Sokrat Metodu - Wikipedia
Sokrat metodu və ya Sokratik metod — qədim yunan filosofu Sokratın adını daşıyan, həqiqətin və biliklərin hazır formada verilməməlidi, problemi ifadə edən və axtarış tələb edən iki fərd arasındakı dialoqa əsaslanan üsul. Bu üsul tez-tez həmsöhbətin verilən suallara cavab verərək, mühakimələrini (hökm) ifadə etdiyi, biliyini və ya əksinə, məlumatsızlığını ortaya qoyduğu bir müzakirəni əhatə edir.
Sokrat metodu hipotezlərin aradan qaldırılması (həll edilməsi: müsbət və ya mənfi) üsuludur, burada tərəflərdən birinin təşəbbüsü bəzi hallarda özünü bilikli hesab edən həmsöhbətin özünəinamını azaltmağa və ona nəinki heç nə bilmədiyi, üstəlik dar düşüncəli bir insan olaraq qalmasından, cahilliyindən şübhələnmədiyini belə sübut etməyə yönəlmişdir. Digər hallarda həmsöhbəti özünü tanımağa, eləcə də özündə əvvəllər gizli, qeyri-müəyyən və hərəkətsiz qalan tərəflərin aşkara çıxarılmasına və aydınlaşdırılmasına yönəldilməsi nəzərdə tutulurdu. Sokrat özü bu metoda “aşkarlamaq” adını vermişdir. Bu metodda birinci hal “ironiya” adlanırdı. Sokrat sonuncu halda həmsöhbətin beynində həqiqətin “doğuşunu” təşviq etmək üçün bir vasitə hesab edirdi. O, bu metodu "mayevtika" adlandırırdı. Aristotel elmi metodun əsası hesab etdiyi tərif və induksiya metodlarını kəşf etməkdə Sokrata borclu idi.