəKeçmişdə 3–6 ipək simli rübablar istifadə olunub. Bəzən bir ipək teli gümüş tellə əvəz edirdilər.[3]
Orta Asiya xalqları arasında müxtəlif növləri məşhurdur:
- Qaşqar rübabı — (3 yox) 5 simi, 27 pərdəsi var.
- Tacik rübabı
- Əfqan rübabı
- Bədəxşan rübabı
- Dulan rübabı
- Pamir rübabı
Bəzən tamamilə eyni növdə və eyni konstruksiyada olan rübab başqa – başqa adlandırılır.[4]
Quruluşu
redaktəRübab özünə məxsus çanaq və uzun qoldan ibarətdir. Çanaq tut, qoz və ya fıstıq, qol isə qoz ağacından hazırlanır.
Çanağın üzünə balıq dərisindən, yaxud öküz ürəyinin pərdəsindən hazırlanmış üzlük çəkilir və ipəkdən, yaxud bağırsaqdan eşilmiş iki qoşa və bir tək sim bağlanır. Qolunda 18 pərdəsi olur. Ümumi uzunluğu 910 mm, çanağının eni 210 mm, hündürlüyü 80 mm-dir.
Rübabın əsas olaraq üç simi var, lakin rezonans vermək üçün çox zaman əlavə bir neçə sim də qoşulur. Rübab simləri qaramal buynuzundan hazırlanan kiçik mizrabla səsləndirilir. Diapazonu böyük oktavanın "si" səsindən ikinci oktavanın "mi" səsinə kimidir.[5]
İstinadlar
redaktə- ↑ Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti — Rübab Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ Abbasqulu Nəcəfzadə. Çalğı alətlərimiz Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Bakı, 2004.
- ↑ С. Абдуллаева, доктор искусствоведения, профессор. Древние азербайджанские музыкальные инструменты. Arxivləşdirilib 2019-07-12 at the Wayback Machine Журнал İRS, № 2(62), 2013.
- ↑ "Muğam Ensiklopediyası - Rübab (Rebab)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-04.
- ↑ "Azərbaycan ənənəvi musiqisi atlası - Rübab". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-04.