Tagi Ebdulrehimov - Wikipedia
Tağı İbrahim oğlu Əbdülrəhimov (mart 1907, Salyan, Cavad qəzası – 13 fevral 1983, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR su təsərrüfatı naziri (1951–1953, 1954–1965) və meliorasiya və su təsərrüfatı naziri (1965–1971), Azərbaycan SSR əməkdar irriqatoru (1971), "Stalin" mükafatı laureatı (1951).
Tağı Əbdülrəhimov | |
---|---|
20 oktyabr 1965 – 29 iyun 1971 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Zülfüqar Bağırov |
31 mart 1954 – 20 oktyabr 1965 | |
Əvvəlki | vəzifə yenidən yaradılıb |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
17 may 1951 – 26 mart 1953 | |
Əvvəlki | İbrahim Gülməmmədov |
Sonrakı | vəzifə ləğv edilib |
1953 – 1954 | |
Nazir | İlyas Abdullayev |
1947 – 1951 | |
Nazir | İbrahim Gülməmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | mart 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 1983 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
|
Həyatı
redaktəTağı İbrahim oğlu Əbdülrəhimov 1907-ci ildə Salyan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 14 yaşında, 1921-ci ildə başlamışdır.[1] 1927–1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, Azərbaycan Su Təsərrüfatı İdarəsində çalışmışdır.[2]
Tağı Əbdülrəhimov 1931-ci ildə topoqrafiya-tədqiqat dəstəsinin rəhbəri olmuşdur. 1932-ci ildə Lənkərana işə göndərilmiş, 1933-cü ildən Salyanda suvarma qurğuları inşaatında, 1935-ci ildən isə yenidən Lənkəranda suvarma sistemləri idarəsində çalışmış, elə həmin ildən suvarma sistemləri idarəsinin rəisi işləmişdir. 1941-ci ildə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi təyin edilmişdir.[2]
1947-ci ildə Tağı Əbdülrəhimov Azərbaycan SSR su təsərrüfatı nazirinin müavini vəzifəsinə irəli çəkilmiş, 1951-ci ildən isə su təsərrüfatı naziri olmuşdur. Sonralar Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini və başqa məsul vəzifələrdə çalışmış, 1954-cü ildə yenidən su təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.[2] 1965-ci ildən isə Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri olmuşdur.[3] Bu illər ərzində onun bilavasitə iştirakı ilə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur–Dəvəçi kanalları, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağsu dəryaçaları, Baş Şirvan və Mil–Qarabağ kollektorları kimi iri qurğular tikilmişdir.[1]
Tağı Əbdülrəhimov 1971-ci ildə təqaüdə çıxaraq həyatının sonunadək pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda hidrotexnika və hidromeliorasiya işlərinin texnologiyası və təşkili kafedrasının dosenti işləmişdir.[1]
Tağı Əbdülrəhimov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, IV, VI və VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[4] O, 1954–1956-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1956–1961-ci illərdə Partiya Təftiş Komissiyasının üzvü, 1966-cı ildən isə yenidən Mərkəzi Komitə üzvlüyünə namizəd olmuşdur.[5] "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar irriqatoru" fəxri adına layiq görülmüşdür. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[1]
Tağı Əbdülrəhimov 1983-cü il fevralın 13-də vəfat etmişdir.[1] II Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Т. И. Әбдүлрәһимов // Коммунист. № 38 (18271). 15 феврал 1983-ҹү ил. С. 3.
- ↑ 1 2 3 Тағы Ибраһим оғлу Әбдүлрәһимов // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 24.
- ↑ Әбдүлрәһимов Тағы Ибраһим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 95.
- ↑ Әбдүлрәһимов Тағы Ибраһим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 119.
- ↑ Abdulragimov, Tagi Ibragimogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 2.
Xarici keçidlər
redaktə- "Azərbaycan Memarlıq və İnşaat Uni̇versi̇teti̇ni̇n tanınmış məzunları — Əbdülrəhimov Tağı İbrahim oğlu". Azərbaycan Memarlıq və İnşaat Universiteti. 2017-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-18.