Teyson Sulalesi - Wikipedia
Teyşon sülaləsi (vyet. Nhà Tây Sơn, tı-nom 家西山), həmçinin bəzən Tayşon dövrü də adlanır — Vyetnam tarixinin 1778-1802-ci illər kəndli üsyanları və mərkəzsizləşdirmə dövrü[1];
Tarixi
redaktəÇin və Nquen ailələrinin hakimiyyətinin devrilməsi
redaktəXVIII əsrin axırlarında Vyetnamda istismara qarşı şüurlu müqavimət hərəkatı formalaşmaqda idi. Ölkədə daha da təkmilləşmiş formada üsyana hazırlıq işləri gedirdi və nəhayət,1771-ci ildə güclü xalq üsyanı baş verdi. Bu üsyan teyşonlər üsyanı adı ilə məşhurdur (Tay-şen - "Qərb dağları" mərkəzi Vyetnamda, Kontum şəhərinin yaxınlığında yerləşən kəndin adıdır). 1771-ci ilin ortalarında başlanan bu üsyan uzun müddət idi ki, hazırlanırdı. Xalq elçiləri, xüsusilə xalqın dərd-sərini bilən ziyalılar "Xalqın səsi" adlanan klublarda izahat işləri aparırıdılar.
Üsyan demək olar bütün ölkəni bürüdü və 30 il davam etdi. Öz xarakteri etibarilə bu üsyan antifeodal hərəkatı xarakteri daşıyırdı. Əsas hərəkətverici qüvvə isə kəndlilər idi. Şəhər sakinləri, sənətkarlar və bəzi müflisləşmiş tacirlər də üsyana qoşulmuşdular. Çünki onların düşdüyü acınacaqlı həyat tərzi, sənətin, istehsalın və ticarətin sərbəst inkişafına mane olan feodal dağınıqlığı və istismarının məhv edilməsi zamanın tələblərindən irəli gəlirdi.
Üsyanın ilk dövründə teyşonlər kortəbii olaraq bərabərlik yaradılmasına çalışırdılar. Onlar torpaqların bərabər bölüşdürülməsi siyasəti yeridir, varlıların əmlakını alıb yoxsullar arasında bölüşdürürdülər. Bu hadisədən sonra ağır şəraitdə yaşayan xalq dərhal öz xilaskarlarının sıralarına qoşuldu, nəticədə üsyançılar uzun müddət xalqı soyan, ölkəni talan edən Çin və Nquen ailələrinin hakimiyyətini devirdilər və Le sülaləsi nümayəndələrini ölkədən qovdular.
Lakin kəndlilərin siyasi cəhətdən yetkin olmaması, onların yerli tələblərdən yüksəyə qalxa bilməməsi, "qanuni" hökumət, "ədalətli" padşah tələblərində ifadə olunan məhdudluğu, ən başlıcası isə ölkədə daha mütərəqqi ictimai quruluşun qələbəsi üçün şəraitin olmaması bütün bunlar üsyan rəhbərlərinin varlanaraq əqidəsinin dəyişməsinə, özlərinin də istismarçıya çevrilməsi nəticə etibarilə üsyanın məğlubiyyətinə səbəb oldu.[2]
Teyşon sülaləsinin hakimiyyəti dövründə Vyetnam
redaktəTeyşon rəhbərlərindən biri olan Nxak 1778-ci ildə özünü imperator elan etdi. Teyşonların yuxarı rəhbər təbəqəsinin hakimiyyət başına gəldikdən sonra həyata keçirməyə başladığı siyasəti, devrilmiş feodalların keçmiş siyasətindən az fərqlənirdi. Xalq kütlələri get-gedə teyşonlardan uzaqlaşmağa başladı və aldadıldığını dərk etdi.
Belə bir şəraitdə Nquen feodallarından biri Nquen Fuk An xalqın narazılığından məharətlə istifadə etdi. O, öz hakimiyyətini bərpa etmək üçün böyük bir ordu toplayaraq teyşonlara qarşı mübarizəyə başladı. Üsyanın yatırılmasında Fransa da az rol oynamadı. Nquen Fuk Anın ağır vəziyyətə düşməsindən istifadə edən Fransa hökuməti Vyetnamda olan öz missioneri, Adran yepiskopu Pino de Bexem vasitəsilə ona hərbi yardım təklif etdi. Danışıqlar nəticəsində 1787-ci il noyabrın 28-də Versalda Vyetnamla Fransa arasında ilk əsarətli müqavilə imzalandı. Müqaviləyə görə Fransa Nquen Fuk Anın yardımına hərbi korpus göndərməyi vəd etdi. Nquen Fuk An isə Turan limanını və Pulo-Kondor adasını Fransaya güzəştə gedərək fransız tacirlərinə imtiyazlı ticarət hüququ verdi və vergi cəhətdən onları yerli tacirlərlə bərabərləşdirdi. Fransada inqilab baş verməsi Vyetnama fransız qoşunlarının göndərilməsi planını pozdu, lakin təlimatçılar və silah-sursat hər halda gəlib çıxdı. Nquen Fuk An Fransadan yardım alaraq, üsyançılara qarşı qəti hücuma keçdi ki, bu irticaçı hücum idi. 1802-ci ilin əvvəllərində Nquen feodallarının keçmiş torpaqları demək olar tamamilə Nquen Fuk Anın ordusunun nəzarəti altında idi. Nquen Fuk An 1802-ci il iyunun 1-də özünü Jia Lonq adı ilə imperator (1802-1820) elan etdi. O, eyni zamanda quru və dəniz qüvvələrinə Qırmızı çayın deltasını da tutmaq əmri verdi. Teyşonlar ciddi müqavimət göstərə bilmədilər və 1802-ci il iyulun 20-də Jia Lonqun ordusu teyşonların son dayağı olan Xanoyu da tutdu. Beləliklə, xalqın ümid bəslədiyi, inandığı bu üsyan da məğlubiyyətə uğradı. Lakin məğlubiyyətə baxmayaraq üsyan Vyetnamın tarixi inkişafında mütərəqqi rol oynadı. Qüdrətli xalq hərəkatı feodalizmə ciddi zərbə vurdu və iki yüz illik feodal dağınıqlığını ləğv etmək üçün şərait yaratdı. Amma xalq yenə də aldadıldı. Xalqın adından istifadə edənlər əslində yadellilərlə ittifaqa girərək hakimiyyəti zəbt etdilər. Şirin vədlər arxada qaldı və o vədlərin heç birinə əməl edilmədi.[2]
İstinadlar
redaktə- ↑ Концевич Л. Р. Хронология стран Восточной и Центральной Азии. Arxivləşdirilib 2015-07-13 at the Wayback Machine — Москва: Восточная литература РАН, 2010. — С. 471. — 806 с. — ISBN 978-5-02-036350-2.
- ↑ 1 2 Nuruzadə Şubay Cavad oğlu. Asiya və Afrika ölkələrinin yeni tarixi. (XVII əsrin I yarısı və XIX əsrin 70-ci illəri). Sumqayıt, “Azəri” nəşriyyatı, 2017, s.210-212