Yasunari Kavabata - Wikipedia
Yasunari Kavabata (yap. 川端 康成, 11 iyun 1899[2][3][…], Osaka, Yaponiya imperiyası – 16 aprel 1972[3][4][…]) — yapon yazıçı, Fransanın İncəsənət və Ədəbiyyat Ordeni zabiti (1960), Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968).
Yasunari Kavabata | |
---|---|
yap. 川端 康成[1] | |
Doğum tarixi | 11 iyun 1899[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 aprel 1972[3][4][…] (72 yaşında) |
Təhsili | |
Fəaliyyəti | yazıçı, romançı, ssenarist, şair |
Fəaliyyət illəri | 1924-cü ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəYasunari Kavabata Nobel mükafatı alan ilk yapon yazıçısıdır. Osakada, ziyalı və varlı ailədə doğulmuşdu. Üç yaşında valideynlərinin hər ikisini itirmişdi. Ana tərəfdən baba-nənəsi onu və bacısını himayələrinə almışdılar. Altı yaşında olarkən nənəsi və bacısı da ölmüşdü. Bu faciəvi hadisələr gələcək yazıçının psixikasına təsirsiz ötüşməmişdi. Kavabata ilk əsərlərindən biri olan və həyatdakı sonuncu yaxın adamının — babasının ölümündən az əvvəl yazdığı "On altı yaşlı oğlanın gündəliyi" (1914) avtobiqrafik hekayəsində taleyinə düşən ağır sınaqları əks etdirməyə çalışmışdı.
O, məktəb çağından Avropa mədəniyyətinə xüsusi maraq göstərirdi. 1920-ci ildə Tokio universitetinin ingilis dili və ədəbiyyatı bölümünə daxil olmuşdu. Lakin bir il sonra yapon ədəbiyyatı bölümünə dəyişilmişdi. Sonuncu kursda təhsil alanda Kavabata artıq "Buncay syuncyu" ("Dövrün ədəbiyyatı") jurnalının redaksiya heyətinin üzvü idi. 20-ci illərin ortalarında isə o, bir qrup gənc yazıçı ilə birlikdə yapon ədəbiyyatında modernist istiqamətin tribunasına çevrilən "Bunqey dziday" ("Müasir ədəbiyyat") jurnalının əsasını qoymuşdu.
"Rəqqasə İdu" (1925) povesti gənc müəllifin ilk uğurlu əsəri sayılır. Burada rəqqasə qıza vurulan tələbənin iztirab və yaşantıları əks olunmuşdu. Bu iki personaj – avtobioqrafik gənc və saf, təmiz qız müəllifin bir sıra digər əsərlərində müxtəlif rakurslarda meydana çıxmışdı. Məsələn, "Quşlar və vəhşi heyvanlar" (1933) kitabında həmin gəncin insanlarla təmasdan qaçıb təbiətə sığındığı, yalnız sevdiyi gənc qızın xəyalı ilə yaşadığı təsvir edilirdi. Kavabata Füzuli yaradıcılığı ilə tanış olmasa da, XX əsr yapon Məcnununun inandırıcı surətini yaratmışdı.
Sənətkarlıq təcrübəsi artıqca Kavabata əsasən Avropa mədəniyyətindən nəşət edən eksperimentlərdən uzaqlaşmış və milli ənənələrə daha çox bağlanmışdı.
Yapon tarixinin mürəkkəb mərhələlərində - ölkənin sarsıdıcı məğlubiyyətə uğradığı İkinci Dünya müharibəsi illərində və ondan sonrakı dövrdə Kavabata siyasi proseslərdən uzaq olmağa çalışır, bütün vaxtını ilkin orta əsrlər yapon romanının məzmun və üslubunun öyrənilməsinə sərf edirdi. Çox güman ki, sırf yapon təfəkkürünün məhsulu kimi Qərbdə məşhurlaşan "Min qanadlı durna" (1949) povesti məhz orta əsrlərlə səsləşdiyi üçün maraq doğurmuşdu.
Kavabata əsərlərində hissi-erotik duyğuların təsvirinə də müəyyən yer ayırırdı. Müəllif bu yolla insan psixologiyasının daha bir mürəkkəb qatına nüfuz etmək istəyirdi. "Göl" (1954), "Yatmış gözəllərin evində" (1961) povestlərində məhz bu həssas və xüsusi əndazə hissi tələb edən mövzu seçilmişdi. Gənclik illərində bir müddət Ceyms Coysun təsiri altına düşdüyündən o, əsərlərində "şüur axınından" bacarıqla yararlanmışdı.
1960-cı ildə Yasunari Kavabata ABŞ Dövlət Departamentinin yardımı ilə Amerikada uzunmüddətli ezamiyyətdə olmuş, ölkənin bir sıra universitetlərində yapon tarixi və mədəniyyəti ilə bağlı silsilə mühazirələr oxumuşdu.
Tanınmış yapon yazıçısı, kino-aktyor və sağ təmayüllü siyasi xadim, nəhayət, uzun illər yapon ədəbiyyatının ən şanslı Nobel iddiaçılarından biri sayılan Misima onun ən yaxın dostu idi. Çox güman, Misimanın təsiri ilə 60-cı illərin sonlarından Kavabata siyasi tərəfsizliyindən əl çəkmiş, Yaponiyada və ölkə hüdudlarından kənarda cərəyan edən proseslərlə yaxından maraqlanmışdı.
İsveç Akademiyası 1968-ci ildə "yapon şüurunun mahiyyətini əks etdirən yaradıcılıq məharətinə görə" Yasunari Kavabatanı Nobel mükafatına layiq gördü. Təşəkkür nitqində əsl yapon təvazökarlığı ilə böyük şərəfin məhz öz payına düşməsindən heyrətləndiyini gizlətməyən müəllif şöhrətin sənətkar üçün ağır yük olduğunu bildirmiş, bundan sonra da yaradıcılıq ənənələrinə sadiq qalaraq təbiilik və gözəllik hissinə sədaqətini qoruyub-saxlayacağını bəyan etmişdi.
İlk yapon Nobel laureatının həyatı faciəvi sonluqla yekunlaşmışdı. 1970-ci ildə dostu Misima yapon hərbi bazalarından birində əsgərləri hökumət əleyhinə üsyana qal¬dırmaq cəhdi uğursuzluqla bitəndən sonra xarakiri edərək özünü öldürmüşdü. Bu, Kavabata üçün böyük sarsıntı olmuş və yazıçının narkotik asılılığını daha da gücləndirmişdi. Nəticədə o, yaşadığı mənzildə özünü qazla zəhərləyərək ölmüşdü. Hər hansı bir məktub qoymadığından bu dəhşətli addımın səbəblərini müəyyənləşdirmək mümkün olmamışdı. İntihar versiyası ilə bir sırada Kavabatanın ölümünü bədbəxt təsadüf hesab edənlər də az deyildir. Hər halda indiyə qədər bu sirrin üstü açılmamış qalmaqdadır.
Yapon yazıçısının intihar etməsi (əgər həqiqətən belədirsə!) taleyin qəribə istehzalarından sayıla bilər. Çünki Kavabata Nobel mühazirəsində məhz müasir dünyada geniş vüsət alan intihar olaylarına toxunaraq demişdi: "İnsanın dünyaya yadlaşma dərəcəsindən asılı olmayaraq, intihar etiraz forması sayıla bilməz. İntiharla həyatına son qoyan insan nə qədər ideal olsa da, müqəddəs adlandırıla bilməz".
Kavabata Almaniya və Fransanın bir sıra ədəbi mükafatlarını da qazanmışdı. 1948-1965-ci illərdə o, yapon PEN-klubunun sədri, 1959-cu ildən həyatının sonuna qədər isə Beynəlxalq PEN-klubun vitse-prezidenti olmuşdu.
Əsərləri
redaktə- İdzulu rəqqasə (1926)
- Qarlı diyar (1935,1937-1947)
- Dağın səsi (1949-1954)
- Köhnə paytaxt (1962)
- Asakuslu şən qızlar (1961)
- Minqanadlı durna (1949-1952)
- Göl (1954)
- İtaliya haqqında mahnı
- Təbiət
İstinadlar
redaktə- ↑ Japan Search (yap.). 2020.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Yasunari Kawabata // Nationalencyklopedin (швед.). 1999.
- ↑ 1 2 川端康成 // Internet Speculative Fiction Database (ing.). 1995.
Mənbə
redaktə- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.