Travmatik Sok - Wikipedia
Travmatik şok — faza formasında gedən patoloji prosesdir. Qan dövranının, tənəffüsün, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin, humoral tənzimin pozulmasının müşayiəti ilə reflektor yolla zədəyə qarşı cavabıdır. Qanitirmə, soyuq, yorulma, aclıq və bu kimi başqa zədələyici amilin uzun vaxt təsiri şokun daha tez və ağır gedişinə mənfı təsir göstərir. Döş qəfəsinin, qarın boşluğunun üzvlərinin, onurğa sütununun, çanağın, kəllənin zədələnmələri zamanı və yanıqlarda daha tez-tez şok müşahidə edilir.[1]
Şok — ing. shock sözündən olub, zərbə, sarsıntı deməkdir. Şok, kəskin ağrıya qarşı orqanizmin sinir–reflektor reaksiyasıdır. Şok zamanı əsas həyat fəaliyyəti olan üzvlər: qan hərəkəti, tənəffüs, maddələr mübadiləsi pozulur. Lakin əsas yeri sinir sisteminin fəaliyyətinin pozulması tutur. Şok ağır zədələnmələrdə, geniş sahəli yanıqlarda, uyğun olmayan qanı köçürən zaman baş verir.[2]
Şok iki sinir sistemi arasında bir-birinə zidd olan qıcıqlanma ilə tormozlanma arasında gedən konfliktlər nəticəsində əmələ gəlir. Travmaya uğramış sahədə zədə almış periferik sinirlər qıcıqlanır və impulslar mərkəzi sinir sisteminə gedərək beynin qabıq altı maddəsinə, sonra beyin yarım kürələrinə çatır. Ağrı impulslarından beyin yorulur, üzülür, qıcıqlara cavab verə bilmir və beyində tormozlanma gedir ki, bu da şok adlanır. Etioloji əlamətə əsasən şokun təsnifatı aşağıdakı kimi təklif edilir:
- ağrı nəticəsində törənən şok;
- humoral şok;
- psixogen şok.[3]
Ağrı nəticəsində törənən şok əlamətinə görə travmatik, yaxud ekzogen və endogen şoka bölünür. Travmatik şoka mexaniki zədələnmələrdən yanıq, elektrik cərəyanından, donmadan sonra əmələ gələn və əməliyyat şoku aiddir. Endogen şoka "kəskin qarın" iltihabdan sonra, kardiogen,nefrogen və s. şoklar aiddir.[4]
Humoral şoka yad zülalların, yaxud uyuşmayan maddələrin vurulmasından əmələ gələn, anafılaktik, hemolitik, adrenalin, insulin, histamin şoku aiddir. Psixogen şok qəflətən ağır faciəli xəbər eşidərkən, qorxu, həyəcan, qüssə keçirərkən baş verir.[4]
Travmatik şokun baş verməsinin əsas səbəbi ağır mexaniki travmadır. Travmadan başqa qanaxma, pisixikanın pozulması, soyuğun və ya istinin təsiri, aclıq şokun yaranmasına təkan verən səbəblərdir. Dinc dövrdə çox qarışıq və mürəkkəb travmalar, o cümlədən kəllə-beyin travmaları ilə birlikdə, çanaq sümüklərinin mürəkkəb sınıqları, səthi narkoz altında uzun çəkən əməliyyatlardan sonra travmatik şoka tez-tez rast gəlinir.[4]
Klinik gediş
redaktəŞokun gedişində iki: erektil və torpid faza ayırd edilir. Erektil faza hadisə və travmanın baş verdiyi yerdə əməliyyat otağında, müharibə zamanı isə döyüş meydanında travma alan anda baş verir. Bu fazanın müddəti çox qısa və anidir (bəzən 10–15 dəq qədər davam edə bilər). Bu fazada xəstənin huşu özündə olur, danışığı həyəcanlı və gərgin, ətrafa laqeyd olub, öz vəziyyətini belə düşünmür. Ağrıya qarşı reaksiya çox artır. Səsi karlaşır və danışıq qırıq-qırıq olur. Dəri və selikli qişalar avazıyır, tərləmə müşahidə edilir, dəri və vətər refleksləri artır, göz bəbəyi genəlir və işığa qarşı reaksiyası artır. Nəbz bir qədər tezləyir və bəzən azalır, qan təzyiqi artır. Erektil fazanı ancaq hadisə yerində olan şəxs görür, əksər hallarda həkim hadisə yerində olmadığından bu fazanı görə bilmir.[5]
Erektil faza torpid fazaya tez keçir. Xəstə hərəkətsiz, qıcolmuş şəkildə qalır və o nə şıkayətlənir, nə qışqırır, heç nə tələb etmir. Bədəni soyuq, sifəti avazımış, meyitə oxşayır, baxışları hərəkətsiz olur. Nəbzi zəif olur. Verilən suallara cavab vermir, sakit səslə öz-özünə nə isə deyir, tənəffüs səthidir, dərisini hiss etmir. Oyandırıcı maddələr verildikdən bir neçə saat sonra belə vəziyyət keçib gedir, bəzən isə ölənə qədər davam edir.[5] Torpid fazada ürək tonları karlaşır, qan təzyiqi enir, qanın damarda axma surəti azalır, qan qatlaşır, eritrositlər çoxalır.[4]
Torpid faza 4 dərəcəyə bölünür:
- yüngül dərəcə:
Dərinin rəngi avazımış, nəbz ritmik, dəqiqədə 90–100, qan təzyiqi 100–90 c/süt, tənəffüs 22–24 dəqiqədə, huşu özündə olur.[6]
- orta ağırlıqda:
Dərinin rəngi kəskin avazımış, səsi zəif, bədən t 35 °C, nəbz 120–140, qan təzyiqi 90–80 mm c/süt, tənəffüs səthi 30–dək olur.[6]
- ağır dərəcə:
Dərinin ağarması, torpaq rəngi, tərlə örtülmüş, nəbz sapvari 140–160 dəqiqədə, qan təzyiqi 70–60 mm c/süt, tənəffüs səthi — 30–35, tormozlanma, reflekslər təyin olunmur.[6]
- terminal hal:
Agoniya, kollaps, huşu yoxdur, nəbz sapvarı, bəzən hiss olunmur, qan təzyiqi 50–dən aşağı, tənəffüs sönmüş, bilinmir.[6]
Torpid fazalı şokda ürək tonları karlaşır, proqressiv olaraq qan təzyiqi enir, qanın damarda sürəti azalır, qan qatılaşır və eritrositlər çoxalır. Toxumalarda oksigen aclığı və oliquriya müşahidə edilir.[6]
Travmatik şokun diaqnozunu düzgün təyin etmək üçün onu bir çox ağır və ona oxşar xəstəliklərlə (yarada infeksiyadan baş verən intoksikasiya, piy emboliyası, beyin kəllə travmaları, daxili orqanların qanaxması, travmatik toksikoz və s. ilə) differensiasiya etmək lazımdır.[6]
İlkin tibbi yardım
redaktəİlk tibbi yardımın göstərilməsi hadisə yerində təcili aparılmalıdır. Çünki bu yardım nə qədər tez və düzgün aparılsa, o qədər sonrakı müalicəsi və nəticəsi müsbət effekt verə bilər.[7]
Zədələnmə ocağında şoka qarşı sadə üsullardan standart şinaların və əl altı vasitələrin köməyi ilə nəqliyyat immobilizasiyanın vacibliyini qeyd etmək lazımdır.[6]
Əgər ilk yardım təcili yardım maşında göstərilərsə, sınıq və çıxıq olarsa, xüsusi nəqliyyat şinalarından istifadə edərək yaxşı immobilizasiya, travmanın xarakteri və lokalizasiyasından asılı olaraq novokain blokadası etmək (dairəvi, vaqosimpatik, paranefral blokadası) lazımdır. Daxili qanaxmaya və ya mədə-bağırsağın dərialtı partlamasına şübhə varsa, xəstəxanaya gələnə qədər analgetiklərdən istifadə etmək olmaz. Xəstəxanaya aparılarkən xəstəyə oksigen verilməli, müvəqqəti qandayandırma üsulları tətbiq edilməlidir.[6]
Müalicə
redaktəAğrını kəsmək üçün xəstəyə narkotik analgetiklər (pantopon, omnopon, promedol), bromidlər, hedonal və s. vurulmalıdır. Müalicə narkozu kimi 1:1 nisbətində azot 1–oksidi ilə oksigen qarışığı verilir. Qanaxmanın qarşısı tam alınmalıdır. İmpulsların zədələnmiş nahiyədən mərkəzi sinir sisteminə nəql olunmasının qarşısını almaq üçün novokain blokadaları edilir, sınıq yerinə isə 10–40 ml 1–2 %–li novokain yeridilir.[8]
Şokun dərəcəsindən asılı olaraq müalicə məqsədilə qan, poliqlükin (450–900 ml–dək), reopoliqlükin (500 ml) köçürülür. III–IV dərəcəli şokda pozulmuş qan dövranını bərpa etmək məqsədilə vena daxilinə böyük dozada köçürülən qan təzyiqi qaldıra bilmir, əgər qaldırırsa da tez bir zamanda enir. Vena daxilinə böyük dozada vurulan qan sağ ürəyin yükünü artırır və xəstə şokdan çıxmayıb vəziyyəti pisləşərək ölür. Ona görə də III–IV dərəcəli şokda vena daxilinə sürətlə 500 ml qan vurduqda xəstənin qan təzyiqi 70 mm c/süt qədər yüksəlməzsə, onda arteriya daxilinə 250–500 ml qan və qanı əvəzedən maddələr (poliqlükin, polivinil) vurulur.[9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi VƏ Tibbi Biliklərin Əsasları. Bakı: 2016. 2019. səh. 606.
- ↑ "TRAVMATİK ŞOK" (az.). panaseya.az. 2015-03-24. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-12.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi VƏ Tibbi Biliklərin Əsasları. Bakı: 2019. 2019. səh. 606.
- ↑ 1 2 3 4 R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi VƏ Tibbi Biliklərin Əsasları. Bakı: 2016. 2019. səh. 607.
- ↑ 1 2 R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi VƏ Tibbi Biliklərin Əsasları. Bakı: 2019. 2019. səh. 607.
- ↑ 1 2 3 4 5 6 7 8 R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi VƏ Tibbi Biliklərin Əsasları. Bakı: 2019. 2019. səh. 608.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi VƏ Tibbi Biliklərin Əsasları. Bakı: 2016. 2019. səh. 608.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi VƏ Tibbi Biliklərin Əsasları. Bakı: 2016. 2019. səh. 609.
- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, F.Ə.Məmmədova. Həyat Fəaliyyətinin Təhlükəsizliyi VƏ Tibbi Biliklərin Əsasları. Bakı: 2019. 2019. səh. 609.