Rusiya Turkiye Munasibetleri - Wikipedia
Rusiya–Türkiyə münasibətləri Rusiya Federasiyası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərdir. 16-cı əsrin sonlarından 20-ci əsrin əvvəllərinə qədər Osmanlı və Rusiya imperiyaları arasındakı əlaqələr kifayət qədər gərgin olmuş və tərəflər arasında bir neçə dəfə müharibə baş vermişdir. Buna baxmayaraq, 1920-ci illərin əvvəllərində Türkiyə İstiqlaliyyət müharibəsi ərzində bolşevik rus hökumətinin türk inqilabçılarına dəstək verməsi nəticəsində rəsmi Moskva və Ankara arasındakı münasibətlər yaxşılaşmışdır, lakin İkinci dünya müharibəsinin başa çatması ilə birlikdə Sovet hökuməti Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmüşdür. Tərəflər arasındakı münasibətlərin ən aşağı səviyyədə olduğu Soyuq müharibə dövründə Türkiyə 1952-ci ildə NATO-ya üzv olmuş və Varşava Müqaviləsi Təşkilatına qarşı mövqe nümayiş etdirmişdir.
Rusiya-Türkiyə münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1991-ci ildə SSRİ-nin dağılmasının ardınca Türkiyə və Rusiya arasındakı münasibətlər əhəmiyyətli şəkildə inkişaf etməyə başlamış və bu iki ölkə bir-birinin ən böyük ticari tərəfdaşı halına gəlmişdir. Bir çox türk şirkətinin Rusiya ərazisində fəaliyyətə başlaması ilə birlikdə Rusiya da Türkiyənin ən böyük enerji təchizatçısına çevrilmişdir. 1990-cı illərdə Türkiyə rusiyalı turistlər üçün əsas istirahət məkanı olmuşdur. 2015-ci ilin noyabrında Suriya-Türkiyə dövlət sərhədi yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra gərginləşən münasibətlər 2017-ci ildən etibarən yenidən normallaşmışdır.
Tarixi arxa plan
redaktəErkən tarix
redaktəSlavyan və türk xalqları min illər boyunca Avrasiya ərazisində daimi əlaqədə yaşamışdır. Orta əsrlərdə mövcud olmuş Xəzərlər, Dəşt-i Qıpçaq, İdil bulqarları, Qızıl Orda, Qazan xanlığı, Krım xanlığı, Həştərxan xanlığı, Sibir xanlığı kimi türk dövlətləri müasir Rusiya ərazisində yerləşmiş və bu ərazinin demoqrafik, genetik, linqvistik və mədəni həyatının formalaşmasında və inkişaf etməsində mühüm rol oynamışdır.
Anadolu ərazisində məskunlaşmış türklər isə şimal-şərqdən Qara dəniz və Reç Pospolita dövləti, şərqdən isə Qafqaz dağları vasitəsilə coğrafi cəhətdən Rusiyadan ayrılmışdır. Anadoluda yaşayan türklər Osmanlı İmperiyasının əsasını qoymuş və onun ərazisini böyütməyə başlamışdır. Toqquşan maraqlar nəticəsində Osmanlı və Rusiya imperiyaları arasında Qara dəniz sahilində bir çox döyüş baş tutmuşdur.
1453-cü ildə Konstantinopolun Osmanlı qüvvələri tərəfindən ələ keçirilməsi nəticəsində xristian Bizans İmperiyası süquta uğramış və Şərqi pravoslav kilsəsinin mərkəzi şəhəri türklərin idarəçiliyi altına keçmişdir.[1]
İmperiyalar arasında baş verən döyüşlər
redaktə1549-cu ildə Osmanlı İmperiyasının müasir Rusiya ərazisində yerləşən kiçik türk vassal dövlətlərinə dəstək verməsi nəticəsində iki imperiya arasında uzun müddət davam edən münaqişə başlanmışdır. Ruslar türklərə qarşı hücuma keçməzdən əvvəl Qara dəniz Osmanlı dövlətinin nəzarəti altında idi. 1696-cı ildə I Pyotrun rəhbərlik etdiyi rus qoşunları Azovu ələ keçirməyə nail oldu. Rusiya-Osmanlı müharibəsi (1768-1774) 1774-cü ildə Kiçik Qaynarca sülhünün imzalanması ilə başa çatdı. Bu müqavilə sayəsində Rusiya Qara dənizə keçid əldə etdi ki, bu da dolayı yolla Aralıq dənizinə çıxışın əldə olunması ilə nəticələndi. 19-cu əsrə qədər Rusiya Türkiyənin slavyan və xristian azlıqlarına Osmanlı əleyhinə fəaliyyətlərində dəstək verdi. Buna baxmayaraq, Rusiyanın əsas məqsədi heç də Osmanlı dövlətinin parçalanmasından ibarət deyildi. Çünki, bu parçalanma Avstriya İmperiyasının Balkan yarımadasında genişlənməsi ilə nəticələnə bilərdi. Buna baxmayaraq, türk boğazlarından azad şəkildə keçmək imkanı əldə etmək məqsədilə ruslar 1877-1878-ci illərdə Osmanlı əleyhinə qəti hücuma keçdilər.
Bu iki imperiya arasındakı son döyüşlər Birinci dünya müharibəsi ərzində baş tutdu. Bu müharibədə əks mövqelərdə döyüşmələrinə baxmayaraq, hər iki monarxiya məğlubiyyətə uğradı və süqut prosesi başlandı.
Türkiyə və Sovet İttifaqı
redaktəOsmanlı hökuməti 3 mart 1918-ci ildə bolşevik Rusiya hökuməti və İttifaq dövlətləri arasında imzalanmış Brest-Litovsk sülh müqaviləsini imzalayan tərəflərdən biri olmuşdur. 1921-ci ilə qədər davam edən Rusiya vətəndaş müharibəsindən qalib şəkildə çıxan Vladimir Lenin Mustafa Kamalın rəhbərlik etdiyi Türk Milli Hərəkatını özünə dost kimi görürdü və məhz elə buna görə də Leninin başçılıq etdiyi hökumət Rusiya İmperiyasının Şərqi Anadoluya və türk boğazlarına olan ənənəvi iddialarından əl çəkmişdi.[2] 1920-1922-ci illərdə Sovet hökumətinin türk inqilabçılarına qızıl və silah-sursatla kömək etməsi Türkiyənin müstəqillik uğrunda xarici işğalçılarla apardığı mübarizədə ona böyük köməklik etdi.
16 mart 1921-ci ildə imzalanmış Moskva müqaviləsi nəticəsində Rusiya SFSR Türkiyənin müstəqilliyini formal olaraq tanıyan ikinci ölkə kimi tarixə keçdi. Moskva müqaviləsinin şərtlərinə görə iki hökumət arasında dostluq əlaqələri qurulmalı idi. Bu müqavilə 1921-ci ilin oktyabrında Türkiyə ilə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında Qars müqaviləsinin imzalanmasına şərait yaratdı.
1929-cu ilin fevralında Sovet İttifaqından sürgün edilən Lev Trotski İstanbula gəlmiş və 4 ilə yaxın bu şəhərin cənub-şərqində yerləşən Mərmərə dənizinin Şahzadə adalarına aid Böyükadada bir evdə yaşamışdır.
İki ölkə arasındakı münasibətlərdə ilk gərginlik 1936-cı ilin iyulunda Montrö konvensiyasının imzalanması məqsədilə təşkil olunan danışıqlar zamanı meydana çıxmışdır. Belə ki, bu müqavilə nəticəsində türk boğazları üzərində nəzarət tamamilə Türkiyənin əlinə keçirdi.
Türkiyə İkinci dünya müharibəsi ərzində 23 fevral 1945-ci ilə qədər neytral mövqe tutduğunu elan etsə də, Almaniyaya məxsus hərbi gəmilərin boğazlardan keçməsinə türk hökumətinin mane olmaması SSRİ-ni narahat edirdi. 19 mart 1945-ci ildə SSRİ-nin Xarici İşlər naziri Vyaçeslav Molotov Moskvadakı Türkiyə səfirinə SSRİ-nin 1925-ci ildə imzalanmış aqressiya göstərməmə barədə razılaşmadan birtərəfli qaydada çəkildiyini bildirdi. Bununla da kifayətlənməyən Sovet İttifaqı Qars, Artvin və Ərdahan da daxil olmaqla Türkiyənin şərq hissələrinə ərazi iddiası irəli sürdü.
1945-ci ilin iyulunda təşkil olunmuş Potsdam konfransı ərzində baş tutmuş danışıqlarda Sovet lideri İosif Stalin Montrö konvensiyasına yenidən baxılmasını tələb etsə də, Qərbin dəstəyi ilə Türkiyə tərəfi bundan imtina etdi. 1947-ci ilin martında ABŞ tərəfindən qəbul olunmuş Truman doktrinasına əsasən Türkiyə və Yunanıstanda qeyri-kommunist hökumətlərin mövcudluğunun davam etdirilməsinin vacibliyi vurğulanırdı. ABŞ-la yaxınlaşmaqda davam edən Türkiyə 1952-ci ildə NATO-ya üzv oldu. SSRİ və Türkiyə Koreya müharibəsi də daxil olmaqla bütün Soyuq müharibə boyunca qarşı tərəflərdə mövqe tutmuşdu.
1990-2010-cu illər
redaktəSovet İttifaqının dağılmasının ardınca iki ölkə arasındakı münasibətlər inkişaf etməyə başladı. 25 may 1992-ci ildə Türkiyənin Baş Naziri Süleyman Dəmirəlin Moskvaya səfəri zamanı Rusiya-Türkiyə hökumətlərarası razılaşma imzalandı.
Buna baxmayaraq, hər iki ölkə arasında Qafqaz üzərində tarixi sərhəd mübahisələri davam edirdi. Rusiya Türkiyənin Avropa İttifaqına üzv olmaq istəyinin Türkiyə ilə ikitərəfli münasibətlərə zərbə vuracağından ehtiyatlanırdı, lakin hər iki ölkə Cənubi Qafqaz regionunda strateji tərəfdaş hesab olunurdu.
2009-cu ilin mayında Rusiyanın Soçi şəhərinə işgüzar səfər edən Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan burada Rusiyanın Baş Naziri Vladimir Putinlə görüşü zamanı "Türkiyə və Rusiyanın regionda məsuliyyəti var. Biz bu regiona sülh və xoşbəxtlik gətirmək üçün çalışmalıyıq. Buna Dağlıq Qarabağ problemi, Yaxın Şərq problemi və Kipr problemi də daxildir" şəklində açıqlama vermişdir. Putin isə buna cavab olaraq Rusiya və Türkiyənin bu cür problemləri həll etmək üçün çalışdığını və bunu bütün yollarla asanlaşdıra biləcəklərini, lakin Qarabağ problemi də daxil olmaqla keçmişdən qalmış bu cür çətin problemlərin münaqişə tərəfləri arasında kompromis tapmaq yolu ilə həll edilə biləcəyini demişdir. Putin həmçinin münaqişə tərəflərinə kompromisə çatmaqda kömək edəcək digər dövlətlərin isə bu aspektdə müqavilənin imzalanması zamanı müşahidəçi və zəmanətçi rolunu oynaya biləcəklərini də açıqlamışdır.
2010-cu ilin may ayında Rusiya Prezidenti Dmitri Medvedyevin Türkiyəyə səfəri zamanı viza tələblərinin qaldırılması da daxil olmaqla tərəflər arasında bir neçə razılaşma imzalanmışdır. Həmçinin, Türkiyənin Mersin şəhərində Rusiya tərəfindən atom elektrik stansiyasının inşası ilə əlaqədar bir neçə milyard dollar dəyərində müqavilə imzalanmışdır.[3][4][5]
2013-cü ildə BBC korporasiyası tərəfindən təşkil olunmuş sorğuya əsasən türklərin 30 faizi Rusiyaya pozitiv münasibətdə olduğu halda, 46 faizi neqativ görüşlərə sahib olmuşdur.[6]
2015-ci ildə rus qırıcısının vurulması
redaktə24 noyabr 2015-ci ildə, Rusiya Silahlı Qüvvələrinin Suriya Prezidenti Bəşər Əsədə dəstək vermək məqsədilə başladığı hərbi əməliyyatlardan bir neçə həftə sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" döyüş təyyarəsi Türkiyə-Suriya sərhədi yaxınlığında Rusiyanın "Su-24" qırıcısını vuraraq düşürmüşdür. Rusiya Prezidenti Vladimir Putin bu hadisənin Rusiya və Türkiyə arasındakı münasibətlərə ciddi xələl gətirəcəyini vurğulamışdır. Buna cavab olaraq, Rusiya tərəfindən Türkiyəyə qarşı bir neçə iqtisadi sanksiya tətbiq olunmuşdur. Bunlara türk vətəndaşların Rusiyaya səyahəti zamanı vizasız səyahət imkanlarının ləğv edilməsi, Rusiyada bizneslə məşğul olan türk rezidentlərə və şirkətlərə məhdudiyyətlərin tətbiq olunması və Türkiyə istehsalı məhsulların idxalı zamanı məhdudiyyətlərin tətbiq olunması da daxil olmuşdur.[7] Rusiya tur operatorları Türkiyəyə çarter uçuşlarının dayandırılması çağırışı etmiş, həmçinin rus futbol klublarına türk futbolçuları heyətinə qatmaq və Türkiyədə qış təlim-məşq toplanışı keçirmək qadağan edilmişdir.[8] Təyyarənin düşürülməsindən bir gün sonra rusiyalı hüquqşünas Sergey Mironov Rusiya parlamentinə qondarma erməni soyqırımının inkar edilməsinə görə cinayət işi açılmasını tələb edən qanun irəli sürmüşdür.[9]
Rus Pravoslav Kilsəsinin döyüş təyyarəsinin vurulmasından sonra iki ölkə arasında yaranmış gərgin münasibətlərə görə Türkiyəyə getməkdən imtina etməsi nəticəsində 2016-cı ildə İstanbulda təşkil ediləcəyi gözlənilən pravoslav şurasının Yunanıstanın Krit adasında keçirilməsi qərara alınmışdır.[10][11][12][13]
Əlaqələrin normallaşması və sonrası: 2016–2018
redaktə2016-cı ilin iyununda Rəcəb Tayyib Ərdoğanın rus qırıcısının vurulmasına görə Putinə təəssüf hissi keçirdiyini bildirməsindən sonra iki ölkə arasındakı münasibətlər normallaşmağa başlamışdır.[14] 29 iyunda Putin və Ərdoğan arasında təşkil olunmuş telefon danışığı rus və türk hökumət rəsmiləri tərəfindən məhsuldar görüş kimi dəyərləndirilmişdir. Rusiya hökuməti rus vətəndaşların Türkiyəyə səyahətinə qoyulan məhdudiyyətləri aradan qaldırdı və tərəflər arasındakı ticari əlaqələrin normallaşdırılması əmri verildi.[15]
9 avqust 2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində iki ölkə liderləri arasında görüş baş tutdu. Bu, rus qırıcısının Türkiyə tərəfindən vurulması və Türkiyədə dövlət çevrilişinə cəhdin baş verməsindən sonra Ərdoğanın ilk xarici ölkə səyahəti idi.[16] Görüş zamanı Ərdoğanın Putinə dövlət çevrilişinə cəhd zamanı Türkiyə hökumətinə göstərdiyi dəstəyə görə ona təşəkkür etməsi Qərb hökumət dairələrini narahat etdi.[17]
19 dekabr 2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsinin ardınca iki ölkə liderləri bu hadisənin ikitərəfli münasibətlərə zərbə vurmaq məqsədi güddüyünü açıqladı.[18][19] 2016-cı ilin dekabrında iki ölkənin və İranın da iştirakı ilə Suriyada sülhü təmin etmək üçün təşkil olunan Astana sammiti ərzində Suriyada deeskalasiya zonasının yaradılması qərara alındı.[20][21][22]
2017-ci ilin sentyabr ayının sonlarında Putinin Ankaraya səfəri ərzində Türkiyə və Rusiya prezidentləri arasında Suriya vətəndaş müharibəsinin sonlandırılması məqsədilə sıx əməkdaşlıq etmək barədə razılaşma əldə olundu.[23] Vladimir Putinin dekabr ayında Ankaraya səfər etməsi ilə iki ölkə liderləri arasında bir aydan az müddət ərzində üçüncü dəfə, bir il ərzində isə yeddinci dəfə üzbəüz görüş baş tutdu.[24][25]
12 sentyabr 2017-ci ildə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almaq barədə qərar qəbul etdiyini açıqladı. Bu açıqlama Amerikan mətbuatında "Ərdoğanın NATO və ABŞ-dən uzaqlaşaraq Rusiyaya istiqamət alması" kimi dəyərləndirildi.[26] Tramp administrasiyasının bu razılaşmadan çəkilmək barədə Türkiyə hökumətinə təzyiq göstərməsinə baxmayaraq, 2018-ci ilin aprelində S-400-lərin cədvələ uyğun olaraq 2019-cu ilin iyul ayından etibarən idxal olunacağı elan olundu.[27]
2018-ci ilin iyun ayında Rusiya hökuməti tərəfindən nəzarət olunan "Sputnik" xəbər agentliyi kürd dilində olan vebsaytını heç bir səbəb göstərmədən bağladı.
2018-ci ilin avqust ayının ortalarında Rusiya və Türkiyə ABŞ-la aralarında olan fikir ayrılıqlarında bir-birilərinin mövqeyini dəstəklədi. Rusiya keşiş Endryu Bransonun həbs olunmasına görə Türkiyəyə qarşı tətbiq olunan sanksiyalarla əlaqədar olaraq ABŞ-ni qınadı,[28] Türkiyə isə Krımın anneksiya olunması və Rusiyanın 2016-cı ildə ABŞ-də təşkil olunmuş prezident seçkilərinə müdaxilə etdiyi bəhanəsilə ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinə çıxış etdi.[29][30][31]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ziring, Lawrence. Iran, Turkey, and Afghanistan, A Political Chronology. United States: Praeger Publishers. 1981. ISBN 0-03-058651-8.
- ↑ В. Шеремет. Босфор. Moscow, 1995, p. 241.
- ↑ "Erdoğan to visit Russia next month, report says". Today’s Zaman. 25 aprel 2009.
- ↑ "Erdoğan seeks Russian backing in Karabakh peace effort". Today’s Zaman. 16 may 2009.
- ↑ "Putin to visit Turkey next month". Today’s Zaman. 20 may 2009.
- ↑ 2013 World Service Poll Arxivləşdirilib 2015-10-10 at the Wayback Machine BBC
- ↑ Turkey-Russia jet downing: Moscow announces sanctions Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine, BBC, 28 noyabr 2015
- ↑ Russian clubs banned from signing Turkish players Arxivləşdirilib 2015-12-02 at the Wayback Machine, BBC, 29 noyabr 2015
- ↑ "Russian deputies seek accountability for Armenia genocide denial". Reuters. 25 noyabr 2015. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2015.
- ↑ "Orthodox Council moved from Turkey to Greece over Russia crisis". Hürriyet Daily News. 19 aprel 2016. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-06.
- ↑ Last-minute politics overshadow historic pan-Orthodox council. Arxivləşdirilib 2016-02-13 at the Wayback Machine The Washington Post, 18 dekabr 2015.
- ↑ "Patriarch of Moscow: pan-Orthodox Synod to be held in Crete". 2016-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-06.
- ↑ Cобрание Патриархов в Стамбуле Arxivləşdirilib 2015-05-13 at the Wayback Machine Nezavisimaya Gazeta, 30 dekabr 2014.
- ↑ "Erdoğan has apologised for downing of Russian jet, Kremlin says". The Guardian. 27 iyun 2016. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2019.
- ↑ "Russia closes 'crisis chapter' with Turkey". Al Jazeera. 29 iyun 2016. İstifadə tarixi: 6 yanvar 2019.
- ↑ "Erdoğan and Putin discuss closer ties in first meeting since jet downing: Turkish president holds talks in St Petersburg with Russian counterpart, thanking him for support in wake of last month's coup attempt". The Guardian. 9 avqust 2016. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-06.
- ↑ Turkey's Erdogan unnerves West with Putin visit Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine BBC, 9 avqust 2016.
- ↑ "Why killing of Russian diplomat may well bring Turkey and Russia closer: Putin and Erdoğan are likely to find common ground in their desire to blame third parties for death of Andrei Karlov". The Guardian. 19 dekabr 2016. 2022-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-06.
- ↑ "Russian president guarantees envoy's murder won't damage Russia-Turkey ties". Hürriyet Daily News. 23 dekabr 2016. 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-06.
- ↑ Переговоры в Астане по урегулированию конфликта в Сирии Arxivləşdirilib 2017-05-13 at the Wayback Machine RIA Novosti, 3 may 2017.
- ↑ "Совместное заявление министров иностранных дел Исламской Республики Иран, Российской Федерации, Турецкой Республики по согласованным мерам, направленным на оживление политического процесса с целью прекращения сирийского конфликта, Москва, 20 декабря 2016 года". www.mid.ru. 2017-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2019.
- ↑ "Russia, Turkey and Iran continue cooperation on de-escalation zones in Syria". TASS. 23 iyun 2017. 2017-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-06.
- ↑ Putin, Erdogan Pledge To Closely Cooperate On Syria, Increase Trade Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine Radio Liberty, 29 sentyabr 2017.
- ↑ "Putin, Erdogan meet for third time in less than a month". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-06.
- ↑ Russian-Turkish talks Arxivləşdirilib 2022-05-01 at the Wayback Machine kremlin.ru, 11 dekabr 2017.
- ↑ Turkey Signs Russian Missile Deal, Pivoting From NATO Arxivləşdirilib 2022-10-01 at the Wayback Machine. The New York Times (Europe), 12 sentyabr 2017.
- ↑ Turkey will reportedly start getting Russia's advanced missile defense system in 2019, despite US efforts to block it Arxivləşdirilib 2022-08-19 at the Wayback Machine Business Insider, 21 avqust 2018.
- ↑ "Arxivlənmiş surət". 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-06.
- ↑ Russia's Lavrov, in Turkey, calls U. S. sanctions policy illegitimate Arxivləşdirilib 2019-04-03 at the Wayback Machine Reuters, 14 avqust 2018.
- ↑ Turkey never supported anti-Russian sanctions — top diplomat Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine TASS, 14 avqust 2018.
- ↑ Turkey Shifts Toward Russia as Sanctions Sour U. S. Relations: Foreign ministers slam Western sanctions, as Erdogan plans boycott of U. S. electronic goods Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine WSJ, 14 avqust 2018.