Xanegah Nekropollari - Wikipedia
Xanəgah nekropolu I — Culfa rayonunun Xanəgah yaşayış yerinin şimal şərqində orta əsrlərə aid arxeoloji abidədir. Nekropol hazırda memarlıq kompleksinin ətrafına çəkilən daş divarla iki hissəyə bölünmüşdür. Qəbirlər demək olar ki, dağıdılmışdır. Əksəriyyəti yalnız başdaşılarına görə seçilir (bəzilərində ərəbcə kitabə var). Vaxtilə bir neçə qəbrin üzərində mərmərin xüsusi növündən — oniksdən hazırlanmış sinə daşları var idi. Onlar Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Orta əsrlər üçün səciyyəvi olan maddi mədəniyyət nümunələri əldə olunmuşdur. Xanəgah nekropolu XII–XVI əsrlərə aid edilir.
Xanəgah nekropolu II — Culfa rayonunun Xanəgah kəndində, Şeyx Xorasan memarlıq kompleksinin cənubunda, hündür təpənin yamacında yerləşir. Abidə 2006-cı ildə qeydə alınmışdır. Qəbirlərin əksəriyyətinin yerüstü əlamətləri itmişdir. Onlardan bəzilərinin ətrafında dördkünc formalı daş düzümlərə rastlanır. Bəzi qəbirlərin üzərinə qoç daşlar, bəzilərinə isə dördkünc formalı sinə daşları qoyulmuşdur. Qəbir daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Təəssüf ki, qəbiristanlıqdakı qoç daşlarının hamısı sındırılmışdır. Nekropolun ərazisində torpaq yolun alt tərəfində bişmiş kərpicdən tikilmiş türbənin sərdabəsinə aid qalıqlar saxlanılmışdır (XV əsr). Qəbiristanlığın ərazisindən çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika nümunələri də aşkar edilmişdir. Qəbirüstü abidələr və aşkar edilən keramika nümunələrinə əsasən nekropolu IX–XVII əsrə aid etmək olar.[1]
İstinadlar
redaktə- ↑ Naxçıvan Abidələri Ensklopediyası. Naxçıvan, 2008