San Xose Medeninde Qeza - Wikipedia
San Xose mədənində qəza 5 avqust 2010-cu ildə Çilinin Kopiapo şəhəri yaxınlığındakı San-Xose mədənində qaya çökməsi baş verdi. Qəza nəticəsində 33 şaxtaçı təxminən 700 m dərinlikdə və şaxtanın girişindən təxminən 5 km məsafədə qayaların arasında bağlı qalmışdılar. İnsanlar 69 gün yerin altında qalmalı oldular.
San Xose mədəni Kopiapo şəhərindən təxminən 45 kilometr şimalda, Çilinin şimalındakı eyniadlı əyalətdə yerləşir. Mədən 1889-cu ildə istismara başlanmış, orada mis və qızıl hasil edilirdi. Son illərdə mədən qəzaları ən azı üç nəfərin ölümü ilə nəticələnib. 2004–2010-cu illər arasında mədənin sahibi olan şirkət təhlükəsizlik tələblərinə əməl etmədiyinə görə 42 cərimələnib. Ümumilikdə Atakama səhrası bölgəsində 884 mədən var ki, onların da payına cəmi üç müfəttiş düşür.
Qəza
redaktəEmpresa Minera San Esteban şirkətinin mədən sahibinin verdiyi məlumata görə, çökmə 2010-cu il avqustun 5-də yerli vaxtla saat 14:00-da baş vermişdir. Avqustun 6-da Çilinin Əmək və Sosial Müdafiə naziri Lourens Qolbornun, Çili Mədən Departamentinin və SERNAGEOMIN Direktorluğunun (geologiya və mədənçilik üzrə milli xidmət) rəhbərliyi altında xilasetmə işləri başlayır.
İlkin olaraq xilasedicilər havalandırma şaxtalarından içəri daxil olmağa çalışsalar da, şaxtalarda uçqun altında qalmışdı. Dağıntıları ağır texnika ilə təmizləmək cəhdləri daha çox çökmələrə səbəb olduğundan, sağ qalanları tapmaq ümidi ilə taktikanı dəyişməli və şaquli quyular qazmalı oldular. Axtarışlar uğurla nəticələnir — avqustun 22-də xilasedicilər mədənçilərin məktubunu qaldırırlar. Onu Çili prezidenti Sebastyan Pinyera şəxsən oxuyub[1]. Kağızdakı mətn belə idi:
Özümüzü yaxşı hiss edirik və sığınacaqdayıq, 33 nəfərik.
Estamos bien en el refugio los 33.
Xilasedicilər çətin problemi həll etməli idilər, çünki indiyədək belə böyük dərinlikdən xilas etmə əməliyyatları keçirməmişdilər. Vəziyyəti daha da çətinləşdirən bir səbəb də, mədənçilərin uzunmüddət təcrid edilməklə (məsələn, kosmonavtların keçdiyi) xüsusi təlimi keçməmələri idi.
Xilasetmə planı hazırlanmışdı. Planın həyata keçirilməsi bir neçə ay çəkməli idi (şaxtaçıların dekabr ayından əvvəl qaldırılacağı gözlənilmirdi): xüsusi hidravlik qazmanın köməyi ilə içərisindən xilasetmə kapsulunun keçə biləcəyi quyu qazılırdı. İş qrafiki qabaqlayır və oktyabrın 9-da tamamlanır[3].
Mədənçilərin yeraltı həbsxanada qalması, xilasetmə işlərinin gedişi mətbuatda geniş işıqlandırılırdı.
Xilasetmə işləri
redaktəXilasetmə əməliyyatı 12 oktyabr 2010-cu ildə yerli vaxtla saat 19:00-da başlayır. Onları xilas etmək üçün 6 xilasedici dərinliyə enir. 33 mədənçinin hamısı bir gündən az müddətdə qaldırılır. Mədənçiləri qohumları, həmçinin Çili prezidenti Sebastyan Pinyera və özü keçmiş mədənçi olmuş Boliviya prezidenti Evo Morales qarşılayır[4]. Mədənçilərin xilas edilməsi Çiliyə 22 milyon dollara başa gəlir[5][6].
Mədənçilərin sonrakı taleyi
redaktəXilasetmədən sonra mədənçilər Çili hökumətinin komandası ilə futbol oynasalar da, 9–2 hesabı ilə məğlub olublar. 2011-ci ilin fevralında mədənçilər İsrailə həcc ziyarətinə getdilər. Xilasetmədən bir il sonra 33 mədənçidən 15-i işsiz qalır. Onların bir çoxu pnevmokoniozdan, şəkərli diabetdən əziyyət çəkir və 69 gün yeraltı həbsdə qaldıqları üçün keçirdikləri psixoloji travmadan hələ də sağalmayıblar[7].
Mədəniyyətdə
redaktə2015-ci ilin avqustunda baş rolda Antonio Banderasın iştirak etdiyi "33" ("The 33") filmi nümayiş olundu. Filmin büdcəsi 26.000.000 dollardır.
İstinadlar
redaktə- ↑ "В Чили нашли пропавших 17 дней назад горняков". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-13.
- ↑ "33 чилийских шахтера найдены живыми после аварии". 2010-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-14.
- ↑ "Первый чилийский шахтер поднят на поверхность". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-13.
- ↑ "В Чили — всенародное ликование в связи со спасением 33-х шахтёров". 2010-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-14.
- ↑ [https://web.archive.org/web/20110125080828/http://www.rian.ru/world/20101014/285375841.html Arxivləşdirilib 2011-01-25 at the Wayback Machine Расходы на операцию по спасению горняков в Чили превысили $22 млн // РИА Новости]
- ↑ [https://web.archive.org/web/20180306020935/http://www.newsru.com/world/14oct2010/happy_end.html#1 Arxivləşdirilib 2018-03-06 at the Wayback Machine Все 33 чилийских горняка, пробыв под землей 70 суток, успешно подняты на поверхность. Спасательная операция обошлась в 22 млн долларов // Newsru.com]
- ↑ "Chile Bergarbeiter". amp.dw.com. 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-12.