Sarimeddin Ibrahim Bey Ramazanoglu - Wikipedia
Sarımüddin İbrahim bəy Ramazanoğlu (türk. II İbrahim bey Ramazanoğlu; ? - 1427) - Ramazanoğulları bəyliyinin hökmdarı.
Sarıməddin II İbrahim bəy Ramazanoğlu | |
---|---|
İbrahim bəy Ramazanoğlu | |
Ramazanoğulları bəyi | |
1416 – sentyabr 1418 | |
Əvvəlki | Şəhabəddin Əhməd bəy Ramazanoğlu |
Sonrakı | İzzəddin Həmzə bəy Ramazanoğlu |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Qahirə |
Atası | Şəhabəddin Əhməd bəy Ramazanoğlu |
Hakimiyyəti dövrü
redaktəŞəhabəddin Əhməd bəyin ölümündən sonra oğulları arasında hakimiyyət uğrunda müharibə başladı. Bu mübarizədə İbrahim bəy hakimiyyəti ələ keçirə bildi. Məmlük sultanına elçilər göndərərək tabe olduğunu bildirdi. Ramazanoğulları bəyliyindəki ara müharibədən istifadə edən Qaramanoğulları Tarsusu yenidən ələ keçirdilər. Məmlük sultanı Məlik ül-Müəyyəd 1417-ci ildə Suriya səfərinə çıxdı. Məmlük ordusu Amik düzənliyinə çatanda İbrahim bəy Ramazanoğlu ordusu ilə ona qoşuldu. Ailəsi ilə sultanın hüzuruna çıxan İbrahim bəy, sultanın inamını qazandı. 1418-ci ildə İbrahim bəy Ramazanoğlu Məhəmməd bəy Qaramanoğlunun qızı ilə evləndi. Ramazanoğulları-Qaramanoğulları birləşmiş qüvvələri Tarsusu Məmlüklərdən azad etmək üçün hücuma keçdi. Ramazanoğullarının dönük çıxdığını əsas gətirərək Məmlük sultanı İbrahim bəyin yerinə İzzəddin Həmzə bəyi Ramazanoğulları bəyliyinə hakim təyin etdi.
Hakimiyyətindən sonrakı dövr
redaktəİzzəddin Həmzə bəyin hakimiyyəti formal xüsusiyyət daşıyırdı. Bəyliyin idarəsi demək olar ki, tamamilə İbrahim bəyin əlində idi. Məhəmməd bəy Qaramanoğlu Tarsusu geri almaq üçün növbəti dəfə hücum etdi. Qaramanoğulları ilə Məmlüklər arasında baş verən döyüşlərdə çoxlu sayda əsgər öldürüldü. Məhəmməd bəy Qaramanoğlunun oğlu Mustafa bəy Tarsusu Məmlüklərdən azad etdi.
Qaramanoğullarının İbrahim bəy Ramazanoğlunu dəstəkləməsini yaxşı qarşılamayan Məmlük sultanı oğlu Seyid İbrahim rəhbərliyindəki ordunu Qaraman ölkəsinə göndərdi. Tarsusun fəthi üçün isə Şam hakimi Tani-Beki göndərdi. Zülqədəroğulları bəyliyindən kömək alan Məmlük ordusu Niğde, Eregli, Larende şəhərlərini dağıtdı. Qaramanoğulları bəyliyi Məhəmməd bəydən alınaraq Əli bəyə verildi.
Şam hakimi ilə İzzəddin Həmzə bəy Tarsus, Adana, Misis bölgələrini ələ keçirdi. İbrahim bəy Məmlüklərə məğlub olduğundan Məhəmməd bəy Qaramanoğlunun yanına qaçdı. Məhəmməd bəyin Kayseri yürüşündə İbrahim bəy onunla getdi. Nasirəddin Məhəmməd bəy Zülqədər müttəfiq ordularını məğlub etdi. Döyüşdə Məhəmməd bəy Qaramanoğlu əsir düşdü, oğlu Müstafa bəy isə öldürüldü. İbrahim bəy isə aradan çıxmağı bacardı.
İzzəddin Həmzə bəy İbrahim bəylə mübarizədə bacarmadığından yerinə ilk öncə oğlu Əhməd bəy, sorna isə Əli bəy hakimiyyətə gətirilir. Hakimiyyət uğrunda döyüşlərin birində İzzəddin Həmzə bəy öldürülür. 1427-ci ildə Məmlük sultanı Sultan Baybarsın əmri ilə Sədi bəy İbrahim bəy Qaramanoğlunun yanına elçi göndərir. İbrahim bəydən İbrahim bəy Ramazanoğlunun təhvil verilməsi tələb edilir. İbrahim bəy Qaramanoğlu yeznəsi İbrahim bəy Ramazanoğlunu Məmlük elçilərinə təhvil verir. İbrahim bəy Ramazanoğlu ailəsi ilə birlikdə Qahirəyə götürülür və Cəbəl qalasına salınır. 1427-ci il 15 dekabr tarixində edam edilir.