Sufiyan Doyusu - Wikipedia
Sufiyan döyüşü — Səfəvilər və Osmanlılar arasında Dekabrın 1605-ci ildə Təbriz Ətrafında Sufiyan Adlı Yerdə baş verən döyüş.
Sufiyan döyüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibələri | |||
Tarix | Noyabrın 6-sı, 1605 | ||
Yeri | Sufiyan, Təbriz bəylərbəyliyi, Cənubi Azərbaycan | ||
Nəticəsi |
Səfəvilərin parlaq qələbəsi •Səfəvi-Osmanlı müharibələrində ən böyük qələbə alındı •Sinan Paşa geri çəkildi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Zəmin
redaktəI Abbas taxta çıxdıqdan sonra fəaliyyətinin əsas planını Osmanlı ilə müharibəyə həsr etmişdi. Orduda və dövlətin digər yerlərində islahaltarı etdikdən, özbəkləri məğlubiyyətə uğratdıqdan sonra o, Osmanlı ilə müharibəyə başladı. Müharibənin başlamasında Osmanlı sarayındakı qarışıqlıqlar, üsyanla və birbaşa Cənubi Azəraycan bölgəsindəki Osmanlı ordusu daxilindəki qarışıqlıqlar mühüm rol oynamışdı. Bu müharibənin birinci mərhələsinin həlledici döyüşü isə Sufiyan döyüşü oldu.
Döyüş
redaktəGüclü formada dəstək aldıqdan sonra Sinan paşa yenidən hücuma keçdi və Azərbaycana yürüş etdi. Nəhayət iki ordu Təbriz yaxınlığında Sufiyan adlı yerdə üz-üzə gəldilər. Osmanlı ordusunun sayı 100 min nəfər[3], qızılbaş ordusunun sayı isə 60 mindən bir az artıq idi. Bu say fərqini nəzərə alan məğlub olacağı halda qazandığı hər şeyi itirəcəyini bilirdi və buna görə döyüşə girməkdən çəkinir, Təbrizə çəkilmək istəyirdi. O, özünün ən yaxın sərkərdələri ilə birlikdə Osmanlı əsgərlərinin həqiqi sayını müəyyənləşdirmək üçün təpəyə çıxdı və bəlli oldu ki, kəşfiyyatçıların dediyi rəqəm doğrudur. Lakin fikrini dəyişdirən Abbas əmr etdi ki, qızılbaşlara rəqəmin az əhəmiyyət daşıdığı deyilsin. Bundan sonra tez-tez məsləhət aldığı, bibisi və Şah Təhmasibin qızı Zeynəb Bəyimin yanına getdi. Bibisi ona rəqəmlərdən çəkinməyib döyüşməyini tövsiyə etdi və bu tövsiyə şah tərəfindən qəbul edildi.[4]
Sufiyan döyüşü 6 noyabr 1605-ci ildə baş tutdu. Elə həmin gün Qaraçaqay xan tərəfindən idarə edilən Səfəvi ordusunun bir hissəsi "döyüş meydanının ən hündür" yerinə çıxdı və bu onların Osmanlı ordusu tərəfindən görünməsini mümkün etdi. O, Abbasın böyük toqquşmadan çəkinmək barədə əmrini əsas tutaraq kiçik toqquşmalardan sonra geri çəkilməyə başladı. Osmanlı ordusunun komandanlarından biri olan Köse Səfər paşa bunu zəiflik əlaməti kimi dəyərləndirib onları təqib etməyə başladı. Halbuki Sinan paşa bunu qadağan etmişdi.[5] Beləliklə, döyüş başladı. Abbas avanqard dəstələrini özü idarə edərkən, Allahverdi xana ordunun əsas dəstəsindən ayrılmış süvari birləşməsinə rəhbərlik etməsini tapşırmışdı.[6] Döyüş zamanı Osmanlının çoxlu sayda mərkəzdəki süvari dəstəsi Səfəvi ordusuna hücum etdi, Abbas yüngül silahlı Səfəvi süvarilərinə cavab olaraq Osmanlı ordusunun sol cinahına hücum etməyi, hiyləgər şəkildə Osmanlı ordusunun arxasına keçməyi əmr etdi. Sinan paşa bu hücumun əsas Səfəvi hücumu olduğunu düşünüb irəliləyən dəstələrinin bir çox hissəsini bu hücumu qarşılamaq üçün oraya yönləndirdi. Hər iki ordunun böyük bir hissəsi bu yerdəyişən Osmanlı dəstələrinin qaçdığını düşündü və elə bu anda Abbas ordusunun əsas gücünü təşkil edən Qızılbaş süvariləri döyüşə atdı. Qızılbaş süvarilərinin amansız hücumuna tab gətirə bilməyən Osmanlı ordusu bütün istiqamətlərdə qaçmağa başladı. Səfəvi ordusu Osmanlı ordusu üzərində böyük qələbə qazandı.[7] Osmanlı imperiyasının şəhərlərinin və bəylərbəyiliklərinin bir çox hakimi ya döyüş meydanında öldürüldü, ya da əsir götürüldü.[8] Döyüşdən sonra şahın qəbuluna gətirilən "iri cüssəli bir Osmanlı əsiri" gizlətdiyi xəncərlə şahın üzərinə hücum etsə də, əlbəyaxa mübarizədə Abbas onu məğlub edib xəncəri yerə atmağa məcbur etdi. Həmin əsir öldürüldü. Sinan paşa ordusunun sağ qalmış hissəsi ilə Vana geri çəkildi. Vanda Hələb paşasını görən Sinan ondan ordusunu onun əmrinə verməsini tələb etdi, tələbi rədd edildikdən sonra isə Hələb paşası edam edildi. Bu edama cavab olaraq Hələbdəki paşanın oğlu Osmanlı hakimiyyətinə qarşı üsyan başlatdı. Buradan da Diyarbəkirə doğru geri çəkilən Sinan paşa məğlubiyyətin verdiyi acıya tab gətirə bilməyib öldü. Bəzi mənbələr onun intihar etdiyini də yazmaqdadır.[9]
Abbasın hərbi istedadı döyüşün sonunu müəyyən etməkdə həlledici rol oynayır. Bütün əməliyyatlara şəxsən rəhbərlik edən şah əsas və ehtiyat qüvvələri elə bölüşdürür ki, rəqibin üstün saylı ordusunun öhdəsindən gələ bilsin. Bundan başqa o, gözlənilməz hərbi fəndlər işlədir. Bütün bunların sayəsində həddən artıq qənimət, o cümlədən 100-ə qədər ağır top ələ keçirilir.[10]
Sufiyan döyüşündə alçaldıcı məğlubiyyətə uğrayan Osmanlı imperiyası dərhal Səfəvi imperiyası ilə sülhə nail olmaq istəyir və bunun üçün fərqli yol seçir. Osmanlı sultanının anası şahı sülhə razı salmaq üçün ona Zeynəb Bəyim vasitəsiylə yaxınlaşmaq istəyir və vasitəçi olaraq İstanbulda əsir olaraq saxlanılan gürcü kralının arvadı Gülsarəni seçir. O, Gülsarəyə əgər cəhdlərinin uğurlu ola biləcəyi təqdirdə onun ərini azadlığa buraxağını söz verir. Gülsarənin vasitəçiliyi ilə Zeynəb Bəyimə məktub yazan sultanın anası ondan şahı sülhə razı salmağı xahiş edir və bildirir ki, müharibənin davam etməsi müsəlmanların bir-birinə daha da ziyan verməsi ilə nəticələnəcəkdir. Gülsarə tərəfindən ona gətirilən məktubu oxuduqdan sonra Zeynəb Bəyim cavabında sülh üçün əlindən gələni edəcəyini bildirir. Lakin şahın sülhlə bağlı düşüncələri qəti idi və bildirirdi ki, sülhün bərqərar olması üçün Şah İsmayılın atının dəydiyi bütün torpaqlar ona qaytarılmalı idi. Bu tələb Osmanlı imperiyasının sülh üçün itirməyə hazır olduğundan daha yüksək tələb idi.[11]
Nəticə
redaktəSufiyan döyüşündən sonra Abbas ordusuna qısamüddətli bir istirahət verdi və 3 ay sonra, yəni qışın sonlarına yaxın Araz çayını keçərək Gəncəyə hücum etdi. 6 ay davam edən mühasirədən sonra Gəncə qalası ələ keçirildi. Gəncə ələ keçirildikdən sonra Tiflisə doğru hücum edildi və ora da ələ keçirildi. Hüseyn xan Mühasib Qacarın yerinə Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ hakimi təyin olunur. Bundan sonra Abbas qoşunları Lori, Basarkeçər və Gürcüstanı ələ keçirir.[12] 1606-cı ilin qışında Şirvanı ələ keçirən Abbas ordunun hücumun davam etdirilməsi məsələsində müxalifəti ilə qarşılaşdı. Ordudakı zabitlər uzun müddətdir yürüşlərin olmasına və zəif yemləməyə görə ordudakı atların ya ölüb, ya da zəifləməsindən, döyüşçülərin təminatının zəifliyindən şikayətlənirdilər. Həqiqətən də, Osmanlı ordusu körpüyü uçurtduğuna görə buz parçalarının üzdüyü Kürü keçməyə çalışarkən qızılbaş ordusundakı heyvanların bir çoxu tələf olmuşdu. Bu barədə müzakirələr gedərkən qızılbaş ordusu Şirvan bölgəsinin paytaxtı hesab edilən Şamaxını mühasirəyə almışdı və mühasirə zamanı 2 ay demək olar ki heç durmadan yağan yağışlar ordunun düşərgəsini bataqlığa çevirmişdi. Lakin bu dövr ərzində Xəzər dənizinin sahilində yerləşən və mühüm şəhərlər hesab edilən Dərbənddə, Bakıda səfəvipərəst üsyanlar qalxdı. Üsyanların qalib gəlməsindən sonra şəhər qızılbaşlara təslim edildi.[13] Şamaxı qalasıda toplarla uçurduldu və hücumla şəhər ələ keçirildi. Şirvan bölgəsinin də geri qaytarılması ilə Abbas demək olar ki, 1590-cı il müqaviləsi ilə itirilmiş bütün Səfəvi torpaqlarını geri qaytarmağı bacardı və [14][15] 1555-ci ildə imzalanmış Amasya sülh müqaviləsinin müəyyən etdiyi sərhədlər yenidən bərpa edildi.[16]
Osmanlı tarixçisi İbrahim Pəçəvi yazırdı:
Beləliklə, İslam döyüşçülərinin 10–12 ildə əldə etdikləri hər şey itirildi. Bu allahsız şah ikicə ildə hər şeyi döyüşlə əlimizdən aldı."[17] |
Rover Savoryə görə, Sufiyanda "sayca və atəş gücü baxımından Osmanlılardan daha aşağı olan qüvvələrini ehtiyatla idarə edən və kritik anda ehtiyatını işə salan, özünü mükəmməl qabiliyyətə malik bir general kimi göstərdi".[16]
Osmanlı imperiyası üzərində böyük qələbəsinə ithafən Abbas 1607-ci ilin sentyabrında İmam Rzanın Məşhəd şəhərində yerləşən məqbərəsini ziyarət etdi. O, öz hakimiyyətini getdikcə daha çox İmam Rza ilə əlaqələndirirdi. Həmçinin İmam Rza vəqfi ilə birlikdə, öz əcdadlarının uyuduğu Ərdəbil vəqfinə də böyük məbləğ də ianə etdi. Məşhəddəki vəqfə edilən ianə Məhəmməd peyğəmbər, onun qızı Fatimə və 12 şiə imam, yəni Əhli-Beyt adına edilmişdi. Edilən ianə Abbasın şəxsi mülklərindən, İsfahanda yeni tikdirdiyi karvansaraylardan, dükanlardan və hamamlardan gələn gəlirlərdən toplanmışdı və Abbas ianə edərkən, bu məbləğin idari xərclərə, burada işləyənlərin ehtiyaclarına xərclənməsini şərt qoymuşdu. Həmçinin bu məbləğdən buranı ziyarətə gələn zəvvarlara, burada yaşayan tələbələrə, alimlərə, qonşu məhəllədə yaşayanlara da yardımlar edilməli idi. O, özünün ərəbcə yazılmış və əsasən teologiya barədə olan kitablar kolleksiyasını da buraya hədiyyə etdi. Buraya Quranın nüsxələri, Quran üzərinə yazılmış təfsirlər, Şiə yurisdiksiyası, İmamların və peyğəmbərin həyatı barədə olan kitablar daxil idi. Bunlar dini hüquq baxımından mühüm kitablar hesab edilirdi. Səfəvi sülaləsinin Ərdəbildəki vəqfinə isə, o, farsca yazılmış bütün kitablarını hədiyyə etdi. Bu kitablar əsasən dünyəvi mahiyyətdə idi və farsca ədəbiyyat, tarix barədə yazılmışdı. O, həmçinin özünün məşhur çini qablar kolleksiyasını da buraya hədiyyə etdi. Mal-mülkdən isə sürülərlə at, eşşək, dəvə, qızıl-gümüş, qiymətli daş-qaş da Ərdəbildəki Şeyx Səfi vəqfinə ianə edildi. Digər bir əmrlə isə, Şeyx Səfi məqbərəsiin əsaslı təmirinə başlanıldı. Bu iki vəqfə ianə Abbasın hakimiyyətinin legitimliyinin iki sütununu təşkil edirdi — Ərdəbil vəqfi sülalə, İmam Rza isə dini legitimliyi. Həmçinin o da əlamətdar ki, Abbasın bütün bu yürüşləri zamanı onu müşayət edən, şahlıq münşiliyinin katibi və rəsmi tarixçisi olan İsgəndər bəy Münşi onun qələbələrini Əmir Teymurun zəfərləri ilə müqayisə etmişdir. Abbasın özü də Əmir Teymurla assosiasiya edilməyi xoşlayırdı. Bu da Böyük Moğol imperatorları ilə ortaq legitimlik demək idi.[18]
İsgəndər bəy Münşi yazırdı:
Teymurun dönəmindən etibarən keçən 250 il ərzində heç bir hökmdar öz ordusunu 5 il fasiləsiz döyüş meydanında tutub belə fasiləsiz qələbələr qazanmamışdır. |
Bunları etdikdən sonra Abbas uzun müddətdir olmadığı İsfahana gəldi və burada qazanılmış qələbələr bir neçə gün fasiləsiz şəkildə qeyd edildi.[18]
Osmanlılar itirdikləri ərazilərin əldən çıxması ilə barışmaq istəmir və 1590-cı il müqaviləsinə qayıtmaq tələbi qoyurdular. Bu isə 1612-ci ildə bağlanmış yeni sülh sazişi imzalanana qədər fasiləsiz müharibələrə gətirib çıxarır.
İstinadlar
redaktə- ↑ Blow, 2009. səh. 79
- ↑ Blow, 2009. səh. 79, 81
- ↑ Sykes, 1915. səh. 262
- ↑ Blow, 2009. səh. 81
- ↑ Imber, 2012. səh. 92
- ↑ Imber, 2012. səh. 96
- ↑ Kia, 2017. səh. 101
- ↑ Imber, 2012. səh. 97
- ↑ Blow, 2009. səh. 81-82
- ↑ Aydoğmuşoğlu, 2011. səh. 138
- ↑ Blow, 2009. səh. 82
- ↑ Pazuki, 1317. səh. 326-327
- ↑ Münşi, 2010. səh. 734
- ↑ Blow, 2009. səh. 82-83
- ↑ Imber, 2012. səh. 98
- ↑ 1 2 Savory, 1982
- ↑ "Arxivlənmiş surət". 2017-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-26.
- ↑ 1 2 Blow, 2009. səh. 83-84
Mənbə
redaktə- David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I.B. Tauris. 2009. 288. ISBN 1845119894.
- Sir Percy Sykes (1915). A History of Persia. MacMillan.[6]. A History of Persia. London: MacMillan. 1915.
- Colin Imber. The Battle of Sufiyan, 1605: A Symptom of Ottoman Military Decline? - In Floor, Willem; Herzig, Edmund (eds.). Iran and the World in the Safavid Age. I.B. Tauris. 2012. ISBN 978-1780769905.
- Mehrdad Kia. The Ottoman Empire: A Historical Encyclopedia. I. ABC-CLIO. 2017. ISBN 978-1610693899.
- Rıza Pazuki. Târih-i İran (Ez Moğol Tâ Afşâriyye). Tehran: Şirket-i Çaphâne-i Ferheng. 1317.
- Cihat Aydoğmuşoğlu. Şah Abbas ve Zamanı (1587-1629). Ankara: BERİKAN YAYINEVİ. 2011.