Ziyanliq - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ziyanlıq — Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir.
Ziyanlıq adətinin formaları
redaktəAzərbaycan xalqının məhəlli xarakter daşıyan qarşılıqlı yardım formaları sırasında "ziyanlıq" adətinin xüsusi yeri vardır. "Ziyanlıq" qarşılıqlı yardım forması Şirvan bölgəsinin kənd icmalarında əsasən əkinçiliklə məşğul olan əhali arasında meydana gəlmiş və yayılmışdı. Çünki əkinçiliklə məşğul olan əhali arasında çoxlu mal-qarası olan adam az tapılardı. Yalnız kənd icmalarının yuxarı təbəqəsini təşkil edən ailələrin ixtiyarında çoxlu miqdarda qaramal və qoyun sürüsü olardı. Kənd icmalarının əksəriyyətini təşkil edən yoxsul və ortabab kəndli ailələrinin ixtiyarında isə yalnız ailənin daxili tələbatını ödəmək üçün lazım olan miqdarda inək və ya camış olurdu. Bəziləri 10–15 baş qoyun saxlayırdı. Yoxsul kəndlilərin əksəriyyətinin öküz və kəl kimi qoşqu heyvanı olmurdu. Odur ki, öz əkin sahələrini şumlamaq üçün 5–6 ailə öz qoşqu heyvanları ilə birlikdə bir kotan ətrafında birləşib şəriklik təşkil edirdilər. Əhalinin bu təbəqəsi üçün bir baş mal-qaranı itirmək böyük itki hesab olunurdu və onun təsərrüfatına böyük zərər vura bilərdi. Ona görə də kənd icmasının üzvləri, bəzən də yalnız bir patronimiyaya daxil olan ailələr bu itkiyə şərik olmaqla öz həmkəndlilərinin ziyanını yüngülləşdirirdilər. Birinin inəyi, öküzü, kəli və hətta qoyunu yıxılıb qıçı sındıqda, zəhərləndikdə və canavar parçaladıqda kəndlilər onun "murdar" olmaması üçün əllərindən gələni əsirgəmirdilər. Heyvan sahibi onu kəsirdi və ətini hissələrə bölüb, qonşulara və bəzən də yalnız qohumlara göndərirdi. "Ziyanlığa" kəsilmiş əti heç bir ailə geri qaytarmazdı. Yerli adətə görə bu həmin ailə üçün biabırçı hal hesab edilərdi və onlar icmanın etimadını itirə bilərdilər. Bəzən elə olurdu ki, bir ailənin həmin vaxt ətə ehtiyacı olmurdu və ət gətirən adama bildirirdi ki, onun ətini ala bilməyəcəkdir. Lakin bildikdə ki, ət "ziyanlığa" kəsilmişdir, öz dediyinə peşman olur və gətirən adamı geri çağırır və ya heyvan kəsilən həyətə gedir, üzrxahlıq edib əti götürürdü. Çox vaxt heyvan sahibi bu işə qarışmırdı. Qonşular heyvanın ölə biləcəyini görüb onu tez kəsir və öz aralarında bölüşdürürdülər. Bəzən də kəsilmiş heyvanın əti yeməyə yararlı olmurdu. Lakin icma üzvləri onu itə atmalı olsalar da götürürdülər və haqqını ziyan dəymiş ailəyə verirdilər. "Ziyanlığa" yığılmış vəsait ilə yeni heyvan alınırdı. Beləliklə, dəymiş ziyanı bütün kənd icmasının və ya patronimiyanın üzvləri öz üzərlərinə götürməklə həmin ailənin təsərrüfatına dəymiş ziyanın əvəzini müəyyən qədər çıxırdılar. Xalq arasında yayılmış "El sınığı eldə bitər" atalar sözü də bu adət ilə əlaqədar işlədilir.
"Ziyanlıq" qarşılıqlı yardım forması kənd icmaları şəraitində meydana çıxsa da, yalnız həmin icmalar daxilində qalmamışdır, sonralar öz sərhədlərini genişləndirərək maldar əhali arasında da yayılmışdı. Buna səbəb maldar elat icmaları daxilində ictimai təbəqələşmənin sürətlənməsi nəticəsində böyük mal-qara sürülərinin yalnız bir ovuc varlı maldarın əlində toplanması və icma üzvlərinin əksəriyyətinin yoxsullaşıb az miqdarda heyvana malik olmaları idi.
Bəzi hallarda "ziyanlıq" anlayışı evi yanana, uçulana, evini sel aparana, yaxud ildırım vurana qonşuların yardım etməsi adəti üçün də işlədilirdi. Bu zaman Şirvan bölgəsində kəndin əli iş tutan bütün adamları evsiz qalmış ailənin köməyinə gəlib ona yeni ev tikirdilər.
Məlumdur ki, ev tikilməsi üçün təşkil olunan qarşılıqlı yardım Azərbaycanın bir çox bölgələrində "hoy" adı ilə məşhur olmuşdur. İki halda kəndlilər ev tikməküçün "hoya" çağırılırdılar: yeni ev tikiləndə və bədbəxt hadisə baş verməsi nəticəsində evsiz qalmış ailə üçün sığınacaq tikəndə. Birinci halda ev tikən adam bütün tikinti materiallarını hazırlayır və yalnız tikinti işinə köməyə çağırırdı. "Hoy"un bu variantı, əlbəttə, "ziyanlığa" aid edilə bilməz. İkinci halda isə "hoy"a çağırılanlar özləri müxtəlif vasitələrlə tikinti materialları hazırlayır və evsiz ailənin sığınması üçün, kəndlilərin dedikləri kimi, bir "daxma qaraldırdılar". Ona görə də "hoy"un bu variantını Şirvan bölgəsində "ziyanlıq" adlandırırdılar.
Ziyanlıq adətinin əsas xüsusiyyətləri
redaktəBir sıra qarşılıqlı yardım formaları icma münasibətlərindən təşəkkül tapdıqları halda, sonrakı mərhələlərdə hakim siniflər patriarxal tayfa münasibətlərinin qalıqlarına, xalq adət-ənənələrinə əsaslanaraq həmin qarşılıqlı yardım formalarından öz məqsədləri üçün istifadə edə bilirdilər. Kəndlilərin çətinliyə düşdükləri vaxt istifadə etdikləri "ziyanlıq" köməklik adətinin xüsusiyyəti isə heç kəsə ondan istismar vasitəsi kimi istifadə etməyə imkan vermirdi. "Ziyanlıq" köməklik adəti zəhmətkeş kütlənin həmişə bir-birinin qayğısına qaldığını, dərdinə şərik olduğunu göstərən amillərdən biri olmuşdur. Bu köməklik adəti əsrlərlə yaşamış, nəsildən-nəslə keçmiş və müasir dövrə qədər gəlib çıxmışdır. Qarabağ bölgəsində maldar əhali arasında bu köməklik adəti "alışma" adı ilə məlum olmuşdur. El adətinə görə, kəndlinin güzəranında böyük rol oynayan dəvə, kəl, yaxud inək müəyyən səbəblər üzündən zədə aldıqda və onu müalicə etmək mümkün olmadıqda kəndin ağsaqqalının iştirakı ilə həmin heyvanı kəsərək ətini kəndin evləri arasında bərabər bölüşdürürdülər. Hər alışma payının üzərinə heyvanın dərisindən bir çarıqlıq zolaq kəsib qoyardılar. Bu ətin alışma payı olduğunu bildirərdi. Kənd əhalisi alışma payının əvəzinə ziyana düşmüş ailəyə hərə bir toğlu, yaxud quzu verib onun təsərrüfatının dirçəlməsinə yardım edərdilər. Alışma el dəstəyi, köməklik adəti haqqında xalq arasında belə deyilirdi: "El yaxşı olsa, dəvəsi ölən köşək olar".
Mənbə
redaktə- Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild, Bakı,2007.
- Q. C. Cavadov. Azərbaycanda el köməyi adətləri. Bakı, 1993.
- Q. Ə. Rəcəbli. "Ziyanlıq" qarşılıqlı yardım forması haqqında. Azərbaycan EA "Məruzələri", XXII c, № 9, 1966
- К. Т. Каракашлы. Материальная культура азербайджанцев северо-восточной и центральной зон Малого Кавказа (историко-этнографическое исследование). Баку, 1964.
- К. Т. Каракашлы. О пережитках древнего институга взаимопомощи в Азербайджане. Azərbaycan EA "Xəbərləri" (İctimai elmlər seriyası), 1958, № 2