Ramazan Memmedli - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məmmədli Ramazan Yusif oğlu — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Azərbaycan SSR yerli sənaye naziri (1965–1975), üç çağırış — 1955, 1959 və 1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar Mühəndisi.
Ramazan Məmmədli | |
---|---|
20 oktyabr 1965 – 28 iyul 1975 | |
Əvvəlki | nazirlik yenidən yaradılıb |
Sonrakı | Əlibala Əsədullayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1912 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Vəfat yeri | |
Təhsili | Tbilisi Sənaye İnstitutu |
İxtisası | mühəndis-energetik |
Anası | Hüsniyyə Şah Kərəm qızı Bəylərbəyova |
Həyat yoldaşı | Məryəm Ağalar qızı Məmmədli |
|
|
Təltifləri |
|
Həyatı
redaktəRamazan Yusif oğlu Məmmədli 1912-ci ildə Masallı rayon, Xıl kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1926–1930-cu illərdə Azərbaycan SSR Yerli Sənaye Texnikumunda təhsil almış, 1930–1931-ci illərdə "Bakı fəhləsi" adına zavodun tökmə sexində texnik vəzifəsində çalışmış, 1931–1937-ci illərdə ali təhsilini Tbilisi Sənaye İnstitutunda almışdır.
Ramazan Məmmədli 21 may 1937 – 20 avqust 1940-cı illərdə Stalin adına zavodda energetik, "Azneftmaş" trestində mühəndis-energetik, 20 avqust 1940 – 20 aprel 1945-ci illərdə L. Şmidt adına zavodda baş energetik vəzifələrində çalışmışdır.
Ramazan Yusif oğlu Məmmədli 20 aprel 1945 – 01 iyun 1946-cı illərdə L. Şmidt adına zavodda direktor müavini olmuş, 01 iyun 1946 – 01 mart 1947-ci illərdə isə L. Şmidt adına zavodda direktor vəzifəsini müvəqqəti icra etmişdir.
R. Y. Məmmədli daha sonra (1947–1952-ci illərdə) S. M. Kirov adına zavodda direktor, (1952–1965-ci illərdə) L. Şmidt adına zavodda direktor, 1965–1975-ci illərdə isə Azərbaycan SSR Yerli Sənaye Naziri vəzifələrində çalışmışdır. Bu illər ərzində 8 il — 1969–1975-ci illərdə unudulmaz Heydər Əliyevin rəhbərliyi altında çalışmışdır.
R. Y. Məmmədli Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur.
Keçən əsrin 90-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin Sərəncamı ilə, Azərbaycan torpağının yetirməsi, keçmiş Sovet İttifaqı və Azərbaycan Respublikasında neft sənayesinin inkişafında misilsiz xidmətləri olan N. K. Baybakovun Moskva şəhərində 90 illiyi keçirilən zaman Baybakov öz çıxışında qeyd etmişdir:
"Azərbaycan xalqının Böyük Vətən Müharibəsinin qalibiyyətində böyük rolu olmuşdur. Neftlə bərabər Bakıda fəaliyyət göstərən bütün maşınqayırma zavodları istehsal etdikləri məhsulları cəbhəyə göndərərək faşizm üzərində qələbəyə nail olmaqda səy göstərmişlər. Bakının maşınqayırma müəssisələrində aparılan işlərin koordinasiyası böyük mühəndis Ramazan Yusif oğlu Məmmədli tərəfindən tənzimlənirdi."
Məmmədli Ramazan Yusif oğlu 6 mart 1955-ci ildə Bakı şəhəri 37 nömrəli seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin IV çağırış, 15 mart 1959-cu ildə 12 nömrəli Çapayev seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin V çağırış və 19 mart 1967-ci ildə 267 nömrəli Lənkəran birinci şəhər seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin VII çağırışının deputatı seçilmişdir.
Ramazan Məmmədli texnika elmləri namizədi, Azərbaycan SSR-in Əməkdar Mühəndisi olmuşdur.[1]
Mükafatları
redaktəMəmmədli Ramazan Yusif oğlu L. Şmidt adına zavodda baş energetik vəzifəsində işlədiyi zaman "1941–1945-ci illərdə Qafqazı müdafıəyə görə" medalı ilə, direktor müavini vəzifəsində işləyərkən isə "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Rəşadətlı Əməyə görə" medalı ilə təltif edilmişdir.
Ramazan Məmmədli 1970-ci ildə Azərbaycan SSR-in Əməkdar Mühəndisi fəxri adına layiq görülmüşdür.
Ramazan Məmmədli SSRİ Ali Sovetinin 25 avqust 1971-ci il tarixli Fərmanı ilə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
redaktə- ↑ ""Masallı ensiklopediyası" – 31-ci yazı. Xıl inzibati Ərazi Dairəsi » Cenub.az – Regional Qazet". Cenub.az – Regional Qazet (türk). 0302. 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.