Rusiya Dovlet Texnologiya Universiteti - Wikipedia
Rusiya Dövlət Texnologiya Universiteti (tam adı: K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutu (MATİ) - Rusiya Dövlət Texnologiya Universiteti; rus. ФГБОУ ВПО «МАТИ — Российский государственный технологический университет им. К. Э. Циолковского») — Rusiyada aviasiya və informasiya texnologiyaları üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Müasir kosmonavtikanın əsasını qoyan rus alimi Konstantin Siolkovskinin adını daşıyır.
Rusiya Dövlət Texnologiya Universiteti МДИ, ДУК, МАТИ | |
---|---|
55°44′21″ şm. e. 37°24′33″ ş. u.HGYO | |
Əsası qoyulub | 1932 |
Bağlanıb | 24 mart 2015 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 9.500[1] |
Ölkə | |
Ünvan | Rusiya, Moskva şəhəri |
Sayt | mati.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və fəaliyyəti
redaktəHal-hazırda universitetdə 6 000-dən artıq tələbə, təqribən 400 aspirant təhsil alır, 200-dən artıq elmlər doktoru və 450-dən çox elmlər namizədi maarifləndirici proqramların və elmi araşdırmaların həyata keçirilməsində iştirak edirlər. Ali təhsil ocağında avia - texnoloji, aerokosmik konstruksiyalar və texnologiyalar, informasiya sistemləri və texnologiyalar, materialşünaslıq və materiallar texnologiyası, tətbiqi riyaziyyat, mexanika və informatika,V.B.Rodinov adına mühəndislik – iqtisadi fakültələri, Gənclər siyasəti və sosial texnologiyalar İnstitutu fəaliyyət göstərir. Bununla yanaşı, universitetin tərkibinə Stupinski filialı, Yeni maarifləndirici texnologiyaların inkişafı İnstitutu, Təlimin elektron formaları İnstitutu, Hərbi hazırlıq İnstitutu, ixtisasın artırılması fakültəsi, avia-kosmik materiallar və texnologiyaların kollektiv istifadə resurs mərkəzi daxildir.
Universitetin ilk yaradılan fakültələrindən biri olan avia-texnoloji fakültənin əsası 1940-cı ildə qoyulub. Fakültə aviasiya sənayesində metalların soyuq və isti emalı üzrə mühəndis-texnoloqların hazırlığının təşkili məqsədilə yaradılmışdı. Bu gün 1800 tələbənin təhsil aldığı fakültədə təzyiqlə metalların emalı texnologiyası, avtomatlaşdırılmış planlaşdırma sistemləri və tökmə istehsalı texnologiyaları, qaynaq istehsalı texnologiyası, elektronika və informatika, fizika, qeyri-üzvi toz, kompozisiya materialları və örtülər, Rosoboronstandart əsasında texniki nizamlama və xüsusi təyinatlı məmulatların keyfiyyət təminatı kafedraları fəaliyyət göstərir.
1947-ci ildə yaradılan, hazırda 2100 tələbənin təhsil aldığı aerokosmik konstruksiyalar və texnologiyalar fakültəsində uçuş aparatların istehsalat texnikası, peyklər və bloklar, uçuş aparatları və istilik texnikası mühərrikləri, uçuş aparatları mühərriklərinin istehsalat texnikası, uçuş aparatları sınaqları, start kompleksləri, birləşdirilmiş avtomatlaşdırılmış sistemlər texnologiyaları, kosmik telekommunikasiya, uçuş aparatların planlaşdırma və istismarı texnologiyası üzrə mütəxəssislər hazırlanır.
1962-ci ildə fəaliyyətə başlayan informasiya sistemləri və texnologiyalar fakültəsində uçuş aparatlarının idarə etməsi üzrə cihazların və informasiya sistemlərinin istehsalat texnikası, radioelektronika, telekommunikasiya və nanotexnologiyalar, erqonomika və informasiya-ölçü sistemləri, yüksək enerji axınları ilə materialların emalı texnologiyası, informasiya texnologiyaları, internet-texnologiyalar, kibernetika ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Materialşünaslıq və materiallar texnologiyası fakültəsi 2002-ci ildən etibarən öz qapılarını abituriyentlərin üzünə açıb. Hazırda fakültədə materialşünaslıq və materialların emalı texnologiyası, qeyri-metal materialların emalı texnologiyası, ümumi kimya, fizika və kompozisiya materiallarının kimyası, travmatologiya və ortopediyada materiallar və texnologiyalar ixtisas istiqamətləri tədris olunur.
Tətbiqi riyaziyyat, mexanika və informatika fakültəsi 1987-ci ildən fəaliyyət göstərməyə başlayıb. Fakültənin tərkibinə 5 kafedra daxildir: tətbiqi və hesablama mexanikası, mexanika və proseslərin və konstruksiyaların optimallaşdırması, maşınların və mexanizmlərin mexaniki, tətbiqi riyaziyyat və informasiya texnologiyaları, sistem modelləşdirməsi və mühəndislik qrafiki.
1994-cü ildə əsası qoyulan V.B.Rodinov adına mühəndislik – iqtisadi fakültənin əyani formasında 1500-dən çox tələbə təhsil alır. Fakültədə istehsal idarəetməsi, iqtisadiyyat, marketinq, maliyyə idarəetməsi, hesab, analiz və audit, hesablama komplekslərin planlaşdırılması, keyfiyyəti idarə etmə və sertifikatlaşdırma, sənaye ekologiyası və istehsalın təhlükəsizliyi, kosmik monitorinq, təbii texnogen təhlükəsizlik və riski idarə etmə ixtisasları yaradılıb.
Kitabxana sistemi
redaktə"MATİ" - Rusiya Dövlət Texnologiya Universitetinin kitabxanası ilk oxucularını 1932-ci ildə qəbul edib. Bu gün universal fondları 315000-dən çox nüsxədən ibarətdir. Kitabxanada aviasiya, kosmonavtika və texnika, riyaziyyat, fizika, kimya, materialşünaslıq, müxtəlif materialların emalı texnologiyaları, kompüter texnologiyaları, iqtisadiyyat, tarix, sosiologiya, fəlsəfə, ekologiya və digər sahələrə dair kitablar yer alıb.
Burada eyni zamanda universitet kafedralarının əsas fəaliyyət istiqamətləri üzrə dövri nəşrlərin də böyük seçimi təqdim edilir. Sözügedən nəşrlərin böyük bir qismi elektron formada istifadəyə verilir.
Kitabxananın işinin təşkilində universitetin alimləri və mütəxəssisləri tərəfindən layihələşdirilmiş və reallaşdırılmış müasir avtomatlaşdırma vasitələri, qabaqcıl texnologiyalar və novator həllər tətbiq edilib. Hazırda kitabxanada 3 kompüterləşmiş qiraət zalı yaradılıb.
Beynəlxalq fəaliyyət
redaktəMüasir ali məktəb olaraq "MATİ" - Rusiya Dövlət Texnologiya Universitetinin inkişafının prioritet istiqamətlərindən biri beynəlxalq fəaliyyətdir. Beynəlxalq əməkdaşlıq üzrə müxtəlif proqramlarının həyata keçirilməsi universitetin mövqeyini möhkəmləndirməyə və yüksək ixtisaslı mütəxəssislərin hazırlığı məsələlərini həll etməyə imkan verir.
Universitet dünyanın 20-dən artıq ölkəsi ilə qurduğu əlaqələri davamlı olaraq inkişaf etdirir. Bu, təkcə təhsil sahəsində əməkdaşlığı deyil, həm də beynəlxalq komandalarla yerinə yetirilən müxtəlif birgə konstruktor-texnoloji və elmi-tədqiqat layihələrini əhatə edir. Əvvəllər ali məktəb aviasiya və kosmik texnika sahəsində ixtisaslaşdırılmış universitet kimi tanınırdı. Lakin bu gün beynəlxalq təşkilatlar ali məktəbə daha çox informasiya texnologiyaları, iqtisadiyyat və mədəni-sosial sferada əməkdaşlıq üçün müraciət edirlər.
Universitetarası əməkdaşlığın ən əhəmiyyətli istiqaməti tələbələrin və aparıcı xarici ali məktəblərdə universitetin aspirantlarının təcrübə keçmə proqramlarının reallaşdırılmasıdır.
1991-ci ildən universitet xarici tələbələrin qəbuluna başlayıb. Ali təhsil müəssisəsində dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan, Çin, Böyük Britaniya, Hollandiya, Almaniya, Türkiyə, Hindistan, Cənubi Koreya, İran, Vyetnamdan gələn tələbələr təhsil alırlar. Əcnəbi tələbələrin yaşayış yeri ilə təmin olunmasına xüsusi diqqət yetirilir.
Mənbə
redaktə- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 14 (761), 19 aprel 2013, səh. 33. (az.)