Salamulla Cavid - Wikipedia
Salamulla Molla Haşım oğlu Cavid (1900, Xalxal – 1986, Tehran) — həkim, siyasətçi, ədəbiyyatçı, Azərbaycan Demokrat Firqəsinın üzvü, Azərbaycan Milli Hökumətinin Daxili İşlər naziri.1946-cı ildə Azərbaycanın ostandarı təyin olunub.
Salamulla Cavid | |
---|---|
12 dekabr 1945 – mart 1946 | |
mart 1946 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 1986 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, həkim |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1948–1953-cü illərdə Tehranda gizli fəaliyyət göstərən Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Bürosuna rəhbərlik edib. Siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunub. Ömrünün son illərində ədəbiyyatla məşğul olub. Tehranda Azərbaycan Yazarlar və Şairlər Cəmiyyətinin qurulmasında iştirak edib. Ədəbiyyat və tibb sahələrində bir neçə kitabın müəllifidir.
Həyatı
redaktəSalamulla Molla Haşım oğlu Cavid 1900-cü ildə Xalxal bölgəsinin Nirov kəndində anadan olub.[1] Uşaq ikən anasını itirdiyi üçün dayısının ailəsində böyüyüb. İlk təhsilini Molla Hüseyn mədrəsəsində alıb.[1] Dayısı Məhərrəm Nəsrulla oğlu siyasi fikirlərinə, hökumət əleyhinə olduğunu üçün ailəsi daim təqib olunub. Bu təqibdən qurtarmaq üçün o və dayısının ailəsi 1910-cu ildə gizli şəkildə Bakıya köçüblər.[2] Bakıda olduğu dövrdə əvvəlcə Hacı Ənam Xalxalinin məktəbində, sonradan isə "İttihad" məktəbində təhsilini davam etdirib.[3] 1914-cü ildə məktəbə Məmmədəli Tərbiyət müdir təyin olunduqdan sonra, yaxşı oxuyan uşaqlara maddi yardım göstərilir. Bu yardımdan Salamulla Cavid də istifadə edib. Gimnaziyada təhsil aldığı dövrdə "Təməddün" məktəbində müəllimlik də edib.[3][4] Gimnaziyanı bitirdikdən sonra Bakıda daha sonra isə Tehranda tibb təhsili almağa başlayıb.
1922-ci ildə Tehranda çap olunan "Həqiqət" qəzetində "Həsənzadə" imzası ilə məqalələr yazıb.[5] 1921-ci ildə Əbülqasım Lahutinin başçılığı altında Təbrizdə baş tutmuş hərəkatda iştirak etdiyi üçün təqibə məruz qalıb.[6] Məhz buna görə Bakıya qayıdıb və burada tibb təhsilini davam etdirib. Ali məktəbi bitirdikdən sonra təkmilləşdirmə kursunu keçmək üçün Moskvaya gedib.[3] Moskvadan qayıtdıqdan sonra 1929-cu ilə kimi Bakıda yaşayıb.[7] Daha sonra ailəsi ilə birlikdə İrana gedib. 3 ay Məşhəddə qaldıqdan sonra Tehrana köçüb.[8] Tehrana köçdükdən sonra həyat yoldaşı ilə birlikdə həkimlik ediblər.[9]
1930-cu il dekabrın 27-də Seyid Cəfər Pişəvəri həbs olunub.[10] Onun həbsindən sonra Salamulla Cavid də təqiblərə məruz qalıb və 1931-ci il martın 13-də saxlanılıb.[11] 93 gün tək adamlıq kamerada saxlanılıb.[12] Bir müddət sonra onu Qəsri Qacar həbsxanasına köçürüblər.[13] Burada bir müddət tək adamlıq kamerada saxlanıldıqdan sonra Seyid Cəfər Pişəvəri ilə birlikdə eyni kamerada saxlanılıb.[14] Həbsdən buraxıldıqdan sonra Kaşana sürgün olunub.[14] Salamulla Cavid Kaşanda yaşadığı dövrdə də həyat yoldaşı ilə birlikdə həkimlik edib.[15] 1934-cü ildə Kaşan səhiyyə idarəsinin müdiri təyin olunub.[16] Burada fəaliyyət göstərdikdən sonra 1941-ci ildə ailəsi ilə birlikdə yenidən Tehrana köçüb.[17] Tehranda yeni yaradılmış Azərbaycan Demokrat Firqəsinin təbliğatını aparıb.[18]
Azərbaycan Milli Hökuməti dövründə
redaktə1945-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçüb.[19] 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin Rəyasət Heyətinə üzv seçilib.[20][21] 1945-ci ildə Azərbaycan Milli Məclisinə nümayəndə seçilib.[22][23] Azərbaycan Milli Hökuməti formalaşdırılanda Seyid Cəfər Pişəvəri tərəfindən daxili işlər naziri təyin olunub.[24][25] 1946-cı il yanvarın 15-də Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı 15 nəfərlik komissiya yaradılıb.[26] Bu komissiyaya Salamulla Cavid də daxil olub.[26] 1946-cı ilin may ayında Seyid Cəfər Pişəvəri Tehrana danışıqlar üçün getdiyi üçün bir neçə gün onun vəzifəsini icra edib və Azərbaycan Milli Hökumətinin baş naziri olub.[27][28][29]
1946-cı ildə Azərbaycanın general qubernatoru təyin olunub.[30][31][32] Daha sonra danışıqlar aparmaq üçün iyulda Tehrana yola düşüb.[33] Burada olduğu günlərdə əvvəlcə baş nazir Əhməd Qəvamla daha sonra isə 1946-cı il iyulun 11-də Məhəmməd Rza Pəhləvi ilə görüşüb.[34] Burada 17 gün danışıqlar aparıb və müəyyən uğurlar qazanıb.[35][36] İkinci dəfə 1946-cı il avqust ayında daha böyük heyətlə birlikdə Tehrana danışıqlara gedib.[37] Azərbaycan Milli Hökuməti dağılana qədər Azərbaycanın valisi olub. 1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[38] Bununla da Azərbaycan Milli Hökuməti süqut edir.[39] Milli Hökumət dağıldıqdan sonra həbs olunub Tehrana aparılıb.[40][41][42]
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra
redaktəTehrana gətirildikdən sonra bir müddət ev dustaqlığında qalıb.[43] 1947-ci il avqustun 2-də azadlığa buraxılıb.[44]
1948–1953-cü illərdə Tehranda gizli şəkildə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Bürosu fəaliyyət göstərib.[45] Bu mərkəzə Salamulla Cavid rəhbərlik edib.[45] Mərkəzi Büronun Güney Azərbaycanın bir çox bölgələrində şöbələri fəaliyyət göstərirdi.[45] Büronun işi gizli şəkildə Azərbaycan türkcəsində qəzetlərin çapı, Azərbaycan cavanlar və qadınlar cəmiyyətlərinin təşkili və Bakıdakı ADF şöbəsi ilə əlaqə qurmaq olub.[46] 1948-ci ilin fevral ayında yenidən həbs olunub və ona 2 il həbs cəzası verilib.[2][47] Məhəmməd Rza Pəhləvinin verdiyi amnistiya qərarı Salamulla Cavidə də şamil olunub və o, 1948-ci il iyul ayında həbsdən azad edilib.[48] 1952-ci ilin avqust ayında Tus şəhərində Mərkəzi Büronun ilk gizli konfransı keçirilib.[49]
İranda 1953-cü ildə baş vermiş dövlət çevrilişindən sonra həbs olunub. 15 gün həbsdə saxlanıldıqdan sonra günahsız olduğu üçün azad edilib.[50] 5 ay keçdikdən sonra yenidən həbs olunub. Qəsri Zirehin həbsxanasında 5 ay saxlanıldıqdan sonra günahsız olduğu sübuta yetirilib və o, yenidən azadlığa buraxılıb.[50]
1950-ci illərin ortalarından etibarən Tehranda qurulan bir neçə ədəbi məclislərə qatılıb və daha çox ədəbiyyatla məşğul olub. 1964-cü ildə "Dostlar görüşü" məclisinin təşkilatçılarından biri olub.[43] Bu məclisdə Əli Azəri, Nəsrulla Fəthi, Cabbar Bağçaban, Məhəmmədəli Fərzanə, Bulud Qaraçorlu Səhənd, Həsən Məcidzadə Savalan və başqaları toplaşıb ədəbi müzakirələr aparır, yazdıqları əsərləri dəyərləndirirdilər. Bundan başqa məclis üzvləri "Koroğlu", "Dədə Qorqud" dastanlarını, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sini, Mirzə Əli Möcüzün satirik şeirlərini Azərbaycan türkcəsində, əlyazma halında həvəskarlar arasında yayır və bununla da Azərbaycan ədəbiyyatını təbliğ edirdilər.[43] Tehranda olduğu müddətdə Məhəmmədhüseyn Şəhriyar da bu məclisin görüşlərinə qatılıb.[43] Şah rejimi tərəfindən Azərbaycan türkcəsində kitab çapına icazə verilmədiyi üçün gizli çap etdikləri kitablarda təxəllüslərdən istifadə edirdilər. Salamulla Cavid də Azərbaycan türkcəsində gizli çap etdirdiyi kitablarda "Cad" təxəllüsündən istifadə edib.[43] 1964-cü ildə "Dili təkbaşına öyrənmə", 1965-ci ildə isə "Azərbaycan folkloru nümunələri" adlı kitab yazıb.[51][52] 1979-cu ilin aprelində Tehranda Azərbaycan Yazarlar və Şairlər Cəmiyyətinin qurulmasında iştirak edib.[53] 1979-cü ildə Tehranda "Dostlar görüşü" adlı ədəbi dərnək yaradıb.[54] Tibbi mövzularda da "Tibb və müalicə dərsliyi", "Tütün istehsalı və xərçəng xəstəliyi", "Körpələr pərvərişi" adlı kitablar yazıb.[43] İran İslam İnqilabından sonra 1980-ci ildə "Dostlarla görüş" adlı kitabını çap etdirə bilib.[55]
1986-cı ildə Tehranda dünyasını dəyişib.[1] Ölümündən sonra Məhəmmədhüseyn Şəhriyar ona "Doktor Cavid də getdi" şeirini həsr edib.[43] Öz vəsiyyətinə uyğun olaraq ölümündən sonra kitabxanasındakı kitablar Təbriz Milli Kitabxanasına hədiyyə olunub.[43] Öz həyatı və fəaliyyəti ilə bağlı xatirələrini yazıb.[56] 2003-cü ildə xatirələri Əkrəm Mişovdağlının tərtibi və redaktorluğu ilə "Doktor Salamulla Cavid. O günün həsrəti ilə (xatirələr)" adı ilə çap olunub.[57]
Ailəsi
redaktəSalamulla Cavid Molla Haşımın ailəsində dünyaya gəlib.[2] O uşaq ikən anası dünyasını dəyişdiyinə görə onu, dayısı Məhərrəm Nəsrulla oğlu və dayısınınnın həyat yoldaşı Dürrə xanım böyüdüblər.[2] Bikəxanım xanımla ailə həyatı qurub. Bu evlilikdən 1929-cu ildə Azad, 1934-cü ildə Nikzad daha sonra isə Behzad adlı oğulları dünyaya gəlib.[58]
İstinadlar
redaktə- ↑ 1 2 3 Ələkbərli, 2021. səh. 388
- ↑ 1 2 3 4 Cavid, 2005. səh. 7
- ↑ 1 2 3 Ələkbərli, Faiq. Güney Azərbaycanda milli maarifçilik, türkçülük/turançılıq və azərbaycançılıq (PDF) (az.). V. Bakı: Türküstan qəzeti. 2022. 6. 2024-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-10.
- ↑ Cavid, 2005. səh. 8
- ↑ Rəhimli, 2009. səh. 31
- ↑ Cavid, 2005. səh. 9
- ↑ Həsənli, 1998. səh. 248
- ↑ Cavid, 2005. səh. 17
- ↑ Cavid, 2005. səh. 18
- ↑ Rəhimli, Əkrəm. 662 saylı məhbus – S.C.Pişəvəri (PDF) (az.). Bakı: Nurlar NMP. 2019. 18.
- ↑ Cavid, 2005. səh. 21
- ↑ Cavid, 2005. səh. 22
- ↑ Cavid, 2005. səh. 25
- ↑ 1 2 Rəhimli, 2009. səh. 167
- ↑ Cavid, 2005. səh. 34
- ↑ Cavid, 2005. səh. 35
- ↑ Cavid, 2005. səh. 39
- ↑ Cavid, 2005. səh. 45
- ↑ Cavid, 2005. səh. 46
- ↑ Pişəvəri, 2005. səh. 255
- ↑ Çeşmazər, 1986. səh. 71
- ↑ Həsənli, 2006. səh. 156
- ↑ Həsənli, 1998. səh. 295
- ↑ Cavid, 2005. səh. 47
- ↑ Çeşmazər, 1986. səh. 65
- ↑ 1 2 Həsənli, 2006. səh. 223
- ↑ Cavid, 2005. səh. 51
- ↑ Rəhimli, 2009. səh. 92
- ↑ Rəhimli, Əkrəm. ".C.Pişəvəri Tehran-Təbriz danışıqlarında". Xalq Cəbhəsi qəzeti. 2016-12-29. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-12.
- ↑ GOVERNOR-GENERAL OF AZERBAIJAN (ingilis). Sidney: The Sydney Morning Herald. 1946-06-18. 1.
- ↑ Həsənli, 2006. səh. 386
- ↑ Mərəndli, 2017. səh. 128
- ↑ Cavid, 2005. səh. 52
- ↑ Həsənli, 2006. səh. 387
- ↑ Rəhimli, Əkrəm. "Tehran-Təbriz danışıqları, milli hökumətin süqutunun əlamətləri - 22-ci yazı". Xalq Cəbhəsi qəzeti. 2019-10-15. İstifadə tarixi: 2024-12-12.
- ↑ Cavid, 2005. səh. 57
- ↑ Cavid, 2005. səh. 59
- ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
- ↑ George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), s. 49
- ↑ Mərəndli, 2017. səh. 132
- ↑ Cavid, 2005. səh. 65
- ↑ Həsənli, 2006. səh. 449
- ↑ 1 2 3 4 5 6 7 8 Mirzəyeva, Lətifə. "Salamulla Cavid". Respublika qəzeti. 2020-09-24. İstifadə tarixi: 2024-12-10.
- ↑ Cavid, 2005. səh. 68
- ↑ 1 2 3 Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 280
- ↑ Ələkbərli, 2021. səh. 133
- ↑ Bayramzadə, 2016. səh. 210
- ↑ Cavid, 2005. səh. 75
- ↑ Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 281
- ↑ 1 2 Cavid, 2005. səh. 77
- ↑ Cavid, 2005. səh. 79
- ↑ Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 330
- ↑ Ələkbərli, 2021. səh. 146
- ↑ İsmayılov, Güləddin. "Qaflanti Murədəli Qureyşi". Azərbaycan Demokrat Firqəsi. 2021-09-21. 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-11.
- ↑ Cavid, 2005. səh. 78
- ↑ Balayev, 2018. səh. 15
- ↑ "AMEA Şərqşünaslıq İnstitutunda Əkrəm Rəhimlinin 85 illik yubileyi qeyd olunub". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. İstifadə tarixi: 2024-12-10.
- ↑ Cavid, 2005. səh. 5-6
Ədəbiyyat
redaktə- Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 978-9952-37-091-1.
- Bayramzadə, Səməd. Южный Азербайджан: от "21 Азер"а до "белой революции" в Иране (az.). Bakı: Tərəqqi nəşriyyatı. 2016. səh. 334. ISBN 978-9952-8299-7-6.
- Cavid, Salamulla. O günün həsrəti ilə (PDF) (az.). Bakı: Yurd nəşriyyatı. 2005. səh. 63.
- Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121.
- Ələkbərli, Faiq. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2021. səh. 684. ISBN 978-9952-81-76-0-7.
- Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5 – 91017 – 012 – 0.
- Həsənli, Cəmil. Güney Azərbaycan:Tehran - Bakı - Moskva arasında (PDF) (az.). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 324. ISBN 5–91017–012–0.
- Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 978-9952-8312-8-3.
- Rəhimli, Əkrəm. Mübarizə burulğanlarında keçən ömür: Seyid Cəfər Pişəvəri (az.). Bakı: Nurlar NPM. 2009. səh. 400. ISBN 9789952450064.
- Pişəvəri, Seyid Cəfər. Xatirələr (1941-1945) (az.). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri. 2005. səh. 394.
- Tağıyeva, Şövkət; Rəhimli, Əkrəm; Bayramzadə, Səməd. Güney Azərbaycan (az.). Bakı: Orxan NPM. 2000. səh. 517.