Sonuncu Dalan - Wikipedia
The Last DeadEnd (azərb. Sonuncu dalan) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və qorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır.
Sonuncu Dalan The Last DeadEnd | |
---|---|
| |
Hazırlayan | AzDimension |
Yayımlayan | Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi |
Buraxılış tarixi | 5 may 2018 |
Janrlar | Survival horror |
Dizaynerlər |
Fərid Haqverdiyev Rüstəm Pənahov Rəşad Qədirov Timur Əzisov Cahit Əliyev |
Bəstəkarlar |
Toğrul Cəfərov Fərid Aslanov |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows |
Mühərriklər | Unreal Engine 4 |
Oyun rejimləri | Birnəfərli |
Sistem tələbləri | |
İdarəetmə |
Klaviatura Xbox 360 qeympadı |
Rəsmi saytı |
Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur.
Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir. Bəzi tənqidçilər oyunu "BioShock Infinite" kimi məşhur oyunlarla müqayisə etmişdilər.
Geympley
redaktəOyunun əhəmiyyətli bir hissəsi birinci şəxsdə keçir, ancaq üçüncü şəxsdə keçən hissələr də var. Oyunun əsas hissəsi Bakı şəhərində, İçərişəhərdə keçir. Oyundakı bəzi yerlər İçərişəhərdəki qarşılığı ilə nöqtəsi-nöqtəsinə eyni hazırlanıb.[1]
Oyunda bir neçə adi düşmənlər, eləcədə bosslar (güclü düşmən) var. Bu personajlar Azərbaycanın milli əfsanələri və folklorundan alınmışdır. Bəzi düşmən personajları məğlub etmək üçün xüsusi yollara üz tutmaq lazımdır.
"The Elder Scrolls V: Skyrim" kimi, bu oyunda da çoxlu kitab var. Bu kitablarda oyundakı əşyalar, personajlar, simvollar və başqa şeylər haqda məqalələr var. Oyunda götürülə bilən, hər tərəfdən baxıla bilən və məlumat alına bilən müxtəlif əşyalar var. Bu əşyalar İçərişəhərin ab-havasına uyğun olaraq hazırlanıb. Baş qəhrəmanın geyindiyi texnoloji eynəklə qala divarları daxilində tapılan və qədim dillərdə yazılan yazıları oxumaq olar.[2]
İstehsal
redaktəOyunun istehsalı 2014-cü ildə başlayıb və 2016-cı ildə satışa çıxarılacağı gözlənilirdi,[3] lakin maddi problemlərə görə oyunun inkişafı iki illiyinə dayandırılmışdı.[4] Gənclər və İdman Nazirliyi layihənin məqsədinin "videooyunları vasitəsilə gənclərin Azərbaycan tarix və mədəniyyəti ilə daha yaxından tanış olması, yeni məlumat və biliklərin əldə edilməsi, gənclərin kompüter texnologiyası sahəsində təşəbbüskarlığının dəstəklənməsi" olduğunu açıqlamışdır. Oyun "Unreal Engine 4" videooyun mühərriki ilə hazırlanmışdır.
"Sonuncu Dalan" oyununun hazırlanması Azərbaycan Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə" Dövlət Proqramının müvafiq yarımbəndini rəhbər tutaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "AzDimension" şirkəti tərəfindən həyata keçirilmişdir.[5]
Elan və buraxılış
redaktə2014-cü ildə keçirilən I Azərbaycan Beynəlxalq Müdafiə Sənayəsi Sərgisində (ADEX) iştirak edən "AzDimension" şirkəti öz stendində "Sonuncu Dalan"ın rəsmi afişalarından birini yerləşdirmişdi.[6]
"Sonuncu Dalan"ın demo versiyası 2015-ci ildə "Playfield" adlı videooyun müsabiqəsində 300 videooyun arasında 4-cü yeri tutmuşdur. Oyununun rəsmi treyleri Köln şəhərində keçirilən dünya səviyyəli məşhur "Gamescom 2016" videooyun sərgisində nümayiş etdirilmişdir.[7]
5 aprel 2018-ci il tarixində Bakıda yerləşən "Fairmont Baku" hotelində Gənclər və İdman Nazirliyinin və "AzDimension" şirkətinin birgə təşkilatçılığı ilə "Sonuncu Dalan" videooyununun təqdimat mərasimi keçirilmişdir.[8]
Oyun ilk olaraq 1 may 2018-ci il tarixində satışa çıxarılacaqdı, ancaq bəzi texniki problemlərə görə oyunun buraxılması bir neçə gün gecikdirilmişdir. Oyun mayın 5-də "Steam" virtual mağazasında satışa çıxarılmışdır.[9]
Qəbul
redaktəBuraxılışdan əvvəl
redaktə5 aprel 2018-ci il tarixində keçirilən təqdimat mərasimində çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev oyunun əhəmiyyətini yüksək qiymətləndirərək "paytaxtımızın təbliği baxımından "Sonuncu Dalan"ın rolu böyükdür. Artıq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bir neçə kompüter oyunu təqdim olunub. Oyunun yaradıcıları gənclərdən ibarət peşəkar bir komandadır. Sevindirici haldır ki, ölkəmizdə belə kreativ düşüncəli və bacarıqlı gənclər var" deyib. Azərbaycanda milli videooyunları çempionatının təşkil edildiyini diqqətə çatdıran nazir müavini ölkədə bu sahəyə böyük marağın olduğunu, daha əvvəllər Qarabağ mövzusunda oyunların istifadəyə verildiyini və gənclər üçün dövlət tərəfindən lazımi şəraitin yaradıldığını vurğulamışdır.[8][10]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə "Sonuncu Dalan" videooyununun beynəlxalq standartlara tam cavab verdiyini və keyfiyyətli qrafika ilə hazırlandığını bildirib. O, "milli oyunların yaradılması sahəsində artıq ölkəmiz müxtəlif uğurlara imza atıb. Milli oyunlarımız yerli və beynəlxalq sərgilərdə nümayiş olunur və böyük maraq doğurur. Artıq bəzi oyunlarımızın alıcıları da var" demişdir.[10]
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov Bakının dünyaya təbliği istiqamətində oyunun əhəmiyyətini yüksək qiymətləndirərək "Bakı hər bir azərbaycanlının ürəyində özünəməxsus yerə malikdir. Paytaxtımız təkcə yerli sakinlərin deyil, həm də əcnəbilərin zövqünü oxşayır. Bütün bu gözəlliklərin, İçərişəhərin tarixinin və arxitekturasının oyunda yer alması əcnəbilər üçün paytaxtımızla tanış olmaq baxımından gözəl imkan yaradır" demişdir.[10]
Buraxılışdan sonra
redaktəRəy toplayıcısı "Metacritic"ə əsasən "Sonuncu Dalan" "ümumiyyətlə yaxşı" rəylər almışdır.[11]
"GameTyrant" işçisi Din Klark oyunu "bəzi xətaları olan əyləncəli bir oyun" adlandırmışdır. O, "Oyunun həm üçüncü, həm də birinci şəxsdən oynanılmasına baxmayaraq, birinci şəxsdən oynanılan hissələr daha maraqlıdır. Oyunun ən əyləncəli hissəsi boss döyüşləridir." deyərək oyunun döyüş sistemini tərifləmişdir. Daha sonra o, "Düşmənlərin süni intellekti çox pis işləyirdi. Oyundakı dialoqlar da çox pis işlənmişdi. Cümlələr birlikdə yaxşı deyildi və söhbətlər heç də təbii görünmürdü. Oyunun pazlları çox sadə idi." deyərək oyuna 6/10 xal vermişdir.[12]
Oyun "Steam" virtual mağazasında yaxşı rəylər almışdır. Bir istifadəçi "oyuna daha yaxşı personaj animasiyaları, dialoq səsləri və əlbəyaxa döyüş sistemi əlavə etmək lazımdır, amma oyun çox əyləncəlidir. Oyunun əsas geympleyi çox yaxşıdır; düşmənlər nə çox gücsüz, nə də ki çox güclüdür; oyunun ab-havası lazımi olanda qorxulu, zəruri olanda isə gözəldir." deyərək oyunu "çox yaxşı bir pis oyun" adlandırmış və 6.8/10 xal vermişdir. "Steam"dəki digər bir istifadəçi "mən bu oyununun doğurudan da yaxşı olmasını istəyirdim, fəqət oyun "Unearthed: The Trail of Ibn-Batuta" oyunundakı problemlərə bənzər xətalara məruz qalır və heç bir oyun "Unearthed"lə müqayisə edilməyə layiq deyil." yazaraq oyunu pisləmişdir.[13]
İstinadlar
redaktə- ↑ Malqojota Tjina. "Nadchodzi The Last DeadEnd - przygodówka z elementami FPS i horroru" (polyak). gram.pl. 30 aprel 2018. 17 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 may 2018.
- ↑ "The Last DeadEnd". AzDimension. 3 avqust 2013. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-30.
- ↑ ""Sonuncu Dalan" oyunun son versiyasını təqdim edib" (az.). ICTNews. 20 may 2015. 14 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2018.
- ↑ "Sonuncu Dalan'dan yeni oynanış videosu yayımlandı!" (az.). Bizim GameZone. yanvar 2018. (#cite_web_url)
- ↑ ""Sonuncu Dalan" yeni kompüter oyunu təqdim olunub (FOTO)" (az.). trend.az. 5 aprel 2018. 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-26.
- ↑ "Epizodları Azərbaycanda baş verən məşhur videooyunlar" (az.). infocity.az. 3 iyun 2017.
- ↑ Səbinə Quliyeva. "Сыграйте в компьютерную игру-бродилку по Ичеришехер" (rus). Urban.az. 6 aprel 2018. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2018.
- ↑ 1 2 "Yeni milli kompüter oyunumuz təqdim olundu - "Sonuncu dalan"" (az.). Kanal 24. 5 aprel 2018.
- ↑ Duqi Pauell. "THE LAST DEADEND TO BE RELEASED THIS WEEK" (ingilis). heypoorplayer.com. 1 may 2018. 16 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2018.
- ↑ 1 2 3 ""Sonuncu dalan" kompüter oyunu ictimaiyyətə təqdim edilib" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 5 aprel 2018.
- ↑ "THE LAST DEADEND" (ingilis). Metacritic. 4 may 2018. 16 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2018.
- ↑ Din Klark. "A Fun Game With Few Issues" (ingilis). GameTyrant. 15 may 2018. 16 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2018.
- ↑ "The Last DeadEnd". Steam.
Xarici keçidlər
redaktəMəlumat
redaktə- thelastdeadend.com — "Sonuncu Dalan"ın rəsmi saytı
- Sonuncu Dalan "Steam" videooyun satış platformasında (ing.)
- http://azdimension.az/az/2015/10/11/sonuncu-dalan-2/ Arxivləşdirilib 2018-04-28 at the Wayback Machine
Treylerlər
redaktə- "The Last DeadEnd. Official Game Trailer." — YouTube platformasında
- "The Last DeadEnd - Prototype Gameplay." — YouTube platformasında
- "Sonuncu Dalan / The Last DeadEnd [Teaser + Pre Alpha Footage"] — YouTube platformasında
Videooyunlar portalı Azərbaycan portalı |