Igidliye Gore Medali - Wikipedia
"İgidliyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir.
"İgidliyə görə" medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Təltif edir | |
Status | verilir |
Statistika | |
Təsis tarixi | 10 noyabr 1992 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Vətən uğrunda" medalı |
Aşağı mükafat | "Cəsur döyüşçü" medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi və əsasnaməsi
redaktə"İgidliyə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.[1]
Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 607-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir:[2]
- Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə;
- Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə;
- Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə;
- Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə;
- Həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə.
"İgidliyə görə" medalı Azərbaycan Respublikasının digər orden və medalları olduğu halda döşün sol tərəfinə "Vətən uğrunda" medalından sonra taxılır.[2]
Təsviri
redaktə"İgidliyə görə" medalının təsviri 2 fərqli formada verilmişdir.
Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir:
"İgidliyə görə" medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir.
Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca "İgidliyə görə" sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır.
Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.
Medal halqa və ilgəyin vasitəsilə 27 mm x 43 mm tünd və açıq yaşıl fonda xara lentlə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir. Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır.
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
— medalın ilk təsviri[3]
Medalının ikinci və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 731-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur. Medalın təsviri aşağıdakı kimi verilmişdir:
"İgidliyə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, 36 mm diametrli dairəvi lövhədən ibarətdir.
Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca "İgidliyə görə" sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır.
Arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Tünd yaşıl rəngli xara lentin mərkəzində üç zolaq təsvir edilmişdir. Hər üçü açıq yaşıl rəngdə olan həmin zolaqların 15 mm enində olanı mərkəzdə, 3 mm enində olanları mərkəzdə yerləşən zolaqdan 2 mm aralıqda olmaqla, onun kənarları boyunca yerləşdirilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
— medalın ikinci təsviri[4]
2009-cu ilədək | 2009-cu ildən[a] |
---|---|
Lent | |
Qeyd | |
|
Təltif edilənlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 10 noyabr 1992. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
- ↑ 1 2 "Azərbaycan Respublikasının "İgidliyə görə" medalı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 29 dekabr 1998. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
- ↑ "Azərbaycan Respublikasının «İgidliyə görə» medalının təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". e-qanun.az. 8 dekabr 2000. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.
- ↑ ""Azərbaycan Respublikasının "İgidliyə görə" medalının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". president.az. 28 noyabr 2013. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2021.