Vahid Haciyev Bioloq - Wikipedia
Vahid Cəlal oğlu Hacıyev —Azərbaycan bioloqu, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), biologiya elmləri doktoru (1966), professor (1970).[1][2][3][4]
Vahid Hacıyev | |
---|---|
Vahid Cəlal oğlu Hacıyev | |
Doğum tarixi | 14 fevral 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 7 aprel 2008 (80 yaşında) |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəVahid Hacıyev 14 fevral 1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Ailəsi ilə birlikdə Tərtər rayonuna köçən Vahid Hacıyev burada 1943-cü ildə orta məktəbi bitirmişdir. O, 1943–1947-ci illərdə Gəncə şəhərində S. Ağamalı oğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun Tarlaçılıq fakültəsində ali təhsil almışdır.[1][2][4]
Əmək fəaliyyəti
redaktəVahid Hacıyev əmək fəaliyyətinə 1947-ci ildə başlamışdır. O, 1947–1949-cu illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi fəaliyyət göstərmiş, burada geobotanikanın nəzəri və praktiki məsələləri ilə, o cümlədən Azərbaycanda otlaqların pasportlaşdırılmasının praktiki sahələri ilə məşğul olur.[1]
Vahid Hacıyev 1952–1957-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 1957–1958-ci illərdə Botanika Bağında direktor əvəzi, 1957–1972-ci illərdə yenə həmin institutda elmi işlər üzrə direktor müavini olmuşdur. Vahid Hacıyev 1972–1973-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru vəzifəsini icra etmişdir. Akademik 1972-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda Geobotanika şöbəsinin müdiri, 1978–1988-ci illərdə isə institutun elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir. 1988–2008-ci illərdə direktor vəzifəsini icra etmişdir.[1][2]
Elmi fəaliyyəti
redaktəVahid Hacıyev 1949–1952-ci illərdə Sankt-Peterburq şəhərindəki SSRİ Elmlər Akademiyasının V. L. Komarov adına Botanika İnstitutunun aspirantı olmuşdur. O, biologiya elmləri doktoru, florist, professor Y. Q. Bobrovun elmi rəhbərliyi altında Azərbaycanın flora və bitki örtüyünə dair eksperimental tədqiqatlar aparmış və 1952-ci ildə "Azərbaycanın quraqlığa davamlı paxlalı yem bitkiləri və onlardan qış otlaqlarında istifadə imkanları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini almışdır.[1][2][4]
Vahid Hacıyev 1957–1958-ci illərdə Botanika İnstitutunda direktor əvəzi vəzifəsində çalışdığı dövrdə yüksək dağ çəmənlərinin flora və bitki örtüyünə daha çox diqqət yetirirdi. Azərbaycanın yüksək dağ çəmənlərinin geobotaniki tədqiqatının çox səthi və aşağı səviyyədə olduğunu dərk edərək V. C. Hacıyev Azərbaycanda geobotanika elminin məhz bu sahəsini əsaslı surətdə öyrənməyi və inkişaf etdirməyi qət edir. Gərgin elmi axtarışlar öz bəhrəsini verir. 1966-cı ildə o, dərin elmi tədqiqatları və çalışqanlığı sayəsində biologiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün "Böyük Qafqazın yüksək dağ bitkiliyi (Az. SSR daxilində), onun dinamikası və təsərrüfat əhəmiyyəti" mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə edir.[1][2][4]
Elmi fəaliyyətlərinə görə Vahid Hacıyev 1970-ci ildə professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü (akademiki) seçilmişdir.[1][2]
Vahid Hacıyevin çoxillik ardıcıl və məqsədyönlü elmi fəaliyyəti əsasən Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmənlərinin hərtərəfli və dəqiq geobotaniki tədqiqini əhatə etməklə, Azərbaycanda bu elm sahəsinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Vahid Hacıyev geobotanikanın ən müxtəlif sahələrinə, o cümlədən rayonlaşdırma, xəritələşdirmə, təsnifat, bitki ehtiyatları və onların qorunması məsələlərinə öz əsərlərində geniş yer ayırmışdır. O, botanikanın digər sahələrindən – floranın sistematikası, bitki örtüyünün, faydalı bitki ehtiyatlarının, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin öyrənilməsi problemləri ilə də davamlı məşğul olmuşdur.[5]
Vahid Hacıyev 1979-cu və 1987-ci illərdə müxtəlif miqyaslarda "Azərbaycanın bitki örtüyü" xəritələrini tərtib etmiş, bununla da ilk dəfə yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılmış və assosiasiya səviyyəsində təsnifatı verilmişdir. Akademik həmçinin "Флора Азербайджана" adlı çoxcildli fundamental əsərin V–VIII cildləri üçün 5 fəsiləyə 25 cinsə dair 85 növün yeni sistematik təhlilini vermişdir.[1][4]
O, 230-dan çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Akademikin rəhbərliyi altında 5 elmlər doktorluğu və 40-a yaxın fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Vahid Hacıyev Azərbaycanda elmi kadr potensialının gücləndirilməsi naminə gənc mütəxəssislərin hazırlanması üçün gərgin əmək həsr etmişdir. O, Azərbaycan Botaniklər Cəmiyyətinin sədri olaraq fəaliyyət göstərmişdir.[1][2]
Mükafatları
redaktəVəfatı
redaktəElmi məsləhətçisi olduğu filmlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Hacıyev Vahid Cəlal oğlu" (Azərbaycan). science.gov.az. 16-9-2021 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 "Vahid Cəlal oğlu Hacıyev" (Azərbaycan). botany.az. 25-9-2018 tarixində arxivləşdirilib.
- ↑ "Vahid Cəlal oğlu Hacıyev" (Azərbaycan). azertag.az. 6-4-2021 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 "Akademik Vahid Hacıyev Azərbaycanda geobotanika məktəbinin yaradıcısıdır" (Azərbaycan). azerbaijan-news.az. 14-2-2021 tarixində arxivləşdirilib.
- ↑ Azərbaycanın elm və mədəniyyət xadimləri. Vahid Cəlal oğlu Hacıyev. Biblioqrafiq göstərici. Bakı-"Elm"-2004
- ↑ "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (Azərbaycan). anl.az. 10-11-2012 tarixində arxivləşdirilib.