Rehim Huseynov Seleksiyaci - Wikipedia
Rəhim Məşədi Allahverdi oğlu Hüseynov (23 dekabr 1914, Yelizavetpol – 25 may 1971) — görkəmli ipəkçi alim və seleksiyaçı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, biologiya elmləri doktoru, professor.[1]
Rəhim Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 dekabr 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 25 may 1971 (56 yaşında) |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | professor |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Həyatı
redaktəRəhim Məşədi Allahverdi oğlu Hüseynov 1914-cü ildə qədim Gəncənin Zərrabi məhəlləsində anadan olmuşdur. Atası Məşədi Allahverdi Kərbəlayi Hüseyn oğlunun (1855–1929) Gəncədə dabbaqxanası olmuş, İran, Gürcüstan və Türkiyədə dabbaqlıq ticarəti ilə məşğul olmuşdur. Rəhim Hüseynov 1936-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun ipəkçilik şöbəsini bitirdikdən sonra Tiflis şəhərində ipəkçilik üzrə dövrün ən sanballı elm ocağı olan Zaqafqaziya İpəkçilik İnstitutunun aspiranturasına daxil olmuş və biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1951-ci ildən ömrününü sonuna qədər ixtisası üzrə rəhbər vəzifələrdə işləmişdir. Rəhim Məşədi Allahverdi oğlu Hüseynov 1971-ci ildə 57 yaşında vəfat etmişdir.[1][2]
Elmi fəaliyyəti
redaktə1939-cu ildə "Tut ipəkqurdunda inbridinq çoxaldılması" mövzusunda dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almış və Azərbaycan ipəkçilik stansiyasında elmi fəaliyyətə başlamışdır. Lakin Böyük Vətən müharibəsinin odlu-alovlu illəri hamı kimi bu gənc alimə də elmi yaradıcılığını davam etdirməyə mane olmuşdur. SSRİ Kənd Təsərrüfatı Nazirliyi Rəhim Hüseynovu hərbi xidmətdən qayıtdıqdan sonra doğma kollektivə, indiki İpəkçilik İnstitutuna göndərmişdir. Rəhim Hüseynov seleksiya elminin banilərindən biri, akademik H.İ.Vavilovun "Seleksiya insan iradəsilə nizamlanan təkamüldür" tezisini tut ipəkqurdu üzərində birinci olaraq sübuta yetirmişdir. Səmərəli elmi axtarışları və onlardan alınan nəticələr əsasında Rəhim Hüseynov 1962-ci ildən Azərbaycan ipəkçiliyində seleksiya və damazlıq işləri mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, respublikamızda ipəkçilik sahəsində ilk biologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüş və Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.Rəhim Hüseynov bütün elmi fəaliyyətini Azərbaycanda ipəkçiliyin seleksiyası və damazlıq işləri problemlərinin həllinə həsr etmiş və dünya miqyasında tanınmış alim olmuşdur. O, dəfələrlə Yaponiyaya, Çinə, Belçikaya, Fransaya, Hindistana və başqa ölkələrə dəvət olunmuş, bu ölkələrin seleksiyaçı alimləri ilə sıx əməkdaşlıq etmişdir. Keçmiş Sovet respublikalarında əvvəllər damazlıq ipəkqurdlarının yetişdirilməsinə 4 il vaxt sərf edildiyi halda, professor Rəhim Hüseynovun işləyib hazırladığı təlimat bunu 2 ilədək qısaltmış və bu təlimat bütün SSRİ-də tətbiq edilmişdir. Bu isə ölkəyə milyon manatlarla qazanc əldə etməyə imkan yaratmışdır. Respublikamızda ipəkçiliyin sürətli inkişafı Rəhim Hüseynovun apardığı böyük seleksiya işlərinin nəticələri ilə bağlıdır. Alim seleksiya və damazlıq işlərini daha da genişləndirərək yüksək ipəkliliyi ilə fərqlənən "Azərbaycan", yüksək məhsuldarlığı ilə seçilən "Azad", qurd dövründə cinsiyyətinə görə nişanlanmış "Zərif", istiliyə dözümlü "Aran" və "Şirvan", yüksək ipək çıxımına görə fərqlənən "Gəncə-1", "Gəncə-2", "Gəncə-3" və s. cinsləri yaratmışdır. Rəhim Hüseynov ipəkçiliyin seleksiya və damazlıq işlərinə dair 60-dan artıq elmi əsərin müəllifidir. Alimin bir sıra əsəri Çin, Yaponiya və Hindistanda nəşr olunmuşdur.[2]
Sovetlər Birliyi dövründə Azərbaycan ipəkçiliyində tut ipəkqurdlarının planlı seleksiyası işlərinə ilk dəfə Rəhim Hüseynov tərəfindən başlanmışdır. Başladığı həmin tədqiqatları ildən-ilə dərinləşdirərək parlaq elmi nailiyyətlər əldə etmişdir. Ötən əsrin 50–60-cı illərində respublikamızda geniş yayılmış yüksək məhsul verən tut ipəkqurdu cinsləri və hibridləri onun səmərəli elmi tədqiqatlarının məhsulu olmuşdur. Elmdə böyük uğurlar qazanmış, qəlbi daima Azərbaycanın çiçəklənməsinə köklənmiş bu insanın yaratmış olduğu yüksək məhsuldar "Azərbaycan" cinsi 1950-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. O dövrdə rayonlaşmış ən yaxşı cinslərin baramalarında ipəklilik 17–18 faiz olduğu halda, "Azərbaycan" cinsində bu göstərici 23,8 faizə çatdırılmışdır. Dövrü üçün bu ipəklilik seleksiya elminin ən yüksək nailiyyətlərindən biri, seleksiyaçının isə yaradıcılıq qabiliyyətinin sübutu kimi qiymətləndirilmişdir.[2]
Görkəmli alimin rəhbərliyi altında 9 nəfər elmlər namizədi yetişmişdir.
Hazırda Elmi-Tədqiqat İpəkçilik İnstitutu Rəhim Hüseynovun adını daşıyır. Gəncə şəhərində onun doğulub yaşadığı evin qarşısında barelyefi asılmış və şəhərin küçələrindən birinə onun adı verilmişdir.[1]
Təşkilati fəaliyyəti
redaktəRəhim Hüseynov 1951-ci ildə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik Stansiyasının direktoru, sonra isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İpəkçilik kafedrasının müdiri işləmişdir. 1969-cu ildə yenidən Elmi-Tədqiqat İpəkçilik İnstitutuna direktor göndərilmiş, daha sonra bir müddət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini işləmişdir. Professor Rəhim Hüseynov 2 dəfə respublika Ali Sovetinə deputat seçilmiş, Azərbaycan KP XX və XXII qurultaylarının nümayəndəsi olmuş, şəhər partiya komitəsinin üzvü, şəhər sovetinin deputatı, "Bilik" cəmiyyəti indiki Gəncə şəhər idarə heyətinin sədri, Futbol Federasiyasının sədri, Respublika Sülhü Müdafiə Komitəsinin üzvü kimi ictimai işlərdə səmərəli fəaliyyət göstərmişdir.[1]
Hərbi xidməti
redaktəRəhim Hüseynov müharibənin ilk günlərindən Sovet ordusu sıralarında müharibəyə yollanmış, 2-ci Ukrayna cəbhəsində döyüşmüş, əks-kəşfiyyatçı olmuşdur. Professor Rəhim Hüseynovun 1941–1945-ci illərdə Böyük Vətən müharibəsindəki şücaəti, əməyi və elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. Müxtəlif orden, medal və fəxri fərmanlarla təltif edilmişdir.[1][2]
Mükafatları
redaktəR.Hüseynovun yaratdığı yüksək məhsuldarlığı ilə seçilən "Azərbaycan" ipək qurdu cinsi 1950-ci ildə Stalin mükafatına layiq görülmüşdür. O, Lenin ordeni, "Qızıl ulduz", "Şərəf nişanı" ordenlərinə, bir sıra medallara və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanlarına, SSRİ XTNS-nın qızıl medalına, Miçurin və Paster medallarına layiq görülmüşdür.[1][2]