Yavuz Rustemov - Wikipedia
Yavuz İsmayıl oğlu Rüstəmov (9 may 1933, Ordubad, Naxçıvan MSSR – 8 oktyabr 2019, Bakı) — texnika elmləri doktoru (1984), professor (1994), AMEA-nın müxbir üzvü (2001).[1][2][3]
Yavuz Rüstəmov | |
---|---|
Yavuz İsmayıl oğlu Rüstəmov | |
Doğum tarixi | 9 may 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 2019 (86 yaşında) |
Vəfat yeri | |
Atası | İsmayıl Rüstəmov |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | texnika elmləri doktoru (1984) |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | AMEA (2001) |
Mükafatları |
Həyatı
redaktəYavuz Rüstəmov 9 may 1933-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1952-ci ildə Ordubad şəhər 1 saylı orta məktəbini, 1957-ci ildə isə Neft və qaz texnologiyası ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.[1][2][3]
Əmək fəaliyyəti
redaktəYavuz Rüstəmov əmək fəaliyyətinə Sumqayıt "Sintetik kauçuk" zavodunda başlayıb. Belə ki, o, 1957-ci ildə təyinatla Sumqayıt "Sintetik kauçuk" zavoduna göndərilib, 1957-1961-ci illərdə həmin zavodda növbə rəisi və polimerləşmə sexinin texnoloqu vəzifələrində çalışıb. Rüstəmov həmin sexdə SKS-30 və SKN-26 kauçuk istehsallarının təkmilləşməsində aktiv iştirak edib. Daha sonra 1961-1963-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasında baş mütəxəssis, 1963-1969-cu illərdə isə "Sumqayıt superfosfat" zavodunda baş mühəndis işləyərək zavodun bütün istehsal sahələrinin tikilib işə buraxılmasına, onların istismar olunmasına və bir sıra proseslərin təkmilləşdirilməsinə bilavasitə rəhbərlik edib.[2][3]
Yavuz Rüstəmov 1969-cu ildən ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində elmi fəaliyyətini davam etdirir.[2][3] Professor 1990-cı ildən Sumqayıt Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib.[1]
Üzv olduğu şuralar
redaktəYavuz Rüstəmov Respublika AAK-nın Kimya üzrə Ekspert Şurasının və Neft Kimyası üzrə Problem Şurasının üzvü olub.[3]
Elmi fəaliyyət
redaktəYavuz Rüstəmov 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər namizədi, 1984-cü ildə "Kimya texnologiyasının prosesləri və aparatları" adlı doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcələrini, 1994-cü ildə professor elmi adını alıb. 2001-ci ildə isə AMEA-nın "Kimya texnologiyasının prosesləri və aparatları və ağır (əsas) organik sintez" ixtisası üzrə müxbir üzvü seçilib.[1][2][3]
Yavuz Rüstəmov kimya texnologiyasının prosesləri və aparatları sahəsində tanınmış alimdir. O, çoxfazalı sistemlərdə kinetik, hidrodinamik və istilik və kütləvi transfer qanunauyğunluqlarını öyrənmiş və onların riyazi modellərini inkişaf etdirmişdir. Alimin rəhbərliyi altında tozvari maddələrin dənəvərləşdirilməsi, onların polimer örtüklərlə kapsullaşdırılması, qurudulması, kapsuləmələgətirən polimerlərdən olan sellülozanın törəmələrinin müxtəlif xammallardan alınması proseslərinin yeni üsulları işlənib hazırlanmış, natrium-karboksimetilsellülozun alınması prosesinin elmi əsasları yaradılmışdır.[1][2][3]
Yavuz Rüstəmov 20-dən artıq müəlliflik şəhadətnaməsi, 1 monoqrafiya, 200-dən çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 7 fəlsəfə doktoru hazırlanıb və 5 magistr dissertasiyası müdafiə edilib.[2][3]
Mükafatları
redaktə- SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri ərgisinin Gümüş medalı - 1981;
- "SSRİ ixtiraçısı" döş nişanı - 1983;
- D.İ.Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin diplomu və Fəxri fərmanı;
- SSRİ Kimya Sənayesi Nazirliyinin və Həmkarlar İttifaqının MK-nın Fəxri Fərmanı - 1967;
- AMEA-nın "Əmək veteranı" döş nişanı - 1988;
- AMEA-nın 60 illik yubileyi münasibətilə dövlət başçısı tərəfindən "Şöhrət" ordeni;[1][2][3]
Bir neçə elmi işlər
redaktə- Основные пути интенсификации процессов гранулирования суперфосфатов (монография). — Баку: Елм, 1995. — 85 с.
- Особенности гидродинамики слоя и тепломассообмена при сушке материалов в псевдосжиженном состоянии // Теоретические основы химической технологии. — 1976. — Т. 10. — № 34. — С. 633-635.
- Закономерности и математическое описание процессов тепломассообмена в трубе-сушилке с секциями // Химическая промышленность. — 1987. — № 12. — С. 740-743.
- Theoretical Aspects of the Technology in Synthesis of Sodium Carboxymethyl Cellulose from Various Raw Materials // Iranian Polymer Journal. — 2001. — № 2. — С. 91-98.
- Математическое описание взаимосвязи параметров процесса капсулирования суперфосфатов натрий-карбоксиметилцеллюлозой // Химическая промышленность. — 1997. — № 11. — С. 772-775.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Yavuz İsmayıl oğlu Rüstəmov". 2013-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-30.
- ↑ 1 2 3 4 5 6 7 8 "Rüstəmov Yavuz İsmayıl oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 7 8 9 "Yavuz Rüstəmov" (Azərbaycan). www.nkpi.az. 2024-01-15 tarixində arxivləşdirilib.