Stare Mesto Ratusasi - Wikipedia
Stare Mesto ratuşası (çex. Staroměstská radnice) - Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökumət binasıdır. 1338-ci ildə, kral Lüksemburqlu İoann tərəfindən Stare Mesto şəhər əhalisinə imtiyaz şəklində bu binanın tikintisinə icazə verilmişdi. Kompleks dörd evdən ibarətdir (Volf Kamene evi, xəzçi Mikşanın evi, Xoruz evi və Dəqiqə evi), meydanın ətrafındakı bu binalar Praqa Köhnə Şəhər magistratının ehtiyacları üçün tədricən bir-biri ilə birləşdirilmişdi. Ratuşanın əsas binasında muzey yerləşir, burada müxtəlif sərgilər keçirilir, həmçinin xüsusi zalda təntənə ilə nikah mərasimləri qeyd olunur. Ratuşa fasadının eni 67 metr, qüllənin hündürlüyü isə 69,5 metrdir[1].
Stare Mesto ratuşası | |
---|---|
çex. Staroměstská radnice | |
50°05′13″ şm. e. 14°25′14″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Sifarişçi | Lüksemburqlu İoann |
Tikilmə tarixi | 1338-ci il |
Üslubu | qotika |
Vəziyyəti | əvvəllər ratuşa; hazırda isə muzey və sərgi zalı |
Rəsmi sayt | prague.eu/staromestskara… |
İstinad nöm. | 1-35 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktə1232-ci ildə Stare Mesto adlanan yaşayış məntəqəsi şəhər statusunu əldə etmişdi; burada ratuşa binasının inşası üçün (yəni özünüidarə hüququnun və icazənin əldə olunması üçün) bir əsrdən artıq gözləmək lazım gəldi - 1338-ci ildə bu icazəni IV Karlın atası Lüksemburqlu Yan bağışlamışdı. Həmin ildə ratuşa üçün tacir Volf Kamenenin künc evi satın alınmış və binanın genişləndirilməsi üzrə işlərə start verilmişdi: 1360-cı ildə Şəhər şurasının iclas zalı və ikinci mərtəbə inşa edilir, 1364-cü ildə əzəmətli Köhnə Şəhər qülləsinin tikintisi başa çatdırılır, 1381-ci ildə əsas ratuşa binasına zəngin işləmələrlə və erkerlə bəzədilmiş qotik üslublu kapella əlavə olunur, 1410-cu ildə isə Köhnə Şəhər qülləsinə "Orloy" adlı gözəl astronomik saat əlavə olunur. Bütün bu işlər tanınmış sənətkar Peter Parlerin rəhbərliyi altında görülürdü. Şir başları ilə bəzədilmiş unikal giriş portalı xeyli müddət sonra (yəni 1652-ci ildə) yaradılmışdı[2].
Şəhərin sürətli inkişafı, ratuşanın böyüdülməsini tələb edirdi və məhz buna görə də, XVI əsrin əvvəllərində Şəhər şurası qonşuluqda yerləşən dabbağ və xəzçi Mikşinin evini satın almışdı[3][4]. Bina fasadını dəbdəbəli renessans pəncərəsi (1526), latın dilində olan "Praga caput regni" ("Praqa krallığın başıdır") yazısı və Stare Mestonun gerbi ilə bəzədilmişdir (1784-cü ildə, bu gerb bütöv Praqanın rəsmi rəmzi seçilmişdi).
1458-ci ildə Stare Mesto ratuşasında mühüm tarixi hadisə baş vermişdi: Çexiyanın aristokratik təbəqələri Poderbradlı Yirjini özlərinin gələcək kralı seçməyə qərar verirlər. O, Avropada katolik dinindən olmayan ilk kral olur (Yirji islahatçı təlimləri ilə məşhurlaşmış Yan Qusun davamçısı idi).
İkinci Praqa defenestrasiyası zamanı (23 may 1618-ci ildə), qraf Turn zadəganlarla birlikdə kral canişinlərini Çexiya maraqlarına xəyanətdə ittiham edərək dəftərxananın pəncərəsindən xəndəyə atmışdı. Hər üç canişini ölümdən xoşbəxt bir təsadüf xilas etmişdi (onlar peyin yığıntısına düşmüdülər). Katoliklərin daha sonralar bildirdiklərinə görə, "onların xilası mələklərin qayğısı nəticəsində baş vermişdi". II Ferdinanda hadisə barədə ilk məlumat verən yazar, kral tərəfindən zadəganlığa yüksəlmiş və fon Hohenfall soyadını qazanmışdı (alman dilindən tərcümədə Hohenfall "yüksəkdən düşmə" mənasını verir).
Ferdinand Bohemiya torpaqlarında protestantlığın yayılmasını heç cür qəbul edə bilmirdi. O, Müqəddəs Roma imperiyasının imperatoru seçildikdən dərhal sonra bütün katolik qüvvələri birləşdirərək, güclü bir ordu formalaşdırmağa nail olmuşdu. 1620-ci ildə Praqa ətrafında baş vermiş Ağ dağ döyüşü zamanı, çex protestanları güclü katolik orduya məğlub olmuşdu. Çexiyada protestantizmin və aristokratik monarxiyanın taleyi artıq əvvəlcədən həll edilmişdi. Üsyanın iştirakçıları repressiyalara və müsadirələrə məruz qalmışdı. Kralın əmri ilə, üsyana başçılıq etmiş 27 zadəgan Stare Mesto ratuşası qarşısında edam edilmiş, onların başları isə 10 il Karl körpüsündən asılmışdı. Hal-hazırda qülləni saxlayan tirin üzərində xatirə lövhəsi yerləşir, edamın baş verdiyi ratuşanın qarşısındakı həmin yerdə isə, xatirə yazısı həkk olunub; onların üstündən keçmək tərbiyyəsizlik sayılır.
Ratuşaya birləşdirilən üçüncü bina yaxınlıqdakı "Xoruz evi" (çex. dům U kohouta) olmuşdu: onun fasadı Stare Mestonun gerbi və həmçinin nəsihət frazası (Ləyaqəti xatırlayanlar, ən yaxşısına nail olmağa çalışın) ilə bəzədilmişdir. 1784-cü ildə Stare Mesto, Nove Mesto, Mala Strana, Hradçanı müstəqil rayonlarının, eləcə də Vışehrad və Praqa qəsrinin ümumi Praqa şəhərinə birləşdirilməsindən sonra, Stare Mesto ratuşası birləşmiş Praqa Şəhər Şurasının iqamətgahına çevrilmişdi.
Şəhər hakimiyyəti 1896-cı ildə qonşuluqdakı Dəqiqə evini əczaçı M. Bartladan satın alır. Veriyaların birinə görə, bu ev vaxtilə hindulardan Manhetten adasını çox ucuz giymətə satın almış hollandiyalı Minuit ailəsinə məxsus idi. 1889-1896-cı illərdə məhz bu evdə məşhur yazıçı Frans Kafka öz valideynləri ilə yaşamışdı. XX əsrin əvvəllərində Şəhər bələdiyyəsi Kiçik meydan ilə Köhnə Şəhər meydanları arasında keçid əlaqələrini genişləndirmək üçün Dəqiqə evinin və onun yanındakı digər binaların sökülməsini qərara alır. Yaranmış ciddi təhlükəni anlayan Abidələrin Mühafizə komissiyası bələdiyyəyə etiraz etməyə başlayır. 1905-ci ildə qonşu evin divarında sqrafitto divar rəsminin bir fraqmenti aşkar edilmişdi və bundan sonra hər iki evi qoruyub-mühafizə etmək qərara alınmışdı. Bərpaçılar evin qalın suvağını təmizləyərkən, gözlənilmədən sürprizlə rastlaşırlar: hazırda gördüyümüz gözəl fresklər barokko dövrünün yenidənqurulması zamanı gizlədilmişdi. Evin lünet-karnizlərində İspaniyalı II Filippin, II Maksimilianın, onun oğlu Rudolfun və Habsburq sülaləsinin digər üzvlərinin də portretləri təsvir olunmuşdu. 1919-cu ildə binada aparılmış restavrasiya işləri zamanı müəyyən edilmişdir ki, sqrafitto rəsmləri evin demək olar ki bütün divarlarını əhatə edir. Dəqiqə evinin fasadını bəzəyən pəncərələrin arasında Ədalət, Mərdlik, Müdriklik, Bərəkət və Analığı təsvir edən heykəllər yerləşdirilib.
XX əsrin əvvəlində ratuşanın yenidənqurma və tamamlama işləri üzrə bir neçə memarlıq müsabiqəsi keçirilmişdi. Onlardan birincisi iki tur çərçivəsində 1899—1900-cü illərdə keçirilmişdi. Müsabiqənin əsas tapşırığı neoqotik fligelin qorunub-saxlanılması idi, lakin onun fasadında dəyişikliklər edilməsi mümkün idi. 1905-ci ildə keçirilən növbəti müsabiqədə olduğu kimi, burada da qalib müəyyən olunmamışdır. Nəhayət 1908-ci ildə keçirilən müsabiqənin qalibi jüri tərəfindən müəyyən edilir, lakin buna baxmayaraq, onun təqdim etdiyi layihə reallaşdırılmır[5].
Köhnə Şəhər qülləsi
redaktəRatuşanın küncündə yerləşən bu qotik qüllə 1364-cü ildə memar Peter Parler tərəfindən inşa edilmişdi. Bu qüllədən şəhərin köhnə hissəsinə möhtəşəm mənzərə açılır - buradakı meydança hələ 1807-ci ildə yaranmışdı. Qüllənin daxilində evlənən cütlüklər üçün xüsusi zal mövcuddur. Bununla belə, ratuşa qülləsi özünün gözəl erkeri və "Orloy" adlı astronomik saatı ilə məşhurdur. Orloyun, Kadanlı Mikudan və sonradan Karlov Universitetinin professoru olmuş Yan Sindel tərəfindən hazırlanmış ən qədim hissələri olan mexaniki saat və astronomik siferblat 1410-cu ildə quraşdırılmışdır. Saat haqqında mənbələrdə ilk xatırlanma 9 oktyabr 1410-cu ilə aiddir.[6] Sonradan, təxminən 1490-cı illərdə saata təqvim əlavə edilmiş və fasadı qotik heykəllərlə bəzədilmişdi.
Əvvəllər belə hesab edilirdi ki, Orloy 1490-cı ildə saat ustası Yan Ruze (həm də Hanuş kimi tanınır) tərəfindən quraşdırılıb; lakin hazırda bunun tarixi səhv olduğu bilinir[7][8]. Alois Jirasek tərəfindən nəql edilən əfsanəyə görə başqa yerdə belə bir saat işləyə bilməməsi üçün saatsaz Hanuş Praqa Bələdiyyə Məclisi üzvləri tərəfindən kor edilmişdi; öz növbəsində saatsaz isə yaratdığı gözəl sənət əsərini sındırmış və növbəti yüz il ərzində heç kim onu bərpa edə bilməmişdir.
1552-ci ildə saat usta Yan Taborski tərəfindən təmir edilir, həmin usta təmir haqqında məlumat da yazır və bu izahatında saatın müəllifi kimi Hanuşun adını qeyd edir. Bu səhv dövrün məlumatlarının düzgün şərh edilməməsindən qaynaqlanmışdı. 1962-ci ildə Zdenek Horskinin Orlojda 1410-cu ilə aid sənədlərin kopyaları ilə kitabça aşkarlamasından sonra tarixi həqiqətlər üzə çıxarılmışdı. Usta Hanuşun müəllifliyi məsələsi isə, ehtimal ki, 1470-1473-cü illərdə saatın təmir edilməsi işləri ilə əlaqəlidir. İstifadəyə verildikdən sonra saat dəfələrlə fəaliyyətini dayandırmış və təmir olunmuşdur.
1629 və ya 1659-cu ildən sonra saata taxta fiqurlar əlavə edilmişdir, 1787-1791-ci illəri əhatə edən əsaslı təmir işindən sonra isə saata həvarilərin fiqurları əlavə edilmişdir. 1865-1866-cı illəri əhatə edən növbəti əsaslı təmir zamanı isə saata qızıl banlayan xoruz fiquru əlavə edilmişdi.
7 may, xüsusilə 8 may 1945-ci ildə, Praqa üsyanı zamanı almanlar şəhərin bəzi hissələrini yandırmışdılar, bu zaman saata da zərər dəymişdi[9]. Divarında saat yerləşdirilmiş bina və ona qonşu olan tarixi binalar da yandırılan binalar arasında idi. Yanğın zamanı saatın qiymətli taxta fiqurları və Yozef Manes tərəfindən hazırlanmış təqvim sferblatının üzü də yanmışdı. Uzun müddətli çalışmalar və ustaların səylərindən sonra saatın əkdər mexanizmləri təmir edilmiş, həvarilərin taxta heykəlləri isə Voytex Suçarda tərəfindən bərpa edilmişdir, bundan sonra Orloy 1948-ci ildə yenidən fəaliyyətə başlamışdır.[10]
Saat sonuncu dəfə 2005-ci ildə təmir edilmişdir. Bu təmir zamanı saatın taxta fiqurları və aşağı halqası Yozef Manes tərəfindən bərpa edilmişdir. Taxta fiqurlar hamısı göyərçinlərə qarşı örtüklə müdafiə edilmişdir.
Ratuşanın interyeri
redaktəQotik günbəzli giriş vestibülü knyaginya Libuşenin öncəgörmələri və slavyanların Praqa şəhərinə olan minnətdarlıq ifadələri ilə bəzədilib. Şəhər Şurasının iclas zalı bir sıra tarixi hadisələrin mərkəzi və mühüm qərarların qəbul olunduğu yer idi. 1458-ci ildə Çex aristokratiyasına mənsub şəxslər məhz bu zalda Podebradlı Yirjini kral seçmişdilər. Zalın əsas girişini "Senatus" yazısı ilə renessans üslublu mərmər portal bəzəyir. Zalın tavanında zəngin kasset ornamentləri, qızıl suyuna çəkilmiş zəncirli tirlər, eləcə də şəhər şurasının nümayəndələri və burqomistr üçün 12 kürsü mühafizə olunub.
-
Kapella tavanının tərtibatı
-
Kiçik zalın ümumi görünüşü
-
Mozaika bəzəkləri
-
"Senatus" adlı renessans üslublu mərmər portal
Şəhər Şurası tərəfinfdən bu zal həmçinin məhkəmə iclasları üçün də istifadə olunurdu. Burada nümayiş olunan Çex incəsənətinin ən qiymətli əsərlərindən birisi, qotik üslublu çarmıxa çəkilmiş və istirablara düçar olmuş İsa Məsihin heykəltəraşlıq obrazıdır (heykəl XVI əsrin əvvəlində yaradılmışdır). Məsih öz yaralarını sanki nümayiş edərək, hakimlərə müraciət edir: "Məni mühakimə etməyin, bunu Sizdən öncə Ponti Pilat artıq etmişdi"[11]. İsa Məsihin heykəli üzərində isə, latın dilində Juste iudicate filii hominis (İnsan bəşəri, qoy sənin məhkəmən ədalətli olsun) yazısı ilə bəzədilmiş kiçik mələk fiquru yerləşir. Bu zalda həm də ədalət və mühakimə ilahəsi Femidanın relyefi vardır - o, 1736-cı ildə kaşı kamin üzərində yerləşdirilmişdi. Relyef olduqca maraqlıdır, çünki Femidanın gözlərini bağlayan sarğı burada yoxdur. Burada çalışan hakimlərə təbii ki, həbsxanalar da lazım idi - onlar ratuşanın altındakı zirzəmidə yerləşirdi.
Şəhər Şurasının iclas zalı meşşan sülalələrinin gerbləri və emalatxana, sənətkarlıq sexləri və xalq təsərrüfatı sahələrinin şəhər nişanları ilə bəzədilib. Bütövlükdə divarlarda 60-a yaxın gerb vardır (onların hamısı XV-XVI əsrlərə aid edilir). Onlardan bəziləri bunlardır:
- uzunsaçlı oğlan bərbərliyin rəmzidir;
- üç qırmızı çəkmə pinəçilərin gerbi hesab olunur;
- şərabçılığı Müqəddəs Vatslav simvolizə edir;
- Adəm və Həvva dulusçuların gerbidir (çünki rəvayətə görə, insanı Tanrı məhz gildən yaratmışdır);
- kiçik qayıq gəmiçilərin simvoludur;
- ağ qızılgül kürükçülərin gerbi hesab olunur (dəri emalı zamanı iyrənc qoxu ətrafa yayılırdı və kürükçülər kompensasiya kimi öz gerbində ağ qızılgülü təsvir etməyi qərara alırlar).
Əsas zal (Borjikov zalı) - 1910-cu ildə tərtib olunub, bura həmçinin iclas salonu kimi də xidmət göstərir və binanın hər iki mərtəbəsinin hündürlüyünü və onun bütün sahəsini tutur. Divarlar çex rəssamı Vatslav Brojikanın iki nəhəng rəsm əsəri ilə bəzədilmişdir. Bu əsərlər çex xalqının ən mühüm tarixi mövzuları əsasında çəkilmişdir. Onlardan birisi "Konstants şəhərində Yan Qusun məhkəməsi", ikincisi isə "Çex kralı Podebradlı Yirjinin seçilməsi" adı ilə tanınır. Zalın qarşısındakı foye həmin Vatslav Brojikin iki eskizi əsasında bəzədilib: IV Karlın Praqada universitetin əsasını qoyması və 1657-ci ildə Yan Amos Komenskinin öz pedoqoji işlərini şəhər sovetinə təqdim etməsi[11].
Roman zirzəmiləri - ratuşa kompleksinə daxil olan bütün evlərin birləşdirilmiş zirzəmiləridir. Onlar ratuşa binasının özündən daha qədimdir, lakin buna baxmayaraq günümüzə qədər çox yaxşı vəziyyətdə gəlib çatmışdırlar. Burada görmək olar[11]:
- kapella erkerini çöl tərəfdən bəzəyən ən tanınmış Çexiya müqəddəslərinin orijinal heykəllərini;
- su quyularını (Orta əsrlərdə hər bir varlı ailənin öz evində şəxsi su quyusu var idi);
- keçmiş zamanlarda bu zirzəminin əslində binanın birinci mərtəbəsi olduğu təsdiqləyən bir neçə pəncərə. Məsələ ondadır ki, XIII əsrin ikinci yarısında şəhərin bu hissəsində tez-tez baş verən daşqınlar səbəbindən, torpaq səviyyəsi yarım metr artırılmışdır. Bu səbəbdən də, bir çox evlərin birinci mərtəbələri torpağın altında qalmışdır. Onların arakəsmələri yığışdırılaraq, əvvəlcə Köhnə Şəhər meydanında yerləşən bazar üçün mövsümi anbarlar kimi, sonradan isə edamı gözləyən məhbuslar üçün həbsxana kimi istifadə olunurdu (uzun müddət onlar burada saxlanılmırdı).
İstinadlar
redaktə- ↑ "Stránka PIS". 2017-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-09.
- ↑ "Staroměstská radnice v Praze - prohlídka historických prostor i orloje". 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-09.
- ↑ VLČEK, Pavel a kol.: Umělecké památky Prahy. Staré Město – Josefov. Praha : Academia, 1996: s. 446–447. ISBN 80-200-0563-3
- ↑ ŠTEFÁNKOVÁ, Jana: Procházky Prahou. Praha : Albatros, 1987: s. 76.
- ↑ Вечерський В. В. Курс історії архітектури країн Східної Європи., К.: АртЕк, 2007, стор. 230, 232
- ↑ "Stručná historie Pražského orloje" (Czech). 10 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2014.
- ↑ Alois Jirásek: Staré pověsti české; Hrsg. v. Alf. Scharbert; Roland, Prager Verlagsges. Prag 1923
- ↑ MosaPedia:Meister Hanuš
- ↑ "Stavební fórum: Staroměstská radnice – trochu historie a několik otázek". 2013-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-09.
- ↑ Survey of the Reconstruction and Repairs of the Prague Astronomical Clock in the 19th and 20th Century, by Vaclav Heisler; Publisher: National Technical Museum; Praha; undated typescripts from mid-1990s; English translation from a Czech original
- ↑ 1 2 3 "История строительства Староместской ратуши". 12/11/2012 - 08:57. 2018-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
Ədəbiyyat
redaktə- Antonín Strnad: Beschreibung der berühmten Uhr- und Kunstwerke am Altstädter Rathhause und auf der Königl. Sternwarte zu Prag. Prag 1791 e-rara
- Václav Rosický: Staroměstský orloj v Praze. Nakladatelství J. Otto, Praha 1923 Kramerius Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Zdeněk Horský: Pražský orloj. Panorama, Praha 1988.
- Jakub Malina: Staroměstský orloj (Praha esoterická). Eminent, Praha 2005, ISBN 80-7281-202-5.
- Vejrych, Jan. [174822 Soutěžné návrhy na přestavbu a dostavbu radnice kr. hl. města Prahy] (#bad_url). Praha: Spolek architektů a inženýrů v království Českém. 1903.
- [31235 Šest set let Staroměstské radnice v Praze : Zvláštní číslo Věstníku hlavního města Prahy k oslavám 600 let Staroměstské radnice] (#bad_url). Praha: Rada hlavního města Prahy. 1938. (#first_missing_last)
- Herain, Jan; Teige, Josef. Staroměstský rynk v Praze. Praha: Společnost přátel starožitností českých. 1908.[ölü keçid]
- Rosický, Václav. Staroměstský orloj v Praze : Dějiny orloje, astronomický úvod, popis strany zevní i vnitřního ústrojí, jakož i výklad, co a jak orloj ukazuje. Praha: J. Otto. 1923.[ölü keçid]
- Ekert, František. Posvátná místa král. hl. města Prahy. Praha: Dědictví sv. Jana Nepomuckého. 1883.[ölü keçid]
- Kaple Panny Marie v Staroměstské radnici. kapitola. səh. 324-328. 2015-06-29 tarixində orijinalından arxivləşdirilib.
- Вечерський В. В. Курс історії архітектури країн Східної Європи., К.: АртЕк, 2007, стор. 230, 232
- Прага [Переклад уривків з книжок істориків, мистецтвознавців, журналістів], под ред. И. А. Черкасова. М.: «Прогресс», 1981 (rus.)
- Староміська ратуша на Празька інформаційна служба (офіційна веб-сторінка) (çex.)
- Староміська ратуша (Прага) на www.pragensia.tiscali.cz Arxivləşdirilib 2007-08-15 at the Wayback Machine (çex.)
- Фотографії з бащти Старомєстської ратуші на www.panoramy.net Arxivləşdirilib 2007-12-28 at the Wayback Machine
- Станькова Я., Пехар И., Тысячелетнее развитие архитектуры., М.: Стройиздат, 1987 (rus.)
Xarici keçidlər
redaktə- Pražská informační služba
- Staroměstská radnice na Tiscali Pragensia Arxivləşdirilib 2007-08-15 at the Wayback Machine
- Panoramatické fotografie z věže Staroměstské radnice Arxivləşdirilib 2007-12-28 at the Wayback Machine
- Выставки и экспозиции в Староместской ратуше Arxivləşdirilib 2013-06-27 at the Wayback Machine
- Staroměstská radnice na stránkách PIS
- Projekt zpřístupňující sedm pražských věží veřejnosti Arxivləşdirilib 2011-04-01 at the Wayback Machine