Tamerlan Eliyev - Wikipedia
Tamerlan Əziz oğlu Əliyev (3 oktyabr 1921, Şahtaxtı, Naxçıvan MSSR – 7 aprel 1997, Bakı) — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor.
Tamerlan Əliyev | |
---|---|
Tamerlan Əziz oğlu Əliyev | |
Doğum tarixi | 3 oktyabr 1921 |
Doğum yeri | |
Vəfat tarixi | 7 aprel 1997 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Əziz Əliyev |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili | |
Mükafatları |
|
Həyatı
redaktəTamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular.
T. Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı.
Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.
- Həkim Əziz Əliyevin oğludur.
- Oftalmoloq Zərifə Əliyeva, onkoloq Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın qardaşıdır.
- Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin qaynıdır.
- Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin dayısıdır
Tibbi fəaliyyəti
redaktəMüharibə illərində Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil müddəti 4 ilə qədər azaldıldığına görə Tamerlan Əliyev artıq 1944-cü ildə institutu bitirmiş və əmək fəaliyyətinə başlamışdı, lakin o, hələ 1943-cü ilin sentyabrında sonuncu kursda oxuyarkən artıq Bakı şəhərindəki Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda epidemioloq vəzifəsini yerinə yetirmiş, 1944-cü ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun mikrobiologiya kafedrasında assistent kimi fəaliyyət göstərmişdir. Gənc məzun 1945-ci ildən etibarən Azərbaycan Dövlət Tibb İnstitutunun fakültativ terapiya – Azərbaycan Tibb Universitetinin indiki II müalicə – profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasında əvvəlcə kliniki ordinator, sonra isə assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmış və onun bütün sonrakı fəaliyyəti Azərbaycan Tibb Universiteti ilə bağlı olmuşdur.
Professor T. Əliyev pedaqoji, müalicəvi, təşkilati fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işlərinə də böyük əmək sərf etmişdir. O, XX əsrin 50-ci illərinin əvvəllərində Azərbaycan kurort amillərinin, o cümlədən İstisu və Darıdağ sularının, Naftalan neftinin insan və heyvan orqanizminə təsir mexanizmlərinin öyrənilməsi ilə məşğul olmuş, 1954-cü ildə "Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası" mövzusu üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
Elmi fəaliyyəti
redaktəSonrakı illərdə o elmi-tədqiqat işlərini endokrin sistem xəstəliklərinin patogenezinin, klinika və müalicə üsullarının, həmçinin miokard infarktının müalicəsi və hemostaziologiya problemlərinin öyrənilməsi istiqamətinə yönəltmişdir.
Professor T. Əliyev apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən 1969-cu ildə "Şəkərli diabetin müxtəlif formaları olan xəstələrdə, periferik damarların vəziyyəti: metabolizmin və qanın laxtalanmasının bəzi göstəriciləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1970-ci ildə isə SSRİ Ali Attestasiya Komissiyası onun professor elmi adını təsdiq etmişdir. Elə həmin ildə Tamerlan Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmişdir. O, 20 il bu vəzifədə çalışmışdır.
Professor T. Əliyev XX əsrin 70–80-ci illərində əməkdaşları ilə birlikdə tədrisin islahatlar yolu ilə təkmilləşməsinə böyük töhfələr vermişdir. O, tədris-metodiki işlərin müasir tələblər səviyyəsində aparılmasına, tədrisin keyfiyyət göstəricilərinin, həmçinin nəticələri səhiyyə praktikasına tətbiq olunan elmi-tədqiqat işlərinin sayının və sanbalının artmasına nail olmuş, nümunəvi bir kafedra yaratmışdır. Tamerlan Əliyev təkcə ATİ-də deyil, bütövlükdə ölkədə tədris-metodiki işlərin ən gözəl bilicilərindən biri kimi tanınırdı.
Görkəmli alim 1990-cı ildə o dövrün yaş senzinin tələblərinə riayət edərək ərizəsinə görə kafedra müdiri vəzifəsindən çıxmış, öz yetirməsinin həmin vəzifəyə seçilməsinə zəmanət vermişdir. O, 1990-cı ildən ömrünün sonuna (1997) qədər kafedranın professoru vəzifəsində çalışmışdır.
1975-ci ildə professor T. Əliyev Fuad Əfəndiyev adına 4 nömrəli Bakı şəhər Klinik Xəstəxanası nəzdində 90 yerlik endokrinologiya şöbəsi yaratmışdır və bu şöbə hazırda da fəaliyyətini davam etdirir. Həmin dövrdə Tamerlan Əliyev təşəbbüsü ilə daxili xəstləlikər kafedrasının nəzdində Azərbaycan Respublikasında ilk dəfə olaraq intensiv kardioloji yardım şöbəsi yaradılmış, reanimasiya və intensiv terapiya bloku, funksional diaqnostika şöbəsi təşkil edilmişdir.
T. Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin təşkili sahəsinin inkişafına böyük əmək sərf etmişdir. Novator alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə olaraq Bakıdakı 4 nömrəli şəhər Klinik Xəstəxanası nəzdində miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, həmçinin intensiv terapiyası təşkil edilmişdir və bu da respublikada həmin xəstəliklərdən ölüm faizinin azalmasına səbəb olmuşdu.
Tamerlan Əliyevin Azərbaycan səhiyyəsində xidmətlərindən biri də bilavasitə onun təşəbbüskarlığı və təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik C. M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu olmuşdur. Belə bir möhtəşəm müalicə-diaqnostika mərkəzinin fəaliyyətə başlaması Azərbaycan səhiyyəsinin, tibb elminin inkişafına güclü təkan vermişdir.
Görkəmli endokrinoloq
redaktəAzərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri olan Tamerlan Əliyev endokrinologiya sahəsinin inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətləri ölkəmizin hüdudlarından kənarda da qiymətləndirilirdi və görkəmli alimə geniş nüfuz qazandırırdı. Azərbaycan alim əldə etdiyi mükəmməl elmi nailiyyətlərinə görə vaxtilə keçmiş SSRİ-də Ümumittifaq Endokrinoloqlar, Kardioloqlar və Nefroloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü seçilmişdir.
Professor T. Əliyevin 1983-cü ildə Ümumittifaq Endokrinoloqlar Cəmiyyətinin səyyar elmi sessiyasının Bakıda keçirilməsinə nail olması Azərbaycan səhiyyəsində böyük tarixi hadisəyə çevrilmişdi. Görkəmli alim uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti, Bakı şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu, ictimai əsaslarla ATİ-nin elmi işlər üzrə prorektoru və s. vəzifələri yerinə yetirmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, Respublika Hərbi Çağırış Komissiyasının və "Azərbaycan Tibb Jurnalı"nın redaksiya heyətinin üzvü olmuşdur. O, həmçinin Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən terapiya ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri vəzifəsində çalışmış, bu sahə üzrə gənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusu sıralarının artmasına rəhbərlik etmişdir.
Tamerlan Əliyevin elmi məsləhətçiliyi və rəhbərliyi altında 5 doktorluq və 25 namizədlik dissertasiyası yerinə yetirilmişdir.
Elmi nəticələri
redaktəProfessor T. Əliyev 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin və səmərələşdirici təklif, ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur.
Tamerlan Əliyevin müəllifi olduğu "Klinik-diaqnostik laborator tədqiqat üsulları" (1974), "Şəkərli diabet haqqında ətraflı məlumat" (1977), "Biokimyəvi tədqiqat üsulları" (1979), "Şəkərli diabet" (1979), "Prediabet" (1982), "Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi" (1983), "Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi" (1985), "Endokrinologiya" (1993) və s. bu kimi əsərlər indi də öz aktuallığını saxlayır. Alimin uzun illərin təcrübəsi sayəsində əldə etdiyi praktik vərdişlər və nəzəri biliklər əsasında qələmə aldığı "Endokrinologiya" adlı dərslik bu sahə üzrə Azərbaycan dilində yazılmış ilk irihəcmli, genişəhatəli nəşrdir. Alim həmçinin A. V. Sumarokov və A. A. Mixaylovun "EKQ üzrə vəsait" adlı kitabını rus dilindən Azərbaycan dilinə çevirmişdir.
Professor T. Əliyevin "Klinik-diaqnostik laborator tədqiqat üsulları" adlı monoqrafiyası SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə təqdim edilmiş və sərginin qızıl medalına layiq görülmüşdür. Bu monoqrafiya Azərbaycan SSR Dövlət Mükafatı ilə təltif edilmişdir.
Tamerlan Əliyev Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Almaniya, Kanada, İsveçrə, Finlandiya və başqa xarici ölkələrdə keçirilmiş elmi toplantılarda dəfələrlə novator məruzələrlə çıxış etmişdir.
Tamerlan Əliyev 7 aprel 1997-ci ildə dünyasını dəyişmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Mükafatları
redaktəGörkəmli alim 1981-ci ildə "Əməkdar elm xadimi" fəxri adına, müxtəlif illərdə "Şərəf nişanı" və "Oktyabr İnqilabı" ordenlərinə, "Azərbaycan SSR Dövlət Mükafatı" laureatı adına, SSRİ Xalq Təssərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına, "Səhiyyə əlaçısı" döş nişanına, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına və digər təltiflərə layiq görülmüş, sanballı elmi-metodiki işlərinin dəyərli nəticələrinin müqabilində dəfələrlə SSRİ İxtiralar və Kəşflər üzrə Dövlət Komitəsinin sertifikatlarını almışdır.
Xatirəsi
redaktəTamerlan Əliyev yüksək mədəni səviyyəyə malik, təvazökar və obyektiv insan idi.
Onun anadan olmasının 90 illik yubileyi 2011-ci ildə elmi-pedaqoji, tibb ictimaiyyəti tərəfindən yüksək səviyyədə qeyd olunmuşdu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti tərəfindən alimin əziz xatirəsinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulmuş, onun materialları isə artıq kitab şəklində çap olunmuşdur.[1]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2011-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-01.