Zumrud Axundova - Wikipedia
Zümrüd Qulam qızı Axundova (1 mart 1912, Nuxa – 7 dekabr 1961, Bakı) — İlk azərbaycanlı qadın alim, pedoqoq, tanınmış ziyalı.
Zümrüd Axundova | |
---|---|
Zümrüd Qulam qızı Axundova | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Mükafatları |
Həyatı
redaktəZümrüd Axundova 1912-ci il martın 1-də Şəkidə anadan olub. Orta təhsilini Bakı Pedaqoji texnikumunda alıb (1927-ci ildə bitirib). Həmin ildən dərs deməyə başlayıb : 15(!) yaşından 5 saylı məktəbdə müəllimlik edib. 1929-cu ildə Xalq Maarif Komitəsi tərəfindən nümunəvi komsomol məktəbinə keçirilib. Eyni zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxuyub. 1931-ci ildə İnstitutu bitirib, aspiranturaya qəbul olunub. 1934-cü ildə aspirant kimi təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunda davam etdirib. Orada akademik Y.N. Medınskinin rəhbərliyi ilə 1 il çalışdıqdan sonra aspiranturanı bitirib. Bakının müxtəlif ali məktəbləri – Azərbaycan Pedaqoji İnstitutu, Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət Universitetində də pedoqoji fəaliyyətlə məşqul olub.
1943–1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutda pedaqogika kafedrasına rəhbərlik edib. 1948-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində (ADU)çalışıb. 1951-ci ildə dosent elmi adını alıb.
İlk azərbaycanlı qadın alim
redaktə1949-cu ildə "Azərbaycanda qadın təhsili tarixindən. 1900–1914-ci illər" mövzusunda dissertasiya müdafiə edib. Pedaqoji elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı qadın alimdir[1]. Akademik Y. Medınski Z. Axundovanın tədqiqatı haqqında rəyində yazırdı: "SSRİ-dəki qeyri-rus xalqlarının maarif tarixi məsələlərini öyrənmək tarixi-pedaqoji tədqiqatın ən mühüm vəzifələrindən biridir.
Z.Axundovanın əsəri bu cəhətdən xüsusilə qiymətlidir, çünki o, Azərbaycanda qadın təhsili tarixini ilk dəfə tədqiq etmişdir. Azərbaycan müəllimi qəzeti isə Zümrüd xanımın nailiyyətini belə dəyərləndirmişdir: "Bu, yalnız elm sahəsində müvəffəqiyyətlə çalışan Azərbaycan qadınlarının deyil, bütün Azərbaycan sovet mədəniyyətinin yeni nailiyyətidir"[2].
Fəaliyyəti
redaktəZ.Axundova müxtəlif təhsil ocaqlarında məktəblilər, valideynlər qarşısında təlim-tərbiyə mövzularında mühazirələr oxuyub. Gənc Azərbaycan qadınlarının təhsilə cəlb olunmasında böyük rol oynayıb.
İkinci Dünya Müharibəsi dövründə ADU qəzetinin redaktoru olub, əhali arasında təşviqat aparıb.
Z.Axundovanın Azərbaycanda uşaq ədəbiyyatının inkişafına dair elmi araşdırmaları da maraq kəsb edir. "Azərbaycan qadını" jurnalı ilə müntəzəm əməkdaşlıq etmişdir.
Təltifləri
redaktəQırmızı Əmək Bayrağı (1946), Şərəf Nişanı (1953) ordenləri, medallarla- "За оборону Кавказа", "За доблестный труд в Великой Отечественной войне" – təltif olunub.
Kiçik bir elm və mədəniyyət ocağına çevrilmiş ailə
redaktəZümrüd xanım ailədə də xanım-xatın bir qadın olmuşdur. Onun sayəsində ailəsi kiçik bir elm və mədəniyyət ocağına çevrilmişdir. Burada Azərbaycan ədəbiyyatşünaslığının yaradıcılarından biri – akademik Məmməd Arif Dadaşzadə[3] (1904–1975) kimi görkəmli alim yaşamış, yazıb-yaratmışdır. Zümrüd xanımın oğlu – Araz Dadaşzadə[4] (1936–1990) filologiya elmləri doktoru, Əməkdar Elm Xadimi, Azərbaycan Ensiklopediyasının baş redaktoru olmuşdur. Nəvələri – Aqşin Dadaşzadə — filologiya üzrə fəlsəfə doktoru, Zümrüd Dadaşzadə — sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasının professoru, Əməkdar İncəsənət Xadimidir.
İstinadlar
redaktə- ↑ "ZUMRUD AKHUNDOVA.Zümrüd Axundova.Birincilər.AzTV(2008) — youtube.com saytı". 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
- ↑ Azərbaycan müəllimi qəzeti 30 iyun, 1949-cu il
- ↑ "Məmməd Arif Dadaşzadə — azerbaijans.com saytı". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
- ↑ Araz Dadaşzadə — sabail.libmks.az saytı[ölü keçid]