Xan Sarayi Dovlet Tarix Memarliq Muzeyi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi — Naxçıvanda muzey.
Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Əcəmi seyrangahı |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 5295 |
|
Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlamışdır[1]
Tarixi
redaktəNaxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən fəaliyyəti dayandırılmış, Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır. Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığının Azərbaycanın siyasi tarixində böyük rolu olmuşdur. 1787–1797-ci illərdə müstəqil Naxçıvan xanlığının xanı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan xanlığının hakimi olmuş Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1780-ci illərdə Naxçıvan çəhərində tikdirilmişdir. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirmişdir. Xan Sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanmışdır. 9429 km² ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, ərazi bütövlüyünün qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermişdir. Bu tarix-mədəniyyət abidəsi NAxçıvan şəhərdəki Xan Dikində, Möminə Xatın türbəsinin yaxınlığında yerləşir. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi kimi fəaliyyətə başlayan binada Naxçıvan xanlığının Azərbaycan Respublikasının milli dövlətçiliyindəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır[2]
Muzeyin ekspozisiyası
redaktəAli Məclis Sədrinin 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən artıq "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirməkdədir. Hazırda muzeydə 9 ekspozisiya zalı vardır. Muzey yarandığı dövrdə 150 eksponatla fəaliyyətə başlasa da, hazırda eksponatların sayı 3 minə yaxındır. Həmin eksponatların 334-ü ekspozisiya zallarında nümayiş və təbliğ edilir, digər hissəsi isə fond otaqlarında qorunub mühafizə olunur. Eksponatlar içərisində arxiv sənədləri, Naxçıvan xanlarının şəcərəsi, xəritəsi, xanlığın tarixi və atributları ilə bağlı nəşr olunan kitablar və xanlığın xəritəsi mövcuddur. Birinci mərtəbədə iş otaqları, fond, təsərrüfat otağı və digər yardımçı sahələr, ikinci mərtəbədə 8, üçüncü mərtəbədə isə 1 sərgi-ekspozisiya salonu fəaliyyət göstərir. Muzeyin giriş salonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında 2010-cu il 23 oktyabr tarixli Sərəncamının mətni, Naxçıvan xanlığının xəritəsi və 2 ədəd unikal eksponat, orta əsrlərə aid göy kaşıdan olan dekorativ fayans boşqab və dekorativ mis şamdan yer alıb. Muzeyin ikinci, əsasən, mənbələrin toplandığı salonunda 40 ədəd eksponat şüşə qapaqlı 5 vitrin və 16 divar taxçası vasitəsilə nümayiş etdirilir[2]
Memarlıq quruluşu
redaktəXVIII əsr yaşayış evlərinə məxsus xüsusiyyətləri ozündə birləşdirən bu bina təntənəli girişli portaldan və ona bitişik inşa olunmuş köməkçi otaqlardan ibarətdir. Xan Sarayının həyətinə giriş bu binada inşa olunan sferik günbəzlə örtülmüş vestübüldən keçir. Günbəzin əsas vestübülünə keçid dörd tərəfdən tromb sırası ilə həll olunmuş portaldandır. Vestübülün hər dörd taxçasında qapı yerləri var. Bu qapılardan biri Sarayın həyətinə, digər ikisi isə vestübülün sağ və solunda yerləşdirilmiş köməkçi otaqlara açılır. Otaqların tavanı çatma tağ formasındadır. İnşa olunduğu vaxtdan etibarən bu otaqlardan Saray xidmətçilərinin yaşayış yeri, ərzaq ambarı və mətbəx kimi istifada olunurmuş. Binanın ümumi sahəsi 336 m²-dir. Zaman keçdikcə şərq divarların ətrafı torpaqla dolduğu üçün köməkçi otaqların hündürlüyü küçədən 2,5 metr, daxildən 3 metr, giriş portalının hündürlüyü 4,5 metr təşkil edir. Bina bişmiş kərpic və əhəng materialı ilə inşa olunmuşdur. Hazırda burada Açıq Səma Altında Muzeyin inzibati binası və hədiyyələr mağazası yerləşir[3].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ """Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 oktyabr 2010-cu il tarixli Sərəncamı. alimeclis.az". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-27.
- ↑ 1 2 Ağayeva Nilufər. "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin təşkili maddi -mədəniyyət nümunələrinin qorunması sahəsində atılmış mühüm addımdır. Naxçıvan: "Mədəniyyətlərin qovuşduğu məkan", Beynəlxalq elmi konfransının materialları (22–23 oktyabr 2020)
- ↑ Naxçıvan abidələri ensiklopediyası, 2008, s. 97