Yorklu Brijit - Wikipedia
Yorklu Brijit (ing. Bridget of York; 10 noyabr 1480 – 1517) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı.
Yorklu Brijit | |
---|---|
ing. Bridget of York | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 noyabr 1480 |
Vəfat tarixi | 1517 |
Fəaliyyəti | nun[d] |
Atası | IV Eduard[1] |
Anası | Elizabet Vudvil[1] |
Ailəsi | York sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 3 yaşlı Brijit mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacıları əmisinin himayəsində saraya göndərildi. Brijit və bacısı Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar.
III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Brijitin ən böyük bacısı Elizabetlə evləndi. Brijitin isə şotland bir əsilzadəylə evləndirilməsi müzakirə edilsə də, bu baş tutmadı. 9 yaşlı Brijit özünün də istəyilə Kentdəki dominikan kilsələrindən birinə göndərildi və ömrünün qalan hissəsini burada rahibə olaraq yaşadı. Anasının 1492-ci ildə vəfat etməsi üzərinə yalnız bir dəfə kilsədən ayrılan Brijit, burada keçirdiyi vaxt ərzində İngiltərə kraliçası olan bacısı Yorklu Elizabetlə yazışmalar apardı.
Həyatı
redaktəBrijit 10 noyabr 1480-ci ildə Londondakı Eltam sarayında İngiltərə kralı IV Eduard və Elizabet Vudvilin onuncu uşağı olaraq dünyaya gəldi. Ertəsi gün keçirilən mərasimlə vəftiz olunan Brijitin xaç atası Vinçester yepiskopu, xaç anaları isə nənəsi Sesilya Nevil və böyük bacısı Yorklu Elizabet oldu. Hələ 3 yaşında ikən atası IV Eduard 9 aprel 1483-cü ildə vəfat etdi. Taxta çıxarılan qardaşı V Eduard isə dayısı Antoni Vudvil və ögey qardaşı Riçard Qreylə birlikdə Uelsdən paytaxt Londona gələrkən əmisi Riçard tərəfindən ələ keçirildi. Daha sonra tərtib edilən saray basqınıyla V Eduard, doğma qardaşı Riçardla birlikdə London qalasına həbs olundular. 30 aprel gecəsi Elizabet Vudvil saraydakı xeyli qəniməti də yanına alaraq qızlarıyla birlikdə Vestminster Abbadlığına qaçaraq burada sığınacaq tələb etdilər.
22 iyun 1483-cü ildə IV Eduard və Elizabet Vudvilin evliliyini ləğv edən dövlət qanunuyla, Brijit digər bacı və qardaşlarıyla birlikdə sabiq kralın nigahdan kənar övladı kimi elan edildi. Bir neçə gün sonra isə həbs tutulan dayısı Antoni Vudvil və ögey qardaşı Riçard Qrey edam olundular. 6 iyul 1483-cü ildə isə əmisi Riçard qardaşını taxtdan endirərək hakimiyyəti ələ aldı. 1 mart 1484-cü ildə III Riçard ölkədəki sabitliyi bərpa etmək məqsədilə qardaşının ailəsiylə barışdı. Verilən dövlət fərmanıyla, III Riçard mərhum qardaşının qızlarına toxunmayacağına, onlar üçün aylıq maaş təsis edəcəyinə və vaxtı gəldiyində onları əsilzadə şəxslərlə evləndirəcəyinə and içdi. Brijitin yaşca böyük bacıları əmiləri III Riçardın himayəsinə alınaraq saraya göndərildilər. Brijit və bir yaş böyük bacısı Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla birlikdə qalmağa davam etdilər.
1485-ci ilin avqustunda III Riçardın Bosvort döyüşündə ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. Yeni kral VII Henri Brijitin ən böyük bacısı Elizabetlə evləndi. Vaxtilə əmisi III Riçard tərəfindən öz tətrəfdarlarından biriylə evlənməsi müzakirə edilsə də, bu evlilik planları baş tutmamışdı. Daha sonra VII Henri Tüdor da xanımının subay olan bacılarını evləndirmək niyətinə düşdü. İlk mərhələdə Brijitin şotland əsilli əsilzadələrdən biriylə və ya Milan hersoqu Jan Qaleazzo Sforzayla evlənməsi müzakirə edilsə də, bu evlilik planları da baş tutmadı. Nəhayət, öz istəyi və VII Henrinin anası Marqarita Byufortun dəstəyilə 9 yaşlı Brijit Kentdəki dominikan kilsələrindən birində rahibə olmağa qərar verdi. Ömrünün qalan hissəsini burada rahibə olaraq yaşadı. Anasının 1492-ci ildə vəfat etməsi üzərinə yalnız bir dəfə kilsədən ayrılan Brijit, burada keçirdiyi vaxt ərzində İngiltərə kraliçası olan bacısı Yorklu Elizabetlə yazışmalar apardı.
Brijit yaşadığı Dartford kilsəsində vəfat etdi və burada dəfn olundu. Ölüm tarixi tam olaraq bilinməsə də, 1507-ci ilin dekabrında artıq vəfat etdiyi bilinir.
Mənbə
redaktə- Lee, Paul (2001). Nunneries, Learning and Spirituality in Late Medieval English Society: the Dominican Priory of Dartford. York Medieval Press. ISBN 1903153026
- MacGibbon, David (2014). Elizabeth Woodville - A Life: The Real Story of the 'White Queen'. Amberley Publishing. ISBN 978-1-445-63313-8
- Ustinov, Vadim Georgievich (2012). War of the Roses: Yorks vs. Lancasters. Moscow: Veche. ISBN 978-5-9533-5294-9
- Panton, James (2011). Historical Dictionary of the British Monarchy. Scarecrow Press. ISBN 978-0-810-87497-8
- Okerlund, Garland A. (2009). Elizabeth of York. Springer. pp. 6–96. ISBN 978-0-230-10065-7
- Sutton, Anne F.; Visser-Fuchs, Livia (2005). The Royal Funerals of the House of York at Windsor. The Richard III Society (1st edition). ISBN 978-0-904-89315-1
İstinadlar
redaktə- ↑ 1 2 Lundy D. R. Bridget Plantagenet // The Peerage (ing.).