Seyidaga Onullahi - Wikipedia
Seyidağa Onullahi (26 avqust 1925, Astara, Gilan ostanı – 2004, Bakı) — Tarix üzrə elmlər doktoru, şərqşünas, professor, Bakı Dövlət Universitetinin "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri (2001–2004-cü illər) olmuş, "21 Azər" medalı ilə təltif olunmuş 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatının iştirakçısı.
Seyidağa Onullahi | |
---|---|
Doğum tarixi | 26 avqust 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 2004 |
Vəfat yeri | |
Elm sahələri | tarix, Azərbaycan tarixi, İran tarixi |
Elmi dərəcələri | |
Elmi adları | |
İş yerləri | |
Təhsili |
|
Mükafatları |
Həyatı
redaktəSeyidağa Onullahi 26 avqust 1925-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdi. 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və buna görə "21 Azər" medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Sovet Azərbaycanına (hazırda Azərbaycan Respublikası) pənah gətirmişdir. Astarada şəhər siyasi idarəsinin rəisi işləmişdi. Güney Azərbaycanda Pişəvəri hərəkatının faciəli süqutu zamanı Sovet Azərbaycanına gəlmiş, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdı.1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. 1962-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının (hazırda Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunun "Orta əsrlər tarixi şöbəsi"ndə kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləmişdir. Ömrünün son illərində, 2001-ci ildən 2004-cü ilədək Bakı Dövlət Universitetinin (BDU) "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıca problemlərinin araşdırılması ilə bağlı olmuşdur. Bir neçə sanballı monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifi olmuşdur.[1]
Yaradıcılığı
redaktə"Təbriz şəhərinin tarixi" (1982)[2], "İran fəhlələrinin tətil hərəkatı: 1951–1953-cü illər" (1968)[3], "Övliya Çələbi"[4], "Gəncənin tarixi", "Azərbaycan tarixi"[5], eləcə də AMEA-nın çoxcildli "Azərbaycan tarixi"[6] kitablarının müəlliflərindən biri idi. Onun "Erməni millətçiləri və İran"[7] kitabı Londonda və Bakıda çap olunmuşdu. Fars, ərəb, fransız, rus, türk dillərini bilirdi. Orta yüzil qaynaqlarını araşdıraraq nəşr etdirmişdi. S. M. Onullahi Azərbaycan tarixinə dair dəyərli mənbə olan Məhəmməd Müfid Yəzdinin "Müxtəsəri-Müfid" əsərini ilk dəfə təhlil etmiş və Təbrizin XVII əsrin sonundakı vəziyyəti haqqında bu əsərə istinadən maraqlı məlumatlar vermişdi. Qeyd edək ki, bu əsər Məhəmməd Müfid Yəzdi tərəfindən 1680-ci ildə Lahurda yazılmış və nəşr olunmamışdır[8]. Bu qaynaqla yanaşı S. M. Onullahi Xondəmirin "Nameyi Nami" əsərinin Bakı nüsxəsi[9], Əbülqasim Kaşaninin "Tarix-i Ulcaytu" adlı elxanilər dövünə aid əsəri[10], Mahmud Nətənzi və onun "Nəqavət əl-asar fizikr-ül əxyar" əsəri[11], Fəzli İsfəhaninin "Əfzəl-ət-təvarix" adlı əsəri[12], Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin "Tarix-i Abbasi"[13] adlı mənbələrə, Səfəvilər dövləti ilə bağlı bəzi məktublara[14] dair məqalələr nəşr etmişdir.
Qarabağ
redaktəOnullahinin tədqiqatlarında Qarabağ da müstəsna yer tutmuş bu barədə "Dövrün farsdilli qaynaqlarına istinadən" "Azərbaycan Qarabağı", "Arran Qarabağı"[15], "Qarabağ XV–XVII"[16] əsrlərdə adlı məqalələrində maraqlı məlumatlar vermişdir. O yazır ki, "Qərbdən Kiçik Asiya, şimaldan Muğan və Gürcüstan, cənubdan Ermənistanla həmsərhəd olan Arran Şirvan ilə Azərbaycanın cənub hissəsi arasında olan ərazi idi"[16]. Dövrün mənbələrinə istinadən isə göstərir ki,
"Naxçıvanın şimalında Qarabağlar, Urmiyanın şimalında Qarabağ, Əfqanıstanda Qəzneynin qərbində Qarabağ fars əyalətində Qarabağ rayonu, Cənubi Azərbaycanda Araz çayı sahilində Qarabağ və s. yerlərdə bu adın olması türkdilli tayfa adı olmasını sübut edir. Erməni tarixçisi Riçard Hovanesyan da "Ermənistan Respublikası" əsərinin I cildində Qarabağ mahalını Cənubi Qafqazın ərazisində müsəlmanlar yurdu kimi qeyd etmişdir. Atabəylər dövründən tutmuş Qacarlara qədər türk hökmdarları həmişə Qarabağda – Aranda qışlaq etmişlər. Teymurun özü, oğlu Şahrux Qarabağda qurultay çağırmışlar"[17].
Təbriz
redaktəS. M. Onullahi Təbriz şəhərinin tarixi ətraflı şəkildə işləmişdir. Bu barədə həm 1982-ci ildə tarix elmləri doktorluğu almaq üçün müdafiə etmiş olduğu fundamental əsəri[18], həm də Təbriz şəhəri ilə bağlı silsilə məqalələri məlumdur. Bu məqalələrdə Təbriz mədəniyyət[19], maarif və məktəb tarixindən[20], Təbriz kitabxanalarından[21], Təbrizdə baş verən zəlzələlər[22][23], Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi[24], Xaqani Şirvaninin Təbrizlə bağlılığı[25], Elxanilər dövründə Təbrizdə tikilmiş Rəb-i Rəşidi məhəlləsinin tarixi və əhəmiyyəti[26], Təbriz abidələri[27], o cümlədən də Təbrizin Cahsanşah yadigarı hesab edilən 1465-ci ildə tikilmiş Göy məscidinin tarixçəsi[28] və başqa tarixi məsələləri barədə məlumatlar vermişdir.
Səfəvilər
redaktəS. M. Onullahinin yaradıcılığında Səfəvilər dövləti ilə bağlı tədqiqatlar da mühüm yer tutmuşdur. Səfəvilərin soykökünün türk olması haqqında Onun tədqiqatlarında tarixçilik üçün həm maraqlı və həm də yeni məlumatlar vardır. Müəllif XIV yüzillikdə yaşamış Təvəkkül ibn İsmayıl ibn hacı əl-Ərdəbilinin "Səffat əs-Səfa" adlı əsərinə istinad edərək yazır:
"Şeyx Səfiəddin bu ləfz ilə buyurdu – Ey xüləfa camaatı, Xacə Səfiəddinə dua edin ki, rəhmətlik Şeyx Zahidin və mən türkzadənin (türk oğlunun) taxtını aparmışdır"[29]. Seyidağa Onullahi olduqca elmi əhəmiyyətli olan bu fikirə istinad edərək Səfəvilərin soykökünü kürdləşdirməyə, yaxud da farslaşdırmağa çalışan tarixçilərə tutarlı cavab verərək göstərir ki, Şeyx Səfiəddin türk olduğunu hər halda onlardan daha yaxşı bilərdi[29]
Azərbaycan dili tarixinin saxtalaşdırılmasına qarşı fəaliyyəti
redaktəOnullahi həm də İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin saxtalaşdırılmasına dair fikirlərə münasibət bildirərək bu barədə məqalə yazmış və məqaləsində[30] Kəsrəvi başda olmaqla İran alimlərinin mövqeyini ifşa etmişdir. Məqaləsində azəri dilindən "Qədavü bəla taçinəm" (Qadanı, balanı alım), "Bibə-bəki çeşmət can dəhəm" (Gözünün bəbəyindən ötrü can verərəm) və. s misallar gətirməklə Azərbaycan dili ilə bu dil arasında fərqləri göstərmişdir. Məqalədə obyektiv elmi mövqeyini qoyaraq İran alimlərinin iddia etdiyi kimi "Səlcuqlar dövründə azərbaycanlıların dilinin azəri dili (fars, İran mənşəli dil) olması, türk dilinin isə təzə gəlmiş türklərin dili olması" fikrinin yanlış olmasını göstərmişdi[30]. Bir başqa məqaləsində isə İranda milli məsələnin qoyuluşuna[31] toxunmuş və göstərmişdir ki, "Ərəb istilasından sonra XI əsrdən 1925-ci ilə qədər İranda hakimiyyətdə türkdillilər olmuşlar. Min il ərzində həmin türkdilli hakimlər fars dili və irandillilərin mədəniyyətinin inkişafında mühüm rol oynamışlar. Sultan Mahmud Qəznəvinin sifarişi ilə Firdovsi "Şahnamə" əsərini yazmışdır. Digər tərəfdən, türkdilli əhali islam dinini qəbul etdikdən sonra belə ərəb və fars dillərinin təsiri altına düşməyib öz dil, adət-ənənələrini unutmadılar. Lakin XX əsrin otuzuncu illərindən başlayaraq "vahid İran", "vahid millət", "vahid dil", "İran milləti", "İran müsəlman milləti", başqa sözlə paniranizmin, panislamizmin, İranın rəsmi dövlət siyasətinə çevrildi. Bu siyasəti fars şovinizmi ilə yanaşı, farslaşmış, sapı özümüzdən olan baltalar – Seyid Həsən Təqizadələr, Seyid Əhməd Kəsrəvilər, Rzazadə Şəfəqlər, Məhəmmədcavad Məşkurlar, Əbdüləli Karənglər, Mahmud və İrəc Əfşarlar, Mənüçöhr Mortəzəvilər və sairləri davam etdirdilər. Paniranistlər İranı fars məmləkəti, İranda yaşayan xalqları "İran milləti", "İran ümməti" kimi, fars dilini isə İranın vahid dili etmiş və edirlər, başqa dilləri, hətta Azərbaycan dili ilə yanaşı kürd, talış, bəluc, gilan, mazandaran, ərəb və s. dilləri yasaq etmişlər. Məktəb, mədrəsə və idarələrdə fars dilində danışmayanlar cəzalandırılırdı. Bu siyasət 54 il şahlıq dövründə, hətta 1979-cu il fevral inqilabının qələbə çalmasından keçən 24 il ərzində panislamizm formasında davam etdirilir. Panislamist pərdəsi altında millət və milliyyət inkar edilir, bütün millətlərin islam dini altında eyni hüquqa malik "islam ümməti" adlandırılır. Halbuki islam dini heç də milliyyəti inkar etmir. Din qədər dil də zəruri amildir".[31]
Onullahi şəxsiyyəti
redaktəProfessor Seyidağa Onulllahinin qəribə danışıq tərzi vardı. Səbirli idi, tələsməyi sevmirdi. Öz sahəsinin bilicisi idi. Azərbaycan tarixinə, mədəniyyətinə, dövlətçiliyinə münasibətdə məsuliyyətli idi. Alim yaradıcılığının mənasını Azərbaycana sevgidə görürdü. Araşdırmaçının radioda Güney Azərbaycan mövzusunda dinləyicini daim düşünməyə məcbur edən çıxışları soydaşlarımızın Vətən təəssübkeşliyinin yaranmasında əhəmiyyətli rol oynamışdı. Seyidağa Onullahi kimi araşdırmaçıların əməlləri öyrənilməli, sabahımız üçün yaşarı olanlar təzə ömürlərin, aqibətlərin yaradılmasına, yaşadılmasına yönəldilməlidir.
İstinadlar
redaktə- ↑ Bakı Dövlət Universitetinin Professorları. Bakı:Bakı Universiteti nəşriyyatı, 2014, s.311,312
- ↑ Onullahi S. M. XIII–XVII əsrlərdə Təbriz şəhəri (Sosial-iqtisadi tarixi). Bakı: Elm, 1982, 280 s.
- ↑ Onullahi S. M. 1951–1953-cü illərdə İran fəhlələrinin tətil hərəkatı. Bakı: Azərbaycan SSR EA, 1968, 145 [3] s.
- ↑ Evliya Çələbi. Səyahətnamə (Azərbaycan tarixinə aid seçmələr). Tərcümə edəni S. Onullahi, Bakı: Azərnəşr, 1997, 92 s.
- ↑ İ. Məmmədov. Azərbaycan tarixi: ali məktəblər üçün dərslik. Elmi redaktoru S. Məmmədov; red. S. M. Onullahi. Bakı: Adiloğlu, 2005, 486 s
- ↑ Azərbaycan tarixi: yeddi cilddə. Bakı: Elm, 1998–2003
- ↑ S. M. Onullahi. Erməni millətçiləri və İran. Bakı: Maarif, 2002, 88 s.
- ↑ S. M. Onullahi. Azərbaycan tarixinə aid yeni mənbə "Azərbaycan SSR EA Məruzələri", 1975, № 4, səh. 69–72.
- ↑ S. M. Onullahi. "Nameyi Nami" əsərinin Bakı nüsxəsi. "Əlyazmalar xəzinəsi"ndə, Azərbaycan SSR EA RƏF nəşri, IV cild, Bakı, 1976, səh. 61–69.
- ↑ S. M. Onullahi. Elxanilər dövrünə aid istifadə edilməmiş mənbə. "Azərbaycan SSR EA Məruzələri", XXXII cild, № 5, 1976, səh. 58–61.
- ↑ S. M. Onullahi. Mahmud Nətənzi və onun əsəri haqqında. "Azərbaycan SSR EA. Məruzələri", 1978, № 7, səh. 72–76.
- ↑ S. M. Onullahi. "Əfzəl-ət-təvarix" əsəri Azərbaycan tarixinin mənbəyi kimi. "Azərbaycan SSR EA Xəbərləri", TFH seriyası, 1978, № 2, səh. 39–45.
- ↑ S. M. Onullahi. Cəlaləddin Məhəmməd Münəccim Yəzdi və onun "Tarix-i Abbasi" əsəri haqqında. "Azərbaycan SSR EA Xəbərləri", TFH seriyası, 1972, № 2, səh. 29–38
- ↑ S. M. Onullahi. A. Q. Həsənov. Səfəvi hökmdarlarının daha iki naməlum məktubu haqqında. S. M. Kirov adına ADU-nun "Elmi Əsərlər"i (tarix və falsəfə elmləri seriyası), 1974, № 4, səh. 84–94
- ↑ Onullahi S. M. Dövrün farsdilli qaynaqlarında "Azərbaycan Qarabağ", "Arran Qarabağı" / Qarabağ Azadlıq Təşkilatı. "Qarabağ dünən, bu gün və sabah": 2-ci Ümumrespublika elmi-əməli konfransının materialları, s.217–220
- ↑ 1 2 Onullahi S. M.. "Azərbaycan" qəz., Bakı, 1989, 9 dekabr, s. 5
- ↑ Onullahi S. M. Dövrün farsdilli qaynaqlarında "Azərbaycan Qarabağ", "Arran Qarabağı" / Qarabağ Azadlıq Təşkilatı. "Qarabağ dünən, bu gün və sabah": 2-ci Ümumrespublika elmi-əməli konfransının materialları, s.217–220
- ↑ Онуллахи, Сеидага Мирон оглы. Тебриз в XIII–XVII веках. (Социально-экономическая история города) : диссертация … доктора исторических наук : 07.00.02. Баку, 1982 370 c.
- ↑ S. M. Onullahi. Təbrizin mədəniyyət tarixindən (X–XVII əsrlərdə "Qobustan" incəsənət toplusu, 1974, № 3, səh. 54–56.
- ↑ Təbrizin maarif və məktəb tarixindən (XIII–XV əsrlər). "Azərbaycan EA Xəbərləri", TFH seriyası, 1976, № 4
- ↑ S. M. Onullahi. Təbriz kitabxanaları (X–XVII əsrlərdə). S. M. Kirov adına ADU-nun elmi əsərləri; Şərqşünaslıq seyiası). 1971, № 1, s. 57–62
- ↑ S. M. Onullahi. Təbrizdə baş verən zəlzələlər haqqında. "Azərbaycan SSR EA Məruzələri", 1976, № 1, səh. 98–101
- ↑ C. М. Онуллахи. Уточнение каталога сильных землетрясений в зоне Азербайджана. Материалы конференции по изучению сейсмичности и глубинного строения Азербайджана (Баку, март, 1973). Баку, 1974, Ин. геологии им. акад. И. М. Губкина, стр. 160–164.
- ↑ S. M. Onullahi. Paytaxtın Təbrizdən köçürülməsinə dair. "Azərbaycan SSR EA Məruzələri", 1975, № 11, səh. 42–46.
- ↑ S. M. Onullahi, A. Q. Həsənov. Xaqani və Təbriz. S. M. Kirov ad. ADU-nun "Elmi əsərlər"i (Dil və ədəbiyyat seriyası), 1971, № 6, səh. 11–17
- ↑ S. M. Onullahi, A. Q. Həsənov. "Rəb-i Rəşidi" və onun tarixi əhəmiyyəti. S. M. Kirov ad. ADU-nun "Elmi Əsərlər"i (Şərqşünaslıq seriyası), 1971, № 1, səh. 55–63.
- ↑ S. M. Onullahi. Təbriz yadigarları. "Qobustan" incəsənət toplusu, 1971, № 1, səh. 12–15.
- ↑ S. M. Onullahi. Göy məscidin memarı kimdir? "Qobustan" incəsənət toplusu, 1974, № 3, səh. 57.
- ↑ 1 2 Seyidağa Onullahi, Yaqub Mahmudov. Paniranistin "kəşfi" və ya Xətai şair "deyilmiş"! "Azərbaycan" jurnalı, 1988, № 2, s. 79–92
- ↑ 1 2 Onullahi S. M. İran burjua alimlərinin əsərlərində Azərbaycan dili tarixinin saxtalaşdırılması// Azərbaycan tarixi və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı. Bakı: "Elm" nəşriyyatı, 1978, s. 141–158
- ↑ 1 2 Onullahi S. M. İranda milli məsələnin qoyuluşu/Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. Bakı, Azərnəşr, 2010, s. 5–6–13