Xilaskar Kilsesi Ani - Wikipedia
Xilaskar kilsəsi – (və ya Surp Amenaprkıtch) Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni kilsəsi.
Xilaskar kilsəsi | |
---|---|
Սուրբ Փրկիչ եկեղեցի | |
40°30′36″ şm. e. 43°34′48″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Qars |
Yerləşir | Ani |
Aidiyyatı | Erməni Qriqoryan Kilsəsi |
Tikilmə tarixi | XI əsr |
Üslubu | Erməni memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu abidənin inşası 1035-ci ildə tamamlanıb. Kilsənin divarlarındakı yazılar təkcə kilsənin yox, eləcə də ermənilərin tarixini öyrənmək baxımından qiymətli mənbələrdir. Kilsənin kitabələrindən birində deyilir: "480-ci ildə (miladi təqvimlə 1035) mən Ablğarib mərzban Konstantinopolda Bizans imperatoru Mikaelə Şahənşah Smbatın adından bir təklif etdim və böyük zəhmət və xərc bahasına ondan Müqəddəs Xaçın bir parçasını ala bildim və qayıtdığımda bu məbədi inşa etdirdim…" Kitabədə daha sonra şahzadə Ablğarib Pahlavuninin bu məbədi məhz Müqəddəs Xaçın bir hissəsini qorumaq və saxlamaq üçün inşa etdirdiyi bildirilir. O, bu müqəddəs əmanəti Konstantinopola səfəri zamanı əldə edir və kilsəyə verərək burada qorunmasını, İsanın (ə.s.) zühuruna kimi isə hər gecə bu kilsədə gecə ayinlərinin təşkil olunmasını əmr edir.
Başqa bir yazıda isə qonaqların dincəlməsi üçün iki jamatunun da əlavə edildiyi 1193-cü il tarixində olmuş bərpadan bəhs edilir. Həmçinin 1291-ci ildə giriş qapısının üstünə zəng qülləsinin əlavə edildiyi də yazılmışdır. Bütün bu əlavələr fasaddakı bəzi beton izləri xaric tamamilə məhv olmuş və onlardan dövrümüzə bir şey çatmamışdır. Başqa bir kitabə isə 1342-ci ildə şahzadə Vahram Zakaridin memar Vasilə kilsənin qübbəsinin təmir edilməsini əmr etməsindən bəhs edilir. Kilsənin uçmamış digər hissəsi isə 1989-cu ildə baş vermiş bir zəlzələdən sonra ciddi xəsarətlər alıb və uçmaq təhlükəsi var.
1999-cu ildə kilsənin qapısının uçmuş hissəsi bərpa olunaraq kilsənin uçmasının qarşısının alınması üçün müəyyən addımlar atılıb.
XIX əsrin sonlarında kilsə hələ də ilkin görünüşünü saxlamışdı. Lakin müəyyən qədər qəzalı vəziyyətdə idi. H. F. B. Lynch 1894-cü ildə Ani xarabalıqlarında gəzdikdən sonra "Bu bina, çökməsinin qarşısını alacaq addımlar atılmasa bir neçə ildən artıq qalmayacaq." demişdi.
1912-ci ildə rus arxeoloqlar qazıntılardan sonra kilsənin Şərq divarlarında bərpa işləri aparmışdılar. Lakin elə həmin hissə, yəni kilsənin Şərq hissəsi 1957-ci ildə baş verən bir fırtınaya davam gətirmədi və uçdu. Bəzi mənbələr kilsənin Şərq hissəsinin uçması tarixini XX əsrin 30-cu illəri kimi göstərsə də, kilsənin 1957-ci ildə uçması faktı yaxındakı kəndin sakinləri tərəfindən də təsdiq olunub.
1999-cu ildə kilsənin qalan hissəsinin uçmasının qarşısının alınması üçün giriş qapısının uçmuş hissəsi bərpa olunub.
Memarlıq xüsusiyyətləri
redaktəKilsə yumru plana malikdir və xaricdən on doqquz üzlü çoxbucaqlı şəklindədir. Çox hündür və çox geniş olan ikinci – üst hissə isə çoxbucaqlı üstündə yerləşdirilmiş dairə formasındadır. Binanın Cənub tərəfindəki "pseudo-antique" oymalı baştağa malik, böyük düzbucaqlı qapı yeganə giriş qapısıdır. Binanın daxilində səkkiz apsisi var. Həmçinin daxildən binanın divarının içinə yerləşdrilmiş iki şapel də olmuşdur. Elə binanın zəif dayanıqlı olmasına da məhz divarın daxilində yerləşdirilmiş bu iki şapelin səbəb olduğu düşünülür.
Kilsənin üst hissəsi adətən olduğunun əksinə olaraq alt hissəyə nəzərən o qədər də kiçik olmayan ölçüsü ilə binanın planlaşdırılmasında diqqət çəkən əsas ünsürdür. Lakin bəzi mənbələr üst hissənin 1342-ci il bərpası zamanı genişləndirilərək bu hala gətirildiyini qeyd edirlər. Xilaskar kilsəsi bütün həndəsi quruluşu ilə tipik erməni kilsəsidir. Tamamilə saf həndəsi formalardan, silindr və kürələrdən işlənmişdir. Texniki baxımdan isə Anidəki ən macəraçı sənət əsəridir. Orta əsr erməni kilsələrinin inşa texnikası (qırılmış daş və beton kütlədən ibarət daxili divar və bunun üstünü örtən səliqə ilə kəsilmiş fasad) tam bir orqanizmin əmələ gətirilməsinə hesablanmışdı. Eyni inşa texnikası Xilaskar kilsəsində də tətbiq edilmişdir.
Freskalar
redaktəUçmamış hər apsisin divarlarında və yarımqübbəsində solğun freskalar vardır. Freskalar çox yüksək keyfiyyətdə və daha çox Bizans stilindədir. Lakin rəssam Sarkis Parçkans adlı bir erməni olub. Freskalar böyük ehtimalla XIII əsrdə, bəlkə də 1291-ci il bərpası zamanı əlavə edilmişdir.