Sarayevo Qetli - Wikipedia
Sarayevo qətli — 1914-cü il iyunun 28-də Sarayevoda serb milliyyətçisi Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan taxt-tacının vəliəhdi, ershersoq Frans Ferdinandın və onun xanımı Sofiya Hohenberqin qətlə yetirilməsi. Bu hadisə Birinci dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdur.
Sarayevo qətli | |
---|---|
Tarix | 28 iyun 1914 |
Qurbanlar | |
Ölənlərin sayı |
|
Zədəlilər |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qətlin arxasında Serbiya ordusunun zabitlərini birləşdirən milliyyətçi "Çrna Ruka" (azərb. "Qara əl") təşkilatı dayanırdı. Təşkilat Avstriya-Macarıstanın hakimiyyəti altında olan serbləri azad etməyə, Bosniya və Herseqovina və Serbiyada gəncləri milli azadlıq hərəkatına cəlb etməyə çalışırdı. Təşkilatın rəhbəri serb əks-kəşfiyyat xidmətinin rəisi, "Apis" ləqəbli polkovnik Draqutin Dmitriyeviç idi.
Qətlin planlaşdırılması
redaktə1908-ci ildə Frans Ferdinandın təşəbbüsü ilə Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən ilhaq edilməsi bosniyalıların və serblərin bu dövlətə qarşı nifrətini gücləndirmişdi. Serblərin həyata keçirdikləri terror aktları nəticəsində bir neçə Avstriya zabiti öldürülmüşdü.
Avstriya-Macarıstan taxt-tacının vəliəhdi olan ershersoq Frans Ferdinandı öldürmək planı Serbiyanın baş nazirinə məlum idi. O, cinayətin törədilməsindən sonra Bosniya və Herseqovinanın tezliklə müstəqil olacağına ümid edirdi. Ancaq Avstriya-Macarıstan və Serbiya arasında yaranacaq müharibədən də ehtiyatlanırdı. Sui-qəsdi həyata keçirmək üçün Sarayevoya 6 nəfərlik dəstə göndərilmişdi. Onların arasında əsas icraçılar Qavrilo Prinsip, Nedelko Çabrinoviç və Trifko Qrabez idi. Bu 3 şəxs Frans Ferdinandı qətlə yetirdikdən sonra özlərinə sui-qəsd etməli idilər. Bunun üçün onlara qumbara və tüfənglə yanaşı, zəhərli maddə olan kalium-sianid də verilmişdi. Bu üç nəfər həm də vərəm xəstəliyindən əziyyət çəkirdilər və ömürlərinin sonuna az qaldığını bilirdilər. Buna görə də Dmitriyeviç işi icra etmək üçün məhz onları seçmişdi.
Sarayevoda qətl
redaktəQarşılama
redaktəAvstriya-Macarıstan İmperiyasının Bosniya və Herseqovinadakı qubernatoru general Oskar Potiorek 28 iyunda Sarayevoda ordunun gücünü və manevr qabiliyyətini yoxlamaq üçün hazırlanan hərbi təlimlərə vəliəhd Frans Ferdinandı da dəvət etmişdi. 1914-cü il iyunun 28-i, bazar günü səhər saat 10:00-da Frans Ferdinand xanımı ilə birlikdə Sarayevo dəmir yolu vağzalında general Potiorek tərəfindən qarşılandı və tezliklə onları daşıyan 6 avtomobildən ibarət kortej şəhər bələdiyyəsinə doğru hərəkət etməyə başladı.
Uğursuz cəhd
redaktə"Qara əl"in üzvləri F. Ferdinandın olduğu avtomobilin hərəkət etdiyi yolu nəzarətə götürmüşdülər. Appel küçəsi yaxınlığında Nedelko Çabrinoviç qumbaranı avtomobilin üzərinə atdı. Lakin qumbara yerə düşdükdən bir neçə saniyə sonra arxadan gələn avtomobilin yaxınlığında partladı. "Reuters" agentliyinin verdiyi məlumata görə bu zaman 20 nəfər yaralanmışdı. Çabrinoviç ələ keçməmək üçün kalium sianidi qəbul edərək özünü yaxınlıqdakı Milyatska çayına atdı. Lakin hansısa səbəbdən zəhər təsir göstərmədi və Çabrinoviç polis işçiləri tərəfindən yaxalanaraq həbs edildi.
Şəhər bələdiyyəsində görüş
redaktəF. Ferdinand bələdiyyə binasındakı iclasda bura gəlişi zamanı baş verən hərəkətlərdən narazılığını bildirdi və şəhər merinin çıxışını yarımçıq kəsib acıqla dedi: "Mən anlaya bilmirəm, Sarayevoya sizin görüşünüzə gəlirəm və məni bomba ilə qarşılayırsınız. Çox qəribədir!" Şəhər bələdiyyəsindəki işlərini tamamlayan ershersoq qumbaranın partlamasından zərər çəkmiş şəxslərə baş çəkmək üçün şəhər xəstəxanasına yollandı.
Qətl
redaktəF. Ferdinandı və xanımı Sofiyanı daşıyan üstüaçıq avtomobil Frans İosif küçəsindən keçərkən, təsadüfən həmin küçədə yerləşən kafedə oturmuş Qavrilo Prinsip onları gördü. O, avtomobilə doğru qaçdı və onun üzərinə çıxaraq Frans Ferdinandın və xanımının başına və qarnına bir neçə dəfə "Brauninq" tipli tapançadan atəş açdı. Onları tibbi yardım göstərmək üçün dərhal general Potiorekin malikanəsinə çatdırmağa çalışsalar da güllə yaraları çox ağır olduğundan əvvəlcə Frans Ferdinand, 10 dəqiqə sonra isə xanımı Sofiya Hohenberq yoldaca vəfat etdilər. Üstəlik bu zaman Sofiya hamilə idi. F. Ferdinandın cangüdəni, polkovnik-leytenant qraf Frans fon Arraşın dediyinə görə onun ölməzdən əvvəlki son sözləri: "Sofi, Sofi, ölmə, uşaqlarımızın xətrinə yaşa" və qrafın yara ilə bağlı suallarına 6–7 dəfə təkrarladığı "Bu bir şey deyil" ifadələri olmuşdu.
Q. Prinsip yaxalanmamaq üçün üzərindəki zəhəri içsə də qusaraq qaytardı. Tapançada qalan güllələrlə özünü öldürmək istəyərkən yaxınlıqdakı adamlar tərəfindən yaxalandı. Bu zaman onu elə döymüşdülər ki, həbsxanada bir əlini amputasiya etmək məcburiyyətində qalmışdılar.
Məhkəmə
redaktəSui-qəsdlə əlaqədar 25 nəfər yaxalandı. 1914-cü il 12–28 oktyabr tarixləri arasında keçirilən məhkəmədə onlardan 9-u təqsirsiz bilinərək azad edildi. Qətlin təşkilatçılarından beşi – Danilo İliç, Velko Çubriloviç, Mixaylo Yovanoviç, Nedyo Keroviç və Yakov Miloviç ölüm cəzasına məhkum edildilər, lakin sonuncu iki nəfərin cəzası sonradan müvafiq olaraq 20 il və ömürlük həbs cəzası ilə əvəz edildi. Ölüm cəzası 1915-ci il 3 fevral tarixində icra edildi. Nedelko Çabrinoviç, Trifun Qrabez və Qavrilo Prinsipin yaşı 20-dən aşağı olduğu üçün Avstriya-Macarıstan qanunlarına görə onlara ölüm cəzası tətbiq edilmədi və maksimum mümkün olan 20 il həbs cəzası verildi. Lakin Nedelko Çabrinoviç 23 yanvar 1916-cı, Trifun Qrabez fevral 1918-ci, Qavrilo Prinsip isə 28 aprel 1918-ci ildə həbsxanada vərəm xəstəliyindən öldülər. Digər müttəhimlər müxtəlif müddətlərə həbs cəzasına məhkum edildilər.
Sui-qəsdin nəticələri
redaktəMəhkəmə işinin gedişində bu qətlin arxasında Serbiya hökumətinin dayandığı müəyyənləşdirildi və nəticədə Avstriya-Macarıstan Serbiyaya İyul ultimatumunu elan etdi. Ultimatumun şərtləri ilə tam razılaşmadığına görə 1914-cü il iyulun 28-də Avstriya-Macarıstan İmperiyası Serbiyaya müharibə elan etdi. Avqustun ilk həftəsində müharibəyə Almaniya, Rusiya, Böyük Britaniya və Fransanın da qoşulması ilə bu müharibə Birinci dünya müharibəsinə çevrildi.