Yasar Huseynov - Wikipedia
Yaşar Əhəd oğlu Hüseynov (12 mart 1981, Abdal, Ağdam rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin baş giziri; Vətən Müharibəsi Qəhrəmanı.
Yaşar Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 mart 1981 (43 yaş) |
Doğum yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2000— |
Rütbəsi | Baş gizir |
Döyüşlər | |
Təltifləri |
|
Tərcümeyi-halı
redaktəYaşar Əhəd oğlu Hüseynov 12 mart 1981-ci ildə Ağdam rayonunun Abdal qəsəbəsində anadan olub. 1987-ci ildə Abdal qəsəbə orta məktəbinin birinci sinfinə gedib. 4 sentyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Abdalın işğal edilməsindən sonra ailəsi ilə birgə Bərdə rayonunda qaçqın həyatı yaşayıb. Orta təhsilini 1999-cu ildə Bərdə rayonunda başa vurdu. Evlidir. Bir oğlu və bir qızı var.
Birinci Qarabağ müharibəsi zamanı üç qardaşı Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. Qardaşları Sadiq Hüseynov və Fərman Hüseynov müharibə veteranıdır. Digər qardaşı Füzuli Hüseynov isə 1994-cü il aprelin 16-da Yusifcanlı (Ağdam rayonu) istiqamətində şəhid olub.
14 yanvar 2000-ci ildə Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2000-ci ilin avqustunda Xüsusi Təyinatlı Qüvvələrin nəzdində olan "Gizir Hazırlığı Kursu"na qatılıb və 2001-ci ilin martından Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət edib.
2014-cü ilin avqustunda Azərbaycan və Ermənistan arasında baş verən döyüş əməliyyatlarında Goranboy rayonunun Gülüstan qəsəbəsi yaxınlığında qarşı tərəfin dərinliyində döyüş tapşırığının icrası zamanı ağır yaralanıb (sağ bazunun orta 3/1-nin odlu silah yaralanması, sağ mil sinirin zədələnməsi, çox qəlpəli açıq yerdəyişmiş sınıq). 8 ay müalicə aldıqdan sonra 2015-ci ilin aprelində xidmətini bərpa edib.
2016-cı ilin 2–5 aprelində Azərbaycan və Ermənistan arasında baş verən növbəti toqquşma zamanı Goranboyun Tap Qaraqoyunlu və Tərtərin Talış istiqamətlərində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığının icrasında fərqlənib.
2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. 09.10.2020-ci ildə Füzuli rayonunun Gorazıllı yaşayış məntəqəsinin azad olunması zamanı odlu silah güllə yarası alaraq Füzuli rayon xəstəxanasına təxliyə olunub. 10.10.2020-ci ildə oradan Mingəçevir şəhər xəstəxanasına təxliyə olunaraq müalicə alıb. 21.10.2020-ci ildə tam sağalmamış Mingəçevir şəhər xəstəxanasından çıxaraq yenidən döyüş əməliyyatlarına qayıdıb.
30.10.2020-ci il tarixindən etibarən Xocalı rayonunun Çanaqçı və Sığnaq, Şuşa rayonunun Daşaltı yaşayış məntəqələrini də daxil olmaqla Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Noyabrın 5-dən 6-na ötən gecə Şuşa şəhərinə daxil olmuş, noyabrın 6-da səhər saatlarında Bölmə Komandiri və digər 5–6 nəfərlə birgə Şuşa şəhərinin təmizlənməsində yaxından rol alıb. Saat 13:45-də Şuşa şəhərində bələdiyyə binasının üzərində salcılan Dağlıq Qarabağ bayrağını oradan çıxararaq əvəzinə Azərbaycan bayrağını sancıb.
Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib[1], həmçinin "Cəbrayılın azad olunmasına görə"[2], "Füzulinin azad olunmasına görə"[3] və "Şuşanın azad olunmasına görə"[4] medalları ilə təltif edilib.
Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 2-ci və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Şücaətə görə" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə də təltif edilib.
İstinadlar
redaktə- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli 2336 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli 2358 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.01.2021-ci il tarixli 2711 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli 2370 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.