Tahire Ceferova - Wikipedia
Tahirə Cəfərova (Cəfərova Tahirə Ənvər qızı; 19 aprel 1940, Bakı) — Fin ədəbiyyatı tərcüməçisi, yazıçı,
Tahirə Cəfərova | |
---|---|
Cəfərova Tahirə Ənvər qızı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Tanınır | Fin ədəbiyyatı tərcüməçisi, yazıçı |
Həyatı
redaktəCəfərova Tahirə Ənvər qızı 1940-cı il aprelin 19-da Bakıda anadan olub. 1957-ci ildə 124 nömrəli məktəbi qızıl medalla bitirib. Eyni dərəcədə həm riyazi, həm də ədəbi bacarığa malik olaraq və o zaman "fiziklər və liriklər haqqında" aparılan debatları nəzərə alaraq sənət seçimində fizikaya üstünlük verib — S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olunub, 1962-ci ildə oranı "nəzəri fizika" ixtisası üzrə qırmızı diplomla bitirib.[1]
T. Cəfərova 1962–1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda kiçik elmi işçi işləyib. Sonra 1965–1968-ci illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında yarımkeçiricilər kafedrasında professor V. L. Bonç-Bruyeviçin rəhbərliyi altında təhsil alıb, aspiranturanı qurtarandan Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda (EAFİ) işləyib. Həmin vaxt onun taleyində köklü dəyişiklik baş verib, o, sənətini dəyişmək qərarına gəlib, çünki ədəbiyyat və xarici dillər onu uşaq vaxtından cəlb edirdi.
T. Cəfərova 1970-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinin qiyabi bölməsinə, 1972-ci ildə isə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olunub. Bu iki ali məktəbdə sessiyalar müxtəlif vaxtda keçirildiyi üçün o, iki təhsil müəssisəsini asanlıqla qurtarıb. 1970–1972-ci illərdə Morneftdə neft hasilatı platformasında ingilis dili tərcüməçisi işləyib.
T. Cəfərova 1973-cü ildə Moskvada SSRİ İnturisti yanında ali ingilis dili kursunu bitirib. Lakin şəxsi həyatındakı dəyişikliklə əlaqədar olaraq tezliklə peşə seçimində yenə də dönüş yaranıb. T. Cəfərova Ədəbiyyat İnstitutunda oxuyaraq özünün əsas nəsr seminarından başqa, V. Boqaçevin rəhbərliyi altında fin dilindən ədəbi tərcümə seminarına da gedib. Fin dilini öyrənərək 1981–1985-ci illərdə SSRİ Yazıçılar İttifaqının Xarici Komissiyasında tərcüməçi işləyib.
Finlandiyanın Tampere Universitetində dərs deyib.[2] Yazıları "Literaturnıy Azerbaydjan" və "Azərbaycan" jurnallarında dərc olunub.[2]
Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL), Finlandiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin fəxri üzvüdür.[2]
Ailəsi
redaktə1984-cü ildə Reyno Viitala adlı o vaxt SSRİ-Finlandiya Dostluq Cəmiyyətinin sədri vəzifəsində çalışan fin əsilli şəxslə ailə həyatı qurub.[2]
Təltifləri
redaktə2017-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.[3]
İstinadlar
redaktə- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
- ↑ 1 2 3 4 "Yazıçı Tahirə Cəfərova: "Babam haqqında pıçıltı ilə danışırdılar"". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-27.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-27.