Tuti Jurnal - Wikipedia
"Tuti" jurnalı (az.-əski. طوطی) — həftəlik satirik, şəkilli jurnal.
Tuti | |
---|---|
az.-əski. طوطی | |
| |
Baş redaktor | Cəfər Bünyadzadə |
Növ | həftəlik satirik jurnal |
Təsisçi | |
Təsis tarixi | 27 dekabr 1914 (9 yanvar 1915) |
Nəşrini dayandırıb | 29 iyun (12 iyul) 1917 |
Ölkə | |
Qərargah | |
Dil | Azərbaycan dili |
Haqqında
redaktə"Tuti" jurnalı "Molla Nəsrəddin" jurnalının təsiri altında həftədə bir Bakıda Azərbaycan türkcəsində nəşr olunmuşdur. Siyasi, ədəbi, ictimai türk məzhəkə məcmuəsi idi. "Tuti" jurnalının redaktoru "Səda" qəzetinin mühərriri Cəfər Bünyadzadə, naşiri və sahibi Tağı Nağıyev idi. Jurnalın ilk nömrəsi 1914-cü il 27 dekabrda, sonuncu nömrəsi 1917-ci il 29 iyunda (cəmi 112 nömrə) buraxılmışdır. Birinci il bir nömrə, ikinci il 44 nömrə, üçüncü il 1916 - cı il iyulun 30 - na kimi 28 nömrə çıxmışdır. Dördüncü il "Tuti" inqilaba qədər çıxmışdır. Həmin il müdirliyi Dadaş Bünyadzadə dəröhdə edib. Məcmuə 15 gündə bir nəşr olunmağa başlamışdır.[1] Birinci nömrədə ümumi başlığın yanında aşağıdakı elan verilmişdir:
Doğru, qərəzsiz və açıq türk dilində yazılıb cəmaətimizə nəfi və millət nöqteyi nəzərincə əhəmiyyətli maddələri təlim edən hər növ məqalələrə məcmuəmizdə yer verilir. |
Jurnal özündən əvvəl çıxan satirik jurnalları təkrar etməyəcəyini və onlardan tamamilə fərqlənəcəyini birinci nömrənin baş məqaləsində oxuculara vəd etmişdi və göstərmişdi ki, həmin məzhəkə jurnallarının məsləkini təqib etməyəcəkdir. Jurnal öz məsləkini məqalədə belə şərh edir:
Məcmuəmizin başında gedən şəklə diqqətlə baxınız, o, mənim məsləkimdir. Sağda bir çəmənlik, solda da bir xarabəzar bir bağ görünür. O bağda qurumuş bir ağacdan ağzı sınmış bir qəfəs asılmışdır. Oradan xilas olub üzüm çəmənliyə tərəf durmuşam. Arzum budur ki, sizlə bahəm inşallah, çəmənliyə yetişib, çayın kənarında, bülbüllərin cəh-cəhi eşidilən bir məqamda börkümüzü yanımıza qoyaraq çırt çubuğuna xod verək. |
Məram və məqsədini açıqlayan jurnalın baş məqaləsindən hiss olunur ki, "Tuti"çilər insanların azad yaşayacaq bir dövrdə olmasını arzulayırlar. Lakin jurnalın komplektlərini vərəqlədikcə məlum olur ki, bu "azad dünya" çox dumanlı şəkildə təsəvvür edilir. Bir sıra müəlliflər əsil azad dünyanın köhnə quruluşu devirdikdən sonra yaranacağını dərk etmirdilər. Onlar xırda islahatlarla ümumi rifah qazanalacığını güman edirlər. Bu ideya materiallarda da öz əksini tapırdı.
Əməkdaşlar
redaktə"Tuti"də M.S.Ordubadi, S.Hüseyn, Ə.Şəmçizadə, Ə.Nəzmi, Səməd Mənsur, Y.V.Çəmənzəminli, C.Cabbarlı, Hacı Səlim Səyyah, Əli Məhzun İrəvanı, M.Hadi, M.Hacınski, S.Mümtaz və b. fəal iştirak edirdilər. Göründüyü kimi, müəlliflər məslək və əqidəcə müxtəlifdir. Bu müxtəliflik satirik yazılarda da öz əksini tapırdı. Bəzən açıq və cəsarətli yazılarının üstündə "Tuti" mühərrirlərini təqib edirdilər. Bəzi mühərrirlər isə, məsələn, Səməd Mənsur xalqı fəlakətdən qurtarmaq üçün Allahı köməyə çağırırdı. "Tuti" ilə eyni vaxtda Bakıda "Babayi-Əmir" və "Məzəli" jurnalları da çıxırdı. Bəzən bu jurnallar arasında adi, xırda məsələlər üstündə mübahisələr gedirdi.
Jurnalda əks olunan mövzular
redaktəJurnalda ictimai-siyasi mövzularda, maarif, ədəbiyyat, incəsənət məsələlərinə dair, əsasən, xırda islahatçılıq, bəzən demokratik ruhda yazılar dərc olunurdu. "Tuti"də mütləqiyyət quruluşuna, müstəmləkə siyasətinə qarşı kəskin çıxışlar da olurdu. Senzuranın təzyiqi bəzən səhifələrin ağ qalması ilə nəticələnirdi. C.Məmmədquluzadə bu jurnalda "Dəmdəməki", "Molla Həsrətalı", "Dərdmənd", "Fəhlə", "Hərdəmxəyal" imzaları ilə yazılar dərc etdirirdi.
Həmçinin
redaktəMənbə
redaktə- Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 287 (az.)
- N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
- Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875-1920), Bakı "Elm və Təhsil", 2009, 172 səh
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 - 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-03.