Vilyam Buqro - Wikipedia
Adolf Vilyam Buqro (fr. Adolphe-William Bouguereau; 30 noyabr 1825[1][2][…], La Roşel[6][7] – 19 avqust 1905[3][4][…], La Roşel[8][6][…]) – akademist realist[11] fransız rəssamı, dünya rəssamlıq tarixinin ən görkəmli simalarından biri.[12] Ənənəvi klassik rəssamlığın tərəfdarı olan Buqronun əsərlərinin mövzusu klassik ədəbiyyat və mifologiyadan götürülmüş və həmin mövzular realist üslubda işlənilmişdir.[13] Əsərlərində qadın təsvirləri üstünlük təşkil edən[14] Buqro dünya rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam kimi dəyərləndirilir.
Vilyam Buqro | |
---|---|
fr. William Bouguereau | |
Doğum adı | Adolphe Williams Bouguereau |
Doğum tarixi | 30 noyabr 1825[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 1905[3][4][…] (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janrlar | portret[9], mifologiya rəssamlığı[d][9] |
Stillər | akademizm[10], Pont-Aven məktəbi[10] |
Tanınmış işləri | |
Tələbələri | Rafael Kollen[d] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAilə kökləri
redaktəBouguereau – Buqro soyadı inkişaf etmiş orta əsrlər dövründə meydana çıxmışdır və geneologiya üzrə mütəxəssislər soyadın "bogue" (şabalıd ağacında şabalıdı əhatə edən tikan) sözünə oxşadığını qeyd edirlər.[15] Sülalənin XVI əsrdən əvvəlki tarixi o qədər də zəngin deyil və 1530-cu ildə xanım Bastien Briotla evlənmiş Meys Buqrodan əvvəlki nümayəndələr haqqıda cüzi məlumatlar vardır. Bu evlilikdən davam edən soy ağacı Buqronun da aid olduğu nəsilə mənsubdur. Nəsil Aunisin mərkəzi olan kiçik liman şəhəri La Roşellə bağlıdır. Tarixən fransız kalvinizminin mərkəzi olan bu şəhərdə katolik və protestantlar da rahat yaşayır, gənc oğlanlar atasının, gənc qızlar isə anasınn dinini qəbul edirdi. Meys Buqronun da nəsil kökləri bir qədər kalvinizmə bağlı idi. Fransa burjua inqilabı zamanı bu nəslin nümayəndələrinin bir çoxu şəhəri tərk etmişdi. Şəhərdə buqrolardan adı çəkilən son şəxslərdən biri də La Roşelin polis rəhbəri olmuş Jan Eli Buqrodur. Jan Eli səkkiz uşaq atası olmuş ingilis dili professoru Samuel Eli Buqronun atasıdır. Samuel Elinin oğlu Teodor isə rəssam Vilyam Buqronun atasıdır.
30 noyabr 1825-ci ildə Vilyam Adolf Buqro Teodor Buqro və kalvinist Mari Marqaritta Bonninin ailəsində ikinci övlad kimi dünyaya göz açmışdır. Beş il keçdikdən sonra isə balaca Buqro Katolik kilsəsində xaç suyuna çəkilmişdir.[15]
Ailə o zaman liman yaxınlığındakı De Dukda yaşayırdı. Ailə başçısı isə şərab istehsalı və satışı ilə məşğul olan kiçik müəssənin sahibi idi. 1828-ci illin əvvəllərində ailə De Dukdan Saint-Klaudiya ərazisinə köçdü və madam Buqro burada üçüncü övladını – adı Mari Adelin olan lakin daha çox Hanna kimi tanınan qızı dünyaya gətirdi.[16]
1832-ci ildə Teodor Buqro şəhərin limanında biznes üçün əlverişli şəraitin olduğunu düşündüyündən ailə Re adasının mühüm yaşayış məntəqəsi olan Saint-Martinə köçdü. Burada Vilyam yerli məktəbə yazıldı və tezliklə sinif yoldaşları onun kitablardan olduğu kimi köçürdüyü şəkillərdən danışmağa başladılar.[15]
Re şərablarının məşhur olmasına baxmayaraq Teodorun biznesi heç də uğurlu olmadı və bu ailə münasibətlərində gərgin, ağır və kədərli mühit formalaşdırdı. Sonsuz mübahisələrin maddi çətinliklərlə birləşməsi ailənin vəziyyətini daha da ağırlaşdırırdı. Bir müddət sonra ailənin maddi durum daha da pisləşdiyindən gənc cütlük uşaqlarını baxmaq üçün qohumlarının yanına göndərməyə məcbur oldu.
Həmin dövrdə balaca Vilyamı da saxlanılması üçün əmisi Yugenin yanına göndərirlər. İyirmi yeddi yaşı Yugen Buqro Todorun kiçik qardaşı idi. O, Mortagne sur Gironde kilsəsi tərəfindən Müqəddəs Etiyen kilsəsinə müalicə üçün göndərilmiş keşiş idi. Dayısının yanına gəldiyi gündən ömrünün sonuna kimi formal şəkildə olsa da Buqro Mortagne xeyriyyə fondunun himayəsində olmuş və sonrakı dövrdə ailəsindən ayrıldıqdan sonra itirdiklərini həmin fondda tapdığını yazmışdı.[12]
Evliliyi
redaktəBuqro iki dəfə ailə qurmuşdur. Onun birinci həyat yoldaşı La Roşeldən olan Nelli olmuşdur. Həyatnın böyük bir hissəsini Nelli ilə keçirən rəssam üçün bu xanım beş uşaq dünyaya gətirmiş, lakin onlardan dördü Buqronun sağlığında dünyasını dəyişmişdir.Fronia[17] Nelli özü isə 1877-ci ildə xəstələnərək dünyasını dəyişir.[15] Uzun sürən birinci evliliyindən sonra, 1878-ci ildə rəssam özündən 12 yaş kiçik olan Amerikalı tələbəsi Elizabet Qardnerlə evlənir. Rəssamın bu evlilikdən uşağı dünyaya gəlmir. Lakin yeganə qızı ilə münasibətləri pozulur. Qızı Henrianetta bu evliliyi anasının xatirəsinə hörmətsizlik kimi dəyərləndirir.
Elizabet Qardner ABŞ-nin Nyu-Hampshire şəhərindən idi.[14] Lakin Buqro ilə o, rəssamın vətəni olan La Roşeldə evlənmişdi. ABŞ-yə geri dönüb karyerasını inkişaf etdirməkdənsə, o, 71 yaşı rəssamla evlənməyi üstün tutmuşdu. Lakin Parisdə də Qardner istedadlı rəssam kimi tanına bilmişdi. Evlilikdən sonra isə "gənc cütlük" bal ayını La Roşeldə keçirmişdi. Karyerasına o qədər də fikir verməyən Qardner həyatını sevdiyi ərinə həsr etmək istəyirdi. Getdiyi hər yerdə Buqronu müşayt edən Elizabet onun qayğısını çəkir və ona həvəslə yardım edirdi. Cütlüyün birliyi rəssamın ölümünə kimi davam etmişdir.[18]
Ölümü
redaktə1899-cu ildə Buqronun hüquqşünas olan oğlu Pol orduda zabit kimi xidmət etməyə başlayır. Lakin tezliklə anası kimi tüberkulyoza tutulduğundan bu fəaliyyətini dayandırmalı olur.[15] Həkimlərin məsləhəti ilə Pol fevral ayında atası və ögey anası ilə birgə Parisi tərk edərək Fransanın cənubunda yerləşən Mentona köçür və onlar mayın ortasına kimi orada qalırlar. Daha sonra Pol müalicə üçün Pauya gedir və 1900-cü ilə kimi orda qalır. Həmin il isə Parisdə atasının yanında dünyasını dəyişir.[15]
Bu ailə faciəsi Buqroya çox pis təsir edir. Buqronun səhhətində dönüş yaranır. O vaxtını içki içərək və siqaret çəkərək keçirir. Bundan sonra qoca rəssamın sağlamlığında ciddi problemlər yaşanmağa başlayır. 1902-ci ildə ürəyində problemlər yaranan Buqroda arterioskleriozun ilk işarələri görünməyə başlayır. 1903-cü ildən etibarən Buqro artıq çox sevdiyi rəssamlıqla da məşğul ola bilmir və bu da ona bir zərbə olur.[15]
Bundan sonra rəssam günbəgün zəifləməyə başlayır. 1905-ci ilin yazında isə rəssamn evi və studiyası talan edilir. Ölümün artq yaxınlaşdığını duyan qoca Buqro 31 iyul 1905-ci ildə sərin yay gecəsi Parisi tərk edərək doğma La Roşelə gəlir. Bir neçə gün sonra, 19 avqust günü ustad rəssam, böyük şəxsiyyət və sevimli həyat yoldaşı olan Vilyam Adolf Buqro doğulduğu şəhərdə ürəyindəki parokdan dünyasını dəyişir.[19] 23 avqustda onun şərəfinə La Roşeldə ciddi və böyük vida mərasimi təşkil edilir. Növbəti gün Parisdə, ailəsi, dostları, kolleqaları və onu çox sevən tələbələrinin iştirakı ilə dəfn mərasimi baş tutur.
Təhsili
redaktəİlk təhsili
redaktəƏmisi Yugen gələcək rəssama atalıq etmiş, yol göstərəni olmuş, ən əsası isə Buqronu Latın və Fransız ədəbiyyatları ilə tanış edərək onda klassik incəsənətə maraq oyatmışdır ki, bu da sonra rəssamlığa gedən yolda onun əsas dayaqlarından biri olmuşdur. Əlbəttə ki, əmisi Buqronun dini təhsilinin yüksək səviyyədə olmasına da fikir verirdi. Buqro hər gün bir neçə saatının İncillərin və Müqəddəslərin həyatlarının oxunmasına sərf edirdi. Buqro eyni zamanda xəyal qurmağa da vaxt tapır, tez-tez meşəyə gedərək möhtəşəm flora və faunanın ətrafında otların üzərində uzanır, buludların keçməsini izləyir, ya da şəhərdə insanlara baxaraq onları öz modelləri kimi təsvir edirdi.[19]
Bütün bunlar onun yaratdığı bütün əsərlərdəhədsiz təbiiliyin olmasının əsas səbəbidir. Yugen eyni zamanda gəc oğlana ovçuluq və balıqçılığı da öyrətmişdi. Onlar birlikdə atın belində gəzməyə çıxır, ov edir tarixi abidələri gəzirdilər.
1839-cu ildə Yugen öz qardaşı oğlunu daha yaxşı təhsil alması üçün dostunun rəhbərlik etdiyi Pons kollecinə göndərmək qərarına gəlir. Vilyam məktəbin şəraitinə tez uyğunlaşaraq burada özünü xeyli inkişaf etdirir.[19]
Dini təhsilini davam etdirdiyi müddətdə Buqro eyni zamanda qədim tarixlə, yunan ə latın mifologiyası, eyni zamanda ədəbiyyatla maraqlanır, Longus, Ovid, Vergili və əlbəttə ki, ən çox sevdiyi şair, Pausaniusun əsərlərini oxuyur. Əmisinin yanında yaşadığı müddətdə Buqro dinlə ilə maraqlanırdı, lakin mifologiya, onun qəhrəmanları gənc oğlanı daha çox cəlb edir, öz sehirli aləminə aparırdı. Nəticədə iflər və əfsanələr onun yaradıcılığının əsas qaynaqlarından birini təşkil etmiş, qoca vaxtarında belə rəssama yaradıcılıq üçün ilham bəxş etmişdir.
Buqro ilk rəssamlıq təhsilini də əmisinin yanında yaşadığı zaman, Jan Ogüst Enqrın tələbəsi olmuş Luis Seycdən almağa başlamışdır.[19] Seyc tələbələrinə yavaş-yavaş Enqrın qaydalarını öyrədərkən, etni zamanda hər nə qədər gözəl rəssam olsalar da dindən uzaqlaşmamaları üçün onlara xəbərdarlıq etmişdir. Buqro sonrakı həyatı boyunca daima bu məsləhətə əməl etmişdir. O inanırdı ki, çoxlu çalışaraq istədiyi kamilliyə yetişə və beynində canlandırdıqlarını bütün əlvanlığı ilə insanlara çatdıra bilər.
Bordo və rəssamlıq üzrə bələdiyyə məktəbi
redaktə1841-ci idə Teodor Buqro biznesində dəyişiklik edərək şərab istehsalını tərk etmiş və Bordoda çox inkişaf etmi zeytun yağı istehsalı işin qoşulmuşdur. Həmin ildə on yeddi yaşlı Buqro a istəksiz olsa da, ailəsinin yanına dönməyə məcbur olmuşdur. Teodorun oğlunun təhsilini yarımçıq dayandırıb Bordoya gətirməsinin səbəbi onun təhsili üçün pul çatışmazlığı yox, atasının artıq yetkin yaşa çatmış Vilyamın işləyərək ailənin saxlanmasına kömək edəcəyini düşünməsi idi. Beləcə gənc Vilyam atasının yanında mühasib olaraq çalışmağa başlamışdır.[19]
Bir müddət sonra Bordoda bələdiyyə incəsənət məktəbinin fəaliyyət göstərdiyini öyrənn Buqro buradakı rəssamlıq kursların yazılmağı arzu etməyə başlayır. Lakin uzun müddət bu arzusunu gerçəkləşdirə bilmir, çünki bunun üçün əvvəlcə atasının razılığını almalı idi. Uzun mübahisələrdən və inaddan sonra, anasının və ailə dostlarının da cəhdləri nəticəsində nəhayət Teodor oğlunun həmin kurslara yazılmasına razılıq verir.
Böyük istedadı və bacarığı sayəsində Buqro kursdakı ən qabaqcıl və məşhur rəssamın – Jean-Paul Alauxun sinfində təhsil almaq hüququ qazanır. Başlanğıcda atasının yanındakı işi tamamilə tərk edənə kimi o yalnız səhər saat altı ilə səkkiz arasında olan səhər dərslərinə qatıla bilir.[19] Lakin onun inkişafı o qədər sürətli baş verir ki, 1844-cü ildə "Ən yaxşı tarixi rəsm əsəri" nə görə mükafata layiq görülür və undan sonra bütün vaxtını rəssamlığa sərf etməyə başlayır.
Bu uğur onda incəsənət və mədəniyyət mərkəzi olan Parisə getmək və École des Beaux-Artsa daxil olmaq arzusu yaratdı. Lakin o, ilk öncə atasından evi tərk etmək üçün icazə almalı idi. Atası istəksiz də olsa qohumların məsləhətinə qulaq asaraq gənc rəssamın Parisə getməsinə icazə verdi və bundan sonra Buqro oraa yaşamaq və təhsil almaq üçün maddi dəstək axtarmağa başladı. Bu zaman onun ağlına həyata keçirilməsi böyük cəsarət tələb edən bir ideya gəldi. Belə ki, əmisi Yugenin yanına gedən Buqro üç ay onun yanında yaşadı və bu müddət ərzində Montagnedə sifarişlə zəngin adamların portretlərini çəkdi. Beləcə doqquz yüz frank toplaya bildi.[19]
École des Beaux-Arts
redaktəParisə gəlməmişdən əvvəl, hələ La Roşeldə olarkən Buqro çox ciddi təklif almışdı. Belə ki, Alauxdan dövrün ən mühüm rəssamlarından biri Frensis Pikot ona tövsiyə məktubu göndərmişdi. Bundan sonra Korneilleyə yerləşən Buqro Pikotun studiyasında səhərdən axşama kimi qul kimi, istirahətsiz yuxusuz çalışır, bu böyük rəssamın iş texnikasını öyrəməyə çalışırdı.
Nəticədə 1846-cı ilin aprelində Buqro nəhayət ki, École des Beaux-Artsa qəbul edildi. Lakin onun qəbul edilməsi asanlıqla təsdiqlənmədi belə ki, Buqro qəbul edilmiş yüz nəfərdən doxsan doqquzuncusu idi. Lakin gənc tələbə tezliklə cəlbedici bir işıq gördü; bütün rəssamlıq məktəblərindən ən yaxşısı onu seçmişdi. Nəticədə o, 1848-ci ildə "Grand Prix de Rome" uğrunda keçirilən müsabiqənin birinci mərhələsinə buraxıldı. Həmin il çəkilcək əsərlərin mövzusu "Möcüzəvi şəkildə həbsdən çıxan Müqəddəs Pyotr İohannın anası Məryəmin evinə gəlir və buradakı insanların təəccübünə səbəb olur." kimi müəyyənləşdirilmişdi. Müsabiqənin yekununda Akademiya iki şəxsə qran-pri vermək qərarına gəlmişdi: biri Buqroya, digəri isə Qustav Bulancerə.[20]
Növbəti il Buqro yenidən eyni müsabiqəyə qatıldı və həmin il rəssamlar üçün müəyyənləşdirilən mövzu "Odissey Troyadan qayıdarkən yaş xidmətçisini görür." idi. Lakin bu dəfə də Buqro istədiyi nəticəni ala bilmir və qran-pri Bulancerə qismət olur. 1850-ci ildə Buqro üçüncü dəfə eyni müsabiqəyə qatılır və bu dəfə mövzu "Zenobiya Araz çayının sahilində çobanlar tərəfindən tapılarkən" olur. Bu dəfə akademiyanın münsiflət heyəti qran-prini Buqroya verirlər. Buradan qazandığı bütün pulunu isə o, Romada təsilinə sərf edir.[20]
Villa Medici
redaktəHəmin dövrdə Prix de Rome qaliblərinin təhsil aldığı Villa Medici rəssam Jean Alaux tərəindən idarə edilirdi. Buqro və Budri (həmin ilin digər qalibi) burada Boulanger, Lenepveu, de Curzon və Lecointe kimi böyük rəssamlarla tanış olur. Romada yaşadığı dövrdə onlara yalnız İtaliya rəssamlarının işləri öyrədilmir, eyi zamanda yunan, etrusk və antik roma rəssamlarının da yaradıcılığı ilə tanış olmaq imkanı yaradılırdı. Buqro əvvəlcə Korrecio, Tisian və Veronezenin, daha sonra isə Leonardo da Vinçi, Mikelancelo və Rafaelin yaradıcılığını öyrənmişdir.
Tələbə-səyyahlar burada təhlükələrdən çəkinməyərək İtalyanı gəzməyə, əsrlər ərzində formalaşmış böyük mədəniyyətlə tanış olmağa həvəsləndirirdilər və Buqro da bundan çəkinməyərək İtalyanı səyahətə çıxır. Kurzonla birgə o, Pompey, Neapol və Kapriyə, daha sonra isə Şimali İtaliyaya – Siena, Perugia və Assisiyə səyahət edir. Florensiyada isə o, vaxtının böyük hissəsini Uffitsi qalereyasında keçirir.[19]
Lakin təhsil üçün Romaya göndərilən fransız rəssamları təhsillərini başa vurduqdan sonra öz ölkələrinə dönməyə məcburdular. Buqro Romada olarkən Rafaelin "Qalateya", "Yəhudiərə həbsxanada yol göstərilməsi", "Kentavrların döyüşü" və nəhayət "Şəhidlərin triumfu" əsərlərinin (həmin nüsxə Lüksemburq muzeyində saxlanılır) kopya nüsxələrini hazırlayır ki, bu da onun uğuru kimi dəyərləndirilir.[19]
Fransa Rəssamlar İttifaqı
redaktə1881-ci ildə Fransa hökuməti rəssamların sərgilrinin keçirildiyi illik Salonu öz nəzarəti altına götürür. Nəticədə "Société des Artistes Français" – Fransa Rəssamlar İttifaqının əsası qoyulur və Buqro birliyin Rəssamlıq şöbsinin ilk prezidenti seçilir. Lakin uzun müddət burada çalışdıqdan sonra 1889-cu ildən başlayaraq Buqro həmin müəssədə, eləcə də şəxsi həyatında problemlər yaşamağa başlayır.[20]
Rəsmi vəzifə başında və ya qeyri-rəsmi şəraitdə olmasından asılı olmayaraq Buqro həmişə açıq sözlü olmuş, kimin haqqında nə düşünmüşsə insanların üzünə demişdir. O, heç vaxt ona qarşı ədalətsizlik edilməsi və ya gücdən istifadə edilməsindən çəkinməmişdir. Bu xüsusiyyəti onun bir çox kolleqaları, tənqidçilər və hətta müxtəlif dövlət adamları ilə mübahisələrinin yaranmasına səbəb olmuşdur.
1899-cu il Beynəlxalq Rəssamlıq Sərgisi zamanı Buqronun başqa bir rəssam Jan Lui Ernest Mesonye ilə dalaşması sərgiyə qarışıqlıq salmışdı.[21] Buqro Rəssamlar İttifaqının rəhbəri kimi, gənc rəssamları hər vasitə ilə müdafiə edir, medal qazananların Beynəlxalq sərgi-satış yarmarkaları və Salon sərgilərində çıxış etməsinə şərait yaradırdı. Bu isə qocaman rəssamlar tərəfindən o qədər də bəyənilmir və Buqroya qarşı müxalif tərəfin formalaşmasına şərait yaradırdı. Lakin Buqronun vəzifəsindən istefa verməsindən sonra vaxtilə dəstəklədiyi gənc rəssamlar ona qarşı çıxaraq, rəssam haqqında xoşagəlməz şaiyələr yaymağa başladılar. Daha sonra onlar İttifaqdan çıxaraq müstəqil "Société Nationale des Beaux-Arts" – "Milli İncəsənət Xadimləri Birliyi"nin əsasını qoydular, özləri üçün ayrısa Salon keçirməyə başlayaraq "Champ de Mars"ı tutdular.[20]
Yaradıcılığı
redaktə1850-ci illər
redaktəRomada təhsil aldıqdan sonra sonra Buqro yenidən Bordoya dönür və burada ilk növbədə ailə üzvlərinin portretlərini çəkir. Daha sonra, o qohumları olan zəngin Monlun ailəsinin malikanəsini bəzəmək üçün La Roşelə gəlir.[14] 1854-cü ilin sonunda o Jan Fransis Bartaloninin "Hôtel Custine" adlı mehmanxanasında iki otağın bəzədilməsi üçün Parisə gəlir. Bartoloninin oğlu Anatoli Buqronun bəzədiyi otaqları çox bəyənir və onu şəxsi malikanəsini bəzəmək üçün Vernuilə dəvət edir. Böyük şair və yazıçı Teofil Qutier Vilyamın işləri ilə tanış oldqdan sonra onları öz yazısında təsvir edir və bu Buqronun bir rəssam kimi məşhurlaşmasına çox kömək edir. 1857-ci ildə Salon Bartoloninin mehmanxanasındakı dekora, daha dəqiqi orada yaratdığı "Tobiasın dönüşü" əsərinə görə Buqronu şərəf medalı ilə təltif edir. Bundan sonra, İmperator III Napoleon ona imperatriçə ilə portretini çəkməyi təklif edir. İlin sonuna doğru, imperator ona, Taraskondakı selin qurbanlarını xatırladacaq bir əsər yaratmağı da sifariş etdi.[13]
Bundan sonra bütün Paris gənc rəssam Buqro haqqında danışmağa başladı. 1857-ci ildə zəngin bir iranlı iş adamı, banker Emili Piriyer Buqroya Fanburq Saint Honoredə yerləşən böyük malikanəsini bəzəməyitəklif etdi. Rəssam bu böyük işi iki ilə tamamladı. Həmçinin 1857-ci ildə Buqronun ilk övladı Henrietta dünyaya gəldi. O zaman Karnotda yaşayan Buqro, şəxsi studiyasında tələbə də hazırlayırdı. 1859-cu ildə Buqro ən gözəl əsərlərindən biri olan "Bütün günün ruhu" əsərini işlədi və əsər Bordo şəhərinə satıldı.[13] Bundan sonra rəssam Parisdəki Müqəddəs Klotilda kilsəsinə məxsus Müqəddəs Luis şapelinin bəzədilməsində iştirak etdi.[13] Həmin il Buqronun ikinci övladı – Corc dünyaya gəldi. Bundan başqa 1859-cu ildə rəssam Şərəf legionunun kavalyeri ordeninə layiq görüldü.
-
Dante və Vergili Cəhənnəmdə (1850)
-
Leoni Buqronun portreti (1850)
-
Qardaş sevgisi (1851)
-
Xeyirxahlıq (1859)
-
Ölüm günü (1859)
1860-cı illər
redaktə1861-ci ildə Buqronun ümumilikdə üçüncü övladı, ikinci qızı olan Janna Milad bayramı günü dünyaya gəldi. Bu hadisə rəssamın yaradıcılığına xüsusi stimul verdi. 1862–1863-cü illər yaradıcılığı olduqca məhsuldar keçən Buqro, 1862-ci ildə iki, 1863-cü ildə isə on əsər tamamladı.[22] 1893-cü ildə tamamlanmış "Müqəddəs ailə" əsərini imperator III Napoleon alaraq həyat yoldaşı Yevgeniyaya hədiyyə etdi.[22] Bu illərdə Buqronun yaradıcılığına mane olan iki hadisə baş verdi. Birincisi rəssam yeni rəng əldtə etmə üsulları kəşf etmək üçün öz rəssamlıq texnikasını dəyişdi. İkincisi isə Buqro istəmədən dostu Fransisk Duret tərəfindən ictimai işlərə cəlb edildi, akademiyaçıları dəstəkləməyə məcbur oldu və nəhayət İnstitut üzvü oldu. Bütün bunlar isə onun yaradıcılığının daha da inkişafına maneə yaratmaya bilməzdi.
1865-ci ildə Buqro Bordo Böyük teatrının binasında tavan və baraban hissələrinin bəzədilməsinə görə mükafata layiq görüldü. Bu layihə Buqroya çox əziyyət vermişdi. Belə ki, tikinti işlərinin hələ davam etdiyi bir vaxta rəssam artıq dekorasiya işləri ilə məşğul olurdu və 1869-cu ildə tamamlanan tikintidən təmi bir neçə ay sonra 1870-ci ildə də Buqro binanın bəzədilməsini başa çatdırmışdı.[15]
1866-cı ildə Buqronun qızı Janna dünyasını dəyişir. Bu rəssamın bundan sonrakı həyatı boyunca üzləşəcəyi itkilərdən birincisi idi. Həmin il Buqro dostu və tələbəsi Jan Lui Paskala, Notrdam des Çamps ərazisində inşa etdirəcəyi şəxsi evinin planını hazırlamağa başladığını söyləmişdi. 1868-ci ildə dördüncü övladı Pol dünyaya gələn Buqro, anası və ailəsi ilə birgə yeni evə köçdü. Bundan sonra rəsamın yaradıcılığında böyük inkişaf dövrü başlandı və rəssam, bu gün onu bütün dünyada tanıdan üslub və mövzular üzərində işləməyə başladı.[14]
-
Premières Caresses (1866)
-
Tête d'Etude l'Oiseau (1867)
-
Qaraçı qız qavalla (1867)
-
Üzüm salxımı (1868)
-
Ana qayğısı (1869)
1870-ci illər
redaktə19 iyul 1870-ci ildə Fransa Prussiyaya müharibə elan etdiyi vaxt Buqro Bretanda dincəlirdi. Lakin müharibə başlayan kimi o, ailəsini və üç uşağını Concarneauda qoyaraq Parisə qayıtdı. 2 sentyabrda Sedan fəlakəti baş verdi – imperator III Napoleon Sedanda təsilm oldu və Paris təslim olmağı rədd etdi. Bundan sonra Parisin mühasirəsi başladı və Buqro şəhərə qalaraq müdafiə işində kömək etmək qərarına gəldi. Yaşı hər nə qədər hərbi iş üçün uyğun olmasa da Milli qvardiyaya yazılan Buqro şəhər qalasının müdafiəsində sıravi əsgər kimi iştirak etdi və gənc hərbiçilərlə çiyin-çiyinə döyüşdü. Paris güclü bombardmana məruz qaldı, lakin xoşbəxtlikdən rəssam və onun evi zərər çəkmədi.[23]
Mühasirə başa çatdıqdan sonra, Buqro La Roşelə — burada məskunlaşaraq Paris kommunasının başa çatmasını gözləyən ailəsinin yanına gəldi. Ailə 1871-ci ildə Parisə döndü. Buqro isə bir müddət daha La Roşeldə qaldı. Burada o, Kafedralın Bakirələr şapelinin bəzədilməsində çalışdı və yepiskop Monsinyor Tomasın portretini çəkdi.[13]
1872-ci ildə Buqro Yulian akademiyasında, boş qalmış müllim yerində işləməyə məcbur oldu. Növbəti il Buqro Vyanada Dünya sərgisinə münsiflər heyətinin üzvü kimi qatıldı. Bütün bu səyahətlərə və çətinliklərə baxmayaraq, bu illər ərzində rəssamın yaradıcılığı çox böyük inkişaf yolu keçmiş, o, bu gün çox məşhur olan və sevilən əsərlərinin bir neçəsini – "Nimfalar və Satir", "Önəmsiz oğurluqlar", "Xeyirxahlıq", "Homer və onun yol yoldaşı", "Buşinantın portreti" və sair əsərlərini həmin dövrdə yaratmışdır.[22]
1875-ci ildə rəssamın oğlu Corc, Parisin boğucu istisinin təsirinə məruz qalmamaq üçün dincəldiyi Siqnakların evində xəstələnərək, on altı yaşında dünyasını dəyişdi. Bu ailə üçün böyük dərd oldu. Bu kədər Buqronu ən gözəl iki dini əsərini – "Pyeta" və "Dincələn bakirə" əsərlərini yaratmağa sövq etdi. Həmin il Rudolf Yulian Buqroya, dünya şöhrətli institutunda daimi üzv kimi çalışmağı təklif etdi.
1876-cı ilin sonunda Buqro Académie des Beaux-Artsa fəxri üzv seçildi. Əldə etdiyi bu nailiyyətlər, həyatındakı uğursuzluqlara baxmayaraq, onda yenidən sənətini inkişaf etdirməyə stimul yaratdı. O özü-özünə deyirdi ki, "İnstitutların üzvü olmaq böyük uğur və fəxr mənbəyidir və buna layiq olmaq üçün mən daha çox çalışmalıyam." Lakin altı ay sonra, rəssam daha bir sürprizlə qarşılaşdı. Ona Şərəf legionunun zabiti ordeni verildi.[19]
1876-cı ilin oktybarında rssamın ailəsində yenidən uşaq səsi eşidildi – onun üçüncü oğlu Mauris dünyaya gəldi. Lakin ailənin xoşbəxtliyi çox qısa sürdü. 1877-ci ilin aprelində Buqronun sevimli arvadı Nelli vərəm xəstəliyinə tutularaq dünyasını dəyişdi. İyun ayında, yeddi aylıq körpəsi də dünyasını dəyişdi. Yalnızlıq və səssizlik insansevər rəssamın evini yenə bürüdü. Bədbəxtlik və yalnızlığın yaradıcı insane ilham mənbəyi olması nadir hallarda baş versə də, Buqro həmin nadir hallardan birini yaşadı. Belə ki, bu qədər faciənin arasında, rəssam 1877-ci ildə 12, 1878-ci ildə 17, 1879-cu ildə isə 23 əsər yaratmışdı ki, onlardan da bir çoxu onun ən qiymətli əsərləri sırasına daxil olmuşdur.[22]
1877-ci ilin sonunda Buqro, ABŞ-dən Fransaya 1865-ci ildə gəlmiş, özündən 12 yaş kiçik olan tələbəsi Elizabet Ceyn Qardnerlə ailə qurur.[18] Lakin anasının yenicə ölümündən sonra atasının bu cür hərəkətini qəbul edə bilməyən qızı, rəssamla sıx ünsiyyət saxlamamaq qərarına gəlir. Çünki, anası ölməmişdən əvvəl Buqroya and içdirmişdi ki, onun ölümündən sonra heç kimlə evlənməyəcək. Lakin Buqro andını yalnız təəbəsi Elizabetlə eşq macərası başlayana kimi qoruya bilir.[14]
-
Çimən (1870)
-
İtaliyalı qız kuzə ilə (1871)
-
Xeyirxahlıq (1878)
1880-ci illər
redaktə1880-ci illər Buqro üçün çox uğurlu olur. Belə ki, o, Münhendə keçiriln Beynəlxalq Rəsm Sərgisinin qızıl medalına layiq görülür və dekorativ parça istehsal edən "Gobelin" şirkətinin yaradıcı heyətinə üzv seçilir. Qızı Henrietta La Roşeldən olan və Siqnaklarla uzaq qohumluğu olan zəngin iş adamı Corc Vinsenslə ailə qurur. Bu evlilikdən dünyaya gələn balaca Vilyam isə ustad rəssam olan böyük Vilyam ilk dəfə baba edir. Qoca rəssam xoşbəxtliyin zirvəsinə çatır və bu dövrd həyatından məmnunluğu sonrakı yaradıcılıq istiqamətini müəyyənləşdirir.[14]
1881-ci ildə Fransa hökuməti rəssamların sərgilrinin keçirildiyi illik Salonu öz nəzarəti altına götürür. Nəticədə "Société des Artistes Français" – Fransa Rəssamlar İttifaqının əsası qoyulur və Buqro birliyin Rəssamlıq şöbsinin ilk prezidenti seçilir. Artıq istirahət üçün heç vaxtı qalmayan rəssam bütün vaxtını rəsmi işlərinin və rəssamlıq fəaliyyətinin planlaşdırılmış şəkildə inkişaf etdirilməsinə sərf edir.[14]
Bu illərdə özünü maddi baxımdan yaxşı təmin edən Buqro, eyni zamanda La Roşelin Verdier kəndində bir ev də alır. Bu evdə o yay tətillərini keçirir və yaradıcılıqla məşğul olurdu. Həmin dövrdə, Yulian rəssama studioda tələbə yetişdirmək imkanı da yaradır və Buqro bu zaman Qabriel Ferrier və Alfred Bramtota dərs verir.[14]
1884-cü ildə fransız rəsm satıcısı Qupil, Londonda Fransa rəssamlarının satış sərgisini təşkil edir. Sərgidə Buqronun yeddi əsəri nümayiş etdirilir ki, onlardan da ən məşhurları "Gənc Baxus" və "Biblida"dır.[22]
1885-ci ildə Vilyam Buqro əsası Baron Taylor tərəfindən qoyulmuş və kasıb rəssamlara və onların ailələrinə yardım edən xeyriyyə fondunun prezidenti seçilir. Həmin il o, Fransa İnstitutu tərəfindən Viktor Hüqonun dəfn mərasimində Fransa rəssamlarını təmsil etmək üçün fəxri nümayəndə seçilir.[14]
-
İsa Məsihin şallaqlanması (1880)
-
Mələklərin musiqisi (1881)
-
La Nuit (1883)
-
Les Deux Baigneuses (1884)
-
Madam Komtis de Kambasersin portreti
1890-cı illər
redaktəLakin 1890-cı ildən başlayaraq Buqronun yaradıcılığı və həyatında yenidən problemlər qabarmağa başlayır. 1889-cu ildən etibarən Fransa Rəssamlar İttifaqı üzvləri ilə gərginləşən münasibətlər xeyli problemlər yaradır və rəssam bu təşkilatdan ayrılmalı olur. Rəssam impressionistlər və postimpressionistlərin davamlı hücum və təhqirlərinə məruz qalır.[20] Tezliklə rəssam haqqında xoşagəlməz şaiyələr yayılmağa başlayır.[19]
Lakin bununla belə yaradıcılığını davam etdirən Buqro 1891-ci ilin mart ayında Berlində keçirilən sərgidə iştirak edir. Burada onun iki əsəri – "Müqəddəs qadın" və "Türbə və Müqəddəs anamız mələklərlə" əsərləri nümayiş olunur.[20]
1892-ci ilin aprelində rəssam Londona səyahət edir. Londonun Kral akademiyasında onun möhtəşəm sərgisi keçirilir və sərgi böyük uğur qazanır.[20]
1896-cı ildə Buqronun anası 92 yaşında dünyasını dəyişir. 1899-cu ildə isə oğlu Pol Fransa ordusunda zabit kimi fəaliyyətə başlayır. Bu dövrdə artıq qoca rəssam yaradıcılığını əvvəlki tempdə davam etdirə bilmirdi. Bununla belə, o işlərini tamamilə atmamışdı.[19]
Hələ bir neçə il əvvəl Qupillə bağladığı müqaviləyə əsasən xeyli əsər satan və yaxşı glir götürən Buqro müqavilə müddəti bitdikdən sonra onu yeniləmədi. Bundan sonra başqa iş adamları – Boussod & Valadon, daha sonra isə Tooth & Sonla işbirliyi quran Buqronun bir çox əsərləri London və Parisdə satıldı. Bütün tədqiqatçılar birmənalı olaraq qeyd edirlər ki, naməlum səbəbdən onun əsərlərinin alıcılarının əksəriyyəti zəngin amerikalılar idilər.[12][19]
-
Oyaq sevgi (1890)
-
İstila (1893)
-
Məsumiyyət (1893)
-
Elegiya (1899)
-
Mailice (1899)
1900-cü illər
redaktəBuqronun 1900-cü illəri əhatə edən yaradıcılığı o qədər də geniş deyildir. Lakin rəssamın həmin dövrdə yaratdığı azsaylı əsərlərin incələnməsi onun ənənəvi üslub və mövzu seçiminə sadiq qalmasını, ustad mövqeyini qorumasını söyləməyə əsas vermişdir. Həmin illərdə rəssam vaxtının çoxunu ölkənin Şimalında rəsm çəkmək, mütaliə etmək və dincəlməklə keçirirdi. 1900-cü ildə oğlu Polu itirməsi qoca ataya böyük dərd olur və əvəlki övladlarının ölümünü xatırladır. Onun beş övladından dördü özündən əvvəl ölmüşdü və bu Buqronu üzən səbəb idi.[19]
Bu dövrdə 1900-cü ildə Parisdə keçiriləcək Beynəlxalq Rəssamlıq Sərgisinin təşkilatçılarından biri olsa da heç bir şəkildə fikrini işinə verə bilmir, ailə faciəsi onu davamlı olaraq narahat edirdi. Lakin sərginin keçiriləcəyi vaxtın yaxınlaşması qoca rəssamı istəksiz olsa belə təkrarən iş başına dönməyə məcbur etdi və peşəsi onun həyata dönməsinə vasitəçi oldu.
Polun ölümündən sonra səhhətində kəskin dönüş yaranan rəssamı 1902-ci ildən etibarən ürəyi narahat etməyə başladı. Lakin bu dövrdə o bəzi xoşbəx anlar da yaşadı. Belə ki, onun Beynəlxalq Rəssamlıq Sərgisinə təqdim etdiyi əsərlərin böyük bir hissəsi satıldı, nəvəsi Vilyam isə o dövrün prestijli təhsil müəssələrindən olan Ekol Politexnik İnstitutuna daxil oldu. 1903-cü ildə rəssam Şərəf legionunun baş kavalyeri ordeninə layiq görüldü.[19]
Həmin il Buqro vaxtilə təhsil aldığı Villa Medicinin yüz illik yubiley mərasiminə qatılmaq üçün Romaya səyahət təklifi aldı. Romada rəsmi mərasimin təşkilindən sonra Buqro və Elizabet Florensiyada romantik bir həftə keçirdilər. 1903-cü ilin sonlarında artıq nadir halda əlinə qələm və ya fırça alan rəssam yaradıcılığını başa çatdırdı.[14]
-
Bakirə mələklərin əhatəsində (1900)
-
Laurel Branch (1900)
-
Oreadalar (1902)
-
Mələklərin əhatsəində (1901)
-
Gənc şahzadə (1902)
İmzası
redaktəMənbələrdə rəssamın tam adı William-Adolphe Bouguereau (birləşik şəkildə), William Adolphe Bouguereau (Fransız ənənsinə görə rəsmi şəkildə), eyni zamanda Adolphe William Bouguereau (Adolf əsas ad kimi) şəklində göstərilir. Lakin rəssam əsərlərində William Bouguereau, "W.Bouguereau.tarix" (fransız dilində) və ya "W-BOVGVEREAV-tarix" (latın dilində) imzalarından istifadə etmişdir.
Fəxri ad və vəzifələri
redaktə- 1859-cu ildə Buqro Şərəf legionunun kavalyeri ordeninə layiq görülüb.
- 1865-ci ildə Buqro Bordo Böyük teatrının binasında tavan və baraban hissələrinin bəzədilməsinə görə xüsusi mükafata layiq görülüb.
- 1876-cı ilin sonunda Buqro Académie des Beaux-Artsa fəxri üzv seçilib.
- 1877-ci ildə Burqoya Şərəf legionunun zabiti ordeni verilib.
- 1880-ci ildə Buqro Münixdə keçiriln Beynəlxalq Rəsm Sərgisinin qızıl medalına layiq görülüb.
- 1881-ci ildə Buqro "Société des Artistes Français" ın prezidenti seçilib.
- 1885-ci ildə Buqro əsası Baron Taylor tərəfindən qoyulmuş və kasıb rəssamlara və onların ailələrinə yardım edən xeyriyyə fondunun prezidenti seçilib.
- 1903-cü ildə Buqro Şərəf legionunun baş kavalyeri ordeninə layiq görülüb.
Ölümündən sonra
redaktəHələ XIX əsrin sonunda rəssamın yaradıcılığı və əvəzsiz istedadı bir çoxlarında qıcıq yaradaraq iftira, saxtakarlıq, amansız və sistematik hücumlara səbəb olmuşdur. Onun adı əksər tarixi mətnlərdən çıxarılırdı və əgər haradasa Buqronun adı çəkilirsə bu yalnız təsadüfün nəticəsidir. Bəzi qüvvələr davamlı olaraq rəssamın alçaldılmasına və təhqir edilməsinə çalışırdılar. Lakin bununla belə Buqro tək başına əmək sərf edərək Fransada qadınlar üçün rəssamlıq akademiyası açmış və bütün rəssamlıq tarixində insan vücudunu ən gözəl, dəqiq və qüsursuz təsvir edən rəssam olmuşdur. Onun fiqurları əvvəlki rəssamların fiqurları kimi yaradılmamış, bu və ya digər dərəcədə insanlara tanış olan simalar olmuşlar.
Lakin indiyə kimi heç kəs insanın anatomiyasını, eyni zamanda ruhunu və düşüncəsini Buqro kimi incə, dəqiq şəkildə əks etdirə bilməmişdir. Buqro da Rembrant kimi əsərlərində daha çox insanın ruh halını əks etdirməyə çalışmışdır. Lakin əgər Rembrant yaşın ruhunu əks etdirirdisə, Buqro əsərlərində öz ruhunu əks etdirirdi.[24]
Onun istedad və yüksək sənətkarlığı nəzərə alındıqda, faktiki olaraq əsərlərinin əsas mənşəyinin insan həyatı olduğunu görürük və məhz bu səbəbdəndir ki, rəssamlıq tarixində Buqro qədər insan vücudu çəkən, ikinci bir rəssam yoxdur. Onun təsvir etdiyi insanların böyük bir hissəsi isə vaxtilə böyük rəssamların – Mikelancelo, Rembrant, Karravacio və başqalarının müraciət etdikləri və qərb mədəniyyəti tarixində mühüm yeri olan personajlardır.[14]
Rəssamın 1905-ci ildə ölümündən sonrakı onilliklərdə, ənənəvi rəssamlığa və klassik incəsənətə olan basqılar daha da artmış, Buqronun yaradıcılıq məktəbini inkişaf etdirəcək sənətkarlar yetişməmişdir. Buqronun yaradıcılıq taleyi Rembrantın taleyi ilə olduqca oxşardır. Belə ki, hər iki rəssamın əsərlərinə ölümündən sonrakı ilk yüzillikdə rişxəndlə yanaşılmış, muzeylər və rəsmi rəssamlıq sərgilərinə yaxın buraxılmamışdır. Rembrantın əsərləri 1790-cı illərdə (rəssam 1669-cu ildə vəfat etmişdir), London Kral Akademiyasının banisi Sir Coşua Reynolds tərəfindən bir neçə əsərə diqqət ayırılmasına kimi heç bir ölkədə tanınmamışdır. Hətta yaxın keçmdə — təxminən 1910-cu illərdə Reynoldsun topladığı Rembranta məxsus əsərlərin bir qismi auksiona çıxarılaraq satılmışdır. Buqronun əsərlərinə isə yalnız 1979-cu ildən — əsərlərindən biri auksiond dörd qat baha qiymətə satıldıqdan sonra diqqət yetirilməyə başlanmış, 1984-cü ildə Fransadan Paris Petite Palais, Kanadadan Monreal İncəsənət Muzeyi və nəhayət ABŞ – dan Hartford Wadsworth Athenaeum rəssamın bir neçə əsərini almışdır. 1980-ci ildə isə Nyu-Yorkdakı Metropolitan muzeyi rəssamın iki əsərini əldə etməyə müvəffəq olmuşdur.
1960-cı ildən sonra onun əsərlərinin qiyməti getdikcə artan templə inkişaf edirdi. 1960-cı illərdə əsərlərin qiyməti ortalama 500–1500 $ məbləğində dəyərləndirilirdi. Lakin sonra həmin əsərlərdən bir neçəsinin mütəxəssislər tərəfindən incələnməsi Buqronun yaradıcılıq nümunələrinin qiymətinin fantastik həddə çatması ilə nəticələndi. 1998-ci ildə "Ürəklərin üsyanı" əsəri Nyu-Yorkda Kristi auksionunda 1,410,000 $-a satıldı. 1999-cu ildə isə yenə Nyu-Yorkda, Kristi auksionunda rəssamın "Kupidon və Psixeya uşaq ikən" əsəri 1,760,000 $-a satıldı. Bu rekord 2000-ci ilin mayında rəssamın başqa bir əsərinin 3,520,000 $-a satılması ilə geridə qoyuldu.[22]
İftiralar
redaktəBöyük rəssamın ölümündən sonra, bəzi qüvvələr Buqro haqqında ən murdar və alçaq şaiyələri yaymağa başladılar. Hər şeyin tam əksini sübut etməsinə və dəlillərin ortada olmasına baxmayaraq, gülməli istinadlarla rəssam xəsislik və paxıllıqda günahlandırılırdı: onlar rəssamın "Bəzən mən işəməyə məcbur oluram, lakin bu mənə on franka başa gəlir" dediyini bildirirdilər. Lakin əslində Buqro bütün ömrü boyu, ehtiyacı olan həmkarlarına kömək edə bilmək üçün tez-tez xeyriyyə yarmarkaları təşkil etmişdi. Bundan əlavə, Baron Taylorun xeyriyyə fondunu onun rəhbəri olmamışdan əvvəl, həftədə bir gün idarə etməyi də öz öhtəsinə götürmüşdü. Çünki o, bütün bu iftiraları inkar edir və beləliklə də bu şaiyələr təsdiqini tapmamış olurdu. Beləcə onun fədakarlığı çox adama bəlli olmadan qalırdı.[20]
Eyni zamanda rəssamın vecsiz adam olması və yalnız çılpaq qadınların rəsmlərini çəkməkdən zövq aldığını deyənlər var idi. Əlbəttə ki, Buqro qadınları sevirdi, lakin bununla birlikdə, yuxarda söylənilən fikir iftiradan başqa bir şey deyildir. Çılpaq insan rəsmləri isə Buqronun mədəni irsinin cəmi 10% — ni təşkil etməkdədir. Məsələnin başqa bir tərəfi isə, Buqronu açıq-saçıqlıqda günahlandıran şəxslər kütəvi mətbuatda və televiziyada çıxışları zamanı Meppltorp və ya Frensis Bekon kimi şəxslərin açıq cinsəllik elementləri ilə zəngin əsərlərini tərifləyirdilər.[20]
Tədqiqi
redaktəBirinci dünya müharibəsindən 1980-ci illərə kimi, ABŞ və Avropada, xüsusilə rəssamın vətəni olan Fransada Vilyam Buqro və onun yaradıcılığı haqqında çox nadir insanların bilgisi var idi. Rəssamın hansısa bir əsərinin kiçik fotosurətinin belə yayılmadığı bir şəraitdə bu cür vəziyyət real idi.[13]
Yalnız hansısa köhnə lüğətlər və rəssamlıqla bağlı qeydiyyat kitabarında bir neçə kiçik ağ qara foto tapmaq mümkün idi. Üstəlik onsuzda az olan fransız kütləvi kolleksiya – sərgilərinin heç birində rəssamın əsərləri göstrilməmişdi. Həmin dövrlərdə rəssamın bütün əsərləri müxtəlif şəxslərin və ya muzeylərin zirzəmiərində bir rəsm əsəri üçün olduqca təhlükəli vəziyyətdə, baxımsız halda atılıb qalmaqda və çürüməkdə idi.[12]
Heç kim Buqronun əsərlərindəki işıq və həyatı insanlara çatdırmaq üçün xırda bir cəhd belə etmirdi. Yalnız 1984–1985-ci ildə Monreal İncəsənət Muzeyi Buqronun əsərlərinin sərgisini keçirmiş və bundan sonra rəssamın yaradıcılığı ilə maraqlanan tədqiqatçılar meydana çıxmağa başlamışdır.[13]
Nəticədə Buqro bütün dünyada ən çox bəyənilən və tədqiq edilən rəssamlardan birinə çevirilmişdi. Bir-birinin ardınca müxtəlif şəhərlərdə sərgiləri təşkil olunan rəssamın yaradıcılığı Paris Salonunda dəfələrlə nümayiş etdirilmiş, əsərləri bütün dünyada müxtəlif kitab və jurnalların üzündə nəşr edilmişdir. Əvəllər Buqro haqqında heç bir məlumatı olmayan milyonlarla insane, onun əsərlərinin kopyalarını əldə etməyə çalışırdı. Beləliklə Buqro bütün dünyada ən bahalı rəssamlardan biri kimi tanınnmış, insanlar, xüsusilə elit təbəqə nümayəndələri və zəngin amerikalılar Ustadın hansısa bir əsərini əldə etmək üçün aylarla, bəzən illərlə növbədə gözləyir və külli miqdarda pul ödəyirdilər. Çox məhsuldar yaradıcılığı olan rəsamın isə 800 — ə yaxın əsəri məlumdur.[12]
Buqronun gənclik həyatının necə olması haqqında çox az məlumatlar var və bunun da səbəbi rəssamın həyatının bu dönəmi ilə bağlı danışmağı sevməməsidir. Lakin bir şey bəllidir ki, həmin dövrdə Buqro, onun yaradıcılığının başqa bir aspektini təşkil edən müxtəlif şəxslərin portretləri də daxil, istədiyi hər şeyi çəkirdi.
Müasir dövrdə Buqronun yaradıcılığının bir çox mədəni layihələrin əsasını təşkil etməsiylə yanaşı, rəssam çoxlu fəxri mükafatlar və təriflərə layiq görülmüşdür. Buqro XIX əsrin ən məşhur şəxsiyyətlərindən biridir. Buqronun yaradıcılığı – böyük zəhməti və əvəzedilməz texniki ustalığı onun dahiliyini sübut etməklə yanaşı, eyni zamanta dünya təsviri sənətinin zirvəsini təşkil edən məqamlarandır.
Buqro Rafael, Pussen və Enqrın yaradıcılığından süzülüb gələn böyük ənənələrin davamçısı olmaqla[12], onların yaratdığı və yaşatdığı incəsənəti qorumuş, sintez etmiş, lakin əsərlərini tamamilə özünəməxsus edən şəxsi yanaşma və əvəzsiz istedadından da faydalanmışdır. Buqronun əsərlərində fövqəladə, xəyalpərəs və yüksək ideyalara xidmətlə yanaşı, tez-tez çirkinlik, zor və pessimizmə qalib gələn, ruhani və ilahi gözəlliyin birləşməsini – ideal və parlaq sferanı görmək mümkündür. Bu cür əsərlərində rəssam gənclər, kasıblar və bütün problemi olan insanlara sanki, həmişə bir şansın olması haqqında xəbərdarlıq edir. Bu baxımdan rəssamın yüksək artistik uğuru əfsanəvidir; baxmayaraq ki, rəssam öz əsərlərindən heç vaxt tam razı qalmamışdır. Mükəmməllik axtarışları ona heç vaxt rahatlıq verməmiş, texnika, metod və mövzulara yanaşma tərzini daima mükəmməlləşdirmişdir. Buqro uzun bir müddətdən sonra poetik və texniki ustalığı əldə etsə də, bununla da kifayətlənməmiş və daima yeni axtarışlar və heç vaxt əsərlərindn istədiyini əldə edə bilməməsi onun rəssamlıq ideallarını daima sıxışdırmışdır.[12]
Onun mövzu seçimi və təkrarsız yaradıcılıq tərzi tezliklə diqqəti cəlb etmiş və o, özünə çoxlu ardıcıl və imitatorlar toplaya bilmişdi; bu cür insanlara nümunə kimi, rəssamın özünün heç vaxt dərs keçməyə razılıq vermədiyi Zuber-Buhler və ya Mayer von Bremeni göstərmək olar.[12] Bununla blə gərgin və məhsuldar yaradcılığı ilə yanaşı, Buqro həm də lütfkar müəllim kimi də fəaliyyət göstərmişdir. Lakin onun bu istiqamətdə rəssamlıq yaradıcılığında olduğu kimi yüksək uğurlara imza atdığını demək olmaz. Bütün ömrü boyunca qədim ustad sənətkarların yaradıcılıq ənənələrini müdafiə edən Buqro, bununla belə, öz tələbələrinə daim individual azadlıqlarına, ustad, pikot və sairdən daha çox fikir vermələrini məsləhət görmüşdür.
Bizə öyrətdiyi hər şeyə, ən əsası isə innovativ ideyaları və böyük sevgisinə görə ustadımıza minnətdarıq deyən, ABŞ rəssamı Elizabet Qardner qeyd edir. Buqro uzun müddət çalışaraq qadınların yalnız hansısa atelyerdə deyil, rəsmi rəssamlıq kurslarında təhsil ala bilmələrinə də nail olmuşdu. Bütün hücumların və təhqirlərin qarşısını ala bilmək üçün isə rəssam ilk öncə öz atelyesinin qapların qadınların üzünə açmış, daha sonra məşhur Yulian Akademiyasının və nəhayət École des Beaux-Artsın qapılarını xanımların üzünə açmağa nail olmuşdur.[12]
Eyni zamanda rəssam özlərini "proqressiv" adlandıran və akademiyalar tərəfindən müdafiə olunan ənənəvi klasik rəssamlığa qarşı çıxan və bunu özləri üçün "raison d'etre" ("həyat amalı") elan edən gənc nəslin inkişaını da təqdir edirdi.[12] Rəssam onların özləri üçün seçdikləri asan yolun gələcək həyatlarında xoşbəxtlik və şans açarı olacağını düşünürdü. Buqro özü də əsərlərində XX əsrin əvvəllərində çalxalanan və qeyri-stabil Avropanın ruhuna uyğun yeniliklərdən istifadə etmişdir.
Buqro, eləcə də onun Salon və Fransa İnstitutundan olan kolleqaları tezliklə yeni yaranmış cərəyanların — əvvəlcə İmpressionizmin, daha sonra isə Post-impressionizmin təsirinə məruz qalsalar da[12], qısa zaman ərzində bu təsirdən uzaqlaşa bilmiş və onlara qarşı destruktiv mövqedə dayanmışlar. Əhali arasında məşhurluqlarından istifadə edən Akademiyanın məşhur rəssamları – Buqro, Jerom, Kabanel, Mesonye və Bonna özləri üçün qara siyahı təşkil edərək bu yeni cərəyanlara qoşulmuş bütün gənc rəsamları ora əlavə etmişlər.[12] Lakin xüsusi maddi və mənəvi dəstək sayəsində həmin cərəyanların ardıcılı olan gənc rəssamlar xeyli inkişaf edərək, öz müəllimləri olan akademik rəssamlardan daha da zəngin olmuş və onların əsərləri əsas böyük muzeylərə qəbul edilmişdir. Məhz bundan sonra akademik rəssamların, o cümlədən Buqronun yaradıcılığı ciddi tənqidlərə məruz qalmışdır.[12]
Bu amansız tənqidlərin qarşısında Buqro səbirli davranmış, sakit bir şəkildə mükəmməl gözəllik axtarışlarını davam etdirmişdir. Valehedici arzular və fantaziyalar dünyasının yaradıcısı olan rəssam, əsərlərində daha çox bakirələr, aşiqlər və bütün həyatı bağlı olduğu mifoloji obrazları təsvir etməyə başlamışdır. Rəssam həmin personajlara palitrası və fırçasının köməyi ilə can vermiş, onları incə rənglər, harmonik tonlar və işığın parlaqlığı ilə geyindirmişdir.[13] O, öz estetikasına sadiq qalaraq yaradıcılığına davam etmiş, özünə qarşı edilən tənələrə isə fikir verməmişdir. Rəssam heç zaman özünü müdafiə etməyə ehtiyac görməmişdir.[12]
Buqro bu gün
redaktə1974-cü ildə Nyu-York şəhər Mədəniyyət Mərkəzində Buqronun əsərlərinin sərgisi keçirilmişdir. 1984-cü ildə isə Borgi qalereyasında rəssamın 23 yağlı, 1 sulu boya ilə işlənmiş əsərinin nümayiş etdirildiyi sərgi keçirilmişdir. Eyni ildə həmin sərgi Kanadanın Monreal İncəsənət Muzeyində də təşkil olunmuşdur. 1997-ci ildə isə Mark Borgi və Laura Borgi rəssamın internet sərgisini təşkil etmişlər.[20]
Son iyirmi ildə Buqronun bütün əsərləri saxlanıldıqları zirzəmilrdən, çardaqlardan çıxarılmış və bərpa edilmişdir və bu gün dünyanın yüzdən artıq muzeyi və institutu öz sərgi salonlarında bu dahi rəssamın əsərinin olması ilə fəxr edir. Böyük rəssamın əsərlərinin surətləri bütün dünyada poster və hədiyyə dükanlarında milyonlarla nüsxə ilə satılır və rəssamın özünün qarşı çıxdığı modernistlərin yaradıclıq işlərini kölgədə qoyur.[20]
Buqronun əsərlərinin tam kataloqu və bioqrafiyası Demian Bartoli və Buqro Komitəsi tərəfindən iyirmi beş il ərzində tamamlanmış və rəssamın vəfatının yüzüncü ildönümündə — 2005-ci ildə nəşr edilmişdir.[20]
İstinadlar
redaktə- ↑ 1 2 RKDartists (nid.).
- ↑ 1 2 William Adolphe Bouguereau (fr.). ministère de la Culture.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 William Adolphe Bouguereau (nid.).
- ↑ 1 2 AGORHA (fr.). 2009.
- ↑ 1 2 3 4 The Fine Art Archive.
- ↑ 1 2 Catalog of the German National Library (alm.).
- ↑ 1 2 William-Adolphe Bouguereau // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Artnet. 1998.
- ↑ 1 2 https://www.getty.edu/art/collection/artists/780/william-adolphe-bouguereau-french-1825-1905/.
- ↑ Linda Nochlin – Realism and tradition in art, 1848–1900: sources and documents, Prentice-Hall, 1966
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Fronia E. Wissman – Bouguereau, Pomegranate Artbooks, 1996
- ↑ 1 2 3 4 5 6 7 8 Petra ten-Doesschate Chu – Nineteenth-century European art, Prentice Hall, 2006, səh 541 – 547
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 James Frederick Peck – In the studios of Paris: William Bouguereau & his American students, Philbrook Museum of Art, 2006
- ↑ 1 2 3 4 5 6 7 8 Frederic P Miller, Agnes F Vandome, John McBrewster – William-Adolphe Bouguereau, Alphascript Publishing, 2010
- ↑ Fronia E. Wissman – Bouguereau, Pomegranate Artbooks, 1996, səh 26
- ↑ E. Wissman – Bouguereau, Pomegranate Artbooks, 1996, səh 32
- ↑ 1 2 Americans in Paris, 1860–1900, National Gallery, 2006
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Daniel Stuart Hodgson – William-Adolphe Bouguereau: a biographical and critical study, Florida State University, 1968
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 William Bouguereau Biography (1825–1905) – by Damien Bartoli with Fred Ross Arxivləşdirilib 2017-07-02 at the Wayback Machine, Art Renewal Center tərəfindən yayımlanıb
- ↑ Fronia E. Wissman – Bouguereau, Pomegranate Artbooks, 1996, səh 25
- ↑ 1 2 3 4 5 6 William-Adolphe Bouguereau Paintings: L'amour Et Psyché, Enfants, the Birth of Venus, the Shepherdess, Nymphs and Satyr, the Bohemian, General Books LLC, 2010
- ↑ Fronia E. Wissman – Bouguereau, Pomegranate Artbooks, 1996, səh 40 – 43
- ↑ Fronia E. Wissman – Bouguereau, Pomegranate Artbooks, 1996, səh 96 – 101
Ədəbiyyat
redaktə- Albert Boime: The Academy and French Painting in the Nineteenth Century (London, 1971).
- Aleska Celebonovic: Peinture kitsch ou réalisme bourgeois, l'art pompier dans le monde. Paris: Seghers, 1974.
- Art Pompier: Anti-Impressionism. New York: The Emily Lowe Gallery, Hofstra University, 1974.
- Mario Amaya (Forward), Robert Isaacson (catalogue and selection): William Adolphe Bouguereau. New York: New York Cultural Center, 1974.
- John Russell: Art: Cultural Center Honors Bouguereau. In New York Times, 1974.
- Louise d 'Argencourt and Association of Art Museum Curators: The Other Nineteenth Century. Ottawa: The National Gallery of Canada, 1978.
- James Harding: Les peintres pompiers. Paris: Flammarion, 1980.
- "The Bouguereau Market". The Art newsletter. January 6, 1981. pp. 6–8.
- Louise d'Argencourt and Mark Steven Walker: William Bouguereau. Montreal, Canada: The Montreal Museum of Fine Arts, 1984.
- Robert Rosenblum and H.W. Janson: 19th Century Art. New York: Harry N. Abrams, 1984.
- Michael Gibson: Bouguereau's "Photo-Idealism". In International Herald Tribune, 1984.
- Grace Glueck: To Bouguereau, Art Was Strictly "The Beautiful. In The New York Times, 1985.
- Cécile Ritzenthaler: L'école des beaux art du XIXe siècle. édition Mayer, 1987
- Exhibition catalogue William Adolphe Bouguereau, L'Art Pompier. Borghi & Co., New York, 1991.