Rehim Huseynov Astrofizik - Wikipedia
Rəhim Hüseynov (tam adı: Rəhim Əyyub oğlu Hüseynov; d. 9 sentyabr 1924, Şuşa, Azərbaycan SSR, SSRİ – ö. 21 avqust 2012) — tanınmış azərbaycanlı alim, astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü, əməkdar müəllim[1], professor.
Rəhim Hüseynov | |
---|---|
Rəhim Əyyub oğlu Hüseynov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Əyyub Hüseynov |
Elm sahəsi | astrofizika |
Təhsili |
Həyatı
redaktəRəhim Əyyub oğlu Hüseynov 9 sentyabr 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur.
Hələ uşaqlıq yaşlarından XX əsrin 30-cu illərinin - o amansız aclıq dövrünün yaratdığı problemlərlə üz-üzə qalan Rəhim Hüseynov həm orta, həm də ali təhsili almaq üçün, sözün həqiqi mənasında, böyük çətinliklərə sinə gərməli olub. Vaxtında məktəbə getmək imkanı olmadığı üçün balaca Rəhim ondan 3 yaş böyük qardaşının kitablarından istifadə etməklə təhsilini evdə aldı, "biliyini" isə evdə böyüklər yoxlayıblar.
1933-cü ilin payızında ailəsi ilə Ağdam şəhərinə köçüb və xalq arasında böyük nüfuza malik Mirkazım müəllimin direktor olduğu 1 nömrəli natamam orta məktəbin yüksək hazırlığına görə birbaşa IV sinfinə qəbul olub. 1937-ci ildə bu məktəbin VII sinfini əla qiymətlərlə bitirərək təhsilini Bakıda davam etdirib. 1940-cı ildə orta məktəbi əla qiymətlə bitirərək, həmin il imtahansız Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
Aspiranturada oxumaq üçün universitetdə saxlanılan Rəhim Hüseynov 1946-1949-cu illərdə "astrofizika" ixtisası üzrə aspirant olub.[2] Elə 1946-cı ilin yayında Azərbaycan Elmlər Akademiyası və Azərbaycan Dövlət Universitetinin respublikada gələcək Astrofizika Rəsədxanası üçün əlverişli yerin seçilməsi məqsədi ilə birgə elmi ekspedisiyanın iştirakçısı olub.
1953-cü ildən fəaliyyətdə olan Pirqulu Astronomiya stansiyasında (1956-cı ildən Şamaxı Astrofizika Rəsədxanası) "Günəş fizikası" şöbəsinə rəhbərlik edən Rəhim Hüseynov, eyni zamanda Rəsədxana direktorunun elmi hissə üzrə müavini təyin olunub. Rəsədxana yaranan ili onun baş planında nəzərdə tutulan və bir neçə il öncə Leninqradda xüsusi zavodda sifariş olunan Üfüqi Günəş Teleskopu adlanan müasir teleskop alınaraq qurulub və işə salınıb. Bu işlərdə Rəhim Hüseynov çox əmək sərf edib. Rəsədxanada əvəzçi və tam ştatda işlədiyi 20 ildən çox müddətdə bu elm ocağının yaranması və inkişafında Rəhim müəllim əlindən gələni edib.
Qeyd edək ki, 1957-ci ildə Yerin ilk süni peyki buraxılan ərəfədə Rəhim Hüseynov bu peyki müşahidə etmək məqsədilə universitetdə xüsusi stansiyanın yaradıcısı, rəhbəri və əsas aparıcısı olmuşdur.
O, 1953-cü ildə astrofizika üzrə respublikamızda ilk elmlər namizədi, 1971-ci ildə isə ilk elmlər doktoru elmi dərəcəsi alan alimdir. Rəhim Hüseynovun elmi istiqaməti "Astrofizika və radioastronomiya", "Günəşin radio - optik şüalanma xüsusiyyətləri və relyativist elektronların Günəşin məhəlli maqnit sahələrində şüalandırması", "Günəşin alışmalarının ilk mərhələsində güclü nöqtəvi partlayış nəzəriyyəsinin tətbiqi", "Planetar dumanlıqların əsas parametrlərinin təyini üsulları" olmuşdur.
Onun elmi tədqiqat nəticələri Günəşin radioşüalanmasının interpretasiyası ilə məşğul olan məşhur dünya astrofiziklərindən Şklovski, Pikelnerin və başqaları aldıqları nəticəyə müəyyən mənada düzəliş kimi qiymətləndirilmişdir. Günəş radioşüalanmasının yaranma mexanizmini öyrənən ilk alimlərdən biri Rəhim Hüseynov olmuşdur. Onun Günəş protuberanslarına aid işləri 1938-1961-ci illər arasındakı müddəti əhatə edən eruptiv protuberanslar kataloquna daxil edilib.[2] Sonralar o, Günəş alışmasını Balmer kontikiuunda görünməsi şərtini, onun incə quruluşunu araşdırıb, alışmaların parametrlərinin təyin metodunu işləyib.[2]
O, 1969-cu ildən Beynəlxalq Astronomiya İttifaqına üzv seçilmiş və bu ittifaqın ABŞ-da, Çexoslovakiyada, İngiltərədə keçirilən qurultaylarının iştirakçısı olmuşdur. Baş Astronomiya (Pulkovo) Rəsədxanasında, Krım Astrofizika Rəsədxanasında, Moskva, Sankt-Peterburq, Kiyev universitetlərində, Rumıniya, Çexoslovakiya və Türkiyənin elmi təhsil mərkəzlərində və müəssisələrində çoxsaylı elmi məruzələrlə çıxış etmişdir. O, həmçinin Avropa Astronomiya Cəmiyyətinin də üzvü olmuşdur.[2]
1975-ci ildə Azərbaycan Dövlət Universitetində təşkil olunmuş astrofizik kafedrasına 17 il professor Rəhim Hüseynov rəhbərlik etmişdir. 1992-ci ildən ömrünün sonuna qədər isə Bakı Dövlət Universitetinin professoru vəzifəsində işləmişdir.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına "astrofizika" ixtisası üzrə müxbir üzv seçilmişdir.
65 illik elmi-pedaqoji fəaliyyətində professor Rəhim Hüseynovun 100-dən çox elmi əsəri (o cümlədən 30-dan çoxu xarici ölkələrdə) çapdan çıxıb.[2] Bundan başqa o, 70-dən çox elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün dərsliklərin müəllifi olmuşdur.
Həm müəllifi, həm də redaktoru olduğu, fizika-riyaziyyat elmi üzrə 9.000 söz və söz birləşmələrindən ibarət olan Azərbaycanca-Rusca-İngiliscə ilk fundamental "Astronomiya Terminləri Lüğəti"nin işıq üzü görməsi də professor Rəhim Hüseynovun böyük əhəmiyyət kəsb edən xidmətlərindəndir.[2]
Rəhim Hüseynov 2012-ci il avqustun 21-də ömrünün 88-ci ilində vəfat etmişdir.
Ailəsi
redaktəOnun yeganə övladı - oğlu Fərhəng Hüseynov görkəmli bəstəkar idi. o, Azərbaycan Respublikasının "Əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Fitri istedada malik olan bəstəkar Fərhəng Hüseynov 2010-cu ilin fevralında 60 yaşında ikən gözlənilmədən vəfat etmişdir. Ondan bir neçə il öncə isə Rəhim Hüseynov həyat yoldaşını da itirmişdi.
Mükafatları
redaktə- 2000 — "Azərbaycan Respublikasının əməkdar müəllimi"[1].
Yetirmələri
redaktəRəhim Hüseynov onlarla fəlsəfə elmlər doktoru və fəlsəfə doktoru hazırlayıb.[2]
Mənbə
redaktə- Rəhim Əyyub oğlu Hüseynov haqqında Nekroloq. "Elm" qəzeti, 21.09.2012, səhifə 16. (az.)
- Görkəmli astrofizik alim. "Azərbaycan" qəzeti, 27.09.2012 (az.)
- Cəfər Quluzadə, Astrofizika üzrə ilk elmlər doktoru[ölü keçid], "Azərbaycan müəllimi" qəzeti, 31.01.2015, № 04. (az.)
İstinadlar
redaktə- ↑ 1 2 Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinə fəxri adların verilməsi haqqında Arxivləşdirilib 2016-02-27 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli, 280 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ 1 2 3 4 5 6 7 Professor Rəhim Hüseynovun əziz xatirəsi onu tanıyan insanların qəlbində həmişə yaşayacaq. milli.az, 05.12.2012 (az.)