Sedallah Berdei - Wikipedia
Sədallah əl-Bərdəi (XIV əsrin sonu—XV əsrin əvvəlləri) - mənşəcə Azərbaycan türklərindən olan tanınmış dilçi alim və şair.
Sədallah əl-Bərdəi | |
---|---|
Sədəddin Sədallah əl-Bərdəi | |
Doğum tarixi | XIV əsr |
Doğum yeri | Bərdə şəhəri |
Vəfat yeri | Bərdə şəhəri |
Həyatı
redaktəOrta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sədəddin Sədallah əl-Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub.
V əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır ki,onlardan da biri Sədallah Bərdəidir.
Bərdəinin həyat tarixçəsi barədə məlumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə əl-Bərdəinin XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşadığını göstərirlər.
Əl-Bərdəinin iki əsəri məlumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin Zəncaninin "Ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "Əl-Ənmüzəc finnəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sədallah əl-Bərdəinin əz-Zəməxşərinin adı çəkilən əsərinə verdiyi "hədaiq əddanain fi şərhi risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir.
Bərdəi öz şərhinin əvvəlində yazırdı: " Dünyanın heç bir yerində tayı-bərabərincə əsər yazılmamış və tərifinə dillərin aciz qaldığı "Əl-Ənmüzəc" adlı məşhur risaləni gördükdən sonra mən onun üzündən niqabı qaldırmaq, onun ruhunu və gizli sirlərini açmaq, onun xəzinəsində gizlədilmiş ləl-cəvahiratı nümayiş etdirmək, buradakı incə eyhamlara izah vermək, onun özünə bərabər bir hünər göstərmək fikrinə düşdüm."
Əl-Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır: "Onun şərhləri nəzəri səciyyəsinə, prinsipinə və təyinatına görə buna bənzər əsərlər arasında müstəsna əhəmiyyət daşıyır. Belə ki, o, şərh əsnasında məntiq, ədəbiyyatşünaslıq, semantika və leksika kimi elm sahələrinin başlıca ehkamlarına əsaslanmışdır."
Görünür, əl-Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.