Vetendasliq Huququ - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Anlayış
redaktəVətəndaşlıq məfhumu hələ qədim Afina və Romada tətbiq olunmuşdur. Burada vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu. Lakin sonrakı dövrlərdə burjua inqilabları ərəfəsində bu anlayış yenidən istifadə olunmağa başlandı. Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir. Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır. Vətəndaşla dövlət arasındakı hüquqi əlaqə daimidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiləri, həm də vətəndaşları müdafiə edir. Lakin vətəndaşları əcnəbilərdən onun dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir. Əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Vətandaşlıq dedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan daimi siyasi hüquqi əlaqə başa düşülür. Dövlətin ilkin və mühüm vəzifələrindən birini Konstitusiyada nəzərdə tutulan şəxsiyyətin konstitusion hüquqlarını və vəzifələrini qorumaqdan ibarətdir. Bu sahədə vətəndaşlıq mühüm yer tutur. Vətəndaşlıq dedikdə, şəxsin müvafiq dövlətə hüquqi mənsubiyyəti başa düşülür, yəni şəxsin dövlət tərəfindən Konstitusiya-hüquq münasibətlərinin tamhüquqlu subyekti kimi tanınması nəinki öz ölkələrində, həmçinin xarici ölkələrdə olduqda belə təsbit edir. Monarxiya quruluşu hökm sürən dövlətlərdə vətəndaşlıqdan fərqli olaraq "təbəə" sözləri işlədilir ki, bu da monarxa qarşı şəxsi formal sədaqəti ifadə edir. İdarəçilik formasından asılı olmayaraq hüquqi dövlətdə dövlətin yuriadikasiyası bütün vətəndaşlara şamil edilməklə onlar qarşısında geniş imkanlar açır. Konstitusiya və qanunlarda müəyyən olunan vəzifələr dövlət yuriodikasiyasında öz əksini tapır. Eyni zamanda, vətəndaşlar dövlətə münasibətdə bir sıra hüquqlara malikdirlər, ondan bu hüquqların müdafiəsini və qorunmasını tələb edə bilərlər. Hər bir ölkədə insanların əksər çoxluğu üçün vətəndaşlığın müəyyən olunması heç də mürəkkəb deyildir. Çünki, bu insanlar doğulduqları andan etibarən müvafiq dövlətin vətəndaşları olub ömürləri boyu bu hüquqi vəziyyəti daşıyırlar. Lakin müxtəlif səbəblər üzündən (milli münaqişələr, iqtisadiyyatın beynəlmiləl olması və s.) əhali kütləsinin bir tərəfdən digər tərəfə miqrasiya etməsi, bağlanılan nikahlar (müxtəlif dövlətlərin vətəndaşları arasında) bütün bunlar vətəndaşlığın əldə edilməsi, bərpası və dəyişdirilməsi üçün problemlər yaradır. Unitar idarəçilik forması olan dövlətlərdə vahid vətəndaşlıq mövcuddur. Federativ quruluşlu dövlətlərin çoxunda şəxs həm federativ dövlətin, həm də eyni zamanda federasiya subyektinin vətəndaşlığına mənsubdur. Bu şəxslərə nəinki federal qanunlar, həm də federasiya subyektinin qəbul etdiyi qanunlar şamil olunur. İstənilən dövlətdə elə insanlar yaşayır ki, onların statusu çoxluğun statusundan fərqlənir. Bu insanları vətəndaşlığı olmayan, ya daxarici vətəndaşlar kimi çağırırlar. Bəzi dövlətlərdə ikili vətəndaşlıq hökm sürür.
Azərbaycanda vətəndaşlıq hüququ
redaktəVətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində təsbit olunmuşdur. Burada göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarıdan doğulmuş şəxs, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni zamanda vətəndaşlıq hüququnun təminatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsində göstərilir ki, Azərbaycan vətəndaşı heç bir halda, Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz, ikinci bir təminat heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
İkili vətəndaşlıq
redaktəBir sıra ölkələr vardır ki, onlarda ikili vətəndaşlıq hökm sürür. Rusiya Federasiyası ikili vətəndaşlığı olan ölkədir. Ikili vətəndaşlğın yaranması nikahla bağlı meydana çıxır. Məsələn, qadın xarici vətəndaşla ailə qurubsa, qanunla qadın və nikahdan doğulan uşaq da ərin mənsub olduğu ölkənin vətəndaşlığını qəbul etməlidir. Ikili vətəndaşlıqdan söhbət gedərkən həm hüquqlar, həm də vəzifələr geniş xarakter daşıyır. Bu zaman ikili vətəndaşlığı olan şəxslər hər iki ölkədə hüquq və azadlıqlara malik olub, hər iki dövlət qarşısında vəzifələr daşıyırlar(vergiləri ödəmək, hərbi xidmət və s.). Rusiya öz vətəndaşlarına federal qanuna və Rusiya ilə bağlanmış beynəlxalq müqavilələrə əsasən, ikilivətəndaşlıqda olmaq imkanı verir.bundan fərqli olaraq, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun"a əsasən yalnız Azərbaycan vətəndaşlığından danışılır.
Vətəndaşlıq prinsipləri
redaktəAzərbaycan Respublikasında vətəndaşlıq Konstitusiyada və qanunda müəyyən olunmuş prinsiplərə əsaslanır. Bu prinsiplərvətəndaşlıqla bağlı münasibətləri tənzimləyən, qanunvericilikdə müəyyən olunan müddəalardır. Azərbaycan Respublikasında vətəndaşlığının prinsiplərinə daxildir:
1. Vətəndaşlığın müstəqil müəyyən olunması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxslər özləri öz vətəndaşlıqlarını müəyyən edirlər. Şəxs istənilən vaxt vətəndaşlıqdan imtina edə bilər. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun"un V maddəsinə görə aşağıdakı şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır:
1) bu qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının qeydiyyatında olan vətəndaşlar;
2) 1992-ci il yanvarın 1-dək vətəndaşlığı olmayan, lakin qeydiyyatda olan şəxslər. Burada şərt var. Həmin şəxslər qanun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər;
3) 1988-ci ildən 1992-ci ilədək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar;
4) Bu qanuna əsasən vətəndaşlıq əldə etmiş şəxslər.
2. Vahid vətəndaşlıq prinsipi . Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası öz vətəndaşının digər dövlətlər arasında vətəndaşlıqdan irəli gələn öhdəliklərini tanımır, amma digər dövlətlərin vətəndaşlığını əldə etmək hüququnu tanıyır. Böyük dövlətlər çox vaxt ikili vətəndaşlıq prinsipini tanıyır. Məsələn, Rusiya Federasiyasının vətəndaçlıq haqqında qanunvericiliyi ikili vətəndaşlığı tanıyır. Amma o şərtlə ki, həmin dövlətlə Rusiya arasında müqavilə bağlansın. Xırda dövlətlər isə ikili vətəndaşlığı tanımır. Çünki onlar ehtiyat edirlər ki, bu, böyük dövlətlərin onların daxili işlərinə qarışmasına imkan yarada bilər.
3. Bərabər vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlığın əldə edilməsi üsulundan və əldə olunması müddətindən asılı olmayaraq, bütün vətəndaşlar bərabərhüquqludurlar.
4. Vətəndaşlıqdan məhrumetmənin yolverilməzliyi prinsipi. Vətəndaşlıqdan məhrumetmə əslində insan və vətəndaş hüquqlarının məhdudlaşdırılması deməkdir. SSRİ dövründə cinayət törədən şəxs həm məhkum olunur, həm də vətəndaşlıqdan məhrum edilirdi. Amma indi bu Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə əsasən yolverilməzdir. Hazırda inkişaf ölkələrin bəzilərində vətəndaşlıqdan məhrumetməyə yolverilir. Məsələn, Almaniyada anadangəlmə vətəndaçlıq yox, naturalizasiya qaydasında vətəndaşlıq əldə edənlər vətəndaşlıqdan məhrum edilə bilər.
5. Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisindən qovulmasınınvə ya xarici dövlətə verilməsinin yolverilməzliyi. Bu prinsip vətəndaşın dövlət hakimiyyətinin təzyiqindən qorunmasını ifadə edir. Heç kəs Azərbaycan Respublikası vətəndaşını dövlət ərazisindən qova bilməz. Cinayət məcəlləsinin 53-cü maddəsinə görə xarici dövlət ərazisində cinayət törətmiş Azərbaycan Respublikası vətəndaşı xarici dövlətə verilə bilməz.
6. Azərbaycan Respublikasının hüdudarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Azərbaycan Respublikasının himayəçilik prinsipi. Bu prinsip qismən formal xarakter daşıyır. Çünki yalnız böyük dövlətlər bu imkana malikdirlər. Faktiki olaraq, xırda dövlətlər böyük dövlətlər ərazisində yaşayan vətəndaşlarına himayəçilik eləyə bilmir. Azərbaycan isə xarici dövlətdə öz vətəndaşının hüquqlarının pozulması ilə əlaqədar həmin dövlətin Azərbaycan Resoublikası ərazisində yaşayan vətəndaşlarına qarşı adekvat tədbirlər görə bilər. Məsələn, xüsusi rejim müəyyən edə bilər. Yaxud da bununla əlaqədar diplomatik vasitələrdən istifadə edir, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarının yardımından istifadə edir.
7. Vətəndaşlığın saxlanması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda hansı müddətdə yaşamasından asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlığını saxlayır.
8. Vətəndaşlıqla bağlı beynəlxalq normaların üstünlüyü. Yəni Azərbaycan Respublikası xarici dövlətlərlə vətəndaşlıqla əlaqədar müqavilələr bağlaya bilər. Bu müqavilələrlə milli hüquq arasında ziddiyyət yaranarsa, beynəlxalq müqaviləyə üstünlük verilir.
"Azərbaycan Respublikasınınvətəndaşlığı haqqında qanun"a görə, Azərbaycan Respublikası vətəndaşlığı aşağıdakı qaydalarla yaranır:
- doğulduqda;
- vətəndaşlığı qəbul edildikdə;
- beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar olduqda.
Vətəndaşlığın əldə edilməsi yolları
redaktəFiliasiya
redaktəFiliasiya — vətəndaşlığın anadangəlmə əldə edilməsidir. Burada iki prinsip var:
1) ius sanquini- qan hüququ;
2) ius soli- torpaq hüququ
Avropa dövlətlərində ius sanquini əsas götürülür. Yəni burada vətəndaşlıq şəxsin mənşəyi ilə əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşəndan doğulubsa həmin dövlətin vətəndaşı sayılır. Bu prinsip Roma hüququndan qalıb. Belə ki, Qədim Romada vətəndaşlardan törənən uşaqlar tamhüquqlu vətəndaş sayılırdılar. Hal –hazırda Avropa dövlətləri ilə yanaşı, bəzi Asiya dövlətlərində də bu prinsipdən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşədır. Deməli, bizdə də ius sanquini əsas götürülür. Lakin Konstitusiya həmçinin ius solini vətəndaşlığın əldə olunmasıüsulu kimi tanıyır. Latın Amerikası, Kanada, ABŞ və s. ölkələrdəisə ius soli əsas prinsipdir.
Naturalizasiya
redaktəNaturalizasiya vətəndaşlığın şəxsi vəsadətlə əldə edilməsidir. Bu, bir qədər mürəkkəb qaydadır. Burada müxtəlif şərtlər var ki, onlara əsasən, şəxs dövlətin vətəndaşlığını əldə edir. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək üçün şəxs:
- ən azı 5 il Azərbaycanda yaşamalı;
- Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməli;
- Azərbaycan dövlətinin mənafelərinə uyğun gəlməlidir.
Bu şərtlərin nəzərdə tutulmasını müsbət qiymətləndirmək olar. Belə ki, 5il Azərbaycanda daimi yaşama şərti ona görə müsbət cəhətdir ki, bu müddət ərzində şəxs haqqında kifayət qədər məlumat toplamaq olar. Azərbaycən dilini bilməsi də mühüm şərtdir. Çünki həmin şəxs dili bilməzsə, dövlət vəzifələrini tuta bilməz. Ukraynada bu şərtlə yanaşı qanunvericilikdən imtahan vermək də nəzərdə tutulub. Bu şərti məqsədəuyğun hesab etmək olar. Çünki vətəndaşın qanunu bilməsi vacibdir və belə prinsip var ki, qanunu bilməmək məsuliyyətdən azad etmir.
Optasiya
redaktəOptasiya yaranmış ikili vətəndaşlıqdan birininin seçilməsidir. Optasiya bir şəxsin yaranmış ikili vətəndaşlığını müəyyən edir.
Transfert
redaktəTransfert ərazilər dəyişərkən, yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunmasıdır. Transfert hamıya aid edilir.
Vətəndaşlığın bərpası(reinteqrasiya)
redaktəYəni şəxs müəyyən səbəbdən öz vətəndaşlığını itirib, sonra bərpa etmək istəyirsə, vətəndaşlıq bərpa olunur. Reinteqrasiya naturalizasiyaya bənzəsə də irəli sürülən tələblərin sadəliyi ilə ondan fərqlənir. Naturalizasiya yeni vətəndaşlığın əldə olunmasıdır. Reinteqrasiya isə itirilmiş vətəndaşlığın bərpasıdır. Reinteqrasiya daha tez baş verir, şəxsin vəsadət qaldırması əsas götürülür. Naturalizasiyada isə artıq qeyd etdiyimiz kimi müxtəlif şərtlər var. Başqa ölkələrdə vətəndaşlığın müxtəlif əldə olunma üsulları var. Məsələn, 1992-ci ilə qədər Rusiya ərazisində yaşayan və işləyən şəxslər sonradan başqa ölkənin vətəndaşlığını qəbul edibsə, səfirlik vasitəsilə əvvəlki vətəndaşlığını bərpa edə bilərlər.
- arvadı Rusiya vətəndaşı olduqda;
- valideynləri keçmiş Rusiya vətəndaşı olduqda və şəxs Rusiyada ən azı 5 il yaşadıqda;
- totalitar dövrdə vətəndaşlıqdan məhrum edilmiş şəxs olduqda;
- vətəndaşlığını əvvəl qanunla itirmiş olduqda və s.
Vətəndaşlıq aşağıdakı üsullarla xətm oluna bilər:
1)vətəndaşlıqdan çıxma;
2)vətəndaşlığı itirmə və s.
Vətəndaşlıqdan çıxmaya denaturalizasiya da deyirlər. Bu zaman şəxs vətəndaşlıqdan çıxmaq barədə vəsatət qaldırır və prezidentin sərəncamı ilə vətəndaşlıqdan çıxır. Bununla vətəndadşlıq xətm olunur. Şəxs bu hərəkətlərinin səbəblərini göstərməlidir. Əgər şəxsin dövlət və ya hərbi xidmətlə bağlı öhdəlikləri varsa, onun vəsatəti qəbul olunmur. Bütün bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır. Əvvəlki qaninvericilikdə vətəndaşlığın itirilməsinin aşağıdakı halları göstərilirdi.
1) şəxs müvafiq orqanların xəbəri olmadan xarici ölkədə təhlükəsizlik, ədliyyə naziri və s. vəzifələrdə çalışarsa;
2) saxta sənəd olduqda;
3) 5 il müddətinə konsul qeydiyatından keçmədikdə.
Amma indi bir hal var ki, o da vətəndaşlıq əldə olunarkən şəxsin bilə-bilə saxta sənəd təqdim etməsidir. Qanunvericilikdə şəxsin ölümü vətəndaşlığın xitamı kimi göstərilmir.
Vətəndaşlığın əldə olunması
redaktəVətəndaşlıq haqqında qanunda vətəndaşlığın əldə edilməsinin dörd əsası müəyyənləşdirilmişdir. Bu əsaslar aşağıdakılardan ibarətdir:
1. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan vətəndaşından doğulduqda;
2. Respublika vətəndaşlığına qəbul edildikdə;
3. Beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslar olduqda;
4. Vətəndaşlıq haqqında qanunda nəzərdə tutulmuş əsaslar olduqda.
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət aşağıdakı qaydada müəyyənləşdirilmişdir: Vətəndaşlıq haqqında qanun qüvvəyə mindiyi günə kimi Azərbaycan Respublikasıvətəndaşlığında olmuş şəxslər, 1992-ci il yanvarın 1-dək Azərbaycan Respubikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar və vətəndaşlıq haqqında qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. 1988-ci ildən etibarən Azərbaycana pənah gətirmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququna malikdirlər. Həmin şəxslərə məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Vətəndaşlıq haqqında qanunun 12-ci maddəsində göstərilir ki, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni hal valideynləri naməlum uşaqlara da şamil edilir. Qanunla hər iki valideyni naməlum olanuşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün aşağıdakı qaydalar mövcuddur. Tələb olunur ki, Azərbaycan vətəndaşlığına qəbul olunmaq istəyən vətəndaşlığı olmayan və əcnəbi şəxslər son beş il ərzində Azərbaycan Respublikasının ərazisində yaşasın, eyni zamanda, Azərbaycan dövlət dilini bilmələri haqqında sənəd təqdim etsinlər. Bu şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulu zamanı onların mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq, vətəndaşlıq haqqında qanuna uyğun olaraq həyata keçirilir. Azərbaycan vətəndaşlığına qəbul olunmaq istəyən şəxs aşağıdakı hallarda rədd cavabı ala bilər. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə cəhd etdikdə, Azərbaycanın bütövlüyünü pozmağa çağırışlar etdikdə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və mənəviyyatına ziyan vurduqda, irqi, dini, milli müstəsnalığı təbliğ etdikdə, terrorçuluq fəaliyyəti ilə əlaqədar olduqda. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Konstitusiyanın 109-cu maddəsinin 20-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə daxildir. Bu o deməkdir ki, vətəndaşlıq məsələləri Prezident tərəfindən həll edilir. Azərbaycan vətəndaşlığına qəbul olunmaq istəyən şəxs vəsatət qaldırdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət rüsumu ödəyirlər. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunarkən yenə də, vətəndaşlıq haqqında Azərbaycan Respublikası qanununun 14-cü maddəsinin 2-ci bəndində sadalanan məhdudiyyətlər nəzərə alınmaqla, məsələyə baxılır. Bir çox səbəblər üzündən əvvəllər Azərbaycan vətəndaşlığında olmuş və ya Azərbaycan vətəndaşlığına xitam verilmiş şəxslər, istənilən vaxt öz vətəndaşlıqlarını bərpa etmək üçün müraciət edə bilərlər.
Vətəndaşlığa xitam verilməsi
redaktəAzərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi əsasları aşağıdakı dörd halda nəzərdə tutulmuşdur:
1. Azərbaycan vətəndaşlığından çıxmaq nəticəsində;
2. Azərbaycan vətəndaşlığını itirmək nəticəsində;
3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslar olduqda;
4. Azərbaycan vətəndaşlığı haqqında qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda.
Azərbaycan vətəndaşlığından çıxma dedikdə, respublika vətəndaşı tərəfindən vətəndaşlıqdan çıxma barədə vəsatət qaldırma başa düşülür. Respublika vətəndaşlığından çıxmaq barədə vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya hüquqi və fiziki şəxslərin mənafeyi ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq barədə vəsatət rədd edilə bilər. Müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilən şəxs, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü olan şəxs vətəndaşlıqdan çıxmaq vəsatət qaldırarsa, buna yol verilmir. Vətəndaşlıqdan çıxma Azərbaycan Respublikasının dövlət təhlükəsişliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan vətəndaşlığından çıxmaq istəyən hər kəs müvafiq qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir. Əgər şəxs Azərbaycan vətəndaşlığını əldə edərkən məlumatlərı saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, həmin şəxs Azərbaycan vətəndaşlığını itirir.
Valideynlərin vətəndaşlığı dəyişdikdə və övladlığa götürüldükdə uşaqların vətəndaşlığı
redaktəValideynlərin vətəndaşlığı dəyişdikdə, yəni hər iki valideyn Azərbaycan vətəndaşlığını qəbul etdikdə onların 14 yaşına çatmamış uşaqları da Azərbaycan vətəndaşlığlnı əldə etmiş olur. Azərbaycan ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni vətəndaşlıqdan çıxarsa və bu səbəbdən uşaq üzərində Azərbaycan Respublikasının vətəndaşlarının qəyyumluğu və himayəçiliyi müəyyən edilmişsə və valideynlər uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və himayəçinin vəsaiti ilə uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Əgər valideynlərdən biri Azərbaycan vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə xaricidirsə, uşaq Azərbaycan vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və xarici valideynin razılığı ilə Azərbaycan vətəndaşlığını əldə edir. Azərbaycandan kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan vətəndaşlığını əldə etmişsə, ikinci valideyni isə vətəndaşlığı olmayan şəxsdirsə, belə halda uşaq Azərbaycan vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və ikinci valideynin razılığı ilə Azərbaycan vətəndaşlığını əldə edə bilər. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, ikinci valideyn Azərbaycan vətəndaşlığında qalırsa, belə halda uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Əgər Azərbaycan vətəndaşlığından çıxmış valideyn vəsatət qaldırarsa və ikinci vətəndaşlıqda qalan valideyn razılıq verərsə, uşağın Azərbaycan vətəndaşlığından çıxmasına icazə verilə bilər. Uşaqlar övladlığa götürüldükdə Azərbaycan vətəndaşlığını əldə etmə əsasları aşağıdakılardan ibarətdir. Əgər əcnəbi uşağı Azərbaycan vətəndaşları övladlığa götürülərsə, övladlığa götürülən uşaq Azərbaycan vətəndaşlığı əldə edir. Eyni qayda vətəndaşlığı olmayan uşağın Azərbaycan vətəndaşları tərəfindən övladlığa götürülməsi zamanı da tətbiq olunur. Əcnəbi uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə belə halda, övladlığa götürülən uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Göstərilən halda, vətəndaşlığı olmayan ərin və ya arvadın bu məsələdə razılığı qanunla nəzərdə tutulmamışdır. Bu ondan irəli gəlir ki, övladlığa görürən ər və ya arvadın birinin heç bir ölkəyə vətəndaşlıq mənsubiyyəti yoxdur. Əgər əcnəbi uşağı övladlığa götürən ər və ya arvadın biri Azərbaycan vətəndaşı, digəri isə əcnəbidirsə, belə halda uşağın Azərbaycan vətəndaşlığını əldə etməsi övladlığa götürənlərin qarşılıqlı razılığı ilə həyata keçirilə bilər. Vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər və ya arvaddan biri Azərbaycan vətəndaşı, digəri isə vətəndaşlığı olmayan şəxs olarsa, belə halda həmin uşaq Azərbaycan vətəndaşlığını əldə etmiş olur. İkinci halda, vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər və ya arvaddan biri azərbaycan vətəndaşı, digəri isə əcnəbidirsə, belə halda uşağın Azərbaycan vətəndaşlığını əldə etməsi üçün uşağı övladlığa götürənlərin qarşılıqlı razılığı tələb olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, uşaqlarının vətəndaşlığının müəyyən edilməsi əsasları aşağıdakölardan ibarətdir. Azərbaycan Respublikasında olan uşaq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, onların hər ikisinin vəsatəti əsasında uşağın Azərbaycan vətəndaşlığına xitam verilir. Azərbaycan vətəndaşı olan uşağı övladlığa götürən ər və ya arvaddan biri Azərbaycan vətəndaşı, digəri isə əcnəbidirsə belə halda uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Əgər ər və ya arvad vəsatət qaldırarlarsa, uşaq Azərbaycan vətəndaşlığından çıxa bilər. Azərbaycan vətəndaşı olan uşağı övladlığa götürən ər və ya arvadın hər ikisi vətəndaşlığı olmayan şəxsdirsə, yaxud biri Azərbaycan vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə həmin uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Uşaqların vətəndaşlığının dəyişilməsi onların razılığının zəruriliyi vətəndaşlıq haqqında Azərbaycan Respublikası Qanununun 19–25-ci maddəsinə əsasən, 14–18 yaşınadək həyata keçirilə bilər. Vətəndaşlıqla bağlı beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunu arasında müəyyən ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq olunur.
Mənbə
redaktəhttp://migration.gov.az/ http://www.azerbaijan.az/ Azərbaycan Respublikasının Konstitusiyası