Rtveli - Wikipedia
Rtveli (gürc. რთველი) — Gürcüstanda üzüm məhsulunun yığımı ilə bağlı qədim bayram. Bu Qafqaz ölkəsində çaxır xüsusi əhəmiyyətə malikdir. Rtveli ənənəsi tarixi köklərə malikdir. Bolluq mənasında payızın ortasında qeyd edilir.[1]
Rtveli gürc. რთველი | |
---|---|
| |
Növ | ailəvi bayram |
Başlayır | sentyabrın sonu |
Bitir | oktyabrın ortaları |
Vikianbarda əlaqəli mediafayllar |
Keçirilmə zamanı
redaktəBayram xüsusi bir tarixdə keçirilmir. Hər şey ölkənin müəyyən ərazilərində üzümün yığılma vaxtından asılıdır. Bu hadisə adətən şərqi Gürcüstanda sentyabrın sonunda, qərbi Gürcüstanda isə oktyabrın ortalarında baş verir. Bayram bir qədər soyuq ərazi hesab edilən Raça-Leçxumidə daha erkən başlayır. Kaxetiyada isə şaxtalar qabağı keçirilir. Yay nə qədər isti və quraqlıq şəraitində keçirsə, məhsul yığımı da bir o qədər tez başlayır. Məsələn, Gürcüstanda 2010-cu ilin qızmar yay ayından sonra üzüm yığımı həmişəki tarixdən iki həftə qabaq başlamışdı.[2]
Bayramın keçirilməsi
redaktəRtveli ailəvi bayram hesab olunur. Ənənəyə görə bayrama şərabçı ailəsinin bütün qohumları gəlirlər. Giləmeyvə yığılması prosesi səhər erkəndən axşama qədər uzanır. Üzüm ya böyük çənlərdə ayaqla əzilir, yaxud bunun üçün xüsusi şirəçəkənlərdən istifadə olunur. Sonra alınmış şirə nəhəng saxsı küplərə süzülür və torpağa basdırılır. Bu cür küplər kvevri adlanır. Şirə tökülməmişdən qabaq kvevridə qalmış keçən ilki çaxır boşaldılır və təmizlənir. Yeni çəkilmiş şirə kvevrinin içinə tökülür və lazım olan həddə çatması gözlənilir. Bir neçə gün sürən bayramın hər axşamı süfrə arxasında xalq mahnılarının, rəqslərin və çoxsəsli ifaların müşayiəti ilə keçirilir. Rtveli bayramı zamanı yeni məhsullar üçün qabları boşaltmaq məqsədilə keçən ilki çaxır təqdim olunur. Bayram bütün məhsul yığılıb qurtarana qədər bir neçə gün davam edir.
İstinadlar
redaktə- ↑ Robert Parsons. Revelling in Georgia's grape harvest Arxivləşdirilib 2020-11-30 at the Wayback Machine. The BBC News. 26 October, 2003
- ↑ Пётр Згонников. Ехал на ртвели, приехал на мачари Arxivləşdirilib 2015-10-01 at the Wayback Machine.