Cetir - Wikipedia
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya.
Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır.
E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu.
Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər. Yağlı kağızdan düzəldilən çətirin su keçirmədiyi də məlum olduqdan sonra qadınlar yağışlı havalarda da ondan istifadə etməyə başladılar.
Avropada əsasən XVIII əsrdən etibarən çətirdən geniş istifadə olunub. Fars səyahətçisi və yazıçısı Jonas Hanvay (1712-1786) İngiltərədə 30 il ərznində çətir götürmüşdür. Bununla da o çətiri məşhurlaşdırmış, kişilər arasında istifadəsini yaymışdır.
İlk çətir dükanı 1830-cu ildə Londonda Oxford küçəsi 53-də "James Smith and Sons" adı ilə açılmışdır.
Avropada ilk vaxtlar çətirlər ağacdan hazırlanır və alpaqa adlanan süni yun ilə və ya qalın, yağlanmış kətan parça ilə örtülürdü. 1852-ci ildə Samuel Fox ilk dəfə metaldan çətir dizayn etdi. O həm də "English Steels Company"nı qurmuşdur. Həmin dövrdə qadın yubkalarında istifadə olunan məftil dizaynından faydalanaraq çətiri indiki formasına çatdırmışdır. Bu çətirlərin istehsalı və istifadəsinin asanlaşmasında və geniş istifadə olunmasında növbəti böyük icad idi.
Avropada çətirlər yun və kətan parçadan düzəldilir, su keçirməməsi üçün yağlanırdı. Bu da ona qara rəng verirdi. Avropada digərlərinin əksinə olaraq çətirlər kişilər tərəfindən də mənimsənildi və qara rəngli çətirlər kişilərin yağışlı havalarda, ağ rəngli çətirlər isə qadınların ayrılmaz atributu oldu.
Yun parçaya yağ sürtülərək düzəldilən çətirlər sonradan başqa parçalardan düzəldilməyə başlansa da qara rəng su keçirməzliyin simvolu olaraq qaldı və əksər çətirlər qara rəngdə düzəldildi.
Günəşli havada çətir götürmək adəti geniş şəkildə qalmasa da yağışlı havalarda kişilərin qara rəngli, qadınların isə müxtəlif rəngli çətir götürmək adəti davam etməkdədir.