Sant Ivo Alla Sapienza - Wikipedia
Sant'İvo alla Sapienza kilsəsi (it. Chiesa di Sant’Ivo alla Sapienza) — İtaliyanın paytaxtı Roma şəhərində yerləşən katolik məbədi və XVII əsrin parlaq və füsunkar barokko üslubunun təkrarolunmaz nümunəsidir. Dahi Borromini yaradıcılığının və ustalığının tanınmış incilərindən sayılan bu kilsə, Navona meydanından bir qədər şərqdə, daha dəqiq desək, Korso del Rinaşimento küçəsində yerləşir, ancaq hündür binaların fasadları kilsəni tam şəkildə seyr etməyə maneəçilik törədir. Mərkəzi binanın unikal memarlıq dizaynı və qəliz konçetto simvolikası onu, Romanın ən orijinal və gözəl kilsələrindən birinə çevirir. Kilsə yezuitlər ordeninin patronu, hüquqşünasların isə himayədarı olmuş Bretanlı İvoya ithaf olunmuşdur.
Sant'İvo alla Sapienza kilsəsi | |
---|---|
it. Chiesa di Sant’Ivo alla Sapienza | |
41°53′53″ şm. e. 12°28′29″ ş. u.HGYO | |
Ölkə |
İtaliya Latsio (inzibati rayon) |
Şəhər | Roma |
Yerləşir | Roma[1] |
Aidiyyatı | Roma katolik yeparxiyasının kilsəsi |
Memar | Françesko Borromini |
Sifarişçi | Monsenyor Aqostino de Ancelis |
Tikilmə tarixi | 1642–1664 |
Üslubu | Barokko memarlığı |
Rəsmi sayt | vicariatusurbis.org/Ente… |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəSant'İvo 1303-cü ildə birbaşa Vatikana təhtəlhesab olmuş kapella binası kimi Roma Papası VIII Bonifasi tərəfindən təsis edilmiş və bu bina daha sonralar La Sapienza Universitetinin formalaşması üçün əsas olmuşdur. Kilsə artıq mövcud olmuş, 1564–1630-cu illər arasında əsasən gecikmiş İntibah dövrünün memarı Cakomo della Portanın tərtib etdiyi layihə əsasında tədricən ucaldılan Palazzo della Sapienza sarayının tikili kompleksini haşiyələndirən köndələn və düzbucaq həyətində quraşdırılmalı idi[2]. Kilsə başlanğıcda Müqəddəs Fortunataya həsr edilmişdir. Daha sonralar isə bu kilsə ilə digər müqəddəslərin — Müqəddəs Böyük Levin, La Sapienza Universitetinin rektorları olmuş konsistoriya hüquqşünaslarının himayədarı və ilahi xilaskarı Müqəddəs İvo, eləcə də təqdisetmə mərasimi münasibətilə kilsəyə təqdim olunmuş məzlum Müqəddəs Aleksandr adı ilə əlaqələndirilmişdir.
Hələ memar della Portanın Romada fəaliyyət göstərdiyi illərdə Universitet kapellası üçün mərkəzi binanın inşa edilməsi planlaşdırılırdı, lakin o dövrdə kifayət qədər vəsaitin olmaması, bu ideyanın reallaşdırılmasına əngəl törətmişdir. Roma Papası VIII Urban (onun intronizasiya dövrü 1623–1644-cü illəri əhatə edirdi), 1623-cü ildə erkən barokko dövrünün ən radikalyönümlü nümayəndələrindən birisi olmuş Françesko Borrominini köhnə "Arxigimnaziya" binasının (Boloniyada yerləşən və Avropanın ən qədim təhsil ocağı sayılan Arxigimnaziya kompleksi (it. Archiginnasio), hələ uzun müddət digər italyan təhsil ocaqları üçün təqlid və nümunə obyekti olaraq fəaliyyət göstərirdi) yenidən qurulması və genişləndirilməsi məqsədilə memar və bənna qismində təyin etmişdir[3]. 1643-cü ilin yanvar ayında Borromini Universitet kapellasının inşasına başladı. Məşhur Borcia sülaləsi ilə uzaq qohumluq münasibətlərində olmuş Roma Papası X İnnokentinin hakimiyyət illərində (1644–55), kilsənin inşası nəhayət tamamlanmış, lakin onun interyeri Papanın ölümünə qədər dekorsuz olaraq qalmışdır. İnnokentinin xələfi olmuş VII Aleksandr tikintinin davam etdirilməsi, dekor tərtibatının isə daha sistematik vəziyyətə gətirilməsi məqsədilə, 16 iyul 1655-ci ildə xüsusi yazılı fərman imzalayır.
13 noyabr 1660-cı ildə "Kappella della Sapienza" seremonial və təntənəli şəkildə açılmışdır. Açılış və təqdisetmə mərasimləri zamanı səsləndirilən və külli miqdarda ilahi müdriklik və mərhəmət mövzularını özündə ehtiva edən xütbələrin bir çoxu, kilsənin himayədarı olmuş müqəddəslərə, eləcə də kilsə dekorunda ustadlar tərəfindən hazırlanmış ilahi ikonoloji motivlərə həsr edilmişdir. Həmin ildə basmanaxış üslubunda hazırlanmış xatirə sikkəsinin aversində (yəni üz tərəfində) VII Aleksandrın anfas portreti, sikkənin reversində (arxa tərəfində) isə Universitet həyətinin mərkəzində ucalan Sant'İvo kilsəsinin fasadı və onun üzərində qövsşəkilli "OMNIS SAPIENTIA A DOMINO" ("Bütün müdriklik Tanrıdan gəlir", Sirax Müdriklik kitabı 1,1) yazısı yerləşdirilmişdir[4][5].
1703-cü ildə Papa XI Kliment kilsə və Universitet kompleksi üçün Yanikul təpəsində torpaq sahəsini alaraq tezliklə bütün Avropada məşhurlaşan və Romada bir ilk olan botanika bağının əsasını qoyur. 1870-ci ildə isə Sapienza Universiteti Papa vəkalətindən məhrum olur və adi şəhər təhsil mərkəzlərindən birisinə çevrilir. 1935-ci ildə isə duçe Mussolinin əmri ilə memar Marçello Pyaçentinin layihəsi əsasında Romada yeni Universitet kampusu yaradılır və Sapienzada saxlanılan bütün mühüm artefaktlar yeni mərkəzə köçürülür (yeni Universitet kampusunun mərkəzində Sant'İvo kilsəsinə bənzəyən, lakin daha sadə görünüşə malik Divina Sapienza kilsəsi inşa edilmişdir)[6]. Bu qərarın icrası nəticəsində Piazza Navona və Panteon məbədi arasında yerləşən geniş küçə turist axını tərəfindən ən çox ziyarət edilən gediş gəlişli sahəyə çevrilir. Hazırda Sapienza kompleksində tez-tez məşhur ifaçıların konsertləri təşkil olunur.
Memarlıq xüsusiyyətləri
redaktəKilsə Universitet binasının inşası üçün nəzərdə tutulmuş mövcud kompleksə hörülmüş və uyğunlaşdırılmışdır. Şərqdən qərbə doğru istiqamətlənən uzunsov və dördbucaqlı həyət kilsə kompleksinə daxil edilir, həyətin hər iki tərəfində ucalan ikimərtəbəli çökük və bükük passaj-arkada sıraları isə, kilsə fasadının vizual davamı olaraq istifadə edilir[7]. Fasadın yan və künc səthlərini plastik tərzdə yerinə yetirilmiş və VII Aleksandr Kidjinin sülalə gerbindən olan müxtəlif elementlər taclayır; italyan dilində "Monti" adlanan və Roma şəhərinin altı müqəddəs təpəsini simvollaşdıran kilsənin qabarıq divarları səkkizguşəli ulduzlarla bəzədilmişdir (əslən Siyena şəhərindən olan Kidji sülaləsi daha çox sələmçilik ilə məşğul olurdular və onların ailəvi gerbində təsvir olunan altı qızılı təpəcik, əslində onlar tərəfindən illər boyunca toplanılmış külli qızıl külçələrini rəmzləşdirirdi)[8].
İçəriyə doğru əyilmiş çökək fasad barabanın dairəvi və qabarıq divarları ilə kəskin ziddiyət təşkil edir, onların arxasında isə günbəz tağ-tavanı gizlənilir. Pillə cərgələri ilə örtülən günbəzli tavanın üzərinə dairəvi məbədin zəngin dekor işləmələrinə malik olan fənər hissəsi otuzdurulmuş, onun oyuqlarında yerləşdirilmiş pəncərələr isə, bir neçə sütun sırası ilə haşiyələnmişdir. Hətta dam çatının antablementində belə qabarıq və çökək formaların kontrastı təkrarlanır. Fənər isə, öz növbəsində ekstravaqant zahiri görünüşə malik spiralvari qüllə ilə bəzədilmiş, onun ən hündür nöqtəsi isə şöhrət çələngi və alovlanan tac ilə tamamlanmışdır[9].
Kafedralın interyeri
redaktəKilsənin ölçüləri olduqca kiçikdir; Borromini mərkəzi planın təşkilatı zamanı o dövrün memarlığı üçün səciyyəvi olan ənənəvi daxili məkan üslubiyyətından imtina etmişdir (bu cür yanaşma onun tərəfindən həmçinin San-Karlo alle Kuatro Fontane kilsəsində nümayiş etdirilmişdir). İtalyan barokkosunun dahi ustası bir-birinin üstünə iki bərabər düzgün üçbucaq yerləşdirərək, burada daha gəliz görünüşə malik ox simmetriyalı sxemi tətbiq etmişdir[10]. Ancaq həqiqətə nəzər yetirsək, kilsə planının zirvələri yumru puansonlar ilə kəsilmiş olan tək bir bərabərtərəfli üçbucaq əsasında inkişaf etdiyini görə bilərik; üçbucağın hər tərəfinin ortasında, sahəsi həminki radiusa malik olan yarımdairəvi qabarıqlarla genişlənir. Hazırlanmış kilsə planı, yuvarlaqlaşdırılmış küncləri və bucaqları olan Davud ulduzunu xatırladırdı. Belə qəliz konstruksiya, bir tərəfdən qarışıqsız zahiri mənimsəmə və qəbuletmə üçün olduqca mürəkkəb idi, digər tərəfdən isə kəskin ziddiyyət təşkil edən qabarıq-çökük elementlərin dinamik oyunu işığın və kölgənin bərq vurmaları ilə doldurulmuş təsirli sahəni özündə formalaşdırırdı. Bunun nəticəsində sakral və müqəddəs məkan mərkəzinin ətrafında formalaşan 6 taxça, öz qabarıq və çökük formaları ilə bir birini izləyirdilər. Bu cür mürəkkəb memarlıq həlli, üç istiqamətə uzanan aksial simmetrik məkan formasını təşkil edir[11].
Bu orijinal baza forması yüksək estetik cazibədarlığa malikdir, o, həmçinin mürəkkəb və məharətlə düzəldilmiş simvolika formasının daşıyıcısı kimi xidmət göstərirdi. İnteryerin təməlində yerləşən bərabərtərəfli üçbucaq Müqəddəs Üçlük kimi tanınan sakral və ənənəvi altar mərkəzini daha da vurğulayır. Üçbucaq ilə yanaşı, altıbucaqlı da müəyyən rola malikdir: daha öncə qeyd etmək lazımdır ki, cübbəxana kimi kilsənin əsas zalınındakı ətraf sahələri də altıbucaqlı formaya malikdirlər. Memarlıq üzrə mütəxəssislərin fikrincə, kilsənin altıbucaqlı forması arı şanalarının quruluşuna istinad edir; ilahi müdrikliyin başlıca simvolu hesab edilən arı, qüdrətli Barberini sülaləsinin heraldik heyvanı hesab edilirdi (bu ailənin ən məşhur nümayəndələrindən biri isə, Roma Papası VIII Urban idi)[12].
Daxili məkan bununla belə, daxili tərtibat müxtəliflik təəssüratı yaratmır; bütövlüklük hissini ona kannelyuralı nəhəng pilyastrlar bəxş edir və məbədin bütün interyerinə sanki səmaya yüksəliş istiqamətini bildirirlər. Günbəzin daxili məkanı ulduz motivlərini təkrarlayır, onun ən üst hissəsi isə, hamar şəkildə fənərin lakonik dairəsinə keçid yaradır. Gübəzin altı pəncərəsi kilsənin qar kimi ağappaq stukko zalını və qızıl suyuna salınmış ornamentləri günəş şüaları ilə aydınlatmağa köməklik göstərir.
Pilyastrın monumental və nizamlı korinf sırası interyerin divarlarını əhatə edərək, onu sıx və uzaq dəyişən ritm və intervallar ilə parçalara ayırır. Kilsənin sonuncu məkan hissəsi sayılan şərq taxçasında quraşdırılmış əsas altar üzərində, yüksək barokko dövrünün məşhur rəssamı Pyetro da Kortona tərəfindən təxminən 1680-ci ildə yerinə yetirilmiş böyük ikona kasıbların himayədarı olmuş Müqəddəs İvonu təsvir edir. İkonanın yuxarısında küləyin istiqamətinə doğru əsən qobelen və onun mərkəzində yerləşdirilmiş Müqəddəs Üçlük və digər səmavi kilsə patronları təsəvvür edilmişdir[13].
Ümumi götürdükdə, Sant'İvo kilsəsinin interyeri rotondaya quraşdırılmış formalara görə unikal sayılır. Kilsənin bu cür müəmmalı görünüşün yaradılmasına səbəb kimi, bir mənalı olaraq memarın ekstravaqant dünyagörüşü göstərilir; onun yaradıcılıq tərzi üçün daha çox düz xətlərin yoxluğu, mürəkkəb və əcaib arxitektura detallarının bolluğu, səviyyələrin başgicəlləndirən fərqləri ilə interyerlərin çətinləşdirilmiş planlaşdırması səciyyəvi idi. Ancaq məhz Sant'İvo üçün Borromini müxtəlif memarlıq üslublarını qarışdırmamağa və "təmiz barokko"-dan istifadə etməyi qərara alır. Bütün interyerin monoton çalarlara malik olmasına baxmayaraq, o, olduqca zəngin heykəltəraşlıq nümunələri və motivləri ilə doldurulmuşdur (hər bir ucubiz və dairəvi seksiya qanadlı arxangel fiqurlarına doğru istiqamətlənir)[14].
Günbəz
redaktəGünbəz əyriliyinin üzərində qüvvət, iqtidarlıq və fasiləsizlik təəssüratı yaradan möhtəşəm antablement ucalır. Divardakı pilyastrları vizual olaraq davam edən plastik suvaq və ştukko qabırğaları günbəzi hissələrə bölərək, fənərin dairəvi və halqayabənzər dirəklərinə tökülürlər. İşıqlı pəncərələin altısı günbəzin qabarıq və çökük əyri cızıqlı seqmentlərini, eləcə də planın gəliz formalarını tədricən və həmçinin növbəli şəkildə sadə çevrə olaraq yeni şəklə salırlar. Ətrafı işıqlı nura boyadan fənərin 6 pəncərəsi bundan əlavə olaraq həm də sütunlar vasitəsilə altı eyni ölçülü hissələ bölünmüşdür[15].
Günbəzin yapma naxışlı dekorları Papa VII Aleksandrın hakimiyyət illərinə aid edilir (məhz onun sifarişi ilə kilsənin interyer işləri tamamlanmışdır); belə ki, Papanın şəxsi monoqram və gerb rəmzləri günbəz pəncərələrinin üzərində yerləşdirilmişdir. Nişanə qalxanında təsvir olunmuş alovlanan tac, kilsənin qüllə şpilindəki ornament bəzəyinə oxşayır və onu daha qabarıq şəkildə eləcə də yaxın məsafədən seyr etmək məqsədilə kilsə interyerinin əlçatan sahəsinə yerləşdirildiyi ehtimal edilir. Digər üç relyef isə Papanın ailəvi gerbindən olan müxtəlif motiv və elementləri (palıd budaqları, kiçik taclar və s.) və ikonoqrafiyadan olan səhnəcikləri (Müqəddəs Bakirə Məryəmin zanbaqları və şəhid kilsəsində dəfn olunmuş iztirabçıların xatirəsinə palma budaqları) təsvir edirlər. Altı ədəd xeruvim fiquru günbəz pəncərələrinin üzərində, altı serafim ornamenti isə fənərdən bir qədər aşağıda yerləşdirilmişdir. Onların qanadları növbə ilə sıralanaraq xaç kimi çarpazlaşdırılmış və dekorativ formaların variasiyalarını həndəsi qaydada tamamlamışdır[16].
Daha əvvəllər metal milə quraşdırılmış və bununla da levitasiyanın təqlidini yaradan suvaqlanmış tökmə bəzək göyərçin fiqurları daha sonralar fənərin yuxarı hissəsinə köçürülmüşdür. Öz görünüşünə görə alovun dillərini xatırladan fənər qübbəsinin yapma bəzəkləri Müqəddəs Üçlüyün möcüzələrini rəmzləşdirir (daha çox yevangelizm cərəyanına xas olan Müqəddəs Üçlük və ya "Pantekost" inancının tərəfkeşləri, İsanın ölüb təkrar dirilərək göyə yüksəlişindən sonra Müqəddəs Ruhun həvarilərin üzərinə çökdüyü gün olduğuna inanırlar. Onlar həmçinin xristianlığın dünyaya qarşı vəzifələrinin başladığı gün olaraq da qəbul edirlər). Səkkiz- və altıgüşəli ulduzların formalaşdırdığı uzun cərgə Müqəddəs Ruhun yerə etdiyin eniş yolunu təsəvvür edir[17]. Beləliklə günbəz, kilsəyə ayaq basan hər bir ziyarətçiyə Müqəddəs Üçlüyün möcüzəsi mövzusunu bəddi şəkildə təsvir edir və prixod mənsublarının adətən dini ibadətlər zamanı eşitdikləri məlumatları sözsüz qavramalarına yardımçı olur. Digər mühüm interpretasiya isə, günbəzin forması ilə bağlıdır; burada sadə və hər şeyi əhatə edən səbəbkardan (yəni Tanrı) kainatı bildirən daha gəliz formaya bir keçiddir[18].
Spiral
redaktəFənərin üzərində quraşdırılmış və spiral formaya malik qüllənin şpili olduqca dar rampaların (yəni daha yuxarı səviyyəyə çıxmaq üçün qüllədə tətbiq edilən maili yol) köməyi ilə massiv dirəyin ətrafında üç dəfə dövriyyə vuraraq yuxarıya doğru qatlanır. Spiralın konsol hissələri və xarici səthi kiçik krabbe taclarına bənzəyən ornamentlərlə və qiymətli daşları xatırladan tökmə bəzək elementləri ilə karnizi səpələmişdir (Borromininin özü bu ornamentlərə müvafiq olaraq corone (taclar) və gioie (cavahirətlər) adlarını qoymuşdur[4]. Spiral bir qədər irəli çıxan yumru uzunsov brus daş ilə tamamlanaraq, dəfnə çələngi və alovlanan tac fiqurları ilə bəzədilmişdir. Onun üzərində qurşaqlanma metodu ilə hazırlanmış və qövs şəklində qatlanmış dəmir millər və qızıl suyuna çəkilmiş böyük kürə fiquru yerləşir (dəmir millər şərq, yəni pravoslav kilsələri üçün olduqca xas olan "makovka" tərzində əyilmişdirlər). Kürənin üzərində Malta ordeninə bənzəyən xaç və dimdiyində zeytun ağacının budağını saxlayan kiçik göyərçin fiquru yerləşir (həmin fiqur Roma Papası X İnnokenti Pamfilinin ailəvi gerb qalxanında da təsvir olunmuşdur). Xaçın kənarlarını "flör-de-lis" adlandırılan dörd heraldik zanbaq fiqurları bəzəyir (bu fiqur bir tərəfdən hakim sülalənin qüdrətini, dini nöqteyi-nəzərdən isə Bakirə Məryəmin doğuluşunu simvollaşdırırdı)[19][20].
Dayanıqlı və konstant şəkildə uzun illər boyunca dəyişilməz olaraq qalan memarlığın forma yaradıcılığının təkrarlanmamasına və mövcud yanaşmaların yeni və daha mürəkkəb modifikasiyalara uğramasına tərəfkeşlik edən Borromini tərəfindən qoyulan tələblər əsasında ərsəyə gəlmiş olan Sant'İvo kilsəsinin fənər hissəsinin qeyri-adi zahiri görünüşü, ondan sonra inşa edilən Roma kilsələrinin əksəriyyəti üçün hər kəs tərəfindən qəbul edilmiş orijinal, nəfis və füsunkar standartlara çevrilmişdir. Onun forma yaradıcılığında binanın funksiyasına dair metaforik və lüğəti-zarafatcıl işarələr gizlədilir[21].
İnterpretasiyaların bütöv bir sırası konstruktiv simvolikaların nəql edilməsinə yönəldilmişdir. Məsələn, kilsə qülləsinin öz görkəmi ilə mitrakimilər sinfindən olan balıqqularını təqlid etməsi daha inandırıcı interpretasiya olaraq qiymətləndirilir (molyusklar tipinin ən geniş yayılmış sinfi olan senoqastropodların, yəni mitraların ən əhəmiyyətli xüsusiyyətlərindən birisi, çanaq korpusunun spiral şəklində və saat əqrəbinin əksinə doğru dövrələnməsidir). Həmin ekzotik ilbizlərin çanaqları Borromini də daxil olmaqla, bir çox aristokratik sülalələrin sahib olduqları "kuryöz kunstkameralarında", yəni nadir əşyalar kabinetlərində tez-tez aşkar edilirdi[22]. Təkcə forma deyil, həmçinin italyan dilidə olan Mitra papalis adı və onun təxminən XVII əsrdə corona papale termini ilə əvəzlənən Roma Papasının tacı, katolisizm hegemoniyasının başlıca rəmzi olan tiaranı simvollaşdırır. Papa tiarasının lat. triregnum ("üççarlıq") ikinci adının müxtəlif təfsir variantları vardır: məsələn, papanın göylər, torpaq və cəhənnəm üzərində hakimiyyəti, papanın bütün katolik dünyasında həm qanunverici həm də ruhani hüququnu göstərən anlam. Kilsə həyətinə ayaq basan hər bir ziyarətçinin baxış perspektivası nöqteyi-nəzərindən spiral həqiqətən bir-birinin üzərinə qoyulmuş klassik tiara təəssüratı və illüziyasını yaradır. Papa tiarasının memarlıq detalı qismində binaların fasadında yerləşdirilməsi tendensiyasını Borromini ilə yanaşı, həmçinin həmin dövrdə fəaliyyət göstərmiş digər memar və heykəltəraşların müəllifləri olduqları tikililərdə də müşahidə etmək olardı.
Spiral struktur bundan başqa həmçinin XVI əsrin miniatür ustaları tərəfindən yaradılmış Babil qülləsinin təsəvvür etmələri ilə valehedici oxşarlığa malikdir, məhz bu səbəbdən də kilsə binası bəzi sənətşünaslar tərəfindən "müdriklik qalası" olaraq adlandırılmışdır; bu, bəzi tarixçilərin Babil qülləsinin güclü mənfi konnotasiyaya malik tikili olaraq qiymətləndirmələrinə qarşı irəli sürülmüş cəsarətli izahetmə idi. Həmçinin spiral qülləsinin inşa edilməsi üçün əfsanəvi İsgəndəriyyə mayakının model olaraq istifadə olunması kimi bəzi fərziyyələr mövcuddur (bu versiyanın irəli sürülməsinin başlıca səbəbi olaraq, Roma Papası VII Aleksandrın sifarişi ilə nəhəng sayda qiymətli elmi əsərlərin kilsəyə bitişik universitetdə yerləşdirilməsi göstərilir)[23]. Bundan başqa Romadakı bu özünəməxsus görünüşə malik kilsənin spiralvari qülləsi, bir zamanlar İtaliyaya təşrif buyurmuş danimarkalı memarlarının çox xoşuna gəlmişdir və onlar Kopenhagenə geri qayıtdıqdan sonra Xilaskar kilsəsinin inşası çərçivəsində həmin orjinal şpilin təkrarlanmasına çalışmışdılar (Kopenhagendə yerləşən və qızılı-siyah burğuyabənzər hündür kilsə qülləsi indiyə kimi şəhərin təkrarolunmaz abidəsi hesab edilir)[24][25].
Sant'İvo müdriklik alleqoriyası qismində
redaktəXVI əsrin ortalarından etibarən Roma Papasının mülkiyyətində olan Arxigimnazium binasına "La Sapienza", yəni "müdriklik" titulu təqdim edilmişdir. Universitetin girişi qarşısında yerləşən darvazaların üzərində, V Sikst tərəfindən yaradılması sifariş edilən və xristianlıqda din ilə elmin bir-biri ilə vəhdət şəkildə yaşamaq mümküniyyətini sübut edən "INITIUM SAPIENTIAE TIMOR DOMINI" (Bütün müdrikliyin başlanğıcı Tanrı qarşısında olan qorxudan) yazısı və Əhdi-Ətiq olan digər kəlamlar yerləşdirilmiş və bununla da binanın ləqəbinə məntiqi izahat gətirilmişdir.
İlahi müdriklik adətən böyük əziyyətlər hesabına təhsil alan insanın zəhmətli tədqiqat işləri nəticəsində əldə etdiyi dünyəvi erdisiyaya qarşı çıxırdı, özünün aydın və işıqlı gələcəyin rəmzi olaraq hesab edən erudisiya isə, bununla belə zamanın tez axışı və dini təlaş şəraitində püxtələşir və inkişaf edirdi. İlahi müdrikliyin erudisiyadan fərqli olaraq Tanrı tərəfindən ona inanan və daimi şəkildə bütün ibadət işlərini yerinə yetirən saf insanlara bəxş edilirdi. Məhz dünyəvilik ilə dinçilik arasında gedən uzun mübahisələrin sona çatdırıması məqsədilə Roma Papası tərəfindən özündə müdrikliyin memarlıq alleqoriyasını təcəssüm etdirən Sant'İvo Universitetinin əsası qoyulmuşdur.
Barabanın mərkəzi pəncərəsi üzərində relyef yerləşir. O, yeddi möhürlü kitab ilə quzu balasını təsvir edir. Həmin elementin italyan yazıçı Çezare Ripas tərəfindən yazılmış Iconologia kitabından götürüldüyü ehtimal olunur. Bu konteksə uyğun üslubiyyatda kilsənin günbəzində də Müqəddəs Üçlük möcüzəsi Günbəz pəncərələrinin üzərindəki xeruvimlər ilahi müdrikliyi, serafimlər isə xeyriyyə məqsədlərini, yaxınlara qarşı olan sevgi ehkamlarını simvollaşdırırlar. Bundan əlavə olaraq, Barberini sülaləsinin ən sevdiyi dini heraldik elementlərdən biri olan arılar da ilahi hikmətlərdən insanlara şəhadət edir.
Barberini arıları
redaktəBarberini ailəsi şəxsi nişanəyə malik idi, hansı ki, Roma Papasının tacını və Müqəddəs Pyotrun açarlarının fonda üç arı fiqurunu özündə ehtiva edirdi. Öz mövqeyini ifadə etmək və öz şəxsi niyyətlərini və idealları vurğulamaq məqsədilə bir çox Papa və başqa məşhur şəxsiyyətlər tərəfindən istifadə edilən simvolların müxtəlifliyi heç də təsadüf deyildi. Arı zəhmətsevərliyin, fədakarlığın və bəlağətin simvoludur. Müqəddəs yazının mütəxəssisləri və yayıcıları olaraq Müqəddəs Amvrosi və Müqəddəs Bernard Klervoski bilavasitə bu simvollar ilə bağlı idilər və həmin zəhmətsevər arılar agioqrafik mətnlərdə təqdim olunan epizodların tez-tez mərkəzi qəhrəmanları olurdular. Erkən xristianlıq dövründə kilsə icması arı pətəyi ilə eyniləşdirilirdi; burada dinsevər cəmiyyət və ruhanilər sanki kiçik arılar kimi zəhmətsevən və itaətə sadiq bir şəxslər olaraq təqdim olunurdular. Arıların hazırladığı bal isə, bununla əlaqədar olaraq, İlahi Sözün və xristoloji xəbərin metaforası kimi qəbul olunurdu[26].
Palazzo della Sapienza sarayının daxili həyətinə açılan fasadı arı fiqurları bəzəyir; onlar memarlıq dekoru olaraq karnizin aşağısında medalyonların içərisində yerləşdirilmişdilər. Bundan başqa, Sant'İvo alla Sapienza kilsəsinin ümumi planında arı fövqəltəbii interpretasiyaya malik idi; arılar uzun müddət boyunca Barberini ailəsinin əhəmiyyətli simvolu kimi istifadə edilmiş və memar Berninin yaradıcılığında öz əksini tapmışdır[26].
Arıların bədən formaları ümumi kilsə planı kimi bərabəryanlı altıbucaq şəklinə uyğunlaşdırılmışdır; belə ki, arının altı ayağı, altıbucaqlı həndəsi fiqurun künclərini, onun başı və qarın nahiyəsi isə, Sant'İvo kilsəsinin altı taxçalarını rəmzləşdirir. Bununla belə, qeyd etmək lazımdır ki, Berninidən fərqli olaraq, kilsənin təməlini qoymuş olan Borromini daha mühafizəkar baxışlara sahib olduğu üçün başlanğıcda kompleksdə arı və buna bənzər digər həşərat fiqurlarının yerləşdirilməsinə qarşı çıxırdı. Lakin gələcək binada ailəvi gerbdən olan elementlərin olmasını arzuladıqlarını bildirən zəngin sülalə üzvləri tərəfindən layihə üçün külli miqdarda vəsaitin ayrılmasından sonra, Borromini öz etirazını razılıqla əvəz etməyə məcbur olur.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ ArchINFORM (alm.). 1994.
- ↑ Paolo Portoghesi, Sant'Ivo alla Sapienza in "Arte & Storia", dic 2008
- ↑ Piperno, Roberto; Moore, Rosamie. "Archiginnasio della Sapienza". RomanArtLover.com. 2010. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-14.
- ↑ 1 2 Scott 1982
- ↑ Moshe Zevi (Moses Hirsch), in: Encyclopaedia Judaica, Second Edition, Band 3
- ↑ Chenis, Carlo: La Cappella dello Studium Urbis. Un dono del Papa, un segno di cultura cristiana. In: Benedetti, Sandro e Mariano Apa (a cura di): La Cappella della Divina Sapienza nella città universitaria di Roma. Roma 1998, pp. 9–56.
- ↑ Tedeschini, Laura. "The floor Plan of Sant' Ivo by Borromini" (PDF). Journal of Applied Mathematics. 3 (I). 2010. 2016-05-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-14.
- ↑ Graziano Baccolini. La Tomba dei Tori e i suoi Simboli Religiosi: La pietra Ovale e la Croce. 2016-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
- ↑ Bramblett, Reid. "Sant'Ivo alla Sapienza". ReidsItaly.com. March 2014. 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-14.
- ↑ Fiorenza Rangoni. S. Ivo alla Sapienza e lo "Studium Urbis". Roma: Palombi. 1990.
- ↑ Thürlemann 1990
- ↑ John Beldon Scott. S. Ivo alla Sapienza and Borromini's symbolic language. "Journal of the Society of Architectural Historians". dicembre 1982. səh. numero 4.
- ↑ Alessandro La Rocca. "Storia architettonica di S. Ivo alla Sapienza". 24 agosto 2016. 2016-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
- ↑ Claude Mignot et Daniel Rabreau (dir.) — Histoire de l'art Flammarion — Temps modernes, XVe-XVIIIe siècles, page — 372
- ↑ Rosario Gagliardi. L'architettura barocca in Italia e in Europa, in Annali del Barocco in Sicilia. Ed. Gangemi. 1996.
- ↑ Adrian Snodgrass. Architettura, Tempo, Eternità, Il simbolismo degli astri e del tempo nella architettura tradizione, (edizione italiana curata da Guglielmo Bilancioni). Milano 2004: Bruno Mondadori. ISBN 8842490040.
- ↑ Ost 1967
- ↑ Raspe, Martin (1994). Das Architektursystem Borrominis. München: Deutscher Kunstverlag: Kunstwissenschaftliche Studien, 0170-9186; 62. ISBN 3-422-06131-2.
- ↑ Eugenio Battisti. "Il Simbolismo in Borromini,". in Studi 1967.
- ↑ Antonino Saggio. Nuove interpretazione iconografiche e architettoniche del capolavoro di Francesco Borromini alla Sapienza di Roma. Il Motivo di Sant'Ivo (DADA architetti associati). 02 mar 2005. 10 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2016.
- ↑ Scott, John B. S. Ivo alla Sapienza and Borromini’s symbolic language //. Journal of the Society of Architectural Historians. 1982. — № 4. P. 294—317. (#apostrophe_markup)
- ↑ Rudolf Wittkower. Arte e architettura in Italia (1600-1750). Torino 1982 n.e.: Einaudi. ISBN 978-8806132415.
- ↑ Herz 1989
- ↑ Jules Verne på besøg (PDF). Kend Christianshavn. Christianshavns Lokalhistoriske Forening & Arkiv. 2021-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-14.
- ↑ Hans Aage Paludan. Rom og Danmark gennem Tiderne. Under Redaktion af Louis Bobé. Bd. 1 og 2. (1935 og 1937).[ölü keçid]
- ↑ 1 2 Leonardo Benevolo. Storia dell'architettura del rinascimento. Laterza, Roma Bari 1973 n.e.
Ədəbiyyat
redaktə- Alexandra Herz: "Borromini, S. Ivo, and Prudentius", Journal of the Society of Architectural Historians 2/1989, S. 150–157.
- Hans Ost: "Borrominis römische Universitätskirche S. Ivo alla Sapienza", Zs. f. Kunstgeschichte 30/1967, S. 101–142.
- Paolo Portoghesi: Borromini: architettura como linguaggio. Mailand 1967.
- John B. Scott: "S. Ivo alla Sapienza and Borromini’s symbolic language", Journal of the Society of Architectural Historians 4/1982, S. 294–317.
- Felix Thürlemann: Vom Bild zum Raum: Beiträge zu einer semiotischen Kunstwissenschaft. Köln 1990, S. 153–179.
- Rudolf Wittkower: Art and Architecture in Italy 1600–1750. Harmondsworth 1982, S. 206–212.
- Joseph Connors: S. Ivo alla Sapienza. The spiral. Burlington Magazine 138/1996, S. 668–682.
- Joseph Connors: S. Ivo alla Sapienza. The first three minutes. Journal of the Society of Architectural Historians 45/1996, S. 38–57.
- Martin Raspe: Borromini und die Antike. In: Borromini, Architekt im barocken Rom. Ausstellungskatalog Mailand 2000, S. 89–100
Xarici keçidlər
redaktə- Tarixi rəsmlər və detallı bilgilər
- Günbəzə baxış
- Struktur diaqramları Arxivləşdirilib 2009-07-08 at the Wayback Machine