Transgen Bitkiler - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Transgen bitkilər — ənənəvi bitki sortlarına digər canlı orqanizmlərdən təcrid edilmiş genin və ya genlərin köçürülməsi nəticəsində əldə olunmuş genetikası modifikasiya olunmuş orqanizm (GMO) bitkilər.
Genetik modifikasiya olunmuş bitkilərin yeni sortlarının yaradılması və onların kommersiya məqsədləri ilə geniş sahələrdə becərilməsi nəticəsində, istehsal edilmiş məhsulların bir çoxu ərzaq məhsullarının tərkib hissəsini təşkil etməsi olmuşdur. Məlumatlar göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində transgen bitkilərə, onlardan istehsal edilən kənd təsərrüfatı və ərzaq məhsullarına münasibət bir mənalı deyildir.
Tarixi
redaktəAyrı-ayrı genlərin bir orqanizmdən digərinə transformasiyası ilk dəfə 1972-ci ildə həyata keçirilmişdir. İlk transgen bitkilər isə 1982-ci ildə Kölndəki bitkiçilik institutunun və Monsanto şirkətinin əməkdaşları tərəfindən yaradılmışdır. Bir qədər sonra, yəni 1986-cı ildə ABŞ-də tütün bitkisinin virusa qarşı davamlı formalarının açıq sahə şəraitində sınaqları uğurla nəticələndi.
Çində aparılan analoji sınaqlar isə 1992-ci ildə belə sortların davamlılığını bir daha sübut etdi. Elə həmin dövrlərdən başlayaraq transgen bitkilərin əkin sahəsi sürətlə genişlənməyə başladı. Belə ki, bütün dünyada 1997-ci ildə cəmi 1,7 mln hektar sahədə transgen bitkilər becərilirdisə. 1998-ci ildə onların sahəsi 30 mln, bir il sonra isə artıq 40 mln, hektar olmuşdur. FAO-nun son rəsmi məlumatlarına görə 2005-ci ildə dünyanın 21 ölkəsində becərilən transgen bitkilərin əkin sahəsi artıq 90 mln hektar olmuşdur. Təkcə ABŞ-də 49,8 mln., Argentinada isə 17,1 mln hektar sahədə müxtəlif sort transgen bitkilər becərilmişdir. Əkinin strukturunda soya bitkisi 60 %, qarğıdalı 30%, pambıq 1,5 % yer tutursalar da raps, günəbaxan, şəkər çuğunduru, çəltik və s, kimi bitkilər də kifayət qədər əraziyə malik olmuşdurlar. Artıq 1999-cu ilə qədər 45 ölkədə 60-dan çox bitki üzərində 40 mindən artıq gen köçürülməsi əməliyyatı aparılmışdır. Hibridləşmə zamanı seçilmiş kombinasiyalardan 42% ən müxtəlif xəstəliklərə, 17% zərərvericilərə, 18% herbisidə davamlılıq və 22 % keyfiyyətin daha da yaxşılaşdırılması istiqamətində aparılmışdır.
Burada seleksiyanın ənənəvi metodları vasitəsilə yaradılması bəlkə də mümkün olmayan və ya bunun üçün çox vaxt tələb olunduğu halda gen mühəndisliyi metodlarını tətbiq etməklə qısa bir vaxtda ən müxtəlif bitkilərin arzu olunan əlamət və xüsusiyyətlərə malik olan sortlarını yaratmağın mümkünlüyünü istisna etmək olmaz.
Ancaq belə bitkilərin kommersiya məqsədilə becərilməsi, yəni bilərəkdən ətraf mühitə buraxılması ilə əlaqədar qarşıya çıxan risklərlə bağlı bir sıra çox ciddi suallar meydana gəlir. Bu risklərə ilk növbədə ətraf mühit və insan sağlamlığı, həmçinin fermerlərin, kənd təsərrüfatının və nəhayət ölkənin iqtisadiyyatı ilə əlaqədar risklərə aid etmək olar. Burada həm birbaşa, həm də dolayı təsirlər nəticəsində yaranan riskləri istisna etmək olmaz.
Ölkə parlamentinin "Bioloji təhlükəsizliyə dair biomüxtəliflik haqqında Kartagena Protokolunu" ratifikasiya etməsi bu sənədə qoşulmaqla ətraf mühit və ölkə əhalisinin sağlamlığının daima respublika rəhbərliyinin diqqət mərkəzində olduğunu göstərir. Dövlətin kənd təsərrüfatı sahəsindəki əsas strateji siyasəti fermerlərin gəlirlərinin artmasına və onların həyat səviyyəsinin yüksəldilməsinə yönəltməklə əhalinin ərzaq təhlükəsizliyinə nail olmaqdan ibarət olsa da görülən işlər həm də onların təmiz ekoloji mühitdə yaşamaları və keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları ilə qidalanmaları üçün çox mühümdür. Azərbaycan özünün torpaq və xüsusən iqlim amillərinin zənginliyinə görə seçilən unikal bir ərazidə yerləşir. Bütün bunlar isə ölkənin bioloji cəhətdən zənginliyini müəyyənləşdirən ən zəruri amillərdir.
Zənnimizcə fermerlərin müasir tələblərinə cavab verən yeni, daha məhsuldar, ətraf mühitin əlverişsiz amillərinə qarşı davamlı və keyfiyyətli sortların yaradılmasında başlanğıc material kimi istifadə etmək üçün Azərbaycanda yayılmış mədəni və yabanı formaların genetik imkanlarından hələlik tam istifadə edilməmişdir. Odur ki, bu sahədə tədqiqat işlərini genişləndirməklə ölkə əhalisinin ərzaq təhlükəsizliyini təmin edən bioloji cəhətdən təhlükəsiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının dinamik artımına nail olmalıyıq. Biz biotexnologiya elminin əleyhinə deyilik, ancaq gen mühəndisliyi fəaliyyətində tətbiq olunan metodların təkmilləşdirilməsi ilə yeni yaradılacaq sortların təhlükəsizliyinin tərəfdarıyıq.
Proqnozlar
redaktəAlimlərin proqnozlarına görə 2014-cü ildə ABŞ-də istehsal olunan bütün ərzaqların tərkibində transgen bitki mənşəli məhsulların komponentləri mövcud olacaq. Hazırda bu ölkənin bazarlarında transgen bitkilərin həcmi 20 milyard dollara çatır. 2020-ci ilə qədər bu göstəricinin 75 milyard dollara çatacağı ehtimal olunur.
Transgen bitkilərin qısa bir dövr ərzində populyarlaşması və onun geniş sahələrdə becərilməsini, bəzən onların xəstəlik, zərərverici və ətraf mühitin digər əlverişsiz amillərinə davamlı olmaları ilə yanaşı, daha məhsuldar və keyfiyyətli olmaları ilə izah etsələr də, onların becərilməsinə daha az vəsait sərf olunduğunu iddia edən fermerlərdə var. Ancaq, əldə olunan məlumatlar bunun həmişə belə olmadığını göstərir. Hələ 1999-cu ildən başlayaraq Çin respublikasında transgen pambıq sortları tətbiq olunmağa başlayıb və nəticədə bu bitkidən məhsul istehsalına çəkilən xərclər 46 % azalıb, yəni 18 əvəzinə cəmi 6 insektisiddən istifadə olunub. Lakin cəmi yeddi ildən sonra becərilməsinə çəkilən xərclər daha 40 % artmaqla sahəni iflic vəziyyətinə salıb. Belə hallarla tez-tez təsadüf edildiyindən düşünülmüş siyasət təhlükəsizliyin təminatı olmalıdır.